Jurnalist Famil Fərhadoğlu portalımızın suallarını cavablandırdı.
– Famil müəllim, bu günlərdə sosial şəbəkədə Sizin yeni sayt yaradacağınızla bağlı statusunuzu oxudum. İrəlicədən Sizi təbrik edirəm. Və istərdim ki, növbəti sualı cavablandırasınız. İlin-günün bu vaxtında yeni saytın yaranması ideyası hansı zərurətdən çıxır ortaya? Məsələn, Sizdə necə oldu?
– Bəzən olur ki, yaradıcı heyətin daxilində fikir ayrılıqları olur. Tutaq ki, baş redaktorla jurnalistin sırf yaradıcılıq baxımından fikirləri üst-üstə düşmür. Jurnalist düşünür ki, oxucu maragını cəlb eləmək üçün onun təklif etdikləri gerçəkləşsə daha yaxşı nəticələr alınar.
Mən də düşünürdüm ki, görəsən belə bir addım atsam necə olar. Alınarmı? Qərar verdim. Düşünürəm ki, oxucuların marağına səbəb ola biləcək yeni bir sayt yarada biləcəyik.
– Söhbət məhz ənənəvi saytdan gedir, tutaq ki, internet televiziyasından yox. Elə deyilmi?
– Elədir. İlkin olaraq, xəbər portalı kimi fəaliyyətə başlamaq niyyətindəyik. Auditoriyamızı formalaşdırdıqdan sonra da, maliyyə imkanlarımızı araşdırıb internet televiziyası da yarada bilərik. Onu da deyim ki, mən özüm də televiziyada çalışmışam. Həmçinin televiziya işini bilən başqa insanlar da var komandamızda. Odur ki, işlər yolunda getsə, televiziyamız da olacaq. Mən buna çox inanıram.
– Yaya doğru gedirik. Adətən, yayda oxucu, dinləyici, tamaşaçı qıtlığı müşahidə olunur. Siz məhz belə bir vaxtda fəaliyyətə başlamaq niyyətindəsiniz. Burada müəyyən risk elementi var, elə deyilmi?
– Çox gözəl məqama toxundunuz. Mən xəbər portalında işləməzdən əvvəl indicə qeyd etdiyim kimi televiziyalarda çalışmışam. Televiziyalarda layihələrin yay tətilinə getməsi praktikası geniş yayılıb. Son 3 il ərzində, xəbər portalında çalışdığım vaxtda gördüm ki, bu internet resurslarına da xeyli dərəcədə aid olan bir məsələdir. Yayda informasiya məkanında durgunluq olur. Belə deyək, informasiya boşluğu olur. Qərara gəldik ki, məhz belə bir vaxtda, oxucu fəallığı nisbətən aşağı düşən bir zaman kəsiyində özəl xəbərlərlə, eksklüziv açıqlamalarla auditoriyanın diqqətini cəlb edək. Yəni biz yayda fəaliyyətə başlamaq qərarını bu məqsədlə vermişik. Potendialımız ortaya qoymaq üçün ən əlverişli vaxt elə yaydır.
– Oxucunu cəlb eləmək üçün hansı vasitələrdən istifa də edilməlidir? Məsələn, çox tez-tez sosial şəbəkə istifadəçiləri gileylənərək yazırlar ki, hansısa ciddi statusu bəyənənlərin sayı belə deyək, elə də ciddi olmayan statusu bəyənənlərin sayından dəfələrlə az olur…
– Elədir. Buna bənzər bir vəziyyət ənənəvi mediada da var. Üstəlik, bəzi jurnalistlər çığıran başlıqlar, şəkillərlə oxucu cəlb etmələrini xüsusi qabiliyyət hesab edirlər. Amma bu belə deyil. Əvvəla, oxucunu həqiqəti əks etdirməyən hanısısa başlıqla bir dəfə aldatmaq olar. Materialı oxuyacaq, görəcək ki, məsələ nə yerdədir, sonra həmin sayta daha baxmayacaq. Oxucunu başlıqla, hansısa foto ilə aldatmaqla uzağa getmək olmaz. Auditoriyanı, ciddi auditoriyanı ciddi xəbərlərlə formalaşdırmaq olar.
– Təəccüb doğuran sayt bolluğu, bu həm də özünü jurnalist kimi təqdim etmək niyyətli adamların çoxsaylılığı deməkdir, nə ilə izah edilə bilər?
– Bu məni də çox düşündürür.Rəqəmi dəqiq yadımda saxlaya bildiyimə əmin deyiləm. Deyəsən, cəmi bir il ərzində 2700 domen qeydiyyatdan keçib.
Bəlkə düşünürlər ki, jurnalistika yüngül peşədir, bu işlə hamı məşğul ola bilər. Amma media çox ciddi sahədir. Düşünürəm ki, bu sahə ilə peşəkarlar məşğul olsa daha məqsədəuyğun olardı. Bir nəfərlə sayt işlətmək müvəqqəti xarakter daşıyır. Ciddi jurnalistika ilə məşğul olmaq üçün peşəkar komanda lazımdır. Belə olduqda uğur qazanmaq o qədər də çətin olmur.
– Famil müəllim, bildiyim qədər, Siz jurnalistika fakültəsinin məzunusunuz.
– Özüm Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinə qəbul olmuşam. Sonra adıçəkilən universitet fəaliyyətini dayandırdıqdan sonra, o zamankı testlə qəbul olunan tələbələr Bakı Avrasiya Universitetinə köçürüldü. Jurnalistika fakültəsində təhsili orada başa vurmuşam. Sonradan ikinci Ali təhsil almaq üçün müsabiqədə iştirak etmişəm. Hazırda Bakı Dövlət Universitetinin Tarix fakültəsinin ikinci kurs tələbəsiyəm. Təhsilimi qiyabi davam etdirirəm.
– Sizin üçün, auditoriyanız üçün ən əhəmiyyətli yazılarınızdan, süjetlərinizdən danışaq.
– Söhbətimizin əvvəlində qeyd etdiyimi kimi əvəllər Azad Azərbaycan Televiziyasında (ATV), Space kanalında çalışmışam. Xəbərlər xidmətində çalışdığım dövrdə yerli və beynəlxalq tədbirlərdə akreditasiyadan keçmiş müxbir kimi fəaliyyət göstərmişəm. Siyasət, sosial və digər sahələrdə çoxsaylı reportajlar, sujetlər hazırlamışam.
– Və sonda yenə də yeni sayt barədə.
– Mən jurnalistika fakültəsində tələbə yoldaşım olmuş, uzun illər televiziyada fəaliyyət göstərmiş Əli Vəliyevlə bu saytı bərabər yaratmaq qərarına gəldik. Biz saytla bağlı “Oxucu hər səhər bizim sayta niyə daxil olmalıdır?” sualını məqsəd kimi qarşımıza qoymuşuq. Düşünürük ki, oxucu bütün sahələrdə günün ən aktual xəbərlərini bizim yaradacığımız saytda əldə edə biləcək. Media resursumuzda istər özəl, istər istinadlı xəbərlər hər kəsin marağına səbəb olacaq. Buna görə də, qısa zamanda uğur qazanacağımızı düşünürəm. Çünki bizim jurnalistika sahəsində təcrübəmiz var. Müasir dövrdə oxucunun nələr tələb etdiyini yaxşı araşdırmışıq.Ictimai-siyasi portal olacaq. Hədəfimiz fərqli bir xəbər portalı yaratmaqdır.
Fuad Babayev, 1905.az