Formula-1 barədə, bu fenomenin idman və turizm aspektlərindən danışdıq.
Qonaqlarımız Formula-1 üzrə Azərbaycan Qran-Prisinin rəsmi elçisi Rəhim Əliyev və Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə idi.
Fuad Babayev: Rəhim müəllim, Sizin qənaətinizcə, Formula – 1 Azərbaycana nə verir?
Rəhim Əliyev: Ən birincisi ondan başlayaq ki, Formula – 1 dünyanın 180-dən artıq ölkəsində çanlı yayımlanır. Öz auditoriyasına görə, Olimpiya oyunlarından və futbol üzrə dünya çempionatının final mərhələsindən geri qalır. Amma həmin yarışların 4 ildən bir, Formula – 1-in isə hər il keçirildiyini nəzərə alsaq, görərik ki, onun auditoriyası daha böyükdür. Azərbaycan haqqında çarxların “Avronyus” kanalı ilə yayımlanmasına böyük vəsait sərf olunur. Halbuki dünyanın ən nüfuzlu telekanalları vasitəsilə Formula-1 Azərbaycan qran-prisi ilə əlaqədar 3 gün, 72 saat ərzində süjetlər gedir. Yəni azarkeşlər, teleauditoriya 72 saat ərzində Azərbaycanın adını eşidir, gözəlliklərini görür.
Fuad Babayev: Formula-1 azarkeşinin obrazı haqqında nə demək olar?
Kənan Quluzadə: Mən ötən ilki praktikamıza əsasən deyim. Xaricdən gələn azarkeşlər demək olar ki, bütün yarışları əvvəldən axıra kimi izləyirlər, Formula-1-in digər tədbirlərində fəal iştirak edirlər. Digər tədbirlər deyəndə mən “parti”ləri, avtoqraf sessiyalarını və s. nəzərdə tuturam. Yerli azarkeşlər bir qədər fərqlidilər. Onlar daha çox “parti” və konsertlərə gedirlər.
Fuad Babayev: Konsertlər demişkən, Kristina Aqilera, Dua Lipa və başqaları iştirak edəcəklər. Bizim yerli ulduzlar həmin konsertlərdə ifa edirlərmi?
Rəhim Əliyev: Xarici ulduzlar çıxış etməzdən əvvəl sanki bir qızışdırma mərhələsi olur. Həmin mərhələdə bizim ifaçılar çıxış edir, bir növ publikanı hazırlayır, sonra xarici ulduzun çıxışı olur. Bu il 3 elduzun çıxışı olacaq – Cemel Kuayder, Kristina Aqilera və Dua Lipa. Bunlar əsas ulduzlardır, amma bunlardan başqaları da olacaq. Şou səhərə qədər davam edəcək.
Fuad Babayev: Formula-1 dövründəki reklam kampaniyasının əks-sədası sonrakı dövrdə turistlərin sayının artımında hiss olunurmu?
Kənan Quluzadə: Bilirsiniz ki, bu günlərdə Dövlət Turizm Agentliyi yaradıldı, onun rəhbəri təyin edildi. Ölkədə bu sahədə daha fəal işlər görüləcək. Biz büro olaraq bu məsələni dəfələrlə qaldırmışıq ki, Azərbaycanda keçirilən tədbirlər sanki fişəng kimidir. Atılır və sönür. Ona görə də bunu davam etdirmək lazımdır. Formula-1 bitəndən sonra heç nəyin baş verməməsi düzgün deyil. Bu, sistemli və davamlı olmalıdır. Bakı 7 gün ərzində 24 saat işləyən şəhər olmalıdır. Bakıda əyləncəli tədbirlər keçirilməlidir. “Bakı caz şəhəridir”, “Bakı muğam şəhəridir”, deyirik, amma bunlar yoxdur. Avropadan turistləri gətirmək çətinləşir. Çünki gənc avropalı turist Bakıya gəlir və əyləncə görmür. Formula-1 son illərdə Bakının, Azərbaycanın vizit kartına çevrilib. Novruz bayramı brendə çevrildiyi kimi, Formula-1 də Bakıda brendə çevrilib. Tədbirlər var, amma bunları birləşdirib, davamlı etmək lazımdır. Biz indi Muğam Mərkəzi ilə müzakirə edirik ki, Mərkəzin binasının yaxınlığında, açıq havada yay aylarında muğam konsertləri olsun. Filarmoniya ilə müzakirə edirik ki, Filarmoniya bağında, açıq havada simfonik musiqi konsertləri olsun. İstəyirik ki, Qoşa qala qapısının yaxınlığında caz ifaçıları çıxış etsin. Animasiyalar, meydan tamaşaları olsun. Və bütün bunlar davamlı olsun. Bakı 365 gün yerli əhaliyə və turistlərə xidmət etməlidir.
Fuad Babayev: Rəhim müəllim, Azərbaycanda gedən Formula-1 yarışları ilə bağlı deyəsən ad dəyişikliyi oldu.
Rəhim Əliyev: İlk yarış Avropa qran-prisi adlanırdı, ötən ildən isə Azərbaycan qran-prisi adlanır. Avropa qran-prisi tendensiyanın davamı kimi nəzərdə tutulmuşdu, yəni əvvəlcə Avroviziya, sonra Avropa oyunları keçirilmişdi. Berri Eklstounun təklifi olmuşdu ki, “Avropa qran-prisi” adı boşluqda qalıb, götürmək istəyirsinizmi. Bizim təşkilatçılar da götürmüşdülər. Birinci mərhələ üçün də uğurlu oldu. Çünki tarixi Avropa qran-prisi Azərbaycanda təqvimə qayıtmışdı. Xaricdən turist, azarkeş cəlb edilməsi baxımından uğurlu yol idi.
Fuad Babayev: Bu 3 yarış və tendensiyalar necədir? Əvvəla, bu üçüncü yarışın aprel ayında keçirilməsinin səbəbi nədir?
Rəhim Əliyev: Düz qeyd edirsiniz, ilk iki yarış bizdə iyunun sonunda baş tutub. Amma bu il mayın 28-də Cümhuriyyətimizin 100 illiyi qeyd olunur, iyunun 26-da isə ordumuzun 100 illiyidir. Ona görə də apreldəki Rusiya qran-prisi sentyabrda keçiriləcəyindən, Azərbaycan qran-prisinin apreldə keçirilməsi ilə bağlı qərar verildi.
Fuad Babayev: Gəıən il yəqin ki, yarış yenə yayda olacaq?
Rəhim Əliyev: Hələlik danışıqlar başlamayıb. Təqvimlə bağlı danışıqlar iyunda başlayır, bizimkilər yəqin ki, yenə də iyun və ya avqust ayında keçirilməsinə üstünlük verəcəklər.
Fuad Babayev: Bu 5 il davam edəcək. Bəs sonra?
Rəhim Əliyev: Müqavilə “5+5” prinsipi ilə bağlanıb. Daha 2 il yarışlar keçiriləcək, Azərbaycan və Formula-1 arasında heç bir problem olmasa müqavilənin müddəti daha 5 illiyinə uzadılacaq. Hər şey sövdələşmədən asılı olacaq.
Fuad Babayev: Kənan müəllim, belə başa düşürəm ki, Formula-1 zəif bənd deyil.
Kənan Quluzadə: Formula-1 çox güclü bənddir və onun sayəsində Azərbaycana gələn turistlər ilbəil artır.
Fuad Babayev: Rəhim müəllim, Formula-1-lə bağlı təşkilati işə cəlb olunan azərbaycanlıların sayı artırmı?
Rəhim Əliyev: Bəli, birinci il aydın məsələdir ki, təcrübəsizlik var idi. Bu, idman növü Azərbaycan üçün yeni idi. Ona görə də xaricdən çoxlu işçi dəvət olunmuşdu. Yəni o qədər də çox deyildi – bütün işçilərin 30-40 faizi. Hazırda isə çalışanların 95 faizi yerli kadrlardır.
Fuad Babayev: Yerli kadrlar hansı mövqelərdə çalışırlar?
Rəhim Əliyev: Ən aşağı mövqelərdən tutmuş, idarəedicilərə qədər. İdarəedicilərin 99 faizi azərbaycanlılardır.
Fuad Babayev: Formula – 1 ildə bir dəfə Bakıda keçirilir. Bəs həmin işçilər qalan müddətdə harasa göndərilirlərmi?
Rəhim Əliyev: İşçilər bir neçə kateqoriyaya bölünür: ilboyu ştatda olan və sayı 200-ə yaxın olan daimi işçilər, 6 aylıq cəlb olunanlar və bilavasitə yarış ərəfəsində 2 aylığına cəlb edilənlər. Əsas işçilər də yarış başa çatandan sonra tam heyətlə 2 aylıq məzuniyyətə buraxılırlar. Çünki yarış ərəfəsində onlar 24 saat işləyirlər. Digər ölkələrdəki yarışlarda da eyni praktika yaşanır. Çünki başqa cür çatdırmaq mümkün deyil. Xüsusilə də şəhər traslarında. Yarış qurtarandan sonra 10-15 gün ərzində məlumatlar toplanır, nəticələrə baxılır, gələn yüklər geri yola salınır, şəhər əvvəlki həyatına qovuşandan sonra iş başa çatdırılır.
Fuad Babayev: Bizim mütəxəssislər il ərzində başqa yerlərə gedirlərmi?
Rəhim Əliyev: Bizdə ilk yarış başlanmamış daha tez-tez gedirdilər ki, onların təcrübələrini öyrənsinlər. İndi də aralarında FİA-nın birbaşa üzvü olanlar, Formula – 1-in müəyyən işlərini görənlər var. Keçən il bizdən böyük bir qrup okeanın o tayına – Meksika və Amerika qran-prilərinə, Əbu-Dabi qran-prisinə getmişdi. Bizim marşall qrupumuz var ki, onlar hər bir yarışda iştirak edirlər, Formula-1 qrupuna yardım göstərirlər.
Fuad Babayev: Otellərimizə, infrastrukturumuza, nəqliyyatımıza nəzər salanda ötən illərlə müqayisədə müsbət trend varmı?
Rəhim Əliyev: İlk yarışdan biz artıq gördük ki, onlayn bilet satışı başlayan kimi xaricdən biletlərin alınması başladı. Avropa, MDB, ərəb ölkələri, Türkiyə, İrandan olanlar çox fəal idilər. Üçüncü yarış olmasına rəğmən, tamaşaçıların coğrafiyasl bir o qədər də dəyişməyib. Xarici auditoriya üçün nəzərdə tutulan biletlər çox tez bir zamanda satılıb, qurtarır. Çünki bu auditoriya bizim turizm qabiliyyətimizlə məhdudlaşır. Ondan sonra növbə bizim yerli azarkeşlərə gəlir. Onlar üçün şou-proqramlar nəzərdə tutulub, əyləncə proqramları elan olunur. Məqsəd azarkeşləri cəlb etməkdir. Tendensiya belədir ki, birinci il xarici azarkeşlər üçün nəzərdə tutulan biletlər 5-6 aya satılmışdısa, keçən il 3 aya, bu il isə 2 aya tamamilə satılıb, qurtarıb. Yəni xaricdən daha çox azarkeş gəlmək istəyir.
Fuad Babayev:Yəqin ki, eyni adamlar gəlir?
Rəhim Əliyev: Mümkündür. Amma Bakı şəhər həlqəsi maraqlı mükafatlar verir, onlardan biri də ilk bilet alana verilən mükafatdır. Keçən il mükafata laqi görülən danışırdı ki, əvvəlki il həyat yoldaşı ilə birgə oturub, televizorla yarışı izləyirmiş. Bakının gözəlliyini görüb, qərar veriblər ki, növbəti il mütləq Azərbaycana getsinlər. Ümumiyyətlə hər gələn azarkeş növbəti 4 azarkeş deməkdir.
Fuad Babayev: Yəni öz əhatəsində olan azerkeşləri təşviq edir.
Rəhim Əliyev: Bəli, tamamilə doğrudur. Fikirləşir ki, tək gəlməkdə səhv edib. Ona görə də növbəti dəfə özü ilə də kimlərisə gətirir. Turistlərin özləri də sanki kompaktlaşıblar. Tutaq ki, bir şəhərdən olan 100 azarkeş qabaqcadan plan tuturlar ki, növbəti ildə hansı yarışlara gedəcəklər. Hətta elə stasionar traslar var ki, onun ətrafındakı otluqda çadır da qururlar, düşərgə salırlar. Belə turistləri şəhər traslarına cəlb etmək çətindir. Amma yenə də sosial şəbəkələrdəki yazışmalardan da görürük ki, hansısa yarışa getmək üçün bir-birilərinə təkliflər edirlər.
Fuad Babayev: Bizim tez-tez rast gəldiyimiz iranlı, ərəb turistlər deyəsən Formula-1 turistlərindən fərqlənirlər? Formula-1 turistləri düz başa düşürəmsə, daha çox avropalılardır.
Kənan Quluzadə: Bəli, avropalılar və MDB ölkələrindən gələnlərdir. Rusiyadan gələnlər çoxluq təşkil edir.
Fuad Babayev: Bunlar nisbətən imkanlı təbəqədir?
Kənan Quluzadə: Daha çox imkanlı təbəqədir. Formula-1 çox bahalı idman növüdür, onun azarkeşləri də daha çox imkanlı insanlardır.
Fuad Babayev: Bu yarış kommersiya baxımından özünü doğruldurmu, yoxsa bu, sadəcə reklam kampaniyasıdır?
Rəhim Əliyev: Formula-1-in gəlirini ümumi ölçmək lazımdır. Otellərdə yaşama, ictimai iaşə obyektlərinin xidməti və s. nəzərə alınanda öz xərcini artıqlaması ilə ödəyir. Xüsusi şirkət araşdırma aparır, bu məbləğ internetdə də var, tanış ola bilərsiniz. Bütün xərclər nəzərə alınanda ölkəyə çox xeyirlidir. Məsələn, Avstraliyada, Melburn şəhərində bu yarış parkda keçirilir. Hər il trasa çıxan hansısa heyvanı maşınlar vurur. Yaşıllar Partiyası bu yarışın əleyhinə çıxır, onun keçirilməməsini tələb edir. İqtisadçılar isə oturub, hesablayırlar ki, bu yarış Viktoriya ştatına yetərincə gəlir gətirir. Həmin vaxtda təyyarəyə nə qədər bilet alındığı, aeroporta nə qədər adam gəldiyi, otellərdə nə qədər adam yerləşdirildiyini hesablayırlar. Görürlər ki, həmin günlərdə adi günlərdəkindən daha çox yemək yeyilib. Sonra isə alınan qiyməti ştatın adi günlərdəki gəliri ilə müqayisə edirlər.
Kənan Quluzadə: Həm də Formula-1-ə gələnlər yalnız Bakıda qalmırlar. Azərbaycanın digər bölgələrinə də səfərlər edirlər. Bu yaxınlarda biz Çin şirkətləri ilə müqavilə imzaladıq ki, hər il təxminən 2 min çinli turisti Naftalana gətirsinlər. Gələnlər 3 gün Bakıda, 7 gün Naftalanda qalacaqlar. Ümumiyyətlə, Çindən ildə dünyanın müxtəlif ölkələrinə 135 milyon turist gedir. Onlardan 1 milyonu sağlamlıq turizmi ilə maraqlanır. Onlar turizm paketi ilə gəlirlər. Əvvəl gələnlər Azərbaycan, Gürcüstan və Ermənistana gəlirdilər. İndikilər isə yalnız Azərbaycana gələcəklər. Formula-1-ə gələnlər də yarışı izləyirlər, amma həm də Gəncəyə, Qəbələyə və sair rayonlara da gedirlər. Hər halda marşrutlar var, işlənilib. Bu gün Azərbaycanın elə bir guşəsi yoxdur ki, turist qəbul etməsin. Ən zəif yerlərdən biri Astara idi, amma indi orada da dəmiryolun yeri dəyişdiriləcək, 20 kilometrlik çimərlik yeri açılacaq. Hər şey inkişaf edəcək, çünki tələbat var.
Fuad Babayev: Postsovet məkanında Formula-1 yarışları daha hansı ölkələrdə keçirilir?
Rəhim Əliyev: Postsovet məkanında yalnız Rusiyada, Soçi yaxınlığındakı Adler şəhərində keçirilir, bir də keçmiş sosialist düşərgəsi ölkələrindən Macarıstanda.
Fuad Babayev: Nə əcəb digər postsovet ölkələrində, tutaq ki, Qazaxıstanda da keçirilmir?
Rəhim Əliyev: Qazaxıstanda bu yarışı keçirməyi çox istəyirlər, amma təqvimə düşə bilmirlər. Təqvimə dşmək son dərərcə çətindir. İlk növbədə hər hansı bir ölkə yarışı keçirmək üçün təqdimat göndərməlidir. Bundan sonra qurumun nümayəndələri bir çox amilləri yerindəcə nəzərdən keçirir. Ölkədə siyasi, iqtisadi sabitliyin mövcudluğuna böyük önəm verilir.
Gündüz Nəsibov: Şəhər trası Bakıdan başqa daha hansı yerlərdə var?
Rəhim Əliyev: Üç şəhərdə var: Bakıda, Sinqapurda və Monakoda. Amma ümumiyyətlə bizim tras Formula-1 tarixində 15-ci şəhər trasıdır. Məsələn, elə Amerikada Lonq Biçdə, Las-Veqasda, Finiksdə, İspaniyada Valensiyada olub. Ancaq indi təqvimdə yalnız 3-ü qalıb.
Fuad Babayev: Kənan müəllim, Siz ötən il Formula-1-in turizm işi ilə məşğul idinizmi?
Kənan Quluzadə: Bəli. Formula-1-də biz hətta təmsil edilmişdik. Sabir bağında fəaliyyət göstərirdik. Elə ən ucuz biletlər də Sabir bağında və Sahil bağında idi. Biletlərin qiyməti 10 manatdan başlayırdı. Konsertə giriş nəzərdə tutulmamışdı. Ayaqüstü yerlər idi. Amma öz proqramı, əyləncəsi vardı. Bu il qoşulmadıq.
Fuad Babayev: Nə üçün?
Kənan Quluzadə: Müzakirələr gedirdi, sadəcə bu il Sabir bağından çıxdıq. Ötən il elə Sabir bağında Novruz bayramı, İslam Oyunları dövründə, Formula-1 zamanı tədbir keçirdik. Sabir bağı sanki bizim büronun tədbirlər keçirdiyi məkan idi. Bu il artıq Novruz festivalını Fəvvarələr meydanında keçirdik. Çünki Formula-1 aprel ayında keçirildiyindən, Sabir bağı qapalı məkana çevrilmişdi. Təhlükəsizlik problemlərini nəzarə alaraq, daha açıq məkanda festival keçirdik.
Fuad Babayev: Formula-1 yarışları zamanı Dənizkənarı Milli Parkın bir hissəsi bağlı olacaq. Turizm baxımından bu nə qədər əlverişlidir?
Kənan Quluzadə: Əlində yarışlara bileti olanlar üçün Bulvara keçid problem olmayacaq. Həm də bu, beynəlxalq praktikada da var. Şəhərdaxili yarışlar zamanı müəyyən yerlərə giriş məhdudlaşdırıla bilər.
Rəhim Əliyev: Kənan müəllimin qeyd etdiyi kimi, azarkeşlərin Bulvara girməsi üçün məhdudiyyət olmayacaq. Həm də düşünürəm ki, 3 gün bu məhdudiyyətə dözmək olar. Təsəvvür edin ki, Monakoda cümə günü kazinolar günüdür. Hər yerdə yarış cümə, şənbə və bazar günləri keçirilir. Monakoda cümə günü keçirilməli yarışlar cümə axşamı keçirilir, cümə günü kazinolar işləyir və şənbə, bazar günləri isə yenidən başğlanır və yarış davam etdirilir. Bizdə də əslində Bulvar bağlı olmur, əksinə, adi günlərdə olmayan əyləncələr olur. Ancaq yalnız Formula-1-ə bilet alanlar oraya keçə bilir.
Fuad Babayev: Formula-1 iştirakçıları arasında rus pilot var. Azərbaycanlı pilotların da ola biləcəyi gözləniləndirmi?
Rəhim Əliyev: Ruslar pilot kimi 2010-cu ildən iştirak edirlər. Əvvəl Vitali Petrov idi, sonra Daniil Kvyat gəldi, indi isə Sergey Sirotkindir. Ötən il o, “Reno” komandasının test sürücüsü idi. Biz onunla söhbət edəndə, məlum oldu ki, babası və nənəsi Bakıda anadan olub. Burada da evləniblər, atası da elə Bakıda anadan olub. Ona görə də onu elə yarımazərbaycanlı sayırıq. Azərbaycanlı pilotlara gəlincə isə bu istiqamətdə müəyyən addımlar atılır. Bu yaxınlarda da Bakıda kartinq mərkəzi istifadəyə verildi. İndiki tanınmış pilotların hamısının həyatına baxsaq, 3-4 yaşlarından kartinq sürməklə bu işə başlayıblar. Hazırda Gülhüseyn Abdullayev Formula-3 və Formula-4-də yarışır. Cavidan Əlizadə də Formula-4 test yarışlarında artıq özünü göstərib. Ola bilsin ki, o da bu il Formula-4-də yarışmaq üçün müqavilə bağlasın. Yəni 2 potensial sürücümüz var. Amma arxası da gəlməlidir.
Fuad Babayev: Kənan müəllim, Siz bu il Formula-1-lə bağlı çalışmayacaqsınız?
Kənan Quluzadə: Müzakirələr gedirdi, amma sonda alınmadı. Lakin Formula-1 təbliğatında, onun vacibliyinin turistlərə çatdırılmasında, Bakı həlqəsinin dünyada tanıdılmasında əlbəttə ki, biz iştirak edirik.
Fuad Babayev: Azərbaycanda turizmin inkişaf etdirilməsi normal sürətləmi gedir?
Kənan Quluzadə: Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı işlər görülür. 12 prioritet istiqamət seçilib. Turizm də onlardan biridir. Biz düşünürük ki, yaxın 10 il ərzində turizmdən gələn gəlirlər karbohidrogen ehtiyatlarından gələn gəlirlərlə bərabərləşəcək. Turizm həm də daha çox iş yeri yaradır. Dünya təcrübəsi göstərir ki, hər turistə 10 nəfər xidmət göstərir. Yaxud hər bir turist 30 iş yeri yaradır. Bunun daha da sürətlənməsi üçün hər kəs anlamalıdır ki, turizm vacib sahədir. Neçə ki, hər kəs turizmə doğma münasibət bəsləməyəcək, inkişaf getməyəcək. Nöqsanlar çoxdur. Əhali turist qəbuluna hələ ki, hazır deyil. İnfrastruktur hazırlandı, amma cəmiyyət yox. Xidmət sahəsi hazır deyil. Restoranlardakı ikili menyülər, taksi xidmətlərindəki fərqli qiymətlər, maşın icarəsi xidmətindəki problemlər, otellərin qiymətləri fərqləndirmələri və s. hökmən düzəlməlidir. Əhali arasında maarifləndirmə işi aparılmalıdır. İndi telekanallarla həftəlik maarifləndirici iş aparacaq veriliş açmaqla bağlı danışıqlar gedir. Əhalisinin sayı və s. etibarı ilə bizimlə çox oxşarlığı olan Malayziyanın turizm təcrübəsini öyrənirik. Malayziyada turistlərə xidmət qaydaları ilə bağlı televiziyada verilişlər gedir. Biz də insanlarımızı öyrətməliyik ki, turistləri aldatmasınlar, onlarla gülərüzlə ünsiyyət qursunlar.
Hazırladı: Gündüz Nəsibov, 1905.az
Material ilk dəfə 26.04.2018-ci ildə dərc olunmuşdur.