Deyəsən, Ermənistanda faşizmin təbliğatının dövlət siyasəti səviyyəsinə qalxdığını dünyada, daha dəqiq desək, hələlik postsovet məkanının böyük bir hissəsində bilənlərin sayı gündən-günə artır. İrəvanın Hitlerlə əlbir olmuş şəxsi qəhrəmanlaşdırması region ölkələrinin hiddətinə səbəb olub. Ermənistanın bu hiddətə reaksiyası isə onun neonasist mahiyyətini bir daha ortaya qoyur.
Ermənisayağı «təşəkkür»
Rusiya artıq illərdir ki, faşizmin göylərə qaldırılması cəhdlərinə müqavimət göstərir. Lakin Ukrayna və Baltikyanı ölkələrlə tarixi mübahisələr aşkar geosiyasi çalarlarla zəngindirsə (bu ölkələr Qərbin siyasi nüfuz dairəsindədir və bu, Moskvanın maraqlarına cavab vermir), Ermənistanda Hitlerin əlaltısı olmuş şəxslərin qəhrəmanlaşdırılması Rusiya üçün əsl sürprizdir. Axı, Ermənistanın Rusiyanın Cənubi Qafqazdakı forpostu olduğu hər kəsə bəllidir. Rusiyanın maddi dəstəyilə yaşayan bu ölkə, eyni zamanda Moskvanın təhlükəsizlik qalxanının arxasında gizlənir. Odur ki, Rusiya ictimaiyyətinin və siyasi elitasının böyük bir hissəsi müttəfiq Ermənistanın bu əməlini satqınlıq kimi qiymətləndirir.
Ermənistanda faşizmin təbliği çoxdandır ki, dövlət səviyyəsində aparılır. Faşizmin nökəri olmuş erməni əsilli şəxslərin şərəfinə İrəvanda küçələr adlandırılır, kitablar çap olunur, sikkələr buraxılır, filmlər çəkilir. Lakin nə qədər ki, Ermənistan prezidenti Serj Sarqsyan hökumət və parlament üzvlərilə birlikdə İrəvanın mərkəzində Qaregin Njdenin abidəsinin açılışına qatılmamışdı, baş verənlər o qədər də böyük rezonans doğurmurdu. Xatırladaq ki, söhbət SS-in erməni legionunun başçısı olmuş şəxsdən gedir.
İrəvanda Njdeyə abidə 2016-cı ildə ucaldılıb. Bu zaman Ermənistan rəhbərliyi bu adibənin ucaldılmasının dünyanın faşizm üzərində qələbəyə töhfə vermiş bir çox ölkələrində, ilk növbədə, Rusiyada hiddətlə qarşılanacağından heç bir narahatlıq keçirməyib. Halbuki onlar Rusiyanın minlərlə sakininin İkinci Dünya müharibəsi cəbhələrində faşist erməni legionu ilə döyüşlərdə dəhşət yaşadığını bilməmiş deyil.
Bu hadisəyə ilk narazılıq özünü Change.org saytındakı petisiya (müştərək ərizə) ilə özünü göstərib. Faşizmə dəstək olmuş Njdenin İrəvandakı heykəlinin sökülməsinin tələb olunduğu sənədi Rusiyanın 200 mindən artıq vətəndaşı imzalayıb.
Artıq Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması ilə bağlı Rusiya KİV-i, ictimai xadimləri və rəsmi dairələri getdikcə daha ciddi həyəcan təbili çalır. Ötən ay məsələ Rusiya Dövlət Dumasında belə müzakirəyə çıxarılıb. Dumada «Faşizmin qəhrəmanlaşdırılması və neonasizmin dirçəlməsilə mübarizə: qanunvericilik aspektləri» mövzusunda təşkil olunmuş «Dəyirmi masa»da bildirilib ki, özünü Rusiyanın strateji tərəfdaşı kimi qələmə verən Ermənistan bu gün kollaborasionistlərə, faşizmin əlaltısı olmuş şəxslərə abidə ucaldan ölkələr sırasında yer alır.
Bundan başqa, rusiyalı deputatlardan, İctimai Palatanın üzvlərindən, analitik və hüquqşünaslardan ibarət qrup BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət etmək fikrindədir. Onlar Ermənistanda və bir sıra digər postsovet ölkələrində faşizmin qəhrəmanlaşdırılmasından narahatdırlar və bu üzdən məhkəməyə müraciət etmək üçün işçi qrup belə, yaradıblar.
İşçi qrupun yaradılmasının təşəbbüskarlarından biri, Rusiya-Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvü Dionis Kaptarın fikirlərini xatırlatmaq yerinə düşər: «Njde ilə bağlı biz ikiqat qəhrəmanlaşdırma görürük. Birincisi, inqilabdan əvvəl məhkəməyə çəkilmiş cinayətkar quldur təşkilatın tərkibində Rusiya dövlətçiliyinə qarşı mübarizə aparmış şəxsin qəhrəmanlaşdırılması. İkincisi, bir müddət sonra həmin Njde nasistlərlə əlbir olub. İndi biz özünü Rusiyanın müttəfiqi kimi təqdim edən Ermənistanın görkəmli bir yerində ikiqat antirusiya fəaliyyəti aparmış şəxsin abidəsini görürük. Bu, həqiqətən də, nadir hadisədir».
Bununla yanaşı, Njdenin qəhrəmanlaşdırılması yalnız Rusiyada qəzəb yaratmayıb. Tanınmış israilli politoloq Arye Qut deyib: «Tarix və yəhudi xalqı 20 minlik erməni legionunun İkinci Dünya müharibəsi dövründə törətdiyi qəddarlığı heç zaman unutmayacaq. Bu legionun yaradıcılarından biri də faşist Njde olub. Arxiv sənədlərilə təsdiqlənən tarixi faktlar var… Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, həmçinin Qərbi Krımın digər rayonları yəhudilərdən məhz erməni legionunun sayəsində tamamilə təmizlənib».
Ermənistanda antirusiya isteriyası
Rusiya ictimaiyyətinin və siyasi dairələrinin Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasına etirazı qarşısında rəsmi İrəvan ölkədə antirusiya isteriyasını daha da artırmağa çalışır. Bu zaman, təbii ki, erməni tərəfi ortaya heç bir arqument qoya bilmir. Çünki Njdenin Hitlerə xidmət göstərdiyini təkzib edəcək fakt yoxdur. Bundan başqa, hələ 2004-cü ildə İrəvanda «Qaregin Njde və onun təlimi» adlı kitab çap olunub. Kitabda etiraf olunur ki, Njde hələ 1940-cı ildə Təhlükəsizlik Xidməti və Abverin razılığı ilə Bolqarıstandan Almaniyaya gənc erməni qruplarının gətirilməsi təşəbbüsü ilə çıxış edib və bunun təşkili ilə məşğul olub. Məqsəd gənclərə kəşfiyyat-diversiya fəaliyyətinin öyrədilməsi imiş. Təlimi başa vuran bu qrup 1943-cü ildə Şimali Qafqazda Sovet Ordusunun arxa cəbhəsində «işləməsi» üçün Krıma göndərilib.
Bu etiraflara baxmayaraq, Ermənistan rəhbərliyi nümayiş etdirdiyi isteriya ilə özünün faşist mahiyyətini daha da ortaya qoyur. Məsələn, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun replikasına baxın: «İrəvanda Qaregin Njdenin abidəsinin ucaldılmasının ruslara dəxli yoxdur… Qaregin Njde bizim milli qəhrəmanımızdır. Hesab edirəm ki, bu işin onlara aidiyyəti yoxdur».
Ermənilərin arasında Rusiyanı, Böyük Vətən müharibəsi zamanı həlak olmuş insanların xatirəsini açıq-aşkar ələ salanlar da var. Rusiyanın Vladimir şəhərinin adının dəyişdirilərək «erməni xalqının Vladimirski Sentralda ölənədək işgəncəyə məruz qalmış milli qəhrəmanı Njdenin şərəfinə» adlandırılması təşəbbüsünü başqa cür qiymətləndirmək mümkün deyil.
Görünür, ermənilərin Rusiyaya «sadiqliyi», Cənubi Qafqazda Rusiyanın dayağı kimi «etibarlılığı» bu qədərdir. Amma bu da anlaşılandır. Belə götürsək, on minlərlə rusun, azərbaycanlının, türkün, yəhudinin, krımlının və digər millət nümayəndələrinin məhvində günahkar olan nasist yaltağı Njdenin ardıcılları bugünkü Ermənistanda at oynadır.
«Sexakronizm»in banisinin qanlı yolu bu gün müasir Ermənistanın rəhbərliyi tərəfindən «layiqincə» davam etdirilir. Erməni faşistlərinin, elə həmin Njdenin «Ermənistan ermənilər üçündür» kimi çoxdankı arzusunun bu gün həyata keçirilməsi də təsadüf deyil. Məlum olduğu kimi, bu gün Ermənistan polietnik regionda yeganə monoetnik dövlətdir. 1980-ci illərin sonlarında Ermənistandan, yeri gəlmişkən, tarixi Azərbaycan torpaqları olan İrəvan, Göyçə və Zəngəzur mahallarında yaşayan son 200 min azərbaycanlının – bu bölgənin köklü əhalisinin – , həmçinin digər milli azlıqların, o cümlədən rusların qovulmasından sonra Ermənistanda yalnız ermənilərin özlərini adlandırdıqları kimi, «titullu xalq» yaşayır.
Doğrudur, rəsmi İrəvan Ermənistanın və hakim Respublika Partiyasının dövlət ideologiyasının Njdenin əsasını qoyduğu irqçi «Sexakronizm» olduğunu bütün vasitələrlə ört-basdır etməyə çalışır.
Sexakronizm, yoxsa irqçilik?
”Sexakron” termini tayfa, nəsil, irq deməkdir. Erməni hakimiyyəti bu terminə “-izm” şəkilçisi əlavə edərək, “Sexakronizm” sözünü əldə edir. Amma onlar dünyanın başqa dillərində, xüsusilə rus dilində danışanda və yazanda, “sexakron” sözünün dəqiq tərcüməsinə (irq) bu şəkilçini əlavə etmirlər – Allah eləməsin, birdən “irqçilik” sözü alınar və onu erməni “sexakronizm”i ilə əvəz edirlər”, – deyə politoloq Fuad Axundov «İnterfaks-Azərbaycan» agentliyinə bildirib.
F.Axundov Ermənistanın hakim Respublika Partiyasının (ERP) rəmzinə də diqqət çəkib və onun Üçüncü reyxin rəmzini xatırlatdığını bildirib. «Nakim ERP-nin simvolikası Üçüncü reyxin simvolikası ilə çox oxşardır. ERP-nin loqotipi (qanadlarını gərmiş qartal) faşist Almaniyasının gerbini eynilə təkrarlayır. Partiyanın və ölkənin rəmzi kimi qartaldan istifadə edilməsində qəbahətli heç nə yoxdur. Amma bu halda söhbət ERP və Üçüncü reyxin rəmzlərinin, demək olar ki, 100% üst-üstə düşməsindən gedir, belə təsadüflər isə olmur”, – deyə F.Axundov qeyd edib: «İrəvanda ERP ilə faşist simvolikasının oxşarlığı ilə bağlı hələ də mübahisə edə bilsələr də, rus və ingilis dilləri də daxil olmaqla, dünyanın bütün dillərində “irqçilik” və “nasizm” demək olan “sexakronizm” termininin tərcüməsi ilə bağlı mübahisə aparmaq artıq heç cür mümkün deyil. Lakin hakim ERP Rusiya və dünya ictimaiyyətini aldatmaq üçün bu termini qəsdən tərcümə etmir, çünki nasizm və irqçilik sözlərinin həqiqi mənası bütün dünyaya yaxşı məlumdur”.
O, bildirib ki, Rusiya Federasiyasının Dövlət arxivində faşist Almaniyasının müxtəlif kəşfiyyat orqanlarına xidmət etmiş əslən erməni olan Peter Kamsarakanın ifadələri var.
“Məhz Kamsarakan faşist Almaniyasının rəhbərliyinə Qaregin Njdeyə (Sitat: “Almaniyanın möhkəm əqidəli tərəfdarı, fikrimcə, ona tamamilə güvənmək olardı”) diqqət yetirməyi təklif edib. Njde Kamsarakana danışmışdı ki, ABŞ-da yaşadığı dövrdə “İrqçilər” (“Rassistı”) adlı faşist tipli təşkilat yaradıb. Diqqət edin, “Sexakronistlər” deyil, məhz “İrqçilər”. Yəni erməni Kamsarakan 1940-cı illərdə Njde təlimini rusca irqçilik adlandırırdı», deyə F.Axundov bildirib.
Onun sözlərinə görə, mövcud olduğu 100 ilədək müddətdə – istər çar Rusiyasında, istər SSRİ dönəmində, istərsə də müstəqil Ermənistanın Levon Ter-Petrosyanın prezident olduğu ilk illərində ölkədə faşist ideologiyası qadağan edilib. «Sexakron»u dövlət siyasəti ranqına yalnız Robert Koçaryan (Ermənistanın eks-prezidenti) qaldırıb. «Əslində, Avropa Şurası Parlament Assambleyasının tribunasından ermənilərlə azərbaycanlıların genetik baxımdan uyğun gəlmədiyini söyləmiş şəxsdən bundan artığını gözləmək olmazdı. Faşistlər də ari qanının təmizliyindən, onun slovyanlarla, yəhudilərlə uyğun gəlmədiyini deyirdi. Amma faşistlərin tezisi kimi, Koçaryanın tezisi də əsassızdır. Çünki istər İranda, istər Rusiyada, yaxud Türkiyədə və elə Azərbaycanın özündə ermənilər azərbaycanlılarla qonşu yaşayır və kifayət qədər normal keçinirlər. Buna yalnız Ermənistanda rast gəlinmir. Çünki Koçaryan və Serj Sarqsyan kimi müasir faşistlər Njdenin ideyalarını həyata keçirərək, son dərəcə polietnik, millətlər baxımından qarışıq bir regionda tam monoetnik dövlət yaradıblar. Faşistlik edən Ermənistan ölkədən bütün digər xalqların nümayəndələrini qovub. Hətta Hitler belə, sırf bir millətin yaşadığı dövləti yalnız arzulaya bilərdi», – deyə politoloq bildirib.
F.Axundovun sözlərinə görə, Sarqsyan azərbaycanlılara münasibətdə qaniçən, faşist mahiyyətini heç zaman gizlətməyib: «Erməni faşistlərinin Azərbaycanın Xocalı şəhərində 600-dən artıq dinc sakini bir neçə saat ərzində amansızlıqla məhv etdiyi Xocalı soyqırımının «müəllif»lərindən biri məhz Sarqsyandır. Bu soyqırımı zamanı əsasən qadınlar, uşaqlar və qocalar qətlə yetirilib. Sonralar 1992-ci ilin qanlı 26 fevral gecəsi haqda jurnalist Tomas de Vaala danışan Serj Sarqsyan deyib: «Xocalıyadək azərbaycanlılar düşünürdü ki, bizimlə zarafat etmək olar. Onlar elə bilirdilər ki, erməniər mülki əhaliyə əl qaldırmağa qadir deyil. Biz bunu (stereotipi) qıra bildik». Nəhayət, İrəvanın mərkəzində faşist Njdeyə heykəl ucaldılması qərarını da məhz Sarqsyan qəbul edib. Bunadək Ermənistan hökuməti Njdenin adını yalnız küçələrə, metrostansiyaya verməklə kifayətlənirdi. 2016-cı ildə isə nəhayət, onlar faşist xislətlərini tam ortaya qoymaq qərarına gəldilər. Njdeyə abidə ucaldıldı və o, and yerinə çevrildi. Nümunəni də ideya rəhbərinin nəhəng heykəli qarşısına ilk gülü qoyan Sarqsyan göstərib. İdeya rəhbərinin faşist olduğunu nəzərə alsaq, demək, tələbə də iliyinədək faşistdir. Odur ki, bütün sivil dünya rəsmi İrəvana, onun regiondakı fəaliyyətinə, Ermənistanın başında dayanan bu faşistlərin siyasətinin mümkün nəticələrinə son dərəcə diqqətlə yanaşmalıdır».
Beləliklə, Ermənistan dövlətinin əsl simasının artıq ona dost ölkələr, ilk növbədə İrəvanın əsas müttəfiqi missiyasını daşıyan, onun təhlükəsizliyinin qarantı kimi çıxış edən Rusiya üçün də tam aşkara çıxmasından təəccüblənməyə dəyərmi?
N.Nazimoğlu
http://regionplus.az/az/articles/view/6447