1905.az-ın bu dəfəki həmsöhbəti “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkəti texniki direktorunun müavini Fikrət Əzimovdur.
– Əvvəlcə televiziya yolunuza nəzər salaq.
– Televiziya yolum 1996-ci ildə ANS-lə başlayıb. 1997-ci ildən “Space”də işləmişəm. 2005-2006-ci illərdə İctimai Televiziyada. 2006-cı ildə İTV-dən ayrılıb, yenidən “Space”ə gəldim. 2012-ci ildən bu günə kimi isə Azad Azərbaycan Teleradio şirkətindəyəm.
– Fikrət müəllim, biz həmişə ermənilərin informasiya müharibəsindəki fəallıq göstərmələrinin şahidi oluruq. Bəs, texniki müstəvidə bu proses necə gedir? Əslində texniki tərəfdən yanaşsaq onlar bizdən üstün olmalı deyillər. Ermənistandan o qədər xəbərimiz olmaya bilər. Amma Azərbaycanın media müstəvisində texniki imkanları göz önündədir. Sizcə texniki imkanlarımız hansı səviyyədədir?
– Hesab edirəm ki, sırf texniki imkanları müqayisə ediriksə Azərbaycan Ermənistandan müqayisəyə gəlməz dərəcədə üstündür. Nəinki Ermənistan, bütün MDB məkanında biz ən güclüyük. Texniki bazamız çox güclüdür. Bu özünü həm də Avropa ilə əlaqələrin inkişafında göstərir. 90-cı illərin ortlarından bu günə kimi olan inkişafa baxaq. İndi fəxrlə deyirik ki, bir çox ölkələrin hələ əldə edə bilmədiyi yeniliklər artıq bizdə var. Məsələn, Azərbaycanda 3 mobil operator var. 4-cü nəsil operatorların isə əsası qoyulub.
– Bizim iqtisadi imkanlarımız sözsüz ki, həm də texniki vasitələrə transformasiya edilir.
– Bəli. Xarici investisiyalar çoxalır, maliyyə artır və bu həm də texniki sahədə də özünü göstərir.
– Ermənistan saytlarının texniki imkanları, gücü necədir? Tək saytlardan danışmayaq. Həm də kanalları və digər yayım vasitələrini nəzərə alaq.
– Məsələn, həmişə deyirik ki, Ermənistandan filan sayta hücum oldu. Əslində araşdıranda bəlli olur ki, hücum edən kodlar arasında Ermənistana aid heç nə yoxdur. Əsas hücumlar Amerika və Fransadan gəlir. Yəni orada məskunlaşan ermənilər müasir texnologiyalardan istifadə edərək erməni adı ilə saytlara hücum edirlər. Qısa desəm, saytlarımıza hücumlar Ermənistanda mövcud olan texniki imkanlar sayəsində baş vermir.
– Belə çıxır ki, biz tək Ermənistandan yox, başqa dövlətlərdə məskunlaşmış erməni əsiili xakerlərin hücumlarını da zərərsizləşdirməli oluruq.
– Bəli. Elədir. Hər bir IP ünvan bizə hücumun haradan gəldiyini müəyyən etməyə imkan yaradır. Ən çox hücum bayaq da dediyim kimi Fransa və Amerikadan gəlir. Biz güclüyük, ermənilər isə hiyləgər. Qüvvəmizi hiyləyə qarşı yönəltməliyik həm də.
– Müdafiənin texniki tərəfinin vəziyyəti necədir bəs? Biz zaman-zaman saytlara, ola bilsin həm də televiziya kanalların yayımlanmasına maneə törədilməsi xəbərlərini eşidirik. Ümumiyyətlə, saytlarımızın təhlükəsizliyi necə təmin edilir?
– Müdafiəmiz güclənir. Əvvəllər Azərbaycanın xariclə əlaqəsi bir neçə şəbəkə vasitəsi ilə həyata keçirilirdi. Buna görə də bu prosesi nəzarətdə saxlamaq çox çətin idi. Bir yerdən yayımlanan informasiyaya hücum etmək çətinləşir. Bu gün Azərbaycanın artıq backbone-nu (onurğa deməkdir hərfi təcümədə) formalaşıb. Provayder interneti paylayan firmadır. Backbone interneti ölkədən dünyaya çıxışı həyata keçirir.
– Bu proses peyk vasitəsi ilə həyata keçirilir?
– 3 istiqamətdə. 2 peyk və optik formada. Bildiyimə görə, bu gün Azərbaycanın internetə çıxış sürəti artıq 9 tera bitə çatıb. Bu çox böyük göstəricidir. Bizim yerli provayder “Delta telecom” bizim provayder ola-ola Gürcüstan, Qazaxıstan, Türkmənistan, Səudiyyə Ərəbistanı və Bəhreyni qismən internetlə təmin edir.
Bildiyiniz kimi Google dünyanın ən böyük şirkətlərindən biridir. Dünyada 74 dildə tərcüməni həyata keçirən, ən mükəmməl axtarış sistemi olan özündə bir çox funksiyaları birləşdirən bir sistemdir. “Google” şirkəti öz serverlərini təhlükəsiz yerlərdə yerləşdirir. İndi təsəvvür edin ki, hazırda “Google”un 3 serveri “Delta telecom”da yerləşir.
– Sizcə biz öz üstünlüyümüz qoruyub saxlamaq üçün nə etməliyik?
– Biz relsin üstündəyik. Mənə elə gəlir ki, inkişafda maddi xərclər öz yerində, həm də kadr məsələsinə diqqət etməliyik.
– Yeri gəlmişkən, kadrların hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?
– Çox aşağıdır. Məktəb yoxdur. Bu gün kimsə yeni bir şey öyrənirsə onu heç kimə göstərmək istəmir. Amma, bu belə olmalı deyil. Məktəb formalaşmalıdır. Bir nəsil digərini yetişdirməlidir. Yəqin ki, davamçı yetişdirmək heç kimə sərf etmir. Sanki müəllim şagirdinə rəqib kimi baxır.
– Fərdi səviyyədə bəlkə də bu normaldır. Bəs, dövlət səviyyəsində necədir? Bir proqram, standart sistem yoxdur?
– Yox. Legionerlər vasitəsilə vəziyyətdən çıxırıq. Əslində yerli kadrların potensialını artırmaq cəhdləri həmişə var. İstər kadr hazırlanması, istərsə də xaricə göndərilməsi istiqamətlərində. Ancaq effekt yoxdur. Bu isə sırf insanın özü ilə bağlıdır. Öyrənməyə meyilli deyillər sanki. Bu, “bacarmıram” yox, “istəmirəm” məsələsidir. Heç kim özünü əziyyətə salıb proqramı dərindən öyrənmək istəmir. Oğlum tətbiqi riyaziyyat fakültəsini bitirib. Həmişə deyir ki, keçdikləri proqramlar köhnədir və müasir standartlara cavab verəcək heç nə öyrənmirlər. Ancaq müəllimləri qınamaq olmaz. Çünki onlar proqrama uyğun dərs keçirlər. Belə çıxır ki, tələbələr artıq köhnəlmiş proqramları öyrənməli olurlar. Bu proqramlarsa artıq heç kimə lazım deyil. Ona görə də nə isə öyrənmək istəyən tələbə mütləq internetə müraciət etməlidir. Çox yaxşı ki, bu gün Azərbaycanda özəl şirkətlər öz işçilərini xaricə proqram öyrənməyə, beynəlxalq tədbirlərdə iştirak etməyə göndərirlər. Bu müsbət haldır əlbəttə, ancaq bu formada yetişən kadrların sayı azdır.
– İşlərinizdə uğurlar!
– Minnətdaram.
Fuad Babayev, Aynur Hüseynova
1905.az