Ermənistan silahlı qüvvələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutmasından üç il ötür
2020-ci il oktyabrın 11-də Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsində insanlar gecəni dəhşət və ölümlə qarşıladılar. Ermənistanın raket hücumu nəticəsində 10 nəfər həlak oldu, 30-dan çox insan yaralandı. Mənfur düşmən cəbhədəki hər uğursuzluğundan sonra, müharibə bölgəsindən uzaqda yaşayan dinc azərbaycanlı əhalini hədəfə alırdı. Əsgərimizin cəbhədə qazandığı zəfərlərə sevinərkən bir gözümüz də taleləri qırılan, həyatları yarıda qalan insanların kədərinə ağlayırdı.
AZƏRTAC-ın bölgə müxbiri o dəhşətli günləri oktyabrın 11-də erməni silahlı birləşmələrinin Gəncə şəhərini gecə saat 2-də “Elbrus” raketi ilə hədəf alması nəticəsində dağıntılar altında qalan Emin Mustafayevin və Rüfət Allahverdiyevin dilindən bir daha dinləyib.
Emin Mustafayev hər il hadisənin ildönümündə Gəncənin “Qələbə” parkı adlanan ərazisinə gələrək uşaqlığını keçirdiyi, xatirələrlə dolu evlərinin qalıqlarını seyr edir, erməni terroru nəticəsində ölən qonşularının xatirəsini anır…
“Evimizə atılan roket zərbələri nəticəsində dağıntılar altında qalmışdım. Başa düşə bilmirdim ki, nə baş verir. Xilas olunduqdan sonra bir müddət özümə gələ bilmədim. Uşaqlar ağlayır, insanlar pərakəndə halda ora-bura qaçırdı. Qonşularımızın bəziləri ölmüş, bəziləri də ağır yaralanmışdı. O günləri biz heç vaxt yadımızdan çıxara bilmərik,” – deyir Emin Mustafayev.
Rüfət Allahverdiyev də həmin gün terror zamanı ailəsi birlikdə dağıntılar altında qalmışdı: “Gecə saatları idi, atam, anam və qardaşım ilə birlikdə evdəydik. Erməni silahlı birləşmələrinin roket hücumları nəticəsində evimiz başımıza uçdu. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının səyi nəticəsində dağıntılar altından sağ çıxara bildik. Çöldə isə mənzərə olduqca dəhşətli idi – yaralılar, uşağı qucağında ağlayan analar, şəhid olan qonşularımız və bizlərə kömək etmək istəyənlərin təlaşı…”.
Hər iki hadisə şahidi bildirib ki, bu gün onların qəlbləri rahat, şəhidlərin ruhu isə şaddır. Çünki 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Ordumuzun sayəsində torpaqlarımız düşmən tapdağından azad olundu. Ötən ay ərazi suverenliyimizin bərpası xüsusilə Gəncəni “vur” əmri verən Araik Arutyunyanın saxlanılaraq Bakıya gətirilməsi və hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunması onlar üçün ən sevindirici xəbər oldu.
Xatırladaq ki, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə təşkil olunmuş hücumlar nəticəsində 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla, 26 dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib. Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla, 175 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 5 yaşadək olub. Terror hadisələri zamanı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.