Dağıstanın “Anji” futbol klubunun yarımmüdafiəçisi Yuri Jirkovun həyat yoldaşı, eyni zamanda “Rusiya missisi – 2012” (ingilisdilli ölkələrdə ərdə olan qadınlara adətən missis deyə müraciət edirlər) İnna Boris Sobolev adlı telejurnalistə müsahibə verib və özünü biyabır edib. Jurnalistin suallarını cavablandırarkən məlum olub ki, İnna Jirkovanın astronomiyadan, ədəbiyyatdan və musiqidən, özü də ən ibtidai səviyyədə belə başı çıxmır. Təsəvvür edirsinizmi?
Məsələn, İnna bilməyib ki, Günəş Yerin ətrafına fırlanır, ya Yer Günəşin. Başqa sözlə desək, xanımın geosentrik və ya heliosentrik sistemlərdən hansının doğru olması ilə bağlı təsəvvürü olmayıb. Bu da o deməkdir ki, gözəl qadın Kopernik, Qaliley, Kepler və çox güman ki, həm də Nyuton haqqında heçnə, ya da demək olar ki, heç nə bilmirmiş.
4 yaşlı oğlu və 2 yaşlı qızı olan İnna xanım uşaqlar üçün gözəl əsərlər yazmış Samuil Marşak və Aqniya Barto adlı məşhur ədibləri tanımadığını bildirib.
Oqinski polonezinin polyak bəstəkarı Mixail Oqinski, Qriboyedov valsının vaxtilə ermənilər haqqında yaddaqalan fikirlər səsləndirmiş Aleksandr Qriboyedov tərəfindən yazıldığını bilməməsi isə 2012-ci ilin“Rusiya missisi”ni lap çətin duruma salıb.
Belə-belə işlər. Bütün bunlar Rusiyada baş verib.
Bizdə əlbəttə hər şey fərqlidir.
APA-nın xəbərinə görə, fevral ayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbində çıxışı zamanı deyib ki, Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına (PİSA) əsasən, Azərbaycan 15 yaşlı uşaqların biliyinin səviyyəsinə görə 57 ölkə arasında 56-cı yerdədir.
Onu da deyim ki, İnna Jirkovanın Rusiyanın missisi seçildiyi 2012-ci il ərzində Təhsil Nazirliyi Aparatının Təhsil sənədlərinin tanınması işi üzrə sektor tərəfindən təhsil müəssisələrinə
88289 tam orta təhsil haqqında attestat, 107143 ədəd ümumi orta təhsil haqqında şəhadətnamə, 15402 ədəd orta ixtisas təhsili haqqında diplomu, 17747 ədəd bakalavr diplomu, 2119 ədəd magistr diplomu, 1518 ədəd mütəxəssis (5 illik) diplomu verilib. Bu xəbəri də APA yayıb.
Yəni əslində narahat olmağa dəyməz.
Bircə ilə 232 218 attestat, şəhadətnamə və diplom az deyil.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 80-81)