1905.az portalının suallarını rəssam Fuad Manafov cavablandırdı.
– Fuad müəllim, marinist rəssamlar dəniz mənzərələri çəkir. Bəzi rəssamlar daha çox peyzaj çəkməyə üstünlük verir. Batal janrda (təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janr – red.) səhnələri çəkən rəssamlar var. Amma Sizin əsərlərdə daha çox şəhər, xüsusən də köhnə şəhər məişəti öz əksini tapıb ki, bu da Bakının İçərişəhər, Sovetski və s. əraziləridir. Yaradıclığınızda əsas diqqəti bu mövzuya yönəltməyinizin səbəbi nədədir?
– Marinist, batalist, yaxud peyzaj sahəsində işləyən rəssamlar, əgər fikir versəniz görərsiniz ki, daha çox özünə qapanmış, müəyyən qədər cəmiyyətdən təcrid olunmuş insanlardır. Onlar öz ruhlarının sakitliyini, tutaq ki, dənizin sakit, ya çılğın ləpələrində, günəşin doğuşunda, batışında, təbiətin qoynunda tapırlar və beləcə ruhları dincələ bilir. Ancaq məndə cəmiyyətdən təcrid olunma, yaxud tərki-dünyalıq yoxdur. Mənim əsərlərim Bakının XX əsrin ortaları və sonlarına doğru dövrünü əhatə edir. Yəni mən müasir Bakını indiyə qədər tərənnüm etməmişəm və sözün açığı, fikrimdə də yoxdur. Mən özümü müasir Bakıda hələ ki, tapa bilmirəm, istədiyimi görə bilmirəm.
Gəlin Bakıya, onun qızıl dövrünə bir az kənardan baxaq. Yəni mən XIX əsrin sonundan XX əsrin sonuna qədər tarixə “qızıl dövr” deyirəm. Bu, təkcə Bakıya aid deyil. Məsələn, bu yaxınlarda şəkillərdə gördüm ki, XX əsrin 60-70 illərində indiki Əfqanıstanda necə böyük bir dünyəvi mədəniyyət var idi. Deyərdim ki, həmin dövrdə əksər ölkələrdə hər bir sahə inkişaf etmişdi, bir çiçəklənmə baş verirdi, Yer kürəsinin sanki bir intibah dövrü idi.
O dövrdə əksər kinematoqraflar filmlərini gəlib Bakıda çəkirdilər: “Tehran-43”, “Brilyant əl”… Halbuki o filmlər mövzu baxımından Azərbaycanı əhatə etmirdilər. “Tehran 43” filminin mövzusu adından da göründüyü kimi Tehranla əlaqəli idi və o dövrdə Sovet-İran əlaqələri yaxşı olduğu üçün gedib o filmi İranda da çəkə bilərdilər. Niyə məhz Bakı? Niyə “Amfibiya adam” Bakıda çəkilib? Bakının mistikası, çəkiciliyi var idi, indi yoxdur. Bu çəkicilik bəlkə də Bakının o sakitçiliyindən, küləyin divarlardan kəsib keçən fitindən doğurdu. O zaman insanlar, onların düşüncə və həyat tərzi, rifahı da başqa cür idi. İndi hər kəs problemlərə görə özünə qapanıb, amma o dövrdə biz tamam başqa bir ab-havada yaşayırdıq.
– Bildiyim qədər, Siz peşəkar rəssamlıqla məşğul olmağa bir qədər gec başlamısınız. Bunun səbəbi nədir? Adətən indi bütün sahələr gəncləşib və bir qayda olaraq artıq 30-35 yaşlarında yaradıcı insanlar kifayət qədər məhsul ortaya qoyurlar. Niyə belə gec? Öz həyat yolunuz barədə danışa bilərsiniz?
(“Mehriban qonşular” – ölçüsü 55×75, 2020-ci il)
– Mən, elə bil ki, ikinci həyatımı yaşayıram. Tələbəlik illərində hamı kimi mənim də böyük ideyalarım var idi, həyata tamam başqa cür baxırdım. Sadəcə, tale elə gətirdi ki, 1990-cı illərdə hər şey birdən-birə dəyişdi; nəinki mənim, əksər həmyaşıdlarımın planlarının üstündən xətt çəkildi. Gördüm ki, yaradıcılığı arxa plana salmalıyam, həm də ailə qarşısında öhdəçiliyim var idi. O dövr yaradıcılıq dövrü olmadığından, mən istiqaməti dəyişməli və hüquq-mühafizə orqanlarında fəaliyyət göstərməli oldum. Birinci Qarabağ savaşında da iştirak etdim; müharibə veteranıyam. Ancaq o vaxtlar tam yaradıcılıq ilə məşğul olmasam da, bu həvəs içimdə var idi, ara-sıra özüm üçün şəkil çəkirdim. Və sonda, 2016-cı ildə başqa sahədə işləməyimə baxmayaraq, bir rəssam kimi tanınmağa başladım. Belə qərara gəldim ki, artıq zamanı gəlib çatıb, sözümü bu sənətdə deməliyəm. Beləcə, 2016-cı ildən faktiki olaraq sırf rəssamlıqla məşğulam.
– Yəni sərbəst qrafiklə fərdi yaradıcılıqla məşğulsunuz. Bugün Azərbaycanda rəssamın qayğı zənbili, həll etməli olduğu problemlər haqqında nə deyə bilərsiniz? Və Siz Rəssamlar İttifaqının dəstəyini hiss edirsiniz?
– Sualınıza başqa bir səmtdən yanaşmaq istəyirəm. Belə deyək, əgər rəssam beynində yaradacağı əsəri deyil, adi həyat problemlərini düşünürsə, o zaman onda o iş alınmayacaq. Alınsa da, istədiyi kimi olmayacaq. Çünki əsərə açıq beyinlə, açıq ruhla yanaşa bilmir. Məsələn, Sovet dövründə, hətta tələbə olarkən dövlət tərəfindən sifarişlər qəbul edirdim. Sifarişçi rəssamın bütün maddi problemlərini həll edirdi. Verdiyi sifarişin materialını da və sonda qonorar da verirdi. İstər-istəməz hər bir sifarişin sonunda hər hansı bir materialdan qalıq da qalırdı. Bu da bir dəstək idi. Amma bugün belə bir şey yoxdur. Mən Rəssamlar İttifaqının üzvüyəm. Üzvlər üçün mütləq emalatxana olmalıdır, amma yoxdur, həmçinin material ilə, sifarişlərlə təmin olunmuram.
– Bəs Rəssamlar İttifaqının üzvü olmaq Sizə nə verir?
– Bir misal çəkim. Bu yaxınlarda işlərimi dərc edəcəklər və məndən soruşurlar ki, İttifaqın üzvüyəmmi? Deyirəm ki, 2017-ci ildən üzvüyəm. Soruşurlar ki, niyə belə gec. Bəs sərgilərdə olmuşammı? Deyirəm – xeyr. Deyirlər – bəs niyə? Mən də soruşuram ki, xanım, sərgilərdə olmusunuz? Cavab verir – bəli. Deyirəm – çox gözəl, bəs hansı sərgidən bir əsər alıb evinizə aparmısınız? Yəni əgər sərgi keçirilirsə, ora yalnız rəssamlar və sənətşünaslar gəlir. Sərgini o zaman edərlər ki, rəssam maddi cəhətdən problemini həll etsin. Mənə hazırda sərgi lazım deyil. Sərgi mənə nə verir? Tutaq ki, daha çox tanıdacaq. Bəs sonra? Yəni bu, mənim fərdi yanaşmamdır. Çoxları mənə deyir ki, çəkil kənarda dayan, biz sənin sərgini edərik. Mən isə belə şeylərdən müəyyən qədər qaçıram.
– Sizin Bakı ilə bağlı əsərlərinizdən ibarət albom buraxmaq fikri varmı? Sizə bu təkliflə müraciət edən olub?
– Bu yaxınlarda Moskvada yaşayan və “Улицы Москвы” (“Moskva küçələri” – red.) jurnalının redaktoru olan bir həmvətənimiz mənə yazmışdı ki, jurnalımızda çıxan “художники Азербайджана” (“Azərbaycanın rəssamları” – red.) məqaləsində mənim barədə də məlumat veriblər. Məqalənin ikinci hissəsi və ya xüsusi buraxılışı isə sırf Bakı haqqında olacaq və mən də ora öz materiallarımı göndərəcəm.
– Yaradıcılıq planlarınızdan danışın. Bayaq qeyd etdiniz ki, müasir Bakı ilə bağlı əsəriniz yoxdur. Yəni Alov qüllələri, Bakı Kristal Zalı, təzə çıxan əzəmətli göydələnlərlə və ya Formula-1 yarışlarındakı o cənfəşanlıqla bağlı ideyanız, fikirləriniz yoxdur.
(“Qədim Bakı” – ölçüsü 60×40, 2006-cı il)
– Cavan rəssamlar müasir Bakının memarlıq əsərlərinə müraciət edirlər. Çünki onlar gözlərini açıb indiki dövrü görüblər. Onlar bizim kimi tramvay, yaxud trolleybus görməyib. Müasir Bakı onlar üçün daha doğmadır. Amma biz şəhərə çıxan kimi bukinistə, kitab mağazasına gedirdik. Mənə bir rəssam kimi maraqlıdır ki, kitab oxuyan bir qadının, ya kişinin şəklini çəkim, lakin bir qadının əlində telefonla şəklini çəkmək mənə yaddır. Mən ondan müsbət enerji almayacam. Ancaq müasir gənclik onu görür. Yaşıdlarım olan rəssamlar keçmişimizi çəkir, amma Bakı da dəyişir axı. Məsələn, mən tutaq ki, Bakı Dəmir Yol Vağzalını, Azdramanı (Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – red.) çəkmişəm. Ancaq nəsil dəyişir və onlar üçün də xatirə kimi olacaq, Alov qüllələrinin şəklini çəkəcəklər. Yəni yaş dövrünün öz istəkləri var. Məsələn, mən uşaq vaxtı muğama qulaq asmırdım, amma yaşa dolduqca muğama bağlandım. Bəlkə də müasir Bakını çəkmək üçün müəyyən mərhələ keçilməlidir.
– Sizə xaricdən, tutaq ki, diaspordan sərgi təklifi gələ bilərmi? Belə bir maraq var? Axı Sizin xarici ölkələrdə yaşayan insanlar arasında Facebook-da dostlarınız mövcuddur.
– Sizə sualın texniki tərəfini deyim. Yazıçı ilə rəssam arasında fərq nədədir. Birincinin gücü dilində, ikincinin gücü isə əlindədir. Yazıçı öz kitabının imicmeykeridir, ona özü imic yaradır. Rəssama isə imicmeyker lazımdır ki, onun əsərini, onu reklam etsin. Mən Bakının rəsmini çəkirəm, bu öz yerində, amma mən bu haqda yalnız 2-3 kəlmə söz deyə bilərəm. Ona görə də bu sənəti göstərmək, onu dünyaya yaymaq üçün bu barədə danışa bilən, onu, yəni rəssamı, ya da əsəri yox, işlədiyin mövzunu hamıya sevdirə bilən insan lazımdır.
– Bəlklə bunlar Azərbaycan mədəniyyətinin təqdim olunmasında boşluqların olmasından xəbər verir? Biz özümüzü təqdim edə bilmirik və rəssamdan tələb edirik ki, o həm özünün imicmeykeri olsun, həm rabitə qursun və bunu etməyəndə də günahlandırırıq ki, niyə etmir.
– Son dövrlərdə rəssamların müəyyən qədər arxa planda qalmasında əsas baiskar, məncə, həm sənətşünaslardır, həm də qalereya rəhbərləridir. Azərbaycanda qalereya sahibləri və sənətşünaslar keçmiş dövrün rəssamlarının işlərinin respublikadan kənarda, həm də daxildə fərdi qaydada nümayişini təşkil etməkdə maraqlıdırlar. Amma artıq onların da bazası tükənmək üzrədir.
– Təbii ki, nə qədər eyni rəssamın əsərlərini nümayiş etdirmək olar.
– Bəli, bu son 15-20 ildə bununla bərabər müasir rəssamların sərgilərini də təşkil etmək lazım idi. Rəssam fikirləşməməlidir ki, mənim sərgim olsun. Qalereya rəhbəri qapı-qapı gəzib deməlidir ki, gəl mən sənin sərgini təşkil edim. Çünki marağın var.
(“Hesab vaxtı” – ölçüsü 60×60 sm, 2006-cı il)
– Qalereyalar əsərləri çox yüksək qiymətə satırlar. Bundan isə, rəssama məhz nəyin çatması adi adamlara məlum deyil. Bu isə qalereyalarda tək rəssamları deyil, potensial alıcıları da qaçırdır. Qiymətlər çox yüksəkdir. Yəni bu sahə idarə edilmir?
– Mən “Qız qalası” qalereyası ilə iş görürəm və onlara hər il “Qala sığorta” müraciət edir ki, mənə 12 nəfər rəssamın bir əsərini ver, mən onları aylara bölüm. Onlar da 12 nəfərin içində mənim də işimi veriblər ki, orada seçim etsinlər. “Qala sığorta”nın müdiri də mənim işimi görüb deyir ki, 12 ayın hər birində Fuadın işini verin. “Qız qalası” qalereyasından zəng edirlər ki, bəs Sizinlə görüşmək istəyirlər. Nə isə, “Qala sığortaya” getdim, çox gözəl də qəbul etdilər, sonra da başladıq seçməyə ki, aylara bölək. Yəni ki, rəssama təkan vermək lazımdır. Orada məndən soruşmadılar ki, niyə sərgin olmayıb. Çünki şəkil xoşlarına gəldi və çap etdilər, vəssalam. Yoxsa ki, işlərimi görüb bəyənirlər, sonra da deyirlər ki, yox, Sizin sərgiləriniz olmayıb.
– Əlbəttə, yazılsa idi ki, Fuad müəllimin Kiprdə və yaxud İndoneziyada sərgisi olub, bu, bəzi insanların gözündə böyük bir obraz yaradacaqdı.
Bildiyimə görə, Sizin emalatxana yaşadığınız mənzilin eyvanındadır, bir də deyəsən bağınızda işləyirsiniz.
– Bəli, böyük işlər olanda bağda işləyirəm. Həm də ora daha sakitçilikdir.
– Yəni eyvanınız böyükdür?
– Özünü tərifləmək kimi çıxmasın, 3.5 kvadrat yerə mən Vətən sevgisini yerləşdirə bilmişəm.
– Eyvanınızı yəqin ki, şüşəbənd etmisiniz.
– Şüşəbənd olsa da, yenə də soyuqdur. Ona görə də çalışıram ki, qalın geyinim, çünki hər gün saatlarla orada işləməli oluram.
– Bir çox hallarda insanlar özü özünü aldadır ki, kompüterim olsa, nə isə yazaram, geniş şəraitim olsa, nə isə edərəm və s. Amma bunlar əsas deyil və Sizin bu nümunə bunu sübut edir. Sizə uğurlar arzulayırıq.
Fuad Babayev, Mehman İbrahimov, 1905.az
Söhbət 16 fevral 2021-ci il tarixində baş tutub.