Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Fuad Çıraqov Səudiyyə Ərəbistanında baş verənlərlə bağlı suallarımızı cavablandırdı.
– Fuad müəllim, Səudiyyə Ərəbistanında baş verənlər dünyanın diqqət mərkəzindədir. 11 şahzadənin, 4 nazirin həbs olunması, bir şahzadənin helikopter qəzasına uğraması, qadınlara avtomobil idarəetməyə razılıq verilməsi, robota vətəndaşlıq verilməsi və s. Səudiyyə Ərəbistanında nə baş verir və bu hadisələr nəyin təzahürüdür?
– Müxtəlif şərhlər, müxtəlif rəylər var. Rəylər fərqli olsa da, ən müxtəlif qrupların gəldiyi ortaq rəy belədir ki, gənc şahzadə Bin Salman hakimiyyəti öz əlində cəmləşdirir və möhkəmləndirir. Şahzadənin 32 yaşda bu qədər irəli çəkilməsi Səudiyyə Ərəbistanı tarixində bir yenilik idi. Çünki ondan əvvəlki kral varisləri ahıl yaşlarında, müəyyən dövlət vəzifələri, xüsusilə də müqəddəs şəhərlərin meri və qubernatoru işlədikdən sonra irəli çəkilirdilər. Buna görə də bəziləri hesab edirlər ki, Səudiyyə Ərəbistanı arxaik, statik, qoca bir dövlətə çevrilmişdi. Halbuki ölkə demoqrafiyası, sosiologiyası bunun tamamilə əksidir. Əhalinin 70 faizə qədərini gənc insanlar təşkil edir. Deməli, əhali gəncdir, çılğın hərəkətlərə meyillidir, hər hansı sosial-siyasi narazılıq partlayışa səbəb olar. Bir neçə il öncə ölkəni sosial-siyasi narazılıqlar bürümüşdü və həmin narazılığı Səudiyyənin maliyyə-iqtisadi vəziyyəti xilas etmişdi. Kralın əhaliyə pul paylaması bu narazılıqların qarşısını ala bildi. Amma indi həmin tədbirlər yetərsizdir. Neftin qiyməti aşağı düşür, dünyada neft erası bitməkdədir, hətta ən böyük neft-qaz istehlakçısı olan Çin belə yenilənən enerji sektoruna keçməkdədir. Alternativ enerji və digər enerji vasitələrinə qoyulan innovasiya və vəsaitləri izləsək, deyə bilərik ki, bir neçə ilə dünyanın enerji sektoru inqilabi şəkildə dəyişə bilər.
– Məsələn, “Tesla” artıq adi nəqliyyat vasitəsinə çevriləcək.
– “Tesla” və digər elektromobillər ümumi trendin, aysberqin yalnız görünən tərəfidir. Ən müxtəlif formalarda innovasiyalar tətbiq olunur, yanacaq standarları dəyişir. Avropanın bəzi ölkələrinin, məsələn Almaniyanın iqtisadi fəaliyyəti alternativ enerji hesabına təmin olunur. 15 il öncə mən BP-nin eksperti ilə söhbətimdə alternativ enerji mənbələri ilə bağlı sual verəndə, o, mənə kinayəli təbəssümlə cavab vermişdi. Mənə bir qrafik göstərib alternativ enerjinin ümumi enerji istehlakında 1-2 faiz təşkil etdiyini qeyd edərək, bunun xülya olduğunu demişdi. Amma bu gün tamamilə fərqli mənzərə açılır. 2008-ci ildə ekspertlər açıqlayırdılar ki, növbəti 5 ildə ABŞ-ın xaricdən qaz istehlakı asılılığı 2 dəfə artacaq. Amma bunun əksi oldu. Şist qaz və şist neft hesabına ABŞ dünyada birinci neft və qaz istehsalçısına çevrildi. Səudiyyədən çox neft, Rusiyadan çox qaz istehsal etdi. Trampın Polşaya səfəri zamanı sıxılmış qazın ixracı ilə bağlı terminallar yaradılması ilə bağlı razılıq əldə edilib. Avropanın şimalında – Polşada belə bir infrastruktur yaradılır, cənubda – Yunanıstanda da belə infrasturktur yaratmaqla şərqdən – Rusiyanın enerji təzyiqinin qarşısını alacaq enerji layihələri həyata keçirilməkdədir.
– Belə çıxır ki, Səudiyyə Ərəbistanında yaşananlar dünya enerji xəritəsindəki köklü dəyişikliklər və bu ölkə əhalisinin demoqrafik problemləri ilə əlaqədardır?
– Bəli, başlanğıc səbəb budur.
– Bir də gerontoloji problemlərdir, Əs-Səudun övladları yaşlanıblar, orada 5 minədək şahzadə var. Və ölkə artıq bu “yük”ü apara bilmir.
– Bəli. Ölkə doğrudan da bu “yük”ü apara bilmir, 5-7 min imtiyazlı şəxs var. Onlardan bəziləri dünyanın ən zəngin insanları siyahısındadır. Təbii ki, resurslar artıq bu tələbləri ödəyə bilmir, ölkədə ciddi şəkildə islahatlara ehtiyac var. Mən bilmirəm ki, gələcəkdə proseslər hansı istiqamətdə inkişaf edəcək. Amma şahzadə Bin Bin Salmanın həbslərlə bağlı nitqinin kontentinə fikir versəniz, hüquqi dövlət, korrupsiyaya qarşı mübarizə, resursların effektivliyi kimi Səudiyyə Ərəbistanının siyasi leksikonunda istifadə olunmayan anlayışlar görərsiniz. Səudiyyədə şahzadələrin büdcələri ilə dövlət büdcəsi arasında konkret bir sərhəd yox idi. Zamanın tələbi belədir ki, Səudiyyə dəyişməlidir.
– Bu dəyişiklik də Şahzadə Bin Salmanın moderatorluğu ilə baş verməlidir…
– Bəzən cəmiyyətlər öz inkişaflarında inqilabi dəyişikliklər mərhələsinə gəlib çatırlar. Ağıllı ali rəhbərlik bunu görə bilir və önləyici tədbirlər həyata keçirirlər. Əks təqdirdə bu inqilab yolu ilə baş verir.
– Şahzadə Bin Bin Salmanın portret cizgiləri ilə bağlı danışmağınızı istərdim. Niyə məhz hakimiyyətin varisi seçimində bu insanın üzərində dayanıldı?
– Onlarda xüsusi ierarxik sistem var. Nə üçün məhz Şahzadə Bin Salmanın namizədliyi üzərində dayanıldığına gəldikdə isə burada yəqin ki, daxili mübarizə gedib. Bin Bin Salman da görünür, bu mübarizədən qalib çıxıb.
– Tutaq ki, Şahzadə Bin Salman nəzərdə tutduqlarına nail oldu. Bu, ənənəvi Ər-Riyad – Tehran qarşıdurmasında hansı hadisələrə səbəb olacaq?
– Hazırki vəziyyətin meydana çıxma səbəblərindən biri də Səudiyyənin həm bölgədə, həm də dünyada bütün cəbhələrdə İrana məğlub olmasıdır.
– Həm də Səudiyyənin general Qasım Süleymani kimi fiqurları da yoxdur deyəsən.
– Qasım Süleymani İranın dövlət maşınının gücünün bir simvoludur. Səudiyyə İrana regionda uduzur, Suriyada heç nə edə bilmədi, Yəməndəki vəziyyət göz qabağındadır, İraqı iranlılar ələ keçirmişdi. Yalnız indi-indi Tillersonun apardığı xətlə Səudiyyə İraq diplomatiyasını fəallaşdırmağa və orada balans yaratmağa çalışır. Buraya İraq şiələrinin lideri Müqtəda əs-Sədrin Səudiyyəyə səfərini, İraqın bərpası üçün sərmayə vədlərini əlavə etmək olar. Səudiyyə bütün cəbhələrdə İrana uduzurdu dedik, ən vacibi isə odur ki, həm də imic baxımından uduzur. Son 15-20 ildə mətbuatda İran-Qərb qarşıdurması elə verilirdi ki, sanki Qərb İranı tam məhv etmək, onu parçalamaq istəyir. Amma mən sizə maraqlı bir fakt deyim. Qərbdə İrana münasibətdə çox böyük rəğbət hissi var. Həm Amerikada, həm də Avropada. Dünyada qeyri-rəsmi liberal-sol beynəlmiləlçilik belə demək mümkündürsə, internasional Bunlar müasir intellektual informasiya məkanına nəzarət edirlər. Obama dövründə Çak Heygel adlı bir respublikaçı müdafiə naziri təyin olunmuşdu. Konqressdə dinləmələr zamanı ona qarşı ən böyük təzyiqlərdən, iradlardan biri o idi ki, təyin olunmazdan bir neçə il əvvəl söyləmişdi ki, İranda seçki, demokratiya var və o, modern dövlətdir. Mişel Fuko da İranda islam inqilabını modernist bir hərəkat kimi görürdü və bildirirdi ki, bu, feodal qalıqlarını aradan qaldıran bir vasitədir. Hətta İrana ən güclü təzyiq dövründə də Obama və digər demokratlar çıxışlarında qeyd edirdilər ki, İranın böyük mədəniyyəti var və bu mədəniyyətə böyük heyranlıqlarını gizləmirdilər. Onlar söyləyirdilər ki, problemləri yalnız hazırki rejim və onun siyasəti ilə bağlıdır. 2002-ci ildə Rokfeller Qardaşları Fondunun təşəbbüsü ilə İran layihəsi irəli sürülmüşdü. Bu layihə İranla ortaq dil tapmağın modelini nəzərdə tuturdu. 2006-cı ildə Corc Buşun İraq kampaniyasının son dövrlərində Ceyms Bekker və başqalarının hazırladıqları layihədə də qeyd olunurdu ki, İranla münasibətlər normallaşdırılmalıdır. Həmin qrupun bir çox üzvləri sonradan Obama administrasiyasında mühüm postlar tutdular və danışıqlar prosesində vacib rol oynadılar. Həmin şəxslərin çıxışlarının kontent-analizini aparsaq, İrana qarşı bir rəğbət duymaq olar. Liberalların əsas natiqlərindən olan Fərid Zəkəriyyənin CNN-dəki çıxışlarına fikir versəniz, İrana necə böyük rəğbət bəslədiyini görə bilərsiniz. Donald Taramp bu ilin yayında İrana qarşı təzyiqlər məsələsini yenidən gündəliyə çıxaranda, mühüm bir hadisə baş verdi. “Councilon Foreign Relations”ın rəhbəri Riçard Haass İranın xarici işlər naziri Zərifi Vaşinqtona dəvət etdi və bir yerdə çıxış etdilər. Yəni, Zərifə öz mövqelərini müdafiə etmək imkanı verdilər. Amerikada iki magistr və bir doktorluq dərəcəsi almış Zərif də bunu çox peşəkarlıqla edə bildi. Fərid Zəkəriyyə və digər liberallar mətbuatlarındakı çıxışlarında qeyd edirlər ki, İslam terrorunun mənbəyi İran deyil, Səudiyyə Ərəbistanıdır. 11 sentyabrı törədənlər də əslən səudiyyəlidilər.
– Qeyd etdiniz ki, Səudiyyə İrana bütün cəbhələrdə uduzurdu. İndi Şahzadə Bin Salmanın gəlişi ilə Səudiyyə öz mövqelərini bərpa edə biləcəkmi?
– Liberal mətbuat artıq Bin Salmanın üstünə düşüb. Artıq onun çox kəskin tənqidləri başlayıb. Onun fəaliyyətinə bədbin və tənqidi yanaşırlar. Həm də ona görə ki, Bin Salman bu islahatlar cəhdini Amerikadakı liberallarla birlikdə yox, Trampa yaxın olan insanlar, Careld Kuşner vasitəsilə edir. Əmin ola bilərsiniz ki, yaxın illərdə Bin Salmanın diktator, qaniçən, despotik şəxs obrazını formalaşdıracaq, islahatlar cəhdini isə boş xülya kimi təqdim edəcəklər.
– Həm də yəqin ona görə ki, bəlkə heç o islahatlar cəhdi də alınmayacaq.
– Demək çətindi, ona ancaq uğurlar arzu edə bilərik. Bin Salmanın islahatlar aparmaq istəyi hələ o demək deyil ki, bu, baş tutacaq. İslahatlar üçün bəli, təbii zəmin, sosial sifariş, resurslar, Ağ Evdəki bir qrupun dəstəyi var. Amma ölkənin daxilində dərinə hopmuş bir struktur mövcuddur. Yaxın Şərqdə islahatlar həmişə çox ağır, mürəkkəb, qanlı prosesdir. Cəmiyyətdəki bütün tarazlığı, qüvvələr balansını, qrupları silib, yenidən şəkilləndirmək, yenidən tarazlığa nail olmaq çox çətindir. Türkiyədə bunu Atatürk edə bilmişdi. 1929-cu ildə Əfqanıstanda Əmənulla xan isə bunu edə bilmədi və ölkənin taleyi də qırıldı. Əgər Atatürk də bacarmasaydı, bu gün Türkiyə olmayacaqdı.
– Şahzadə Bin Salmanı həm də mötədil İslamın tərəfdarı kimi qələmə verirlər. Ölkə radikal İslam qanunları ilə idarə olunur. Şahzadə Bin Salman üçün ən böyük təhlükə və ciddi müqavimət elə dindarlar tərəfindən törədilə bilməzmi?
– Təbii ki, onun etdikləri mühafizəkarların xoşlarına gəlmir. Təsəvvür edin, bütün dünyanın gözü qarşısında “qadın” robota vətəndaşlıq verilir. Biz vətəndaş deyirik, onlar təbəə deyirlər. Bir avropalı başıaçıq qadın gəlib rahat şəkildə Səudiyyə təbəəsi ola bilərmi? Cansız bir varlığa təbəəlik vermək çox böyük və rəmzi addım idi, indi bunu dini sxolastika ilə necə şəriətə uyğun olduğunu əsaslandıra biləsən?
– Həm də riskli.
– Çox riskli. Minlərlə fanatik müridi olan adamların reaksiyasını təsəvvür edirsinizmi?
– Bin Salman artıq hakimiyyət “rıçaq”larını əlində tutub. Qətər hadisələri də Bin Salmanın avansəhnəyə gəlmə layihəsinin tərkib hissəsi idi?
– Şahzadə Bin Salman sağ görüşləri olan ərəb milliyətçisidir. Mənim fikrimcə, onun İranla ədavətində dini görüşlərin rolu elə də əsas deyil. Hətta Səudiyyə və İran eyni məzhəbdə olsaydılar da, bu ədavət olmalı idi. Məşhur şərqşünas Qraham Fellerin belə bir konsepsiyası var ki, hətta İslam olmasaydı belə, Yaxın Şərqdəki vəziyyət yenə də elə bugünkü kimi olardı. Yəni, mövcud ziddiyyətlər Ərəblərlə Əcəm arasındakı rəqabət istənilən şəkildə olmalı idi. Səudiyyə də özünü ərəb dünyasının, ərəb mədəniyyətinin mərkəzi hesab edir. Amma Bin Salman görür ki, başqa müsəlman ölkələri bir yana, ərəb dünyasında da İrana uduzur. Ona görə də Qətərin İranla hər hansı ticarət, iqtisadi, biznes əlaqələrinə çox qısqanclıqla yanaşır.
– Yəni Şahzadə Bin Salmanın mövqelərinin möhkəmlənməsindən sonra da Ər-Riyad-Doha qarşıdurmasının aradan qalxmasına ümid etməməliyik?
– Bu daha çox Doxanın İranla Səudiyyə arasında necə manevr etməsindən və Səudiyyənin şərtlərinə münasibətindən asılıdır. Yadınızdadırsa, Səudiyyə Qətər üçün çox ağır şərtlər irəli sürmüşdü.
– O cümlədən də “Əl-Cəzirə”nin bağlanmasını.
– “Əl-Cəzirə”ni bəlkə də əslində daha çox Tramp bağlamaq istəyir. Çünki “Əl-Cəzirə” dünyada ən mühüm liberal KİV-dən birinə çevrilib. Trampın Qərbdə ənənəvi hesab edilən (mainstream) liberal mətbuatla qarşıdurmasına onları saxtakar (Fakenews) adlandırmasına fikir verin. Yeri gəlmişkən, bu telekanalın Azərbaycanla bağlı da çox qərəzli yanaşmaları var. Xüsusilə də Dağlıq Qarabağ münaqişəsinə münasibətdə. Bu da təbiidir. Çünki liberal düşüncədə əzilənə, zülmə məruz qalana bir rəğbət hissi var. Liberal dünyagörüşünü yaxşı mənimsəyən ermənilər də dünyada özlərini əzabkeş, zülmə, “soyqırım”a məruz qalan xalq kimi tanıda biliblər və liberalların bu mövqeyini öz maraqlarına uyğun məharətlə istismar edə bilirlər.
– Qətəri ən çox dəstəkləyən qüvvələrdən biri də Türkiyədir. Bin Salmanın hakimiyyəti dövründə Ər-Riyad-Ankara münasibətlərində nə dəyişə bilər?
– Tarixən bu bölgədə çox şərti bir üçbucaq mövcuddur – ərəb sivilizasiyası, türk sivilizasiyası və fars sivilizasiyası. Tarixi İran-Türkiyə rəqabəti var. Hərçənd son dövrlər bir yaxınlaşma duyulur, amma bunu zaman göstərəcək ki, bu yaxınlaşma dərinləşəcək, ya dərinləşməyəcək. Bu üçbucaq şərti olaraq ziddiyyətli Almaniya-Fransa-Britaniya üçbucağına oxşayır. Bir-biri ilə savaşıblar, müharibələr aparıblar, həm ayrı-ayrı mədəniyyətlərdir, həm də bir-birlərindən çox təsirləniblər. Bu gün isə Fransa və Almaniya bir-birini tamamlayır, bir-birinin güclü olmasında maraqlıdırlar. Türkiyə ilə İranın həddindən artıq bir-birinə yaxınlaşması şəxsi subyektiv fikrimə görə yaxın zamanların işi deyil. Bunun üçün iqtisadi maraqlar olmalı, qarşılıqlı asılılıq artmalıdır. Hələlik kürd amili və digər məqamlar onları yaxınlaşdırıb. O ki, qaldı Ankara-Ər-Riyad münasibətlərinə, mən Şahzadə Bin Salmanın Türkiyə ilə bağlı qırmızı xətti keçəcək sərt ifadələr işlətməsini eşitməmişəm. Əgər mən onun yerində olsaydım, Türkiyəni qıcıqlandıracaq hərəkətlər etməzdim. Çünki, belə hərəkətlər Türkiyə-İran yaxınlaşmasını daha da təşviq edərdi.
– Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında olduğundan, Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqələri yoxdur. Böyük güclərin təsiri altında Şahzadə Bin Salman Ermənistana münasibətini dəyişə bilərmi?
– Mən birmənalı şəkildə deyirəm ki, yox, dəyişməz.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az