Müsahibimiz Bakı Film İnstitutunun rəhbəri Fehruz Şamıyevdir.
– Fehruz müəllim, rəhbərlik etdiyiniz təsisat – Bakı Film İnstitutu necə yarandı və nə ilə məşğul olur?
– Mən 2000-ci ildə ssenarist ixtisasını bakalavr kimi bitirmişəm. Elə universiteti birlikdə 4-5 nəfərlik komanda ilə kino sahəsi üzrə dövrü mətbuatda çıxış etməyə başladıq. Çalışırdıq ki öz ixtisasımız üzrə fəaliyyət göstərək. 2003-cü ildə Mədəniyyət Nazirliyinin “Kino+” qəzetini çıxarmaq ideyası var idi. Mən o vaxt müasir ədəbiyyat yazarları arasında idim. Mən kinonu bildiyim üçün ətrafımda kinoşünaslar, kinoya bələd olan şəxslər olduğundan qəzetin baş redaktoru Şərif Ağayar dəvət etdi və birlikdə çalışmağa başladıq. 2004-cü ildən fəaliyyətə başladıq.“Kino+” qəzeti bizim üçün sanki bir laboratoriya, emalatxana oldu. Elə komandamız burada bir daha formalaşdı. Yazmaq qabiliyyəti, müsahibələr, müzakirələr buna daha da rəvac verdi. Bir də gördük ki, artıq öz qeyri-hökumət təşkilatımızı yaratmalıyıq. Həmin komanda 2004-cü ildə tələbə filmləri festivalını keçirməyə başladı. Festivalda peşəkar münsiflər heyəti yaradıldı. Burada Cəmil Quliyevdən tutmuş Elçin Musaoğluna, Əli İsa Cabbarova, Abbas Əliyevə kimi peşəkarlar təmsil olunmuşdu. Hökumət Evindəki zalda 3 gün ərzində 15-dək film nümayiş etdirildi. 2005-ci ildə isə festivala ad da qoyduq: “Start” Gənclərin Beynəlxalq Film Festivalı. “Start” həm də “student art” demək idi. Beləcə Türkiyə, İran və Rusiyadan da tələbələri cəlb etdik. Həmin vaxt artıq “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi İctimai Birliyinin yaradılması üçün addımlar atırdıq və Ədliyyə Nazirliyinə müraciət etmişdik. İkinci festivalda xarici tələbələrin filmləri var idi, amma özləri gəlməmişdilər, üçüncü festivalda isə artıq xaricdən tələbələrin gəlməsini də təşkil etdik.
– Bu hansı ildə olmuşdu?
– 2006-cı ildə. Elə həmin il münsiflər heyətində bir nəfər Qazaxıstandan, Özbəkistandan, İrandan, Türkiyədən münsiflər təmsil olunmuşdu. Yəni münsiflər heyətinin 5 üzvündən 4-ü xaricdən idi. 2007-2008-ci ildə də festival dayanmadı və beləcə 8 il bu festivalı keçirdik. Səkkizinci festival “Nizami” kino-teatrı təmir olunandan sonra keçirildi. Münsiflər heyətinin sədri Şəfiqə Məmmədova idi, heyətə Amerika və Yaponiyada mükafatlar almış iranlı rejissor, Polşadan kino mütəxəssisi də dəvət olunmuşdu və artıq tələbələrin deyil, dünyanın 35 ölkəsindən gənclərin filmləri nümayiş etdirilirdi. 3 gün ərzində filmlər nümayiş etdirilir, müzakirələr, master-klasslar təşkil olunurdu. Beləliklə, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi İctimai Birliyinin əsas layihəsi “Start Gənclərin Beynəlxalq Film Festivalı” oldu. “Kino+” qəzeti 2007-ci ildə fəaliyyətini dayandırsa da, fəaliyyətimizi davam etdirirdik.
– “Kino+” qəzeti fəaliyyətini niyə dayandırdı?
– O vaxt Mədəniyyət Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinə çevrilmə mərhələsində idi. Belə oldu ki, onların mətbuat siyasəti dəyişildi. Nazirliyin “Yaddaş”, “Mədəniyyət” və “Kino+” qəzetləri fəaliyyət göstərirdi. Qərara aldılar ki, həmin qəzetləri birləşdirib, “Mədəniyyət” qəzetini buraxsınlar. Bir müddət mən də “Mədəniyyət” qəzetinin kino şöbəsinə rəhbərlik etdim, sonra isə öz şirkətimi, qeyri-hökumət təşkilatımı qurmağa başladım. 2007-ci ildə “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi İctimai Birliyini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdik. O vaxtdan “Azərbaycanfilm” kinostudiyasında ödənişli əsaslarla bizim ofisimiz yarandı. Müxtəlif layihələr həyata keçirməyə başladıq.
Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran” layihəsi var idi. Bu, kino layihələrinin müsabiqəsi idi. Hər bir şirkət öz layihəsini Mədəniyyət və Turizm Nazirliyinə təqdim edirdi və komissiya onu qiymətləndirirdi. Layihədə filmin büdcəsi, rejissoru, ssenarisi, yozumu, xülasəsi paket halında təqdim olunurdu. Gənclərin yaratdıqları kommersiya şirkətləri bu layihələrdə qalib gəlirdilər. İş elə gətirdi ki, 2011-ci ildə belə layihələrdən birini də mən qazandım. 25 min manatlıq büdcəsi olan qısametrajlı bədii film çəkdim. Film Qarabağ mövzusunda idi. Bu, Qarabağ mövzusuna məncə, ilk fərqli yanaşma idi. Sovet dövründə İkinci Dünya müharibəsindən bəhs edən filmlərdə ilkin dövrdə almanlar axmaq göstərilirdi. Sonradan ideoloqlar qərara aldılar ki, faşistləri belə cılız göstərmək olmaz və nümayiş etdirilməlidir ki, sovet ordusu ağıllı düşmənə qalib gəlib. Mən də düşündüm ki biz həmişə filmlərimizdə erməniləri saqqalı, tör töküntü vəziyyətfə göstəririk. Bu baxımdan mənim filmimdə erməni zabit səliqəli hərbiçidir. Filmin çatdırmaq istədiyi mesaj isə ondan ibarət idi ki, torpağın işğal olunsa belə sən öz doğulduğöun yerdə ölməlisən. Mən Elçin Hüseynbəylinin bir hekayəsindən yararlanmışdım. Film həmin hekayənin motivləri əsasında çəkilmişdi. Qarabağda doğulmuş və uzun müddət Bakıda yaşayıb, işləmiş həkim ölümünün yaxınlaşdığını hiss edəndə, öz torpağında ölmək istəyir.
– Filmin adı necə idi?
– “Yol”. Bundan başqa bizim komanda Mədəniyyət və Turizm, İdman və Gənclər nazirliklərinin xətti ilə müxtəlif layihələr həyata keçirdi. Biz baxdıq ki, hamı kamera götürüb kino çəkir, amma kino təhsili bir az problemlidir. Kino bir az texniki məsələdir. Ona görə də dünya kinosunda da belədir ki, kinoya gələnlərin ən azı 80 faizi qeyri-kino sahəsinə aid ixtisas sahibləridir. Biz də fikirləşdik ki, texniki sahədə təhsil alan, amma içində kino sevgisi və həvəsi olan gənclər var və bu sahəyə gəlmək istəyirlər. Qərara gəldik ki, onlar üçün ödənişli əsaslarla qısa kurslar təşkil edək.
– Və beləcə Bakı Film İnstitutu yarandı.
– Bəli.
– Bakı Film İnstitutu prodakşn deyil?
– Xeyr. Ödənişli əsaslarla sırf kino təhsili mərkəzidir. “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin bazasında fəaliyyət göstərir.
– İnsanlar burada hansı kino ixtisaslarına yiyələnirlər?
– Bizim ilk kursumuz kinoprodüserlik ixtisası üzrə olub. Sonradan kinorejissorluq, ssenaristlik və aktyorluq kursları fəaliyyətə başlayıb. Bizim kursun aktyorluq üzrə tələbələrinin bir neçəsi üç aylıq kurslarımızdan sonra, qabiliyyət imtahanı verib, İncəsənət Universitetinə qəbul olub. Deməzdim ki, biz İncəsənət Universitetinə qəbul olunmaq üçün hazırlaşdırırıq, biz sırf kino və serial aktyorları hazırlayırıq. Yəni biz daha çox kamera qarşısında oynayacaq aktyorların hazırlanması ilə məşğuluq. Bizim rejissor və kinoprodüser ixtisasları üzrə kurslarımız da fəaliyyətdədir. Son illər Azərbaycanda dövlət proqramı ilə xaricdə təhsil almaq imkanı var idi. Rejissorluq ixtisası üzrə heç kim dövlət proqramı əsasında xaricdə təhsil almayıb.
– Bəs Ümumrusiya Kinematoqrafiya İnstitutunda rejissor ixtisası üzrə təhsil alanlar?…
– Onların əksəriyyəti Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti ilə təhsil almağa gedirdilər. Bu, dövlət proqramı deyildi. Yəni Təhsil Nazirliyinin xətti ilə getmirdilər. Son 2 ildə bizim kursun müdavimləri dövlət proqramı ilə ən mötəbər kino məktəbinə – London Film School-a daxil oldular. 3 aylıq kursun müdavimi imtahan verib, həmin məktəbə daxil olursa, bu, bizim kursumuzun keyfiyyət göstəricisidir. Azərbaycan və Rusiya mədəniyyət nazirlikləri arasında bağlanmış sənədə uyğun olaraq 15 nəfər azərbaycanlı tələbə Ümumrusiya Kinematoqrafiya İnstitutuna və Şukin adına məktəbə teatr və kino aktyorluğu ixtisasına qəbul olunub. Onlardan biri də bizim kursun müdavimi idi.
– Çox əhatəli şəkildə Bakı Film İnstitutunun fəaliyyəti və ona aparan yollar – “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi və “Start Gənclərin Beynəlxalq Film Festivalı” haqqında danışdınız. Siz Azərbaycan kinosunun gələcəyinə inanırsınımı?
– Sözsüz.
– Nəyə görə?
– Əvvəla müasir texnika imkan verir ki, hər bir şəxs öz istedadını tez bir zamanda ortaya qoya bilsin.
– Bu birinci amil. Bəs ikincisi nədir?
– İkincisi, bizim dünya ilə informasiya mübadiləmiz asanlaşıb. Dünyada gedən kino proseslərini çox rahat şəkildə izləmək mümkündür. Nə çəkilir, nəyə üstünlük verilir, festivallar hansı mövzulara diqqətlə yanaşırlar, kimi məsələləri evdəcə oturub, rahat öyrənmək mükündür.
– Dedikləriniz bütün ölkələrə aiddir. Onda deməli, Siz bütövlükdə kinonun gələcəyinə inanırsınız. Bəs Azərbaycanın özəlliyi nədədir?
– Bu proseslər Azərbaycan kinosuna da təsirsiz ötüşmür. Mənə elə gəlir ki, bizdə kinonun inkişafına mental məsələlər imkan vermir. Bizdə kinonun 100-dən çox yaşı var. 1918-ci ildən isə tammetrajlı filmlər çəkirik. Amma biz tutaq ki, çılpaq uşağı da ekranda göstərməyə çəkinirik.
– Onda belə çıxır ki, mental özəlliklər Azərbaycan kinosunun inkişafını əslində əngəlləyən məsələlərdir.
– Bəli. Mən sadəcə dünyaya inteqrasiyanın gücünə görə Azərbaycan kinosunun gələcəyinə inanıram.
– Fərdi müstəvidə kino mütəxəssislərimizin – rejissor, ssenarist, aktyor, prodüser, pirotexnik və s. potensialı necədir?
– Mən Azərbaycanı Fransa ilə müqayisə etməyin tərəfdarı deyiləm. Amma tutaq ki, gürcülər və ya qırğızlarla müqayisədə görürük ki, onlarda kinoya kütləvi axın, rəqabət var. Söhbər gənclərdən gedir. Qırğızıstanın özündə bir nüçə fond var ki onlar film istehsalına birbaşa dəstək dururlar. Yalnız “Manas” Universitetinin tərkibində onlar elə gözəl film-studiya yaradıblar ki… Mənim bildiyimə görə bizdə də vaxtilə tutaq ki, Neft və Kimya İnstitutunda (indiki Neft və Sənaye Universitetində) gözəl kino dərnəkləri olub. Məşhur kinematoqrafçılar Maqsud İbrahimbəyov və Cəmil Fərəcov bu ali məktəbin yetişdirmələridir. Ali məktəblərin bəzilərində sənədli film studiyaları olub. İndi isə bizdə yalnız dediyiniz kimi, fərdi müstəvidə inkişaf gedir. Kinoya kütləvi şəkildə sevgi, maraq yoxdur.
– Belə bir təsəvvür var: azərbaycanlılar şair xalqdır. Biz kinematoqrafçı xalqıq, deyə bilərikmi?
– Məncə, deyə bilmərik.
– Amma buna rəğmən Azərbaycan kinosunun gələcəyinə inanırsınız?
– Çünki Azərbaycanda yetərincə istedadlı kino adamları var.
– Valideynlərin əksəriyyəti öz uşaqlarının uğurlarını böyüdücü şüşə altında öyrənmək həvəskarıdır. Buna görə də bəzən reallıqdan uzaq nəticələr ortaya çıxır. Gəlin biz də kinomuzun gələcəyinə inanırıqsa, dünyanın əsas kino meydançalarında nümayiş etdirilən filmlərimizdən, aktyorlarımızın xarici filmlərə dəvət almalarından, Hollivudda, yaxud Bollivudda təcrübə keçmiş kino adamlarımızın mövcudluğundan danışaq. Belə nəticələrimiz varmı?
– Sizin dediyiniz göstəricilər bizdə həddindən artıq aşağıdır. İmkanlarımızla müqayisədə. Amma tutaq ki, bizdə Hindistanda öz hesabına 4 il rejissorluq oxuyan gənc bir xanım var. Özü ilə Hindistandan prodüser də daxil olmaqla komanda gətirmişdi ki, iş görsün, amma dəstək verə biləcək dövlət qurumu və ya şirkət tapmadı. Hərçənd ki, qeyd etdiyim kimi, yol pulu və otel xərcini öz hesabına ödəməklə komanda gətirmişdi.
– Real texniki avadanlıqların alınması ilə bağlı vəziyyət nə yerdədir?
– İldə kinoya məndə olan məlumata görə, 6 milyon manatdan artıq vəsait xərclənir. Bu vəsait daha çox film çəkilişinə yönəldilir. Bizim səlahiyyətli şəxslər daha çox rejissor, ssenarist yoxluğundan gileylənirlər. Amma ssenaristlərin hazırlanması üçün kimi, hara göndərmişik?
Bu yaxınlarda bizim Film İnstitutunun 3 aylıq rejissor kurslarına bir xanım yazılmışdı. Həmin xanım Macarıstanda film və media məktəbində oxuyur. Macarıstan hələ sovet dövründən ən yaxşı ssenari bazası olan ölkə kimi tanınırdı. Polşanın rejissor, Macarıstanın isə ssenarist məktəbi güclü olub. Qeyd etdiyim xanım bir il oxuyandan sonra, müəyyən səbəblərdən bir illik fasilə verib. Həmin ili də boş keçirməmək üçün bizim kurslara gəlib, yazılıb. Söhbət zamanı məlum oldu ki, bu xanım da Macarıstana öz hesabına gedib. Yəni müsbət işartılar yalnız öz hesabına təhsil alanlardır. Bu yaxınlarda “Azərbaycanfilm” kinostudiyası “Şəhər motivləri” adlı layihə həyata keçirdi. Bu ad altında xaricdə təhsil alanlar tərəfindən 5 film çəkildi. Hamısı da xaricdə öz pulları ilə oxuyublar. Azərbaycanın kinosunun gələcəyi ilə bağlı mənim əsas ümidim bu insanlaradır.
–Kino beynəlxalq bir sənət növüdür. Xaricdə oxuyan gənclərdə də dil baryeri yoxdur. Sabah kim zəmanət verə bilər ki, Sizin ümid mənbəyi kimi baxdığınız bu adamlar çıxıb getməyəcəklər?
– Xaricdə də hər şey sadə şəkildə deyil, böyük bazar rəqabət var. Mənə belə gəlir ki xaricdə təhsil almağa gedən azərbaycanlının həmin rəqabətə davam gətirməsi çətin məsələdir. Üstəlik bizim mənəvi bağlantımız çoxdur. Həmişə öz evimizə dönməyə can atırıq. Yani onlar da başa düşəcək ki xaricdə onlar kimi təhsdil görmüş onlarla gənc var. Buna görə də Azərbaycanda film istehsal etmək daha ucuz və rahat olacaq onlar üçün.
– Etiraf edirsinizmi ki, bizim kinoya azərbaycanlı rejissorun Hollivudda çəkilən filmdə ikinci rejissor, bizim mütəxəssisin Rusiyada çəkilən filmdə işıqçı, aktyorumuzun hansısa ölkənin filmində aktyor olması və s. bu kimi hallar çox lazımdır?
– Mən Azərbaycan kinosunun gələcəyinə ona görə inamla baxıram ki, mənim ətrafımda həmin ümidin işartıları var. Amma kompleks halında problemlər yetərincədir. Rusiyada istehsal olunan demək olar ki, bütün filmlərin titrlərində erməni əsilli adamlaırn adları görünür. Azərbaycanlıların adları isə yoxdur. Bizdə belə bir atalar sözü var: “Soğan olsun, nəğd olsun”. Mənə elə gəlir ki, bu misal millətimizin bütün psixikasını pozur. Deməli, biz gələcəyə yönəlik yatırımlar qoymuruq. Uzunmüddətli layihələrə diqqət göstərmirik.
– Bizim bir çox filmlərimizin ssenari müəllifləri elə rejissorların özləridir. Bizdə ssenarist qıtlığı varmı?
– Qıtlıq yaxşıdır, heç demək olar ki, yoxdur. Biz ssenari, dramaturji struktur qurmaq baxımından çox axsayırıq. Bu problemin həlli üçünsə demək olar ki heç bir addım atmırıq.
– Bəlkə rejissorlar öz enerjilərini ssenaristlə debata xərcləmək istəmirlər?
– Razıyam, o amil də var. Lakin gəlin bir də bu məsələyə baxaq, son dövrlərdə Elçin və Əli Əmirlidən başqa pyes yazan varmı? Dram əsəri yoxdur. Ssenaristlər dramaturji qaydaları bilmirlər. Bizimkilərin öyrənmək marağı yoxdur. Bakı Film İnstitutu pulsuz kurslar təşkil edirdi hərdən. Heç buna da maraq göstərən yoxdur. Nuri Bilgə Ceylan səhv eləmirəmsə 2011-ci ildə Kann festivalında “ən yaxşı rejissor” mükafatını aldı. Elə həmin il Avropa Kino Akademiyasının “ən yaxşı prodüser” mükafatını Niri Bilgə Ceylanın prodüseri Zeynep Atakan aldı. O, 2012-ci ildə isə Asiya ölkələrinin ən yaxşı prodüseri mükafatını da alıb. 2012-ci ildə mən Zeynep Özbatur Atakanı Bakıya gətirdim. “Nizami” kino-teatrında onun iki günlük təlimləri oldu. 20 manat ödəməklə onun 3 dərsində də iştirak etmək olardı. Təsəvvür edin ki, gələn olmadı. Tariximizdəki məşhur bir hadisəni xatırlatmaq istəyərdim Həsən bəy Zərdabi kitab çap etdirmək üçün bəylərə müraciət edir, amma heç kim pul vermir…. Bizim indiki durumumuz ötən əsrdən elə də fərqli deyil. Elmə, təhsildən daha çox əyləncəyə pul xərcləməyi daha üstün tuturuq.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az