Suallarımızı 1905.az portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev cavablandırdı.
– Fuad müəllim, bu yaxınlarda rəhbərlik etdiyiniz portalın növbəti nəşri – Aida Eyvazlı Göytürkün “Samir! Nazim! Elşən!” kitabı işıq üzü gördü.
– “Samir! Nazim! Elşən!” növbəti “1905.az KİTABI” oldu. 2016-cı ilin aprel ayında Ermənistanın dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribatı layiqincə cavablandırarkən, uğurlu əks-hücum əməliyyatı zamanı qəhrəmancasına həlak olmuş hərbçilərimizdən Samir Kaçayev, Nazim Zəkərayev və Elşən Səmədov haqqında yazılmış, ötən il modern.az saytında dərc edilmiş 3 yazı, kiçik sözardılar və müəllifin 1905.az portalına verdiyi müsahibə yer alıb.
– Bu kitabın təqdimetmə mərasimi də keçirildi.
– Əlbəttə. Aprelin 4-də Şamaxı şəhərindəki Mədəniyyət Sarayında Şamaxının millət vəkili. Elxan Süleymanovun təşəbbüsü ilə “Torpaq uğrunda ölən varsa, Vətəndir!” adlı tədbir keçirildi. Və kitab da elə orada təqdim edildi.
Onu da qeyd edim ki, bizim portal Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının elektron resurslarından biridir. Və Assosiasiyanın prezidenti Elxan Süleymanov “1905.az KİTABI” seriyasının ideya müəllifi və naşiridir.
– “1905.az KİTABI” seriyası barədə danışaq. Səhv etmirəmsə, Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində nəşr etdiyiniz “Xocalı yaddaşı” kitabı da bu seriyadan idi.
– Elədir. “Xocalı yaddaşı” unikal nəşr kimi dəyərləndirilə bilər. Kitabın birinci bölümündə Qarabağ bölgəsinin, bu əraziyə ermənilərin köçürülməsi tarixi, onların törətdikləri soyqırımlar, Ermənistanın ərazi iddiaları, Qarabağ probleminin başlanması, Dağlıq Qarabağın azərbaycanlı kəndlərinin işğalı ilə bağlı materiallar verilib.
İkinci bölümə Xocalı rayonu və şəhəri, Xocalı soyqırımı, hadisə zamanı itkin düşənlərin, əsir və girov götürülənlərin siyahısı, əsir və girov götürülənlərlə bağlı ətraflı məlumat, faciə zamanı müstəsna igidlik göstərən Azərbaycanın Milli Qəhrəmanları, qətliamı törədən erməni qruplaşmaları, xocalılara divan tutulan yaşayış məntəqələri ilə bağlı materiallar daxil edilib. Materiallar xarici medianın Xocalı soyqırımı ilə bağlı yazıları, faciə zamanı əsir düşənlərin dedikləri, eləcə də ermənilərin baş verənlərlə bağlı söylədikləri ilə müşayiət olunur.
Üçüncü bölümdə Rusiyanın “Memorial” İnsan Hüquqları Mərkəzinin, “Human Rights Watch” təşkilatının Xocalı hadisələri ilə bağlı hesabatı, Xocalı soyqırımı ilə bağlı rəsmi sənədlər, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sıra çıxış və müraciətləri, hadisənin soyqırımı kimi dəyərləndirilməsi ilə bağlı materiallar, Heydər Əliyev Fondunun Xocalı soyqırımının tanıdılması ilə bağlı fəaliyyəti, “Xocalıya ədalət” kampaniyası, soyqırımın beynəlxalq aləmdə tanınması, eləcə də bu hadisə ilə bağlı gerçəkləri dünyaya yayan insanlar haqqında məlumatlar verilib.
– “Xocalı yaddaşı”nda müsahibələr də vardı gərək ki.
– Kitabda 12 müsahibə yer alıb. Bizim portlaımızda dərc edilmiş, Xocalı soyqırımının şahidi olan insanlarla, soyqırımın tədqiqatçısı olan alimlərlə və Xocalı faciəsinin incəsənətdə, ədəbiyyatda inikası ilə bağlı müsahibələrdir.
– Fuad müəllim, indi də “1905.az KİTABI” seriyasının planları barədə.
– Məmnuniyyətlə. Bu seriyadan ilk kitablar 2015-ci ildə işıq üzü görüb. Tarix üzrə fəlsəfə doktoru, portalımızın icmalçısı Aqil Şahmuradovun “Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)” kitabı 3 dildə çıxdı. Azərbaycan, ingilis və rus dillərində.
İndi seriyanın 2017-ci ilin ikinci yarısında təqdim ediləcək kitabları üzərində işləyirik. Araşdırmaçı jurnalist Gündüz Nəsibovun Azərbaycan tarixçilərindən aldığı müsahibələrdən ibarət kitab zənnimcə çox maraqlı olacaq.
“1905.az” Diskussiya Klubunda aparılan müzakirələrin materialları əsasında bir neçə kitabımız çapa hazırlanır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan başqa nəşrlərimiz də olacaq.
– Sizə uğurlar arzulayıram.
İsmayıl Qasımov, Strategiya.az
http://az.strategiya.az/index.php?do=xeber&id=85060