Bu əhvalatı mənə bir dostum danışıb. Özü də bir neçə il bundan qabaq. Olduqca ibrətamiz əhvalatdır. Odur ki, istəyirəm sizə də danışım bu əhvalatı və sizdə biləsiniz ki, təkcə ölkəmizdə deyil, respublikamızın hüdudlarından uzaqlarda da qeyri-standart düşüncəli istənilən sayda soydaşımız var.
Qeyri-standart düşüncəli soydaşlarımızdan biri Qərbi Avropanın Bakıdan fərqli olaraq elə oralarda kifayət qədər analoqu olan bir şəhərində yaşayırmış Bu şəhərdə metro varmış. Və metro stansiyalarının girişində də turniket-filan yoxmuş. Yəni insanlar metronun girəcəyindəki kassadan bilet alıb içəri daxil olurlarmış. Bəsit təfəkkürlü aborigenlərin, bu ərazilərin aftoxton sakinlərinin ağlına da gəlmirmiş ki, bilet almadan metroya minmək olar.
Mətləbə keçməzdən əvvəl istəyirəm qeyd edim ki, mən bu insanları qınamıram. Bir balaca hallarına acıyıram, vəssalam.
Hə, bizim dəyərli soydaşımız bunu gördükdən dərhal sonra həmin şəhərdə metroya pul verməyin mənasızlığını dərk edibmiş və bilet-filan almırmış. Özü də həvəslə metro qatarlarında böyük məsafələr qət edirmiş və hesab edirəm ki, yaranmış münbit şəraitdən istifadə etməyən, bilet alan şüursuz insanları da istehza, kinayə və təbəssümlə süzürmüş.
Təbii ki, zaman- zaman metronun vaqonlarını dolaşan konduktorlar ondan bilet tələb edəndə bu insan cərimə olunurmuş. Və dərhal da deyirmiş ki, üstündə bir qəpiyidə, üzr istəyirəm, bir avro-sentidə yoxdur. Belə olan halda konduktorlar ondan harada yaşadığını öyrənmək istəyirlərmiş. Məqsədləridə bu olurmuş ki, cərimə qəbzini bu şəxsin yaşadığı ünvana göndərsinlər. Bu sualı soydaşımız həvəslə cavablandırıb elə oradaca uydurduğu ünvanları konduktorlara deyirmiş. Konduktorlar bu insanın adı və soyadını soruşanda da, özünü Filip Kirkorov kimi təqdim edirmiş.Vəssalam.
Hə, yadımdan çıxdı deyim ki, o ölkə sivilizasiyalı ölkə olduğundan orada hətta belə əcaib insanlara da xüsusi tolerantlıqla yanaşırlarmış. Deyilənə görə indi də belədir.
Bu qədər. Mərc gəlməyə hazıram ki, buna bənzər uğurlara imza atan soydaşlarımızın təcrübəsindən faydalanmaq və müvafiq materialları toplayıb sistemləşdidikdən sonra tərəqqipərvər bəşəriyyətin nümayəndələrinə təqdim etmək olar.
Tərəqqini sevməyənlərəsə gəlin heç nə deməyək.
Qoyun bilet almaqda davam etsinlər.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 64-65)