Hörmətli cənab prezident, əziz dost!
Mən Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında irəliləyiş olmaması ilə əlaqədar keçirdiyim dərin narahatlığı Sizə bildirmək istərdim. Azərbaycanın ərazi bütövlüyü əvvəlki kimi pozulmuş olaraq qalır, Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, doğma yerlərindən zor gücünə qovulmuş bir milyon azərbaycanlı qaçqın beş ildir ki, böyük məhrumiyyətlər içərisindədir. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələri yerinə yetirilmir.
Məlum olduğu kimi, münaqişənin sülh yolu ilə aradan qaldırılması məqsədi ilə 1992-ci ilin mayında ATƏT-in Minsk qrupu yaradılmış və gələcək sülh konfransının mandatı müəyyən edilmişdir. Konfransda Ermənistan və Azərbaycan münaqişədə iştirak edən tərəflər kimi, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları isə maraqlı tərəflər kimi tanınmışlar. Buna baxmayaraq, Ermənistan Respublikasının Azərbaycana qarşı 1988-ci ildə başlanmış təcavüzü davam etdirilmiş və Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti ilə yanaşı, daha yeddi iri rayonu işğal edilmişdir.
Ötən yeddi il ərzində Minsk qrupu çərçivəsində effektli danışıqlar prosesi yaradılması üçün çox səylər göstərilmişdir. Amma Ermənistan Respublikasının pozucu mövqeyi ilə əlaqədar olaraq danışıqlar daim düyünə düşmüş və heç bir müsbət nəticə verməmişdir.
Münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün bizim göstərdiyimiz səylər və bu səylərin Minsk qrupu tərəfindən dəstəklənməsi nəticəsində 1994-cü ilin may ayında atəşkəs əldə edilmişdir və indiyədək davam edir. Sülh sazişi imzalandıqdan sonra regiona daxil olub silahlı münaqişənin nəticələrinin aradan qaldırılmasını təmin etməli olan çoxmillətli beynəlxalq qüvvələrin yaradılması haqqında 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt sammitində çıxarılmış qərar, habelə 1996-cı ilin dekabrında ATƏT-in Lissabon sammitinin münaqişənin aradan qaldırılmasının beynəlxalq hüquqi bazasını müəyyən etmiş qərarları Ermənistan – Azərbaycan münaqişəsini ədalətlə aradan qaldırmaq üçün son dərəcə vacib olan böyük siyasi nailiyyət sayıla bilər. Lakin Ermənistan Respublikası tərəfindən davam etdirilən obstruksiya və ATƏT-in onu yola gətirməyə qadir olmaması nəticəsində həmin sammitlərin qərarları yerinə yetirilməmişdir.
Məlum olduğu kimi, 1997-ci il iyunun 1-də Rusiyanın, ABŞ-ın və Fransanın timsalında ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin aradan qaldırılmasının Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən – silahlı münaqişənin dayandırılması və Dağlıq Qarabağın statusun müəyyənləşdirilməsi ilə əlaqədar hissələrdən ibarət hərtərəfli sazişin layihəsini təqdim etmişdilər. Azərbaycan tərəfi həmsədrlərin bu təkliflərini qəbul etdiyi halda, Ermənistan həmin təkliflərə qətiyyən razılaşmadığını bildirmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımaq istəmədiyinə görə, habelə Minsk konfransı çağırılmamış ilkin mərhələdə Dağlıq Qarabağın statusunu müəyyənləşdirməyin yolverilməzliyini bəhanə gətirərək Ermənistan həmsədrlərin təkliflərini rədd etmişdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 1997-ci il iyunun 20-də ABŞ-da məşhur Denver görüşü zamanı Rusiyanın, ABŞ-ın və Fransanın prezidentləri xüsusi bəyanatda həmin təklifləri dəstəklədiklərini bildirmişlər.
1997-ci il sentyabrın 19-da Minsk qrupunun həmsədrləri münaqişənin mərhələlərlə aradan qaldırılmasını nəzərdə tutan yeni təklif, Lissabon sammitindən sonra ikinci təklif irəli sürmüşlər. Həmin təklifə uyğun olaraq birinci mərhələdə, Laçın rayonu istisna olmaqla, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarından kənarda yerləşən altı işğal olunmuş rayonun azad edilməsi, ATƏT-in sülhü qorumağa yönəlmiş əməliyyatının həyata keçirilməsi, qaçqınların azad edilmiş ərazilərə qaytarılması, habelə müharibə nəticəsində dağılan, Ermənistanın və onun tərəfindən işğal olunmuş Dağlıq Qarabağın həyat fəaliyyəti üçün zəruri olan kommunikasiyaların bərpa edilməsi nəzərdə tutulurdu. Bundan sonra ikinci mərhələdə tərəflər silahlı münaqişənin nəticələrinin aradan qaldırılmasının ardınca Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi Dağlıq Qarabağın statusunu müəyyənləşdirməklə və onun təhlükəsizliyi üçün tədbirlər görməklə məşğul olmalı idilər.
1997-ci il oktyabrın 10-da Strasburqda Azərbaycan və Ermənistan iki ölkənin prezidentləri səviyyəsində 1997-ci ilin 19 sentyabr tarixli təklifləri əsasında danışıqlar prosesini davam etdirməyə razılıq vermişdilər ki, bu da münaqişənin ədalətlə aradan qaldırılmasına nail olmaq üçün danışıqlar prosesinin müvəffəqiyyətinə ümid etməyə imkan verirdi. Amma sonradan Ermənistanın prezidenti Levon Ter-Petrosyanın istefa verməsi və Ermənistanın yeni rəhbərliyinin öz mövqeyini sərtləşdirməsi bu ədalətli təməl üzərində danışıqların davam etdirilməsi imkanını puça çıxartdı.
Minsk qrupu həmsədrlərinin təmsilçiləri uzun sürən fasilədən sonra, görünür, danışıqlar prosesini yenidən canlandırmaq istəyi ilə 1998-ci il noyabrın 9-da Azərbaycan tərəfini çox məyus edən və danışıqların davam etdirilməsinə imkan yaratmayan sayca üçüncü təklifi irəli sürmüşlər. Bu təklif dünya praktikasında mövcud olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı və ATƏT-in iki sammitinin təsdiq etdiyi qərarlardan və prinsiplərdən irəli gələn əvvəlki mövqedən geri çəkilməkdən başqa bir şey deyildi. Bu təkliflər əslində Dağlıq Qarabağı respublika formasında dövlət ərazi qurumu kimi ayırır və ona uydurma “ümumi dövlət” çərçivəsində Azərbaycan ilə bərabər status verirdi. Həm də bu “ümumi dövlət”in Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində yaradılmalı olduğuna istinad edilməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü üçün təminat yaratmır, əslində bunları pozur.
Mən belə hesab edirəm ki, vasitəçilərin düşünülməmiş hərəkətləri, şübhəsiz, nizamasalma prosesinə ciddi ziyan vurmuş və onu dala salmışdır. Bu da bizdə dərin təşviş və narahatlıq doğurur, xüsusən ona görə ki, bizim dəfələrə bəyan etdiyimiz kimi, Rusiya Federasiyası Ermənistan Respublikasını ciddi-cəhdlə silahlandırmaqda davam edir, Ermənistana qanunsuz yollarla 1 milyard ABŞ dolları dəyərində Rusiya silahları verilməsinin ardınca ona MİQ-29 təyyarələri və S-300 raketləri göndərilməsi buna aydın sübutdur.
Mənim əqidəmcə, həmsədrlər qətiyyət göstərməsələr, ABŞ, Rusiya və Fransa rəhbərliyi tərəfindən fəal tədbirlər görülməsə, Ermənistan-Azərbaycan münaqişəsini ədalətlə aradan qaldırılmasına nail olmaq mümkün deyildir. Lissabon sammitinin dünyanın 53 dövləti tərəfindən lehinə səs verilmiş üç prinsipinə sədaqət göstərilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bunları nəzərə alaraq, hörmətli cənab prezident, mən Sizə həm ATƏT-in Minsk qrupunun həmsədri olduğunuza görə müraciət edirəm və təkidlə xahiş edirəm ki, getdikcə uzanan, Avropada sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olan bu münaqişənin Lissabon sammitinin prinsiplərini həyata keçirərək tezliklə aradan qaldırılması üçün şəxsi fəaliyyətinizi, habelə ölkənizin xarici siyasət idarəsinin işini gücləndirəsiniz.
Səmimiyyətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.