Bakı şəhərinin Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində geniş sahəyə yayılmadan tam söndürülüb.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
11:39
Bakı şəhərinin Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
11:17
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə martın 5-i saat 10:00 radələrində Nizami rayonunun Neft Emalı Zavodu ərazisindən yanğın baş verməsi səbəbindən çağırış daxil olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
11:07
Bakı şəhərinin Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı havada monitorinq-ölçmə işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri əraziyə yollanıb.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
10:50
Bakı şəhərinin Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən ərazi mühafizəyə götürülməklə, bütün zəruri təhlükəsizlik tədbirləri görülür.
10:20
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.