1905.az saytının bu dəfəki müsahibi Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovdur.
– Fərhad müəllim, Siz 2012-ci ildən etibarən, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbərisiniz. Bu müddət ərzində SAM ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətləri, zorən deportasiya aktları, Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ölkə xaricində hansı tədbirlər həyata keçirib?
– Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi altı ildir fəaliyyət göstərir. SAM ölkəmizdə yeni tədqiqat strukturu olduğu üçün ötən altı il ərzində peşəkar kadr potensialını formalaşdırmış, dövlətimizin daxili və xarici siyasətini, iqtisadi strategiyasının tələblərinə cavab verən prioritet fəaliyyət istiqamətlərini müəyyən etmişdir.
Təbii olaraq, SAM-ın əsas araşdırma mövzularından biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Bu sahədə fəaliyyətimiz dörd istiqamət üzrə davam etdirilir. Birinci istiqamət münaqişənin həllinin beynəlxalq hüquq çərçivəsində həllini əhatə edir. Mütəxəssislərimiz beynəlxalq hüquq aktlarının, analoji problemlərə dair sənədlərin ekspertizası, müvafiq huquqi tövsiyyələrin hazırlanması ilə yanaşı elmi yaradıcılıqla da ciddi məşğul olur, müxtəlif dillərdə kitab və məcmuələr dərc etdirirlər. Paralel olaraq, xarici tərəfdaşlarımızla intensiv əlaqələrimiz var və elmi əməkdaşlıq çərçivəsində münaqişəyə dair da kitablar sifariş edilir. Qeyd edim ki, bu yaxınlarda yerli və xarici mütəxəssislər üçün əlavə məlumat bazasının yaradılması məqsədilə yeni sənədlər toplusu çap olunmuş və yayılmışdır. Həmin topluya beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair indiyədək qəbul etdikləri sənədlər toplanmışdır.
Fəaliyyətimizin ikinci istiqaməti SAM-ın araşdırma təşəbbüslərində iştirakı və buna yardımıdır. Əsas niyyətlərimizdən biri Dağlıq Qarabağın azərbaycanlı icmasına real dəstək vermək, bir sıra mühüm və mötəbər beynəlxalq tədbirlərdə onun nümayəndələrinin aktiv iştirakını təmin etməkdir. Yəni, beynəlxalq müstəvidə «Dağlıq Qarabağ əhalisi» dedikdə təkcə ermənilərin deyil, həm də etnik azərbaycanlıların, onların problemlərinin nəzərdə tutulmasına, bu anlayışın ictimai dövriyyəyə buraxılmasına nail olmaqdır. Eyni zamanda, danışıqların müəyyən mərhələsində azərbaycanlı icması da maraqlı tərəf kimi iştirakı təmin edilməlidir. Bundan başqa, münaqişə ilə bağlı Azərbaycana gələn, problemlə maraqlanan hər hansı beynəlxalq qurumun nümayəndələri məsələn, ATƏT-in Minsk qrupunun üzvləri Dağlıq Qarabağın azərbaycanlı icması ilə də sıx təmaslar qurmalı, onların mövqeyini öyrənməlidir. Axı, münaqişədən zərərçəkmiş tərəf məhz Dağlıq Qarabağın azərbaycanlılardan ibarət əhalisidir.
Növbəti istiqamətimiz isə erməni təbliğat maşınının səylə yaydığı yalan və böhtanların ifşasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında aktiv iştirakdır. Bununla bağlı olaraq, bir neçə nüfuzlu xarici müəlliflə təmaslar qurulmuş, konkret layihələrin icrasına başlanılmışdır.
SAM-ın sonuncu fəaliyyət istiqaməti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin «dondurulmuş münaqişə» qismində qələmə verilməsinə qarşı işin gücləndirilməsidir. Çünki zaman və beynəlxalq təcrübə göstərir ki, «dondurulmuş münaqişə» kimi tanıdılan hərbi-siyasi qarşıdurmalar bir qayda olaraq, beynəlxalq ictimaiyyətin diqqət və nəzarətindən yayındırılır, ona münasibət tədricən dəyişir, danışıqlar intensivliyini itirir ən nəhayət, problemin həllinə dair fəaliyyət də qeyri-müəyyən müddətə konservasiya olunur. Bu isə arzuedilməzdir. Bununla əlaqədar olaraq, ekspertlərimiz Avropadakı anoloji etnoərazi münaqişələrini də ciddi təhlil edirlər. Bu gün Avropada sülh şəraiti müşahidə edilsə də, uzun illər boyu buradakı etnoərazi münaqişələr regionun səciyyəvi xüsusiyyətlərdən biri olmuşdur. Həmin istiqamətdə aparılan tədqiqatların digər məqsədi isə rəsmi Yerevanın guya «azərbaycanlılarla ermənilərin birgəyaşayışının mümkünsüzlüyünə» dair siyasi mifin dağıdılmasıdır.
– Bu müddət ərzində təbii ki, erməni təbliğat maşını da boş dayanmayıb. Onlar da qondarma «erməni soyqırımı» iddialarını təbliğ etmək, Dağlıq Qarabağ ərazisini özünküləşdirmək istiqamətində cəhd göstərirlər. SAM belə problemlərlə qarşılaşırmı? Maneələri dəf etmək istiqamətində hansı işləri görülür?
– İlk növbədə biz informasiya müharibəsindən danışanda münaqişənin start nöqtəsinə yəni, 80-ci illərinin sonuna diqqət yetirməliyik. Bu nöqtədə azərbaycanlılarla ermənilərin dünyada ictimai rəy formalaşdırmaq imkanlarına nəzər yetirsək görərik ki, həmin dövrdə əks tərəf daha güclü potensiala malik olmuşdur. Bir tərəfdən əsrlər boyu formalaşan erməni diasporu amili güclü idi. Digər tərəfdən isə, ermənilər SSRİ-də yeganə xalq idi ki, onların öz diasporu ilə birbaşa əlaqə saxlaması üçün əlverişli şərait yaradılmışdı. «Dağlıq Qarabağ münaqişəsi» istiqamətində informasiya müharibəsinin rəsmi başlanğıc nöqtəsi isə əslinə qalsa, çox rəmzidir. Start işarəsi erməni akademiki A.Aqambekyanın Fransanın «Humanite» qəzetinə müsahibəsi ilə verilib.
Bu və digər amillər ilk dövrlərdə münaqişə ilə bağlı yanılış ictimai rəyin formalaşmasına ciddi təsir göstərdi. Eyni zamanda, ötən əsrin 90-cı illərində cərəyan etmiş proseslər Azərbaycanda diqqəti daha çox daxili problemlərin həllinə yönəlmişdi. Nəticədə, Azərbaycan həqiqətlərinə dair obyektiv münasibətin yaradılması sahəsində ciddi boşluq yaranmışdı. Lakin xalqımızın ümumilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vəziyyət radikal şəkildə dəyişdi və Azərbaycan dünyanın diqqətini özünə doğru yönətməyə nail oldu. İllər keçdikcə Azərbaycanda daxili siyasi vəziyyət də sürətlə sabitləşdi, uğurlu xarici siyasətin yürüdülməsinə başlanıldı, ölkə iqtisadi baxımdan inkişaf mərhələsinə qədəm qoydu, hərbi müdafiə potensialı gücləndirildi, regional və beynəlxalq səviyyələrdə olduqca əhəmiyyətli olan iqtisadi layihələr həyata keçirildi və s. Bu siyasət bu gundə böyük uğurla davam etdirlməkdədir. Onu da xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xarici siyasət strategiyası, münaqişənin nizamlanması istiqamətində məqsədyönlü fəaliyyəti, hücum diplomatiyası məhz Azərbaycan dövlətinin qüdrətinə və iqtisadi inkişafına arxalanır.
– ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana növbəti səfəri başlanıb. Siz münaqişənin həlli istiqamətində onların fəliyyətini necə dəyərləndirirsiniz?
– Əlbəttə, səfərlərin və danışıqların formatı bəllidir. ATƏT-in Minsk qrupunu təmsil edən ölkələr dünyanın güclü dövlətləridir. Bu ölkələr BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir və Dağlıq qarabağ münaqişəsinə dair dörd qətnaməyə səs veriblər. Lakin bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ortaq və obyektiv fikir ortaya qoyulmur. Sual yaranır: Münaqişənin nizamlanmasına bu üç dövlətdən başqa digər ölkələrin də cəlb edilməsi və bununla da danışıqların səmərəsinin artırılması mümkün deyilmi?
Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan münaqişəyə dair beynəlxalq hüququn bərqərar olunmasının tərəfdarıdır. Biz daim vurğulayırıq ki, əgər beynəlxalq hüquq bir münaqişə ilə bağlı pozulursa, digər problemlərə dair də analoji vəziyyət yarana bilər. Son on il ərzində Avropada və dünyada baş verən münaqişələrin nümunəsi göstərir ki, həmsədr ölkələr məhz öz korporativ maraqları naminə beynəlxalq hüququn prinsiplərinə fərqli məkanlarda fərqli münasibətlər göstərirlər. Bu isə ilk növbədə beynəlxalq hüququn böhranı deməkdir. Əgər hər üç dövlət Azərbaycan ərazilərinin işğalı faktını qəbul edibsə, işğalçı tərəfin məhz Ermənistan Respublikası olmasını təsdiqləyibsə, deməli həmin dövlətə qarşı müvafiq sanksiya təbiq olunmalıdır. Azərbaycanın da əsas istəyi budur. Lakin təəssüf ki, həmin fəaliyyəti görmürük. Azərbaycan Ermənistan torpaqlarına hər hansı formada iddialı deyil. Bununla belə, cənab Prezidentin bəyan etdiyi kimi, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç bir halda yol verilməyəcəkdir.
– 2015-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə siyasətinin 110 illiyi tamam olur. «1905.az» saytı da AVCİYA-nın bununla bağlı layihəsinin tərkib hissəsidir. SAM-ın həmin hadisələrlə əlaqəli planları barədə nə deyə bilərsiniz?
– Biz AVCİYA-nın 1905.az saytı kimi uğurlu layihəsini yüksək qiymətləndirir və ümümi işə böyük töhfə kimi dəyərləndiririk. Təbii ki, ona dəstək verməyə də hazırıq. Bütövlükdə, 20-ci əsrin əvvəlində baş vermiş faciələr obyektiv öyrənilməli və geniş təbliğ olunmalıdır. Təbii ki, SAM bu istiqamətdə də fəaliyyətini gücləndirmişdir.
– SAM erməni yalanlarını üzə çıxarmaq istiqamətində Türkiyədə aidiyyatı təşkilatlarla hər hansı əməkdaşlıq edirmi?
– Biz erməni yalan və böhtanlarının ifşası istiqamətində xarici ölkələrdə, xarici tərəfdaşlarımız və ayrı-ayrı müəlliflərlə layihələr həyata keçiririk. Türkiyədə olan partnyorlarımıza da birgə əməkdaşlıq barədə müraciətlər etmişik. Bu layihələr hər hansı kitabın nəşri, yerli, regional və beynəlxalq tədbirlərin həyata keçirilməsi formasında da ola bilər. Biz bütün dünyada soyqırımı faktlarının obyektiv dəyərləndirilməsinin tərəfdarıyıq və bu istiqamətdə fəaliyyət göstəririk. Türkiyədə bizim tərəfdaşlarımızdan olan AVİM təşkilatının «Erməni araşdırmaları» adlı jurnal dərc olunur. Onun son nömrəsi İsveçrədə “Perinçek məhkəməsinə” həsr edilmişdir. Jurnalın son nömrəsində mənim «Qondarma «erməni soyqırımı» və «Perinçek məhkəməsi» adlı məqaləm dərc olunmuşdur. Xatırladım ki, İsveçrədə qondarma “erməni soyqırımının” inkarına görə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanun qəbul edilmişdir. Bu isə çox böyük siyasi və hüquqi qalmaqala səbəb olmuşdur. Lakin zaman, Doğu Perinçekin haqlı olduğunu göstərdi, İnsan Hüquqlarına dair Avropa Məhkəməsi ona bəraət verdi.
2015-ci ildə azərbaycanlıların soyqırımının 110 illiyinin qeyd olunması ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulmuşdur. İlk növbədə xarici ölkələrdəki diasporumuz bu işə cəlb edilməlidir və edilir də. Biz soyqırımı həqiqətlərini kifayət qədər operativ, düzgün və səviyyəli təbliğ etməliyik.
Aynur Hüseynova
1905.az