Fransanın “Opinon Way” Tədqiqatlar İnstitutu Azərbaycanda referendum öncəsi mühitin qiymətləndirilməsi məqsədilə ölkə əhalisi arasında rəy sorğusu keçirmişdir.
Sorğu müddətində Azərbaycanın bütün ərazisini əhatə etməklə kvotalı təsadüfi seçmə metodologiyası əsasında müəyyənləşdirilmiş 1200 respondentlə üzbə-üz müsahibə aparılmışdır.
Tədqiqat məqsədləri üçün 3 blokda qruplaşdırılmış 12 sualdan ibarət sorğu anketindən istifadə edilmişdir ki, bu suallar respondentin sosial-demoqrafiq göstəriciləri, ölkədə mövcud siyasi-iqtisadi vəziyyət haqqında baxışları və qarşıdan gələn referenduma çıxarılacaq məsələlərə münasibətini öyrənməyə istiqamətlənmişdir.
Tədqiqat müddətində rəyi soruşulanların 82%-i Azərbaycan Respublikasında siyasi sistemin fəaliyyətindən razı olduqlarını bildirmiş və respondentlərin 93%-i hazırda Azərbaycanda həyata keçirilən işlərin düzgün istiqamətdə aparıldığı qənaətindədirlər.
Sorğuda iştirak edənlərin 96%-i prezident kimi İlham Əliyevin öz vəzifəsini uğurla icra etdiyini göstərmişlər.
Respublikamızda bir sıra problemlərin mövcud olduğu fikrində olan respondentlər ən vacib problemlər kimi Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsini (77%) və iqtisadi durum ilə bağlı çətinliyi (41%) qeyd etmişlər.
Rəyi öyrənilən respondentlərin 81%-i sentyabrın 26-da keçiriləcək Referendumda iştirak edəcəklərini göstərmişlər. Yalnız bütün respondentlərin 5%-i hələ də səsvermə prosesinə qatılmaq barəsində yekun qərar vermədiklərini bildirmişlər.
Bütün respondentlərin 87%-i Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin ümumilikdə zəruri olduğunu qeyd etmişlər. Konstitusiyaya təklif edilən bu və ya digər əlavə və dəyişikliklər nəticəsində müvafiq sahələrin inkişafına təsirinə gəlincə, respondentlərin 88%-i bu təsirin müsbət olacağı qənaətindədirlər. Xüsusən də, rəyi öyrənilənlər təhlükəsizliyin və müdafiənin təmin edilməsi və insan hüquqları və azadlıqlarının konstitusion təminatları ilə bağlı təkliflərin bu sahələrdə gələcək inkişaf stimul verəcəyini düşünürlər.