Suallarımızı tanınmış jurnalist Fərəh Sabirqızı cavablandı.
– Sürücülükdə kateqoriya anlayışı var. Tutaq ki, B kateqoriyalı sürücülük vəsiqəsi sahibinə yalnız minik avtomobilini idarə etmək hüququnu verir… Jurnalistikada vəsiqələr olsa da, kateqoriyalar yoxdur. Amma həm də var bu kateqoriyalar. Hər halda media aləmi kimin nəyə qadir olduğunu yaxşı bilir. Çox maraqlıdır, “New Baku Post” layihəsində 3 il çalışmaqla Siz hansı kateqoriyanı əldə etdiniz?
-Təkcə “New Baku Post” yox, işlədiyim hər yerdə yeni hansısa kateqoriya, yəni bacarıqlar əldə etmişəm. Mətbuata 1997-ci ildə gəlmişəm və üst-üstə bu 20 ilin 13-14 ilini yalnız qəzetdə işləmişəm. “New Baku Post”a gələnə qədər elə bilirdim ki, çap mediası ilə bağlı hər şeyi bilirəm. Amma elə deyil, hər yerdə yeni nələrsə qavrayırsan.
“New Baku Post”da xəbəri satmaq üçün yazmamaq, ürəyincə olan materialı ürəyin istəyən formada işləmək imkanı yaradıldı. Mövzuya saytlarda olduğu kimi qaçhaqaçla deyil, hərtərəfli yanaşmaq imkanı verilirdi. Qəzetdə apardığım “Uğur formulu” rubrikasında çox savadlı, intellektual, dünyagörüşü olan gənclərlə tanış oldum. O qədər zövq alırdım ki, belə gənclərlə söhbətlərdən, onları cəmiyyətə tanıtmaqdan. Hələ də bu gənclərin əksəriyyəti ilə əlaqələrim qalır, sonradan aralarında daha böyük uğurlara imza atanları, deputat seçilənləri belə oldu. Bəziləri isə bizim tanıtımdan sonra medianın da sevimli ekspertlərinə çevriliblər.
– İndi də “New Baku Post” layihəsinə qədərki jurnalist yolunuzdan danışaq.
-Bu sarıdan bəxtim gətirib deyə bilərəm. Çünki jurnalistikaya gəldiyim ilk gündən ölkənin sayılıb-seçilən media orqanlarında işləmişəm. “Yeni Müsavat”dan başlayan yolu sonradan tam müstəqil “GÜN Səhər”də, tamamilə fərqli layihə olan “New Baku Post”da davam etdirmişəm. Bu arada freelancer kimi fəaliyyət göstərdiyim illər də olub, radio layihələrdə çalışmışam, ilk on-line veriliş – “Məncə”nin aparıcısı və redaktoru olmuşam, araşdırmalar aparmışam. Ümumiyyətlə, media ilə bağlı bir çox təşəbbüslərdə ilklər arasında olmuşam. Neçə illərdir, həm də paralel olaraq QHT sektorunda işləyirəm, bir çox layihələrin koordinatoru və PR meneceri qismində fəaliyyətim olub.
Onu da deyim ki, mənim əvvəllər yazmağa qətiyyən həvəsim olmayıb. Özümü rasional düşüncəli, riyazi təfəkkürlü, bir qədər də soyuqqanlı insan sayıram. Texniki fənlərə olan sevgim məni Bakı Dövlət Universitetinin fizika fakültəsinə apardı. Burada öncül tələbələrdə biri olmuşam. Sonra da doğma Maştağa kəndimin orta məktəbində fizika, riyaziyyat, astronomiyadan dərs demişəm. Lakin həmin illər təhsil sistemindəki eybəcərliklər üzündən orada uzun müddət işləyə bilmədim və üzümü daha azad sahə olan mətbuata yönəltdim.
– İndi isə CBC kanalında çalışırsınız.
-Bəli, 6 aydan artıqdır ki, CBC televiziyasında işləyirəm. 20 ildən sonra öz aləmimdə televiziya işinə qoyduğum tabunu götürməli oldum. Və şükür, peşman deyiləm. Çünki redaksiyamızın çox gözəl və uğurlu kollektivi var və bundan sonra da sayımızın yalnız artacağına, nailiyyətlərimizin çoxalacağına inanıram. Mən CBC-də televiziyanın rəsmi saytının idarəçiliyi ilə məşğulam, arada süjetlər hazırlayıram, parlamentin işindən materiallar verirəm. Beynəlxalq yayım kompaniyası kimi Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılmasında CBC-nin üzərinə böyük yük düşür və biz də bu işə öz töhfəmizi verməyə çalışırıq.
Həmişə deyirdilər ki, qəzetdə işləyən jurnalist hər cür media orqanında asanlıqla öz sözünü deyə bilər, doğrudan da eləymiş. Amma TV ilə bağlı yanıldığım məqamlar da vardı – televiziya elə də asan sahə deyilmiş, bircə dəqiqəyarımlıq süjetin ərsəyə gəlməsi üçün nə qədər böyük qüvvə və əsəb sərf olunur. Demək olar, hər gün TV-dəki həmkarlarıma “heyf deyil qəzet…” deyirəm. Çünki çap mediasında materialı ərsəyə gətirmək nisbətən daha rahat başa gəlir. Amma auditoriyasına görə təbii, televiziya qəzet və saytlarla müqayisə olunmaz səviyyədədir.
– Siz araşdırmaçı jurnalist kimi ən uğurlu, ya da ən faydalı araşdırmanız haqqında nələri deyə bilərsiniz?
-Araşdırmanın uğurlu alınması üçün xeyli vaxt, səbr və bir qədər də şans lazımdır. Çünki məhz hansı müsahibinlə söhbətdə, hansı sorğunun cavabında “binqo” qazanacağını bilmirsən. Bəzən heç önəm vermədiyin statistikanın arasında indiyədək heç kəsə bəlli olmayan faktlar qarşına çıxır.
Müstəqil işlədiyim dövrlərdə daha çox vaxtım olduğuna görə, bu cür araşdırmalar aparmağa imkan yaranmışdı. Onlardan bəzilərinə hələ də istinad olunur. Məsələn, şəhərdə panduslarla bağlı problemi əyani göstərmək üçün həmkarımla birgə əlil arabasına oturub küçələri gəzmişdik. Qulağıma gəlib çatır ki, jurnalistika fakültəsinin müəllimləri, özümə örnək saydığım bəzi KİV rəhbərləri hələ də öz tələbələrinə həmin yazıdan danışırlar…
İndi şəhərdə nəqliyyat sahəsində müəyyən nizam yaranıb, demək olar hər istiqamətə müasir BakuBus avtobusları işləyir. Amma bundan öncə paytaxta yeni avtobusların gətirilməsi zamanı bir qarışıqlıq var idi, od qiymətinə alınan avtobuslar heç bir il keçməmiş daha bahalıları ilə əvəzlənirdi. Avtobusların alınmasına xərclənən maliyyə ilə bağlı araşdırmamda çox maraqlı faktlar ortaya çıxmışdı, eyni maşınların digər ölkələrə nisbətən bizə daha baha qiymətə gəlib çıxdığı aydınlaşmışdı.
Diasporun fəaliyyətindəki bəzi problemlərlə bağlı araşdırmam 5 ildən artıqdır işıq üzü görüb. Amma hələ də bəzi müzakirələrdə, söhbətlərdə oradakı faktlardan danışırlar. Bu, bir daha göstərir ki, mövcud problemlərlə bağlı ədalətli, qərəzsiz və keyfiyyətli jurnalist araşdırmalarına ehtiyac var. Bu, hökumətin diqqətinin həmin sahəyə yönəldilməsinə və məsələnin həllinə nail olunmasına yardım edir.
– Bir müddət bundan əvvəl Qafqazinfo.az saytının sualını cavablandıranda huşsuz olduğunuzu qeyd eləmisiniz…
-Bundan heç danışmayın. Mənim zəif yaddaşımla bağlı dostlarım arasında əməlli-başlı lətifələr yaranıb. İş o həddə çatıb ki, belə gülməli faktları “bundan heç olmamışdı” kimi hashtag ilə statuslar formasında da yazıb paylaşıram. Hələlik onlar arasında ən populyar olanı “çay tökəndə dəmi unudub, boş qaynar suyu çay əvəzi içməyimlə” bağlı əhvalatdır))
Adətən bu məziyyətlərimin işə aidiyyəti olmur, əsasən məişətdə narahatlıq yaradır. Lakin bəzən peşəkar fəaliyyətimə də problemlər yaratdığı məqamlar olur. Məsələn, bir nəfəri düz bir həftə müsahibə üçün xahiş etdikdən sonra razı sala bilmişdim və növbəti həftə üçün 28 May metro stansiyasının qarşısında görüş vermişdim. Həmin gün görüş haqqında tamamilə unutdum. O da 20 dəqiqə gözlədikdən sonra zəng etmişdi. Yalan danışmağı xoşlamadığımdan, düzünü dedim. Amma hansı müsahib “unutmuşdum” sözündən sonra növbəti görüşə razı olar ki? Bir sözlə, həmin müsahibəm alınmadı.
-İndi də mediamızı səciyyələndirək. Daha çox peşəkardır mediamız sizcə, yoxsa… Və nə çatışmır bizim dördüncü hakimiyyətdə?
-Təəssüf ki, ümumilikdə götürdükdə, mediada peşəkarlıq səviyyəsi yetərincə deyil. Həmkarlarım arasında peşəkarlar kifayət qədərdir, amma KİV sayı həddən artıq çox olduğuna görə, onların işi görünmür. Nə qədər acınacaqlı olsa da, bunun da əsas kökü maddi duruma bağlıdır. Media özü-özlüyündə təmiz gəlir gətirən bir sahə olmadığına görə, rəhbərlik peşəkarlara yüksək maaş vermək marağında olmur, daha az maaşla gəncləri işlədirlər.
Bəzən görürsən ki, iki cümləni bir-birinin ardınca qura bilməyən insanlar hansısa saytın baş redaktoru olurlar. Onların həyat tərzinə baxanda, az qala öz yerinə xəcalət çəkməli olursan. İntriqalar, reketçilik yolu ilə yaxşı həyat sürürlər, məmurlara da çıxışları daha yaxşı olur, hər məclisdə başda otururlar. Mənim yaşadığım yerdə qonşular hələ də mənim və həyat yoldaşımın neçə illərdir jurnalist olduğumuz halda belə kasıbyana yaşamağımızın səbəbini anlamırlar.
Vicdanla işləyən, lakin püxtələşməyə həvəs göstərməyən bir nəsil də var. Onlar peşəkar redaktorlarına arxayınlaşıb özlərini inkişaf etdirmirlər. Adicə tədbirlərdə iştirak edən nazirləri tanımırlar. Yəqin siz də dəfələrlə şahidi olmusuz, insanın yarım saat əvvəl dediyi sözləri yenidən ondan sual formasında soruşurlar. Bir də görürsən, məmur vaxt tapıb brifinqə razılıq verir, hamı mikrofonları düzür və… ortaya sükut çökür. Əgər məmur özü nəsə demədisə, ağıllı sual verən tapılmır. Çünki əvvəlcədən mövzuya hazırlaşmırlar.
İndi əksəriyyətimiz agentlik xəbərləri və press-relizlər əsasında işləyirik. Bəzən görürsən ki, tədbir təşkilatçıları sonradan zəng vurub mənim yazdığım hansısa xəbərə görə təşəkkür edirlər. Baxıram ki, həmin yazıda xüsusi bir yanaşma ortaya qoymamışam, adi xəbər standartları əsasında yazılan materialdır. Sadəcə agentlikdən götürməyib, özüm giriş yazmışam, hamının yazdığını yox, digər məqamları da vurğulamışam. Görün, nə vəziyyətə çatmışıq ki, insanlar tədbirdən normal reportaj oxuyanda da sevinirlər.
Bir sözlə, problemlər çoxşaxəlidir və hamısını sadalamaq olmur. Bütün bunlara rəğmən, mediada bu sahəni inkişaf etdirən, yeniliklər gətirən həmkarlarımın olması çox sevindiricidir.
Nigar Babayeva, 1905.az