Həmsöhbətimiz, dünya şöhrətli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadədir.
-Firəngiz xanım, Azərbaycan musiqisi həqiqətən də dünyanın hər yerində qürur duya biləcəyimiz sahələrdəndir. Mən həm xalq, həm də bəstəkar musiqisini nəzərdə tuturam. Fikrinizcə, Azərbaycanın təbliğində musiqimiz nə dərəcədə əhəmiyyətlidir?
– Musiqinin sərhəd tanımadığını, universal dilə malik olduğunu nəzərə alaraq, deyə bilərik ki, Azərbaycanın təbliğində musiqimiz əhəmiyyətli rol oynayır. Hər bir insan bu dili başa düşür. Həm də onu yalnız ağlı, idrakı ilə deyil, qəlbi, hissiyyatı ilə dərk edir. Elə ona görə də deyirlər ki, musiqi ürəkdən-ürəyə keçir. Azərbaycan musiqisi bizim qürurumuzdur. Musiqimiz çox zəngindir və bununla mən heç də Amerika açmıram. Dünyada az xalqlar öyünə bilərlər ki, onların qədimdən çox zəngin musiqi ənənələri olub. Bəlkə də olub, amma bu gün yaşamır. Elə alman xalqını götürək, deyə bilərikmi ki, onlarda bu gün folklor çox güclüdür, ya da ənənəvi musiqi populyardır? Xeyr, deyə bilmərik. Amma alman bəstəkarlıq musiqisi bütün dünyada qabaqcıldır. Bizdə muğam, aşıq sənəti və xalq mahnıları var. Bu üç qol – demək olar ki, musiqimizin qanadlarıdır. Bəstəkar musiqisi onlardan sonra gəlir. Bəzən deyirlər ki, sizin musiqiniz XX əsrdən başlayır. Bəli, bəstəkarın ilk dəfə oturub, avropasayağı musiqi bəstələməyi, “Leyli və Məcnun” muğam operasını yazması 1908-ci ildə olub. Amma bizim musiqi ənənələrimiz çox qədimdir, zəngindir və qürur duya bilərik ki, bu qədim ənənələr aktuallığını, gözəlliyini, təravətini qoruyaraq bu gün də yaşayır. Dünyada belə bir xalq tapmaq çətindir. Abşeron toylarında yeyib-içməyə önəm vermirlər, görürsən ki, hamı oturub, bir stəkan pürrəngi çayla muğama qulaq asır. Və doğurdan da bu qədim, gözəl sənəti dərk edirlər. Bu, məclislərin ənənəsidir. Nə yaxşı ki, bəzi yerlərdə həmin ənənənə hələ də yaşayır.
-Dediniz ki, musiqi ümumbəşəri dildir. Qarabağa aid bəstələrinizlə dünyaya nə demək istəmisiniz?
-Mən çox xoşbəxt bir bəstəkaram ki, həmişə ətrafımda yüksək səviyyəli musiqiçilər olub. Onlarla yaxından təmasda olmuşam. Rostropoviç mənim əsərlərimə dirijorluq edib, dəfələrlə mənə musiqi sifariş edib. Yaxud Edeli Klini İngiltərənin çox məşhur zərb alətlərində ifa edən xanımdır. Bütün dünyada onun şəkilləri çox gözəl kostyumlarda reklam şəklində yayılıb. Ya da götürək çox məşhur violençel ifaçısı Yo Yomanı. Vaxtilə Buş 7 nəfər arasında ona orden vermişdi. Əslən çinli olsa da, Amerika vətəndaşıdır. Bu insanlarla təması sanki hədiyyə qazanmışam. Rostropoviç evində mənim violençel üçün yazdığım əsəri ifa edərkən soruşmuşdu ki, nə haqda düşünürsən, planlarında nə var? Mən dedım ki, çox əsər yazıram, amma istədiyim əsəri yazmağa vaxt tapmıram. Opera yazmaq istəyirəm. Düzdür, baletlərim, rok-operam var, amma böyük həcmdə klassik üslubda opera yazmaq istəyirəm. Macal tapa bilmirəm. O dedi ki, mən sənə opera sifariş verirəm, hərcəhətli təmin edirəm, get, evində otur, bu operanı yaz. Bəzən sifariş verəndə bu belə, o birisi elə olmalıdır, deyirlər. O isə bildirdi ki, sən sərbəstsən. Operada, eləcə də bütün əsərlərdə bir konflikt, təzad olmalıdır. Mən də düşündüm ki, bizim ən yaralı yerimiz haradır – Qarabağ. Düzdür mövzu olaraq konkret Qarabağı götürmədim, insan xarakterini götürdüm. Təsəvvür edin, öz evində oturmusan, gözəl təbiətin qoynunda qayğısız həyatını yaşayırsan. Müxtəlif məişət problemlərin, işlərin, sevdiyin insanlar var. Və birdən tamamilə tanımadığın, heç bir münasibətin olmayan birisi gəlir, sənin bu gözəl həyatını param – parça edir, evini bombalayır, ailəni faciəli surətdə qətlə yetirir. Bunun nə üçün baş verdiyini izah edə bilmirsən. Bu insanlar nə üçün faciə yaşamalıdılar? Axı sən suç işləməmisən, elə bir pis cəhətin yoxdur. Bəs bu insanlara bəla, faciə haradan gəldi? Mən bu faciələrə bir ailənin timsalında baxdım. Londonda, professor Nərgiz Paşayeva ilə söhbət etdik. Nərgiz xanım qabaqcıl, yeni tendensiyaları çox yaxşı bilir. Soruşdu ki, nə yazırsınız, bildirdim ki, Rostropoviçdən sifariş almışam, çox gözəl bir düşüncəm var. Mənə elə gəlir ki, biz bu fürsətdən istifadə edərək, bu mövzunu bütün dünyaya çatdırmalıyıq. Çünki Rostropoviç demişdi ki, sizə operanı sifariş verirəm və özüm də dirijorluğunu edəcəyəm. Və hətta demişdi ki, opera xaricdə, dünyanın ən qabaqcıl ifaçılarının iştirakı ilə, ən yüksək səviyyədə tamaşaya qoyulmalıdır. Rostropoviç nüfuzlu insan idi, onun üçün bağlı qapı yox idi, istənilən teatrın qapısını döyüb, içəri girə bilərdi. Mən də çox inanırdım ki, gözəl əsər yarada bilsəm, bütün qapılar açıq olacaq. Biz başladıq işləməyə, libretto tez yazıldı və mən başladım musiqini bəstələməyə. Təəssüflər olsun ki, əsər tamaşaya qoyulmamış Rostropoviç dünyasını dəyişdi. 2007-ci il martın 27-də biz Kreml sarayında onun 80 illiyində olduq, təbrik etdik, bir ay sonra, aprelin 27-də isə rəhmətə getdi. Operanı mən demək olar ki, tamamlamışdım. Dahi musiqiçinin qızı Olqa belə bir ideya irəli sürdü ki, biz mütləq 2007-ci ildə onun xatirəsinə böyük festival keçirməliyik və Rostropoviç bakılı olduğuna görə, festival Bakıda keçirilməlidir. Mən bu fikri bizim dövlət səlahiyyətlilərinə çatdırdım və çox gözəl qəbul olundu. Dekabrda birinci festival keçirildi və festival çərçivəsində, 15 dekabrda mənim “İntizar” operam səhnələşdirildi və böyük uğurla nümayiş olundu. Bizim Opera və Balet Teatrında doğrudan da insanlar bizi başa düşdülər. Zalda bütün dünyadan qonaqlar vardı – Qalina Vişnevskaya, Olqa gəlmişdi, Giya Kançeli və bir çox xarici nümayəndələr premyerada iştirak edirdi. “İntizar” operası çox uğurlu yoluna başladı. Ondan sonra dörd müxtəlif redaksiyada bu opera getdi. Dmitri Bertman böyük etüdlə gəldi, almanlar, avstriyalılar bu opera üzərində tamamilə yeni versiyada işləyiblər. Daha sonra yeni redaksiya üzərində film-opera yaradıldı. Məncə, bu opera ilə vətənpərvərlik hisslərimizi, problemimizi sənət, musiqi dili ilə insanlara çatdıra bilmişəm. İndi çox böyük planlar var, operanı xaricdə səhnəyə qoymaq istəyirlər və bir neçə təklif almışam.
– Musiqi, ədəbiyyat insanda hissi fiziki transformasiya yaradır, yəni musiqini dinlədikdə, ya müəyyən kitabı oxuduqda insan problemin içinə bir anlıq girə bilir. Sizcə biz Qarabağ məsələsini, həqiqətlərimizi daha çox intellektual yolla, yoxsa emosional tərzdə insanlara çatdırmalıyıq?
– Hər bir yoldan istifadə etmək lazımdır, hərə öz sahəsində, məsələn tələbə nə edə bilər, bunun da yolunu tapmaq lazımdır. Məsələn, “Anna Frankın gündəliyi”ndə qızcığaz zirzəmidə oturub, faşistlərin törətdiyi vəhşilikləri, gördüklərini gündəliyində qeyd edir, sonra özü həlak olur və o dəftər qalır. Bu dəftər yüzlərcə dəfə müxtəlif dillərdə çap olunub və onun əsasında yazılan opera çox məşhurdur. İndi təsəvvür edin ki, bir oğlan da Qarabağda bu vəhşilikləri görür və belə gündəlik tutur. Mən də belə gündəlik oxumuşam. Yeddinci sinifdə oxuyan oğlan uşağı bacısının, anasının başına gətirilənləri, bu ləkə ilə yaşaya bilməyib özlərini öldür- mələrini yazır. Mən bunların hamısını oxumuşam. Və ermənilər gəldilər, belə etdilər, demirəm, mən uşağın yazdıqlarını deyirəm. Anna Frankı tanımadan bunları yazıb. Mümkün deyil bu faciəni unutmaq, biz bu faciəni 20 ildir yaşayırıq. Və söhbət etdiyim insanlar da maraqlanmağa başlayırlar ki, doğrudanmı bu faciələr 20 ildir yaşanır. Mən həmişə deyirəm ki, biz 9 milyonuq və hamımız əl-ələ tutub silahsız da getsək, işğaıçıları məhv edərik. Mən dəfələrlə ermənilərlə, yəni musiqi ixtisasımla bağlı ermənilərlə qarşılaşmışam. Hər yerdə, Portuqaliyadan başlamış Almaniyanın ən ucqarındakı Ausburqa qədər, erməni var. Onlarla söhbət etməyə başlayanda görürsən ki, özlərini pis vəziyyətə salıblar, cavab verə bilmir, utanırlar. Soruşuram ki, axı nə üçün Qarabağda əlləri qana batmış quldurları özünüzə prezident seçmisiniz? Məgər Ermənistanda alicənab, tanınmış siyasətçi yoxdur?
-Moskvada müəllifi erməni olan “XX əsrin musiqisi” ensiklopediyası işıq üzü görüb. Bildiyiniz kimi, bu kitabda Azərbaycan musiqi tarıxını kölgələməyə çalışıblar. Azərbaycanlı bəstəkarlar, musiqi tarixini bilən peşakarlar bununla əlaqədar hansı tədbirləri həyata keçirə bilərlər?
– Məncə, bu kitabla bağlı ilk növbədə Moskvada yaşayan azərbaycanlı musiqiçilər müdaxilə etməliydilər. Bizim səfirliyimiz bunz müdaxilə etməli idi. Mahiyyət etibarilə çox iyrənc bir kitabdır. Yalnız azərbaycanlıların deyil, gürcülərin, bəzi başqa xalqların da musiqisi tamamilə kölgədə qalıb. Gürcüstan Bəstəkarlar İttifaqı da bununla bağlı müraciət yayıb. Həmin kitabda on erməni və bir azərbaycanlı bəstəkar – Qara Qarayev haqqında yazılıb. Bu necə ola bilər? Sovet İttifaqında musiqi sahəsində Üzeyir Hacıbəylidən daha nüfuzlu insan yox idi. Üzeyir Hacıbəyli musiqiçilər arasında ilk deputat olub. Stalinin qarşısında hamının özünü itiridiyi vaxtda, o, “Koroğlu”ya qulaq asandan sonra Üzeyir Hacıbəyliyə – “qarşınızda şlyapamı çıxarıram”, deyib. Onun musiqisi, nüfuzu, nəzəriyyə kitabları o qədər yüksək səviyyəli idi ki. Dahi bəstəkarlığı, dahiyanə librettoları ilə yanaşı, nəzəriyyəçi kimi bütün türkdilli xalqlara yol göstərib. Üzeyir Hacıbəyli böyük azərbaycanlıydı. Misilsiz musiqi nəzəriyyəsini yaradıb. Üzeyir bəy insan kimi bir möcüzə idi. Sanki özgə planetdən gəlmişdi. Və onun adını musiqi ensiklopediyasına yazmamaq, sadəcə xainlikdir. Akopyanın yazdığı və on erməni, bir azərbaycan və iki gürcü bəstəkarının adı çəkilən bu kitab musiqi tarixini saxtalaşdırmaq cəhdidir.
– Gənc bəstəkarlarda vətənpərvərlik ruhu hiss olunurmu?
-Vətənpərvərlik hissini aşılamaq mümkün deyil, amma tərbiyə etmək olar, bu, ailədən, mühitdən gəlməlidir. Ətrafında olan insanlardan gəlməlidir. Biz Bəstəkarlar İttifaqı olaraq gənc bəstəkarları dəstəkləyirik. Bizim üzvümüz olsalar da, olmasalar da onların konsertlərini təşkil edirik. Biz 30 nəfər yaşlı bəstəkara, musiqişünasa, 10 nəfər gəncə aylıq təqaüd veririk. Bəstəkarlar İttifaqının 200 nəfər, Yazıçılar Birliyinin 1500, Rəssamlar İttifaqının isə 1700 nəfər üzvü var. Biz yalnız peşəkar bəstəkarları və musiqişünasları ittifaqa üzv qəbul edirik. Çünki imtiyazlar çox böyükdür, biz onlara təqaüd verir, konsertlərini təşkil edirik. Gəncləri dəstəkləyirik. Ancaq bəstəkarlıq və müsiqişünaslıq işi elədir ki, sənə kimsə kömək edə bilməz. Gözəl əsər yaradılıbsa, onda biz hərəkətə keçirik. Həmin əsəri burada ifa edirik, müxtəlif müsabiqələrə göndəririk. Mən özüm hər yay müxtəlif ölkələrdə gənc bəstəkarlara ustad dərsləri keçirəm. Azərbaycandan da təklif edirəm ora gəlsinlər. Artıq üç nəfər gəlib, iştirak edib və necə gözəl mühüt yaradıldığını görüblər. Əsərləri müzakirə və korrektə edirik, sonra isə onları konsertdə ifa edirlər. Bu konsertlər ustad dərslərinin keçirildiyi ölkələri əhatə edir. Bu zaman həm həmin gəncin əsərini gözəl musiqiçilər ifadə edir, həm də artıq dinləyici ilə təmasa girə bilirsən. Bəzən xoş təsadüflər də olur və tanınmış musiqişünaslara xoş gələn müəlliflər xarici ölkədəki konservatoriyada oxumağa dəvət edilir və biz buna yardımçı oluruq. Gənc bəstəkarımız Faiq İbişovun burada əsərlərini dəfələrlə ifa etmişik, indi də Avstriyada konservatoriya oxuyur. Yəni bütün gənc bəstəkarlara bacardığımız qədər kömək edirik.
-1905.az saytına tövsiyələriniz…
-Mən istərdim ki, bizim bütün KİV-lərimiz, saytlarımız, kitablarımız Azərbaycanın xeyrinə işləsin. Bunu çox istəyirəm, çox arzulayıram. Xaricdə olan hər bir tələbə, hər bir vətəndaşımız ürəyində, qəlbində bu hissiyyatı daşısın. Ünsiyyətdə olanda həmişə bu düşüncə ilə olsun. Hər bir insan Azərbaycanı tanımalı, sevməli, onun haqlı mövqeyini dərk etməlidir.
Lətifə Bəyəliyeva, Gündüz Nəsibov, 1905.az
1 oktyabr 2014-cü il