Dekabrın 9-da “1905.az” portalının “Kvartet” rubrikasında Fuad Hüseynzadənin “Dünya Azərbaycanlılarının palitrası” kitabı müzakirə olundu. Müzakirədə kitabın müəllifi, Azərbaycan Diapor Jurnalistləri Birliyinin rəhbəri Fuad Hüseynzadə, uzun müddət Qazaxıstanda və Orta Asiyada telejurnalist kimi çalışmış Aida Eyvazova iştirak edirdi. Ümumrusiya Azərbaycanlıları Konqresinin Krasnoyarsk şöbəsi üzrə sədr müavini Ələkbər Qarayev və Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, Moskvada yaşayan gənc diaspor üzvü Toğrul Alahverdili müzakirələrə “Skype” vasitəsilə qoşuldular.
Fuad Babayev: Fuad müəllim, mən kitabla tanış olduqdan sonra, böyük bir qürur hissi keçirdim ki, belə bir böyük diaspor potensialımız var. Burada həm Avropadan, həm Amerikadan, həm də postsovet məkanından olan insanlardan müsahibələr verilib. Kitabda 2007-ci ildən indiyə kimi götürülmüş müsahibələr yerləşdirilib. Siz bu müsahibələri götürəndə, sonradan onları kitab halında buraxacağınızı təsəvvür edirdinizmi? Ümumiyyətlə, bu kitab ideyası necə yarandı?
Fuad Hüseynzadə: Mən 1997-ci ildən jurnalistika sahəsindəyəm. Amma 2007-ci ildə çap mətbuatına gələndən sonra, “Paritet” qəzetində “Soydaş” rubrikasını açdım. İlk müsahibəmi də 2007-ci ildə Dubayda yaşayan soydaşımız Samir İmanovdan götürmüşəm. Sonra isə digər müsahibələr oldu. İlk günlər məndə kitab buraxmaq ideyası yox idi. Bu ideya barəsində yalnız son 3-4 il ərzində düşünməyə başlamışdım. Amma içimdə bir qorxu var idi ki, bunu edə bilərəmmi? Çünki 5 qitədən olan azərbaycanlıları bir kitabda birləşdirmək, onlar arasında seçim etmək böyük məsuliyyət idi. Fəaliyyəti hər kəsi qane edəcək adamları tapmaq çətindir. Dostlarla məsləhətləşəndən sonra, dövlət müstəqilliyimizin 25 illiyi ərəfəsində bu cəhdi etmək qərarına gəldik.
Fuad Babayev: Belə başa düşdüm ki, kitaba daxil edilməyən müsahibələriniz də olub?
Fuad Hüseynzadə: Mənim 700-dən artıq müsahibəm var. Amma kitabda onların çox az bir hissəsidir. Elə kitabı gecikdərməyimin əsas səbəbi də seçimlə bağlı idi. Diaspor nümayəndələrini bir kitabda birləşdirmək üçün nəhayət, bu qərarı verdim.
Fuad Babayev: Yəni 700-dən arıq müsahibənin yalnız 173-nü bu kitaba daxil etmisiniz?
Fuad Hüseynzadə: Bəli. Mən hətta vaxtilə dost olan, lakin sonradan araları dəyən insanlardan götürdüyüm müsahibələri də kitaba daxil etmişəm. Çalışmışam ki, vaxtilə keçmiş dostu haqqında dediyi xoş sözlər də saxlanılsın, bəlkə həmin dostluq yenidən bərpa oluna. Bəzi insanları müsahibədə üzdən tanıyırdım, lakin kitab üzərində işləyəndə daha yaxından tanıdım. Qazaxıstandan diaspor üzvümüz var – Vidadi Salahov. Səhv etmirəmsə, diasporda yeganə akademikdir. Milli-mənəvi dəyərlərimizə son dərəcə bağlı bir insandır. Həm də xeyriyyəçidir. “Ata yurdu” adlı bir məkanı var, Qazaxıstanda yaşayan azərbaycanlılar həmin məkandan xeyir-şər tədbirlərini yola vermək məqsədilə istifadə edirlər.
Aida Eyvazlı: Vidadi müəllimi mən də yaxşı tanıyıram, çox dəyərli bir insandır.
Fuad Babayev: Kitab oktyabrın 28-də çapdan çıxıb. İlkin reaksiyalar necədir? Bilirəm ki, artıq təqdimat mərasimləri keçirilir. Gəlin, bu barədə danışaq.
Fuad Hüseynzadə: Kitab diasporumuzda həqiqətən bir canlanma yaratdı. Sosial mediada bu özünü daha çox göstərdi. Çünki bu kitabda müsahibəsi olanların böyük əksəriyyətinin sosial şəbəkələrdə profilləri var. Hamısı da bu kitabla bağlı ürək sözlərini dedi. Bu, sanki onlar üçün bir motivasiya oldu. Mən diasporu ürəyə bənzədirəm. Ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız isə bu ürəyin hissələridir. Və bu ürək sanki birdən-birə daha da sürəkli döyündü.
Fuad Babayev: Kitabın artıq hansı şəhərlərdə təqdimatı olub?
Fuad Hüseynzadə: İlk təqdimat Krasnoyarskda oldu. Ümümrusiya Azərbaycanlılar Konqresi Krasnoyarsk şəhəri üzrə sədr müavini Ələkbər müəllim və onun həyat yoldaşı, “Odlar yurdu” rəqs ansamblının rəhbəri Səadət Qarayevanın təşəbbüsü ilə. Yeri gəlmişkən, onların hər ikisinin kitabda müsahibəsi var. Bu kitabda müsahibə götürdüyüm insanların hərəsinin bir özəlliyi var. Ələkbər müəllim bəlkə də yeganə vəkildir ki, erməniləri yaşadıqları ölkədə susdurub. İsmət Qayıbovun müəllifi olduğu “Erməni terroru” kitabı var idi. Ermənilər həmin kitabın Rusiya, eləcə də Krasnoyarsk ərazisində yayılmaması üçün məhkəməyə müraciət etmişdilər. Ələkbər müəllim səfirliyin dəstəyilə həmin məhkəməni uddu. Artıq o kitab bütün Rusiya ərazisində yayıla bilər. Həmçinin, Ələkbər müəllim təmənnasız olaraq Krasnoyarskda bütün azərbaycanlıların hüquqi məsələlərlə bağlı işlərini görür. Həyat yoldaşı Səadət xanımın “Odlar yurdu” ansamblı isə bütün Rusiyada və dünyada Azərbaycanı təmsil edir. Kitabın ayın 14-də Moskvada da təqdimatı olacaq.
Fuad Babayev: Aida xanım, Siz uzun illər Azərbaycan televiziyasını 5 ölkədə təmsil etmisiniz. Həmin ölkələrdə isə hələ Stalin dövründən nə qədər azərbaycanlı yaşayır. Elə bu kitabda da tanıdığınız adamlar var. Azərbaycan diasporu həmin ölkələrdə nə dərəcədə mütəşəkkil idi?
Aida Eyvazlı: Bəri başdan deyim ki, kitab çox xoşuma gəldi. Və bu kitabda da dediyiniz kimi, yetərincə tanıdığım insanlar var. Mən həmişə Vətənimizdən kənarda yaşayan azərbaycanlıları axtarmağa çalışmışam. Hələ o vaxtlar Ukraynadakı azərbaycanlıları çəkib, Azərbaycanda göstərmişdik. Bilirsiniz, Vətəndən uzaqda azərbaycanlıları axtarmağın özü də elə Vətəni axtarmaq deməkdir. Axı onların hər biri Vətənin bir parçasıdır. Hələ 1995-96-cı illərdə Vətəndən uzaqdakıları gedib, axtarıb, tapanda onlar elə sevinirdilər ki… Necə süfrələr açır, açıq ürəklə qəbul edirdilər. Görünür ki, Tanrının yazdığı bir missiya var və mən 5 ölkədə televiziya müxbiri kimi çalışdım. O illərlə şərəf duyuram. Özbəkistanda diaspor zəifdir, elə bu gün də zəifdir. Mən deyərdim ki, Orta Asiyada ən zəif diasporumuz elə Özbəkistanda və Tacikistandadır. Hərçənd Akif müəllimin dövründə diaspor daha güclü idi. Tacikistanda ona görə zəifdir ki, azərbaycanlı az, həyat səviyyəsi çox aşağıdır. Bizim azərbaycanlılar isə iş qurmağı sevirlər. Amma oradakı səfirliyimizin səyi ilə diasporu bir yerə yığıb, təşkilatlandırmaq mümkün oldu. Hətta “Leyli və Məcnun” tacik dilində səhnələşdirildi. Özbəkistanda azərbaycanlılar say etibarilə ən böyük diasporlardan biridir. Səmərqənddəki azərbaycanlılar çox zəif yaşayırlar. Onlar ancaq dini mərasimlərdə bir yerə yığılırlar.
Fuad Babayev: Hətta Novruz bayramı da onları birləşdirə bilmir?
Aida Eyvazlı: Bəli. Novruz Tacikistandakı soydaşlarımızı daha çox birləşdirir.
Fuad Babayev: Bəs diaspor bu ölkələrin hansında daha çox güclüdür?
Aida Eyvazlı: Qazaxıstanda.
Fuad Hüseynzadə: Qazaxıstanda iş adamları da çoxdur. Diasporun güclü olmasına məncə, maliyyə dayaqları da böyük şərait yaradır.
Fuad Babayev: Bizim diasporda zaman-zaman rast gəlinən qütbləşmə, bir-biri ilə yola getməmə bu kitaba da öz təsirini göstəribmi? Ümumiyyətlə, Fuad müəllim və Aida xanım, belə bir fenomenlə razılaşırsınızmı?
Fuad Hüseynzadə: Əlbəttə, qütbləşmə bizim diasporda var və bu, az qala bütün şəhərlərdə özünü göstərir. Amma bu kitabın əsas məqsədlərindən biri odur ki, bu qütbləşməni aradan qaldıraq. Mən çox istərdim ki, bizim söhbətimizə “Skype” vasitəsilə Ümumrusiya Azərbaycanlıları Konqresinin Krasnoyarsk şöbəsi üzrə sədr müavini Ələkbər Qarayev və Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, Moskvada yaşayan gənc diaspor üzvü Toğrul Alahverdili qoşulsunlar.
Fuad Babayev: Məmnuniyyətlə onların fikirlərini dinləyərdik.
Fuad Hüseynzadə: Salam, Ələkbər müəllim. Biz bu gün “1905.az” portalında “Dünya Azərbaycanlılarının palitrası” kitabının müzakirəsinə yığışmışıq. Kitabla tanış olan bir şəxs kimi Sizin də fikirlərinizi bilmək istərdik.
Ələkbər Qarayev: (“Skype” vasitəsilə qoşulur) Bilirsiniz, mən artıq 30 ilə yaxındır diaspora işi ilə məşğulam. İndiyə kimi çox jurnalistlər gəliblər, çox kitablar yazıblar. Heç vaxt müraciət etməmişəm ki, barəmdə həmin kitablarda yazsınlar. Çünki görürdüm ki, kimin ticarət mərkəzi, restoranı var, gedib onları tapıb, pul alır, onlar haqqında yazırdılar. Halbuki onlar heç vaxt xalq üçün nəsə etməyiblər. Amma Fuad Hüseynzadə ilə ilk dəfə görüşəndə danışığından gördüm ki, fikri, tutduğu istiqamət həmin o jurnalistlərdən tamamilə fərqlidir. Sizin kitabınız çıxanda da gördüm ki, haqlıyam. Dünyada yaşayan insanların qaymağını ortaya çıxarmısınız. Xaricdə yaşayan hər bir azərbaycanlı öz xalqının simasıdır. Bizdə, azərbaycanlılarda bir məsəl var, deyirlər ki, uşaq evin güzgüsüdür. Yəni ki, o uşağa baxanda bilirlər ki, bu ailə necədir. Biz, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan xalqının güzgüsüyük. Göstərməliyik ki, bizim simamızda görün ki, azərbaycanlılar necə olmalıdır. Mən kitabı vərəqlədim. Çox xoşuma gəldi, çox şad oldum ki, gör bizim xalqımızın necə nümayəndələri var. Əgər kitabın yeni nəşrini buraxdırmaq imkanınız olsa, inanıram ki, bu dəfə orada 173 yox, 1773 nəfərlə müsahibə olacaq. Mən Sizin bütün qrupunuza öz təşəkkürümü bildirirəm. Mən həmişə deyirəm ki, insan dünyaya gələndə onun qəlbində iki hiss olur. Qalanları onun qəlbinə sonradan kənardan girir. İnsanın özü ilə doğulan iki hissdən biri məhəbbətdir, o birisi də Vətənə sevgi. Bu hisslər kənardan alınmır, insanın içində olur. Biz artıq burada kitabınızın təqdimatını keçirdik. Hamı çox bəyəndi. Bilirəm ki, ayın 14-də Rusiyanın paytaxtında da kitabın təqdimatı nəzərdə tutulub. Bilirsiniz ki, yeni ildən mən də Moskvada yaşayacağam. Mənim də köməkliyim olacaq ki, bəlkə sizin Moskvada tanımadığınız, amma Azərbaycanı layiqincə təmsil edən insanlarla Sizi tanış edim. Burada gənclər var, onlar da nə vaxtsa Sizin kitabınıza düşmək arzusunda olduqlarını bildirdilər. Mən də dedim ki, inşaallah təbii ki, bir gün arzuları reallaşacaq. Sadəcə olaraq öz əməllərinizlə, öz işlərinizlə azərbaycanlı adına, Azərbaycan xalqına layiq işləmək, çalışmaq lazımdır.
Fuad Hüseynzadə: Çox sağ olun, Ələkbər müəllim, minnətdaram. Siz də əziyyət çəkib, kitabın təqdimatını elədiniz. Bizim adımızdan ordakı bütün soydaşlarımıza salamlarımızı çatdırın.
Aidə Eyvazlı: Ələkbər müəllimə mən də uğurlar arzulayıram. Hiss etdim ki, söylədiyi sözlər həqiqətən ürəkdən gələn sözlərdir. Bizim fikirləşdiklərimizi deyir. Həqiqətən də öz şəxsi mənafeyini güdənlər heç vaxt ümumi məqsədimizi əsas götürə bilməz. Biz burada söhbət edəndə də Fuad qardaşımız bildirdi ki, bu müsahibələrin çoxunu Bakıda alıb, bəzilərini hətta İnternet üzərindən. Bildim ki, həqiqətən Vətəndən uzaqda Vətən üçün çalışanları tanıtdırmağa çalışıb. Vətəndən uzaqda bizim Vətən boyda oğullarımız var. Və o Vətən boyda oğulları bir kitabda cəmləşdirib. Tarixdə qalacaq bir kitabdır. Böyük Heydər Əliyevin arzuladığı bir işdir. Bir də çox sağ olun, uğurlar arzulayıram. Və inanırıq ki, Fuad müəllim də sizinlə əməkdaşlığı davam etdirəcək.
Ələkbər Qarayev: Mən də sizlərə uğur arzu edirəm. Qoy bizim Fuad Hüseynzadələrimiz çox olsun. Qəlbdən işləyən bizim jurnalistlərimiz çox olsun. Və inanıram ki, belə də olacaq.
Fuad Hüseynzadə: İndi isə icazənizlə, Moskvada yaşayan diaspor üzvü Toğrul Allahverdilini dinləyək.
Toğrul Allahverdili: (“Skype” vasitəsilə qoşulur) Hər birinizi salamlayıram. Kitab haqqında ilk öncə onu demək istəyirəm ki, mən dövlətimiz haqqında, tarix, diaspor haqqında çıxan kitabları tez-tez izləyirəm. Amma bu kitab çıxmağı ilə bir partlayış yaratdı, tez yayıldı. Bəzi kitablar bizdə deyildiyi kimi, Biləcəridən o tərəfə çıxa bilmir. Amma bu kitab sevindirici haldir ki, Rusiya, Amerika, Fransa, Qazaxıstan, Türkiyədə, hər yerdə yayıldı. Özü də böyük bir sürətlə. Çünki bu kitabın çıxmağını gözləyənlər çox idi. Sağ olsun Fuad bəy, mənim də fəaliyyətimi həmin kitabda qeyd edib. Fuad bəy təsdiq edər ki, kitabda ən çox müsahibə Rusiyadandır.
Fuad Hüseynzadə: Elədir. Rusiyanın ərazisi də böyükdür, ən böyük diasporumuz da orada formalaşıb. Buna görə də təbii ki, Rusiyadan müsahibələrin sayı çoxdur.
Toğrul Allahverdili: Ona görə də inşallah biz də ayın 14-də Moskvada, Azərbaycan bədii ədəbiyyatının inkişaf fondunun ofisində kitabın təqdimatını keçirəcəyik. Kitabın təqdimatına demək olar ki, Rusiyanın bir çox yerlərindən diaspor üzvlərini dəvət etmişik. Bilirsiniz ki, artıq Rusiyada soyuqlar düşüb, həmvətənlərimiz üçün regionlardan gəlmək çətinləşib. Ancaq Moskvada diasporumuzun əksər nümayəndələri iştirak edəcək. Kitab bu yaxınlarda, dekabrın 6-da Rusiya Azərbaycan Gəncləri Təşkilatının 7-ci forumu çərçivəsində, bu təşkilatın sədri Leyla xanım Əliyevaya da təqdim olundu. Eləcə də cənab səfir Polad Bülbüloğluna da təqdim edildi. Onlar da kitabın çap edilməsi münasibətilə təbrik etdilər müəllifi.
(14 dekabrda kitabın Moskvada təqdimat mərasimi keçirilib. Təqdimat Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi tərəfindən təşkil edilib. Təqdimatda Azərbaycan diasporunun üzvləri, tələbələr, KİV nümayəndələri iştirak ediblər. Tədbirdə öncə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili kitabın müəllifi haqqında tədbir iştirakçılarına danışıb Daha sonra Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Qarayev çıxış edərək “Dünya azərbaycanlılarının palitrası” kitabının diasporumuzun mütəşəkkilliyinə yeni töhfə olduğunu deyib Təqdimatda kitabın müəllifi Fuad Hüseynzadə ilə videobağlantı qurulub – red.)
Aida Eyvazlı: Bilirsiniz, Toğrul bəy, mən həqiqətən də, Moskvadakı azərbaycanlıları izləyirəm. Sevinirəm onların uğurlarına. Və Fuad müəlimin də sizin kimi ələkdən keçirilmiş gəncləri diaspor palitrasına daxil etməyi məni çox sevindirir. Kitab, bilirsiniz ki, layiqlilərin kitabıdır. O layiqlilərin içinə sizin də düşdüyünüzə görə sizi təbrik edirəm.
Toğrul Allahverdili: Çox sağ olun.
Aida Eyvazlı: Ətrafınızda belə gəncləri çoxaldın. Sizin hər biriniz bizim haqqımızın, ədalətimizin səsisiniz.
Fuad Babayev: Fuad müəllim, kitab haqqında çox xoş sözlər deyildi. Kitab 9 il əvvəl götürülmüş müsahibə ilə başlanır. Nə əcəb bu illər ərzində baş vermiş dəyişikliklərlə kitabı təchiz etməmisiniz? Bildiyimə görə, kitabda hətta vəfat edənlərlə bağlı müsahibələr də var.
Fuad Hüseynzadə: Mən kitabın az bir hissəsində qeydlər etmişəm. Dünyasını dəyişənlərin isə ancaq fotoşəkillərini qara çərçivədə verdik ki, bilinsin.
Fuad Babayev: Bir də materialların çap edildiyi media orqanlarının da adı yoxdur. Məncə, bu istinadlar kitabın əhəmiyyətliliyini daha da artırardı.
Fuad Hüseynzadə: Mən yalnız girişdə bu materialların müxtəlif media orqanlarında çap olunduğunu qeyd etmişəm.
Aida Eyvazlı: Bir də ölkələri qeyd etməmisiniz.
Fuad Hüseynzadə: Biz ümumilikdə kitabı dörd hissəyə bölmüşük: “Diaspor fəaliyyəti könül işidir”, “Diasporumuzdakı jurnalistlər”, “Xaricdəki gənclərimiz”, “Azərbaycanın əcnəbi dostları”. Çünki ölkələrə əsasən ayırsaq, bir qədər qarışıqlıq olardı. Biz kitaba maksimum Azərbaycan üçün çox böyük işlər görən insanların salınmasına çalışmışıq.
Fuad Babayev: Düşünürəm ki, bugünkü müzakirəmizi uğurlu saymaq olar. Mən bir daha “Dünya azərbaycanlılarının palitrası” kitabının müəllifi Fuad Hüseynzadəyə, hörmətli Aida xanıma minnətdarlığımızı bildirirəm.
Hazırladı: Gündüz Nəsibov, 1905. az