Tədqiqatçı Pərixanım Mikayılqızı və fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli ilə bu il 160 yaşı tamam olan görkəmli maarifçi və mütəfəkkir Firidun bəy Köçərli barədə söhbət etdik.
Fuad Babayev: Bu il böyük azərbaycanlı Firidun bəy Köçərlinin 160 illik yubileyidir. Elmi dairələrdə bu yubileyin keçirilməsi necə hiss olundu?
Pərixanım Mikayılqızı: Yubileylə bağlı tədbirlər əsasən ADA Universitetinin rektoru Hafiz Paşayevin rəhbərliyi ilə Qazax Müəllimlər Seminariyasında keçirilib. Bu yaxınlarda Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında “Balalara hədiyyə” kitabının yeni formatda nəşrinin təqdimatı olacaq. Firidun bəy Köçərlinin vaxtilə çap etdirdiyim “Balalara hədiyyə” kitabını mən uşaq bağçalarına və məktəblərə paylamışam.
Fuad Babayev: Bəs elmi-tədqiqat institutlarında Firidun bəy Köçərli ilə bağlı hansı tədbirlər oldu?
Pərixanım Mikayılqızı: Mənim məlumatım yoxdur.
Faiq Ələkbərli: Sözün açığı, mənim də xəbərim yoxdur.
Fuad Babayev: Sırf elmi auditoriyaya ünvanlanan söhbətlər orta statistik oxucu tərəfindən çətinliklə həzm edilir. Müasir oxucu seçim imkanının olmasını, istənilən mövzu ilə bağlı həm də qısa məlumatlar almağı istəyir. Beləliklə, bu sualı cavablandıraq. Firidun bəy Köçərli ilk növbədə kimdir?
Pərixanım Mikayılqızı: Mən Firidun bəy Köçərliyə həsr edilmiş tədqiqat işimdə (Firidun bəy Köçərli: “Ümmətdən-millətə doğru”, Bakı, 2016).) 300-ə yaxın ədəbiyyatdan istifadə etmişəm. Amma son illərdə Firidun bəy Köçərliyə qarşı maraq daha da artıb. Onun son tədqiqatçısı kimi F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərovanı tanıyıram. Bizdə dahi sözü hər adama şamil edilmir. Mənim fikrimcə, Firidun bəy Köçərli dahi idi. Bu insan öz şəxsi vəsaiti hesabına kənd-kənd, qapı-qapı gəzib folklor nümunələrini toplayıb. Özünün elə də böyük imkanı olmasa da o, ehtiyacı olan şagirdlərini yedizdirib, geyindirib. Bir sözlə, əsil pedaqoq olub. Firidun bəy Köçərli həm pedaqoq, həm folklorşünas, həm də ədəbiyyatşünas idi.
Təmkin Məmmədli: İlk dəfə ədəbiyyat tariximizi yazıb.
Pərixanım Mikayılqızı: Bəli. O həm də kiçik pyesləri səhnələşdirib. Firidun bəy Köçərli Qori Müəllimlər Seminarayisında çox çalışıb. O vaxt Tiflisdə ədəbi mühit daha geniş idi. Sonradan Firidun bəyi cəzalandırmaq məqsədilə İrəvana göndəriblər. İrəvanda olduğu müddətdə Firidun bəy Köçərli müəllimlərin metodologiyasını öyrənmək üçün pedaqoqların icazəsi ilə onların dərslərində iştirak edirdi. Firidun bəy 10 il davam edən yazışmalardan sonra nəhayət Qori Müəllimlər Seminariyasına qayıdaraq pedoqoji fəaliyyətini davam etdirib.
Faiq Ələkbərli: Mənim düşüncəmə görə, Firidun bəy Köçərli müəllimdir, ədəbiyyatşünasdır, fəlsəfə tariximizi ilk dəfə ciddi şəkildə ortaya qoyan mütəfəkkirdir. Firidun bəy Köçərli sözün həqiqi mənasında Azərbaycan türküdür, milli ziyalıdır. Bəzən yanlış olaraq bu adları hamıya şamil edirlər. Amma mən bu adları Hüseyn Cavidə, Əhməd Cavada, Məhəmmədəmin Rəsulzadəyə, Əli bəy Hüseynzadəyə, Üzeyir Hacıbəyliyə, Abbasqulu ağa Bakıxanova, Həsən bəy Zərdabiyə aid edə bilərəm. Firidun bəy Köçərli milli təfəkkürün, milli şüurun ifadəçisi olduğu üçün bolşeviklər və daşnaklar tərəfindən 1920-ci ildə dərhal güllələnərək qətlə yetirilib.
Pərixanım Mikayılqızı: Firidun bəy Köçərlinin faciəsi onun millətçi olması ilə bağlıdır.
Faiq Ələkbərli: Onun “Azərbaycan türk ədəbiyyatı” kitabında fəlsəfə var, düşüncə var. Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərinin nəticə hissəsində Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Fələki Şirvani, Xaqani və başqa şairlər haqqında qısa məlumatlar verib. Lütfəli bəy Azərin, Seyid Əzim Şirvaninin təzkirələrində (təzkirə – görkəmli şəxsiyyətlərin, xüsusən şair, rəssam və b.-nın həyatı haqqında qeydlər və əsərlərindən nümunələr verilən əsər – red.) də ədəbiyyat tariximizlə bağlı kiçik məlumatlara rast gəlmək mümkündür. İlk dəfə məhz Firidun bəy Köçərli Nizamini, Xaqanini, Füzulini fəlsəfi yöndən araşdırıb. Firidun bəy öz fəlsəfi düşüncələrində dünya, həyat, əxlaq kimi anlayışlara çox gözəl izahlar verib. Çox təəssüf ki, sovet dövrünün metodologiyası bizə Firidun bəy Köçərlini hərtərəfli tanıtmağa imkan verməyib.
Fuad Babayev: Bizim istəyimizdən asılı olmayaraq sovet dövrü tariximizdə qalacaq, biz onu “amputasiya” edə bilmərik. Sovet dövründə yaşayan tədqiqatçıları əsərlərindəki müəyyən klişelərə görə qınamamaq da olar. Sovet dönəmində və müstəqillik dövründə Firidun bəy Köçərlinin öyrənilməsindəki əsas fərq nədir?
Faiq Ələkbərli: Məncə, elə bir ciddi dəyişiklik olmayıb. 32 illik müstəqillik dövründə nəinki Firidun bəy Köçərliyə, ümumiyyətlə bizim digər böyük şəxsiyyətlərə, mütəfəkkirlərə münasibətdəki dəyişiklikləri qənaətbəxş hesab emək olmaz. Biz əgər bütöv, qüdrətli Azərbaycan istəyiriksə, Firidun bəy Köçərlinin, Əhməd Cavadın, Almas Yıldırımın, Məhəmmədəmin Rəsulzadənin yolu ilə getməliyik. Yanlışı və doğrusu ilə bizim olan Məmməd Rahim, Ruhulla Axundov mənim üçün yol göstərən ola bilməz. Biz 70 illik tariximizi kəsib atmasaq da Firidun bəy Köçərli, Əli bəy Hüseynzadə, Hüseyn Cavid ruhunda köklənməliyik. Not yazıları Üzeyir Hacıbəyli və Müslüm Maqomayevə məxsus olan xalq mahnılarından ibarət ilk məcmuə ötən əsrin 20-ci illərində “Azərbaycan Türk el nəğmələri” adı ilə çap edilib. Cəlil Məmmədquluzadə 1917-ci ildə “Azərbaycan” məqaləsində yazırdı ki, dilimin adı türk-Azərbaycan dili, Vətənim isə Azərbaycandır. Sovet dövründə Firidun bəy Köçərlinin “Azərbaycan türk ədəbiyyatı” əsərinin adının saxtalaşdırılmasını anlamaq olar. Amma müasir dövrdə onun kitabının “Azərbaycan ədəbiyyatı” adı ilə çap olunması başa düşülən deyil.
Təmkin Məmmədli: Firidun bəy Köçərli hansı xidmətlərinin müqabilində III dərəcəli “Müqəddəs Anna” və II dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə təltif olunub?
Pərixanım Mikayılqızı: Biz bilirik ki, Firudin bəy Köçərlinin şeyxülislamlıq vəzifəsinə namizədliyi irəli sürülsə də o, bundan imtina edib. Müqəddəs Quranı əzbər bilən, öz dinini sevən Firidun bəy mövhumatın əleyhinə olub. Firidun bəy Köçərli dinimizi, dilimizi qorumaq üşün fərqli üsullarla mübarizə aparırdı. Onun mövhumata qarşı olması İslamla mübarizə aparan, ruslaşma siyasətini həyata keçirən çar hökuməti üçün də məqbul idi. Eyni zamanda Firudin bəy Köçərlinin şagirdlərə münasibəti, bir pedaqoq kimi nizam-intizama riayət etməsi də çar hökumətinin onu mükafatlandırılmasına səbəb ola bilər.
Təmkin Məmmədli: Firidun bəy rus ədəbiyyatından etdiyi tərcümələrə görə də qiymətləndirilə bilərdi.
Pərixanım Mikayılqızı: Bəli, tamamilə doğrudur. Firudin bəy Köçərlinin Puşkindən, Lermontovdan, Çexovdan etdiyi dəyərli tərcümələri mütləq qeyd etməliyik.
Faiq Ələkbərli: Sizin sualın cavabını Əlimərdan bəy Topçubaşov Azərbaycan milli mətbuatının banisi, qayınatası və əməl dostu Həsən bəy Zərdabiyə həsr olunan “Mayak” əsərində (“Azərbaycanın yol göstərəni”, rusca orijinalı “Mayak Azerbaydjana” – red.) çox gözəl izah edirdi. Topçubaşov yazırdı ki, çar Rusiyası milli ruhlu insanları müxtəlif yollarla həmişə ələ almağa çalışıb. Vaxtilə çar hökuməti Zərdabini də, Tobçubaşovu da bu yolla ələ almağa çalışıb.
Pərixanım Mikayılqızı: Bu təltiflər həm də sadə insanların gözündə Firudin bəy Köçərlini böyüdüb. Uşaqları məktəbə cəlb edən zaman bu amil şübhəsiz ki, məsələnin müsbət həllinə rəvac verib.
Fuad Babayev: Mən istərdim ki, Pərixanım bizə Firidun bəy Köçərliyə həsr olunmuş tədqiqatı ilə bağlı məlumat versin. Firidun bəy Köçərlidə Sizi bir tədqiqatçı kimi cəlb edən nə oldu?
Pərixanım Mikayılqızı: Sözün müsbət mənasında mənim qanımda həmişə millətçilik olub. Məni bu mövzunu tədqiq etməyimə səbəb Firudin bəy Köçərlinin millətçiliyi, millətini sevməyi olub.
Fuad Babayev: Millətini sevən başqa daha şəxsiyyətlərimiz də olub. Niyə məhz Firudin bəy Köçərli?
Pərixanım Mikayılqızı: Biz məktəb illərində sinif rəhbərimizin tapşırığı ilə divar qəzeti hazırlayırdıq. Mən həmin divar qəzetinə Firidun bəy Köçərli haqqında kiçik bir məqalə verdim. Firidun bəy Köçərliyə sevgi və marağım da elə o vaxtdan başlayıb.
Fuad Babayev: Sizin bu tədqiqatın elmi yeniliyi nədən ibarətdir?
Pərixanım Mikayılqızı: Bu kitabın nəşrindən əvvəl mən Firidun bəy Köçərli haqqında məqalələr yazırdım. Mən 20 ilə yaxın Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində çalışmışam. Həmin dövrdə mən elmi mövzu götürmək üçün rəhmətlik Şirməmməd Hüseynova (görkəmli alim və mətbuat tədqiqatçısı, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru olub – red.) və Şamil Vəliyevə (filologiya elmləri doktoru, professor – red.) müraciət etdim. Şamil Vəliyev sonradan mənim elmi rəhbərim oldu. Mənim Firidun bəy Köçərli haqqında elmi iş götürmək istəyim hər iki alim tərəfindən çox gözəl qarşılandı. Onların dəstəyi və tövsiyəsi ilə mən araşdırmalara akademik Bəkir Nəbiyevin Firidun bəy Köçərliyə həsr edilmiş tədqiqatına müraciət etməklə başladım. Tədqiqat işimdə mən həqiqətən də Bəkir Nəbiyevin kitabından çox bəhrələnmişəm. Bundan sonra mən Mir Cəlal Paşayevin, Firidun Hüseynovun, İnayət Bəktaşinin Firidun bəy Köçərli haqqında yazıları ilə tanış oldum.
Fuad Babayev: Siz bu mövzunu elmi dərəcə almaq üçün dissertasiya işi kimi götürmüşdünüz?
Pərixanım Mikayılqızı: Bəli. Mən bu mövzunu götürəndə 46 yaşım var idi. Amma elmi işimi müdafiə etməyə imkan vermədilər.
Fuad Babayev: Buna baxmayaraq siz monoqrafiyanı başa çatdıraraq kitabı çap etdirmisiniz.
Pərixanım Mikayılqızı: Bəli.
Fuad Babayev: Sizin 11 bölmədən ibarət təqdqiqat əsərinizdə əsas elmi yenilik nədən ibarətdir?
Pərixanım Mikayılqızı: Məndən öncəki tədqiqatlarda Firidun bəy Köçərli ümumi olaraq pedaqoq, ədəbiyyatşünas, folklorşünas, publisist kimi təqdim olunub. Mən isə Firidun bəy Köçərlini ayrı-ayrılıqda pedaqoq kimi, folklorşünas kimi, ədəbiyyatşünas kimi tədqiqata cəlb etmişəm. Zənimcə, bu kitab dərslik kimi də istifadə edilə bilər.
Fuad Babayev: Yeri gəlmişkən, dərsliklərimizdə şagird və tələbələrə Firidun bəy Köçərlini təqdim edə bilmişik?
Faiq Ələkbərli: Məsələyə iki nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Əvvəla, mövzunu kimin tədris etməsi çox önəmldir. Mövzunu tədris edən müəllimin dünyagörüşü, təfəkkürü mühüm əhəmiyyət daşıyır. Sovet təfəkkürünün qəlibindən çıxan müəllimlər, eləcə də alimlər geniş dünyagörüşünə malik olsalar da, onlarda milli ruh yoxdur. Onlar Firidun bəy Köçərliyə əsasən sovet dövrünün təfəkkürü ilə yanaşırlar. Əvvəllər Əli bəy Hüseynzadəni, Məhəmmədəmin Rəsulzadəni, Nəriman Nərimanovu necə tədris edirdilərsə, indi də elə tədris edirlər. Onlar indiki dövrün siyasi və ideoloji tələbinə uyğun olaraq fikirlərini müəyyən qədər “rəndələsələr” də mahiyyət əsasən dəyişməz qalıb. Müasir dövrün müəllimlərinin isə bəzi hallarda dünyagörüş məhdudiyyəti ilə bağlı problemləri olduğundan müəyyən mənada onlarda natamamlıq kompleksi var. Təbii ki, tədqiqaqlarda müsbət irəliləyişlər var, amma bu hələ bizim istədiyimiz səviyyədə deyil. Bizdə fəlsəfə tarixinin banisi kimi akademik Heydər Hüseynov qəbul edilir. Mən isə yazılarımda göstərirəm ki, təkcə ədəbiyyat tarixinin deyil, eyni zamanda fəlsəfə tariximizin əsasını da Firidun bəy Köçərli qoyub. Çox təəssüf edirəm ki, Firidun bəy Köçərlinin 160 illik yubileyi layiq olduğu şəkildə qeyd olunmur.
Fuad Babayev: Firidun bəy Köçərlinin əsərlərinin çapı və tirajı Sizi qane edir?
Faiq Ələkbərli: Məni qane etmir.
Pərixanım Mikayılqızı: Mən Firidun bəy Köçərlinin kiril qrafikası ilə çap edilmiş əsərlərini öz şəxsi vəsaitimlə latın əlifbası ilə yenidən çap etdirmişəm.
Faiq Ələkbərli: Çox sağ olun. Halbuki, bunu Siz etməməlisiniz.
Təmkin Məmmədli: Neçənci ildə çap edilib və tirajı nə qədər idi?
Pərixanım Mikayılqızı: 2016-cı ildə nəşr olunub, tirajı 500 nüsxə idi.
Təmkin Məmmədli: Mən istərdim ki, Siz Firidun bəy Köçərlinin Abbas Səhhətlə, Mirzə Ələkbər Sabirlə yazışmalarından, onun Nəriman Nərimanovun “Nadanlıq” əsərinə tənqidi münasibətindən danışasınız.
Pərixanım Mikayılqızı: Firidun bəy Köçərlinin özünün çox gözəl qələmi olub. O həmişə öz həmkarlarına deyirdi ki, çalışın sadə, amma ədəbi dildə yazın. Misal üçün Əli bəy Hüseynzadənin türk ləhcəsi ilə yazılarını sadə insanlar başa düşmürdü.
Faiq Ələkbərli: Əli bəy Hüseynzadənin İstanbul şivəsi deyək.
Pərixanım Mikayılqızı: Bəli. Amma Firidun bəy Köçərlinin özü sadə dildə yazırdı. Abdulla Şaiqə, Abbas Səhhətə məktublarında da qeyd edirdi ki, mənə sadə dildə yazın. Nərimanovun “Nadanlıq” əsərini bədii cəhətdən zəif olduğu üçün tənqid etmişdi.
Təmkin Məmmədli: “Nadanlıq” Nərimanovun yaradıcılığa başladığı ilk əsər olub.
Pərixanım Mikayılqızı: Firidun bəy Köçərli haqqında Nərimanov çox gözəl sözlər deyib. Nərimanov Firidun bəy Köçərliyə təşəkkür edərək yazırdı ki, o məni qılınclamasaydı, “Nadir şah” kimi əsəri meydana çıxara bilməzdim. Yəni Firidun bəy Köçərlinin dost tənqidləri qərəzdən uzaq idi.
Faiq Ələkbərli: Təbii ki, Firidun bəy Köçərlinin tənqidləri qərəzli deyildi. O, Nəriman Nərimanovu təsadüfən tənqid etmirdi. Firidun bəy Əli bəy Hüseynzadəni dil üslubuna görə, Nərimanovu isə düşüncələrinə görə tənqid edirdi. Mənim qənaətimə görə, biz ancaq Azərbaycanın gələcəyini milli ruhda və müstəqillikdə görən mütəfəkkirlərimizin yolunu davam etdirməliyik. Bu anlamda Nəriman Nərimanovun da, Cəlil Məmmədquluzadənin də öz dəyəri var. Bir daha vurğulamaq istəyirəm ki, Firidun bəy Köçərlinin şəhid edilməsi onun milli təfəkkür sahibi olması ilə bağlıdır.
Pərixanım Mikayılqızı: Firidun bəy Köçərli Həmid Sultanovun (1920-1921-ci illərdə sovet Azərbaycanında xalq daxili işlər komissarı olub – red.) qərarı ilə güllələnib.
Təmkin Məmmədli: Firidun bəy Köçərlinin güllələnməsini Gəncə üsyanı (Sovet işğalına qarşı 1920-ci il mayın 26–31-də Gəncədə baş vermiş xalq üsyanı – red.) ilə də əlaqələndirirlər.
Faiq Ələkbərli: Nərimanov yazır ki, Firidun bəy Köçərlinin güllələnməsini eşidəndə təəssüfləndim.
Pərixanım Mikayılqızı: Nərimanov Firidun bəy Köçərlinin azad edilməsi üçün gecə ilə teleqram göndərir. Amma Həmid Sultanov həmin teleqramı gizlədərək güllələnmə qərarı icra edildikdın sonra üzə çıxarır. Nərimanov ona görə Firidun bəy Köçərlinin güllələnməsinə təəssüflənirdi.
Faiq Ələkbərli: Mənim demək istədiyim odur ki, bu gün Firidun bəy Köçərli birmənalı şəkildə layiq olduğu qiyməti hələ almayıb. Onun adına universitet verilməlidir, heykəli qoyulmalıdır.
Fuad Babayev: Firidun bəy Köçərliyə həsr edilmiş tədqiqatlarda hansı boşluqlar var. Gələcəkdə bu mövzuya müraciət edəcək tədqiqatçılara nələri tövsiyə edərdiniz?
Faiq Ələkbərli: Əgər biz millət olmaq istəyiriksə, Firidun bəy Köçərli kimi ziyalılardan hər mənada örnək götürməliyik. Onun dilimizlə, mədəniyyətimizlə bağlı hər bir sözü, hər bir yazısı bizə nümunə olmalıdır. Firidun bəy Köçərli bizim millət olmaq yolundakı dayaqlarımızdan biridir. XIX əsrdə bizim millət kimi formalaşmağımıza verdiyi töhfələrə görə Firidun bəy Köçərli mənim üçün Bakıxanov, Zərdabi, Azərbaycanımızın guneyində olan Əfqani (Cəmaləddin Əfqani İslam modernizminin banilərindən biri olub – red.) ilə bir səviyyədə durur. XIX əsrin sonu və XX əsrin əvvəllərində millət olma əzmini göstərən 5 insandan biri də İstanbul şivəsində yazmasına baxmayaraq Əli bəy Hüseynzadə idi. O deyirdi ki, Osmanlı onsuz da dağılacaq, bütün türk dövlətləri İstanbul ətrafında Türküstan dövlətində birləşəcək. Amma Firidun bəy Köçərli Əli bəy Hüseynzadədən fərqli olaraq Məhəmmədəmin Rəsulzadə kimi düşünürdü. Əli bəy Hüseynzadə və onun tərəfdarları yeni bir türk dövləti – Türküstan qurmağı xəyal edirdisə, Firidun bəy Köçərli Rəsulzadə kimi milli müstəqil türk dövlətlərinin tərəfdarı kimi çıxış edirdi. Mən gənc tədqiqatçılara bu məqamlara diqqət ayırmağı tövsiyə edərdim. Firidun bəy Köçərli XX əsrin əvvəllərində Azərbaycan simasının müəyyənləşdirilməsində mühüm rol oynamış Nəsib bəy Yusifbəyli, Fətəlixan Xoylu, Məhəmmədəmin Rəsulzadə kimi dahi şəxsiyyətlərimizdən biridir.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 6 oktyabr 2023-cü ildə baş tutub
Materialda clb.az saytının şəklindən istifadə edilib