Həmsöhbətimiz fotojurnalist, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Fərid Xayrulindir.
– Fərid müəllim, dəfələrlə cəbhə bölgəsində olmusunuz, Xankəndində, Şuşada, Əsgəranda, Ağdamda, Zəngilanda və Qazaxda foto-çəkilşlər aparmısınız. Özünüzü hərbi fotoqraf hesab edirsiniz?
– Təbii. Hərçənd fotoqraf sözünü xoşlamıram. Mən həmişə deyirəm, təhsilim və iş təcrübəm etibarilə birinci növbədə jurnalistəm. Jurnalist hadisədən bəhs edən insandır. Fotojurnalist isə hadisəni mətn və fotoşəkil vasitəsilə çatdıran şəxsdir. Təəssüf ki, bizdə çox vaxt çiynində fotoaparat olan hər bir kəsə fotoqraf deyirlər. Bu məntiqlə kompüteri olan insan da dizeyner sayıla bilər. Halbuki fotoqraf birinci növbədə peşəkar olmalıdır. Bəs peşəkarla qeyri-peşəkar arasındakı fərq nədədir? Vaxtilə SİTA-da sovet fotojurnalistikasının korifeyi Nikolay Raxmanov çalışırdı. Moskva haqqında ən gözəl kitabları məhz o hazırlayıb. O deyirdi: “Peşəkar düşündüyünü edən, qeyri-peşəkar isə alınanla barışan şəxsdir”. Buna görə də peşəkarlıq bütün ixtisas sahiblərinə lazım olan təyinatdır.
– Sizcə, nə üçün insanlar müharibə foto-şəkillərinə baxmağa vaxt sərf etməlidilər?
-Əvvəla, ona görə ki, bu foto-şəkillər bir növ yaddaşcadır, ikincisi isə heç də hamı hərbi əməliyyatlar meydanında olmur. Orada yalnız hərbçilər, jurnalistlər və müvafiq xidmətlərin əməkdaşları iştirak edir. Ən başlıcası isə bu foto-şəkillər sülh üçün məsuliyyət daşıdığımızı yadımıza salan tarixdir.
– Siz Ermənistandan qaçqın düşmüş ilk insanları, Qarabağ müharibəsini çəkmisiniz. Ən çox nə yadınızda qalıb?
– Həqiqətən də ilk mitinqlərin, küçə həyəcanlarının, ilk qaçqınların gəlməsinin, yanvar hadisələrinin, Qarabağ müharibəsinin şahidi olmuşam və onları lentə almışam. Amma nə qədər özümdə foto-şəkil qalıb? Üç-dörd ədəd. Sadəcə olaraq biz tarixi hadisələrin şahidi olmağımızın fərqində olmamışıq. Düşünməmişik ki, bu hadisələri çəkməzdən başqa, həm də onların arxivini yaratmalıyıq, öz foto-şəkillərimiz də olmalıdır. Hərbi formada zirehli gödəkcədə ilk və yeganə şəklimi Xankəndindəki hərbi hissənin batalyon komandiri çəkib. Uca boyuma rəğmən (192 sm) ZTR-ə minib, dəfələrlə döyüş bölgəsinə getmişəm. Bakıdan Şuşaya yollanan ilk humanitar yardım karvanını müşayiət etmişəm. Hərbçilər məni brezent örtüklü yük maşınına oturtmuşdular. Xankəndindən Şuşaya iki yol ayrılır: biri şəhərdən, digəri isə lampa zavodu istiqamətindən. Biz aşağı yoldan getdik. Maşının qabaq hissəsində dəlik var idi və mən oradan başımı çölə çıxarıb şəkil çəkirdim. Lampa zavodunun yanında mənim lentim qurtardı. Ermənilər zavodun sexlərinin üstünə çıxıb, bizə söyür, cürbəcür əşyalar atırdılar. Mən lenti dəyişmək üçün başımı geri çəkdiyim andaca, bir saniyə öncə durduğum yerə iri bir mişar daşı atdılar. Həmin illərdə mən bir şey anlamışdım. Ekstremal hallarda sanki insan qorxu hissini itirir və özünü sanki səfərbər edir. Qarabağ bölgəsində dəfələrlə olmuşdum. Amma demək olar ki, qətiyyən qorxmurdum. Məsələn, o vaxt AzərTAc-da işləyəndə redaksiyaya Mərkəzi Komitədən Polyaniçko zəng etmişdi ki, Xankəndiyə iki rus jurnalist göndərib, Qarabağdan foto-material hazırlamaq lazımdır. İki nəfər slavyan görünüşlü şəxsi – məni və Şulmanı Xankəndinə ezam etdilər. Polyaniçko əvvəlcədən xəbərdarlıq etmişdi: “Uşaqlar, hətta hərbçilərə də Bakıdan olduğunuzu deməyin”. Bizi Qarabağdakı hərbi hissənin əks-kəşfiyyat rəisi və iki xüsusi təyinatlı müşayiət edirdi. Bizdə o vaxt SİTA-nın Moskva vəsiqələri var idi. Xankəndi dəmiryol stansiyasına getdik. Stansiya strateji obyektdir. Ərazidə xeyli zirehli texnika və beş min sovet əsgəri vardı. Texnikanın qatarlara yüklənməsində isə 25-30 nəfər erməni çalışırdı. Bizi müşayiət edən zabit Moskva jurnalistləri kimi bizi stansiya komendantına təqdim edib, getdi. Komendant çəkiliş üçün bizə yarım saata lazım olduğunu öyrənəndən sonra, “bir-iki addım sola, sağa, bir-iki addım irəli-geri atmaq olmaz”, dedi. Müşayiətçi əsgərlər öz həmyerlilərini görüb, bizdən aralandılar. Mən çəkiliş üçün mizan-səhnələri qururam. Birdən yük maşınının kabinəsindən bir erməni düşdü və mənə baxıb dedi: “Mən səni tanıyıram. Sən Moskvadan yox, Bakıdan gəlmisən”. Bakı sözünü eşidən kimi, atmosfer gərginləşdi. Komendant tələsik gəlib dedi ki, ermənilər hay-küy salıblar ki, siz Bakıdan gəlmisiniz. Onlar sizin sənədlərinizlə maraqlanırlar. Mən sərt cavab verdim ki, “bizi bura gətirənin kim olduğunu görmədin? O əlbəttə ki, əvvəlcədən bizim sənədlərimizi yoxlamışdı. Mən SSRİ Nazirlər Sovetinə tabe olan idarənin nümayəndəsiyəm, burada çəkiliş aparıram. Bu ermənilər hansı haqla mənim sənədlərimi yoxlamaq istəyirlər?” Məni hərçilərin ermənilərdən bu dərəcədə qorxmaları o vaxt çox heyrətləndirmişdi. Bir müddət sonra Sədərəkdə SSRİ Daxili Qoşunları komandanının mətbuat konfransında mən bizdə olan məlumatlara görə, hərbçilər ermənilərə silah və döyüş sursatları vermələrinə münasibəti ilə bağlı sual verəndə dedi ki, bunu onlar yox, Sovet Ordusu hissələri edir. Bu cavab məni çox təəccübləndirdi və dedim: “Bağışlayın, mən mülki adamam, mənim üçün istənilən silahlı adam hərbçidir. Bəs sizin buna vətəndaş mövqeyiniz necədir?”. Cavab verdi: “Meşə çaqqalsız olmaz”. Elə orada bir polkovniklə tanış oldum, o dedi ki, Moskvada, Baş Qərargahda çoxlu erməni çalışır. Adi bir sözün və ya hərəkətin üstündə bütün xidmətlərinin üstündən xətt çəkə bilərlər. Buna görə də onlar ermənilərdən belə çəkinirdilər.
Bir sözlə, cəbhə bölgəsində dəfələrlə olmuşam və çox çəkilişlər aparmışam. 1993-cü ildə öz işimlə əlaqədar türklərlə, müxtəlif siyasətçilər, jurnalistlər, iri şirkətlərin rəhbərləri ilə çox ünsiyyətdə olurdum. Təbii ki, onlar mənim bu hadisələrin iştirakçısı olduğumu bilirdilər. Çünki bu mövzuda çox söhbət edirdik, hansı təhlükələrdən keçdiyimi öyrənmişdilər. Tez-tez məndən soruşurdular: “Fərid bəy, nə üçün siz müharibəyə gedir, öz həyatınızı təhlükəyə məruz qoyurdunuz? Axı siz azərbaycanlı deyilsiniz”. Cavab verirdim ki, bu barədə heç düşünməmişəm də. Azərbaycan mənim ölkəm, mənim Vətənimdir. Mən burada böyümüşəm, yaşayıram. Ona görə də jurnalist kimi informasiya əldə edib, onu bütün dünyaya yaymalı və ölkəmi informasiya blokadasından qurtarmalıyam.
– Səhv etmirəmsə, Ermənistandan qovulan azərbaycanlıları yalnız Siz çəkmisiniz. Bu təsadüf nəticəsində alınmışdı?
– Redaksiyaya zəng edib bildirmişdilər ki, Ermənistandan qovulan ilk azərbaycanlılar artıq dəmiryol vağzalına gəliblər. Bakıdan gedən ermənilər də vağzalda idilər. Orada hətta qarşıdurma da olmuşdu. Amma mən vağzala çatanda artıq sakitçilik idi. Vağzal rəisi bildirdi ki, qaçqınların Bakıya buraxılmaması haqqında göstəriş var. Ona görə də içində qaçqınlar olan vaqonlar Qazaxda saxlanılıb. O vaxt nəqliyyatın fəaliyyətində müəyyən fasilələr olduğundan, Qazaxa yola düşmək üçün nəqliyyat ayırmaq məqsədilə AzərTAc-ın rəhbərliyinə müraciət etdim. Bildirildi ki, cavan adamsınız, özünüz birtəhər ora gedə bilərsiniz. Buna görə də öz şəxsi maşınımda Qazaxa yollandım. Orada rayon prokuroru bildirdi ki, burada maraqlı heç nə yoxdur, amma Zəngilana Ermənistandan qovulanlar gəliblər. Bu dəfə artıq Zəngilana yollandım. Zəngilan rayon komitəsindən məni Ermənistanın Qafan rayonu ilə həmsərhəd olan Otuzuncu kilometr yaşayış məntəqəsinə apardılar. Yaşayış məntəqəsində məktəb, uşaq baxçası, evlər qaçqınlarla dolu idi. Bəzi qaçqın ailələri hətta küçədə yaşamağa məcbur olmuşdular. Çox ağır durumda idilər.
– Hansı fotoreportajınız Sizə daha çox təsir edib?
– 1990-cı il 20 yanvar hadisələrilə bağlı çəkdiklərim. Həmin fotolar bütün dünyanı dolaşıb. Sonradan bildim ki, bu şəkilləri çəkəndə həyatımı nə dərəcədə böyük riskə məruz qoymuşam. Ətrafda gülələlər atılır, mən isə heç əyilmirdim də. Düşünürdüm ki, mən terrorçu deyiləm, əlimdə silah da yoxdur, üstəlik də vəzifəsini icra edən jurnalistəm. Bütün bu faciələri bir neçə kamera ilə çəkirdim – həm ağ-qara, həm rəngli, həm də slaydla. Çünki onda artıq bəzi xarici agentliklərlə əlaqə yarada bilmişdik. Onlar şəkilləri slaydda almaq istəyirdilər. Bir cavan oğlan xəbər verdi ki, Salyan kazarmasının alaqapısının yaxınlığında “KamAZ” yük maşını ilə bir nəfərin üstündən keçiblər. Həmin şəxslə ora yollandım və başladım çəkilişə. Yaxınlıqda isə bir neçə sovet əsgəri və zabiti var idi. Bir neçə gündən sonra APN agentliyindən olan bir həmkarım yaxınlaşıb bildirdi ki, sən mənə borclusan. Məlum oldu ki, mən foto-şəkillər çəkən zaman bir mayor avtomatı əlinə götürüb və məni nişana alıb. Bu zaman həmin həmkarım onun yanına qaçaraq, mənim SİTA-nın əməkdaşı olduğumu bildirib və yalnız bundan sonra zabit avtomatı aşağı salıb. Ümumiyyətlə, həmin günlərdə küçələrdə, morqda fotolar çəkmişdim. Dəfn mərasimindən çəkdiyim və bütün dünyada məşhur olan foto-şəklim böyük əziyyət bahasına başa gəlib. “Azərbaycan” mehmanxanasının eyvanından bu fotonu çəkməyə razılığı çox çətinliklə almışdım. Lakin təəssüf ki, bu gün həmin fotoların altında müəllif kimi adım yazılmır.
– Sevimli foto-şəkliniz varmı?
– Birmənalı olaraq hansı foto-şəklin mənim ən sevdiyim olduğunu demək çətindir. Amma bir foto-şəkil də var ki mənim üçün çox əzizdir. 1999-cu ildə ABŞ səfirliyində Heydər Əliyevlə çəkdirdiyim foto-şəkil. Həmin gün səfirlikdəki tədbirin rəsmi hissəsi başa çatandan sonra Heydər Əliyev ətrafdakılarla söhbət edirdi. Birdən gözü mənə sataşdı və yanına çağırdı: “Xayrulin, bura gəl”. Məni ABŞ səfirinə təqdim edib dedi: “Bu adam 1990-cı ildə Moskvadan Bakıya gələndə, məni qarşılayanlardan biri idi”. Dövlət xadimi və siyasət adamı kimi onun zəkasına, yaddaşına heyran idim.
Gündüz Nəsibov, 1905.az
10 noyabr 2014-cü il