Fevralın 24-də Bakı Kitab Mərkəzində yazıçı-publisist, Əməkdar jurnalist Fazil Güneyin “Qara qan” tarixi roman-trilogiyasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva tədbiri açaraq Xocalı faciəsinin 28-ci ildönümü ərəfəsində Qarabağ ağrılarından bəhs edən belə bir kitabın təqdimatının mühüm əhəmiyyət daşıdığını söyləyib.
Diqqətə çatdırılıb ki, XX əsrin sonlarında Azərbaycan ictimai-siyasi mühitində baş verən hadisələr, müstəqillik ab-havası Fazil Güneyin yaradıcılıq istiqamətini daha çox jurnalistikaya yönəldib. 1991-ci ilin əvvəlində yaradılan “Assa-İradə” Azərbaycan Beynəlxalq Xəbər Agentliyinin, 1997-ci ildən çıxmağa başlamış ingiliscə “AzerNews” qəzetinin təsisçisi və baş redaktoru, “Azeri Observer” jurnalının direktoru olan Fazil Güney Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm işlər görüb.
Günel Rzayeva deyib ki, Fazil Güney “Qara qan” tarixi roman-trilogiyası üzərində uzun illər çalışıb. Bildirib ki, romanın 3-cü hissəsində Aprel döyüşləri zamanı baş verən hadisələr və xalqımızın mübarizlik əzmi əksini tapıb. Ümumilikdə roman-trilogiyada xalqımızın başına gətirilən müsibətlər bədii dillə oxucuya çatdırılır. İnanıram ki, bu bədii əsər bütün zamanlarda öz aktuallığını qoruyub saxlayacaq.
Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “İrşad” Dini Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev, tədqiqatçı, ədəbiyyatşünas Kənan Hacı, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri, professor İsmayıl Kazımov, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov və başqaları çıxış edərək kitabın məziyyətlərindən danışıblar.
Bildirilib ki, belə əsərlərdə öz əksini tapan xalqımızın əsrlər boyu yadelli işğalçılara qarşı apardığı ölüm-dirim savaşında göstərdikləri qəhrəmanlıqlar, dözüm, mətanət, vətənə bağlılıq hissləri gələcək nəslin vətənpərvərlik ruhunda yetişməsinə böyük xidmət göstərəcək.
Qeyd edilib ki, Fazil Abbasov (Güney) Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsində təhsil aldığı vaxtlardan bədii yaradıcılığa başlayıb. Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi olduğu illərdə milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın təbliği istiqamətində mühüm işlər görüb. 1975-1976-cı illərdə “İnşaatçı” qəzetində, 1976-1991-ci illərdə isə “Kirpi” jurnalında çalışıb. “Kirpi”də dərc olunan pamfletləri “Ulduz sövdəsi” kitabında toplanıb.
Vurğulanıb ki, Fazil Güneyin Qarabağ münaqişəsindən bəhs edən, müasir Azərbaycan reallıqlarını əks etdirən üçcildlik “Qara qan” tarixi romanı ədəbiyyat tariximizdə öz layiqli yerini tutmağa iddialı ən dəyərli ədəbi yaradıcılıq nümunəsidir.
“Roman sevgi və ismət sınağı ilə qarşı-qarşıya qalmış Aysunun əsirliyi fonunda Qarabağ savaşının geniş və dərin mənzərəsini verir. Qarabağ savaşının ilk günlərindən erməni yağıların onlara arxa olmuş havadarlarının köməyi ilə Azərbaycan torpağında törətdikləri vəhşilikləri, habelə vəzifə, mənsəb naminə qüvvələrimizi parçalamış namərd, naxələf siyasətçilərin əməllərini müşahidə etmiş müəllif bütün hərbi və siyasi gerçəklikləri bədii, xarakterik surətlərlə, inandırıcı boyalarla təqdim edir”, – deyə natiqlər vurğulayıblar.
Fazil Güneyin “Qara qan” romanını 20 ildən çox vaxtda yazdığını söyləyən natiqlər bildiriblər ki, yazıçı üzün illərdən bəri davam edən yaradıcılıq axtarışlarının yekunu olaraq maraqlı bir əsəri oxucuların ixtiyarına verib.
Çıxışlarda romanın bədii-publisistik əhəmiyyəti vurğulanıb, vətənpərvərlik, ana torpağa məhəbbət və yurd təəssübkeşliyi ruhunda yazıldığı qeyd olunub. Diqqətə çatdırılıb ki, roman insanların haqsız olaraq zülm və işgəncələrə məruz qalması, doğma yurdunu, ev-eşiyini itirməsi fonunda müharibənin doğurduğu mühiti, əsirlik əzabı çəkən insanların düşüncə tərzini, zülmə mərdliklə sinə gərdiklərini, habelə neofaşizmlə müqayisə edilə biləcək erməni faşizminin insanlığa böyük təhlükə olduğunu açıq-aydın göstərir. Əsərdə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər, hərbi və siyasi gerçəkliklər inandırıcı boyalarla təqdim olunur.
“Qara qan” romanının Azərbaycan tarixində özünəməxsus yer tutacağını əminliyini bildirən çıxışçılar müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.
Bütün iştirakçılara təşəkkürünü bildirən Fazil Güney deyib ki, bu əsərin əsl müəllifi Azərbaycan xalqı, onun mərd, mübariz oğul və qızlarıdır. Müəllif deyib ki, bu əsəri yazmaqda məqsədi Qarabağ müharibəsini bədii ədəbiyyatın dili ilə daha geniş oxucu kütləsinə çatdırmaq olub. Ömrünün uzun illərini bu işə sərf etdiyini söylən Fazil Güney deyib ki, Qarabağ davası indi təkcə cəbhədə deyil, beynəlxalq forum və toplantılarda, idman meydançalarında, konsert salonlarında, ədəbi, tarixi əsərlərdə, bir sözlə, həyatın bütün sahələrində gedir: “Erməni hərbiçiləri minaları təkcə cəbhə xətti boyunca əkmirlər. Onlar hər köçkün qarabağlının köksündə mina əkirlər. Körpələr sinəsi minalı doğulurlar. Gün gələcək sinələrdəki o minalar düşmənin başında partlayacaq”.