Fransanın “islamnews.fr” saytında “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüquqa riayət etməyə çağırır” adlı məqalə dərc olunub.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 20-ci əsrin əvvəllərində (1919-cu ildə ingilislər və 1921-ci ildə sovetlər tərəfindən) başladığı və bu ərazilərin ölkəmizə məxsus olduğu diqqətə çatdırılır. 1988-ci ilin fevral və 1994-cü ilin may aylarında Azərbaycanın cənub-qərbində yerləşən Dağlıq Qarabağ regionunda yenidən silah səslərinin eşidildiyi bildirilir.
Müəllif beynəlxalq birliyin Dağlıq Qarabağın Azərbaycanın tarixi əraziləri kimi tanıdığını vurğulayır. Bildirir ki, Ermənistan qoşunlarının bu ərazilərdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı, eləcə də bu təşkilatın Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi 62/243 saylı qətnamələrinə riayət etmir, Azərbaycanın tarixi torpaqlarını hələ də qeyri-qanuni olaraq işğal altında saxlayır.
Məqalədə erməni işğalçı qüvvələrinin Dağlıq Qarabağda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütdüyü, doğma yurdlarından didərgin salınmış bir milyondan artıq azərbaycanlının öz evlərinə qayıda bilmədiyi və işğal olunmuş ərazilərdə erməniləşmə prosesi aparıldığı diqqətə çatdırılır.
Qeyd olunur ki, Azərbaycan xalqı haqq səsini Prezident İlham Əliyev vasitəsilə beynəlxalq birliyə çatdırır.
Məqalədə Fransada erməni lobbisinin bu məsələyə təsirinə də toxunulur.
Həmçinin bildirilir ki, Fransanın bir qrup deputat və senatoru cari ilin aprelində “Figaro” qəzeti vasitəsilə Prezident Fransua Ollanda açıq məktubla müraciət edib. Müraciətdə Prezident Ollanddan BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransanın Ermənistanın beynəlxalq hüquqa riayət etməsi və öz qoşunlarını Azərbaycanın tarixi torpaqlarından çıxarması üçün nüfuzundan istifadə etməsi xahiş olunub.
Sonda müəllif ölkəmizdə yəhudilərin, xristianların və müsəlmanların harmoniya şəraitində yaşadıqlarını diqqətə çatdırır, Fransa mətbuatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı susqunluq nümayiş etdirməsinin təəccüb doğurduğunu bildirir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris