Avqust ayının 23-də Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü tamam olur. “1905.az” portalının Diskussiya klubunda bu dəfə adıçəkilən rayonların Facebook sosial şəbəkəsindəki səhifə və qruplarının idarəediciləri ilə onların fəaliyyətini müzakirə etdik. Diskussiya klubunda “Cəbrayılım” qrupunun idarəçisi Gülşən Rəvanqızı, “Cəbrayıl” səhifəsinin idarəçisi Elmin Həmzəyev, “Füzuli rayonu” səhifəsinin idarəçisi Orxan Behbid, “Füzuli rayonu” qrupunun idarəçisi İlkin Namaz, eləcə də jurnalist Ramilə Qurbanlı iştirak edirdi.
Fuad Babayev: Cəbrayıl rayonunun 1 kəndi, Füzuli rayonunun isə bir neçə yaşayış məntəqəsi bizim nəzarətimiz altındadır. Əlbəttə, bu vəziyyət bütün respublika əhalisi kimi bizi də narahat etməyə bilməz. Sizi isə görünür ki, daha çox düşündürüb və narahat edib ki, sosial şəbəkədə öz rayonlarınızın səhifəsini yaratmısınız və onu idarə edirsiniz. Gülşən xanım, Siz Cəbrayıl qrupunun idarəçisisiniz və səhifənin 2060 istifadəçisi var. Elmin Həmzəyev “Cəbrayıl” səhifəsinin idarəçisidir, orada da 10739 istifadəçi var. Sizə dəbdən düşmüş bir sual vermək istəyirəm. Necə oldu ki, bu fikir ağlınıza gəldi?
Gülşən Rəvanqızı: Bu səhifəni ilk dəfə gənc xanım Nərmin Nurəliyeva yaradıb və biz ondan sonra fəaliyyətə başlamışıq.
Fuad Babayev: Nə vaxt yaradılıb səhifə?
Gülşən Rəvanqızı: 16 dekabr 2010-cu ildə. Ondan sonra səhifə istifadəçiləri Cəbrayılın işğal gününü qeyd edir və digər müəyyən işlər görüblər. İşğaldan 26 il keçməsinə baxmayaraq, unutmamışıq. Cəbrayıl, Qarabağ hər zaman ürəyimizdədir. O torpaqlara qayıtmaq arzusu ilə yaşayırıq.
Fuad Babayev: “1905.az” portalında şərid kimi verilmiş Qarabağ xalçasının üzərində biz də işğal edilmiş bölgələrimizlə bağlı məlumat veririk. Sosial şəbəkədəki səhifə yalnız materiallar paylaşmaq üçün platforma deyil. Həm də informasiya ötürmək, tədbir haqqında məlumat vermək üçündür. Siz istifadəçilərin fəallığını necə dəyərləndirirsiniz? Başlayanda qarşınıza qoyduğunuz hədəfə özünüzü çatmış sayırsınızmı?
Gülşən Rəvanqızı: Əsasən çatmışıq. Çünki Cəbrayılda doğulmayanlar da artıq Cəbrayıl barəsində yetərincə məlumatlandırılıb.
Elmin Həmzəyev: Səhifəni yaradan Nərmin xanımla mənim ünsiyyətim olub. Həmin xanım Facebook məşhurlaşmağa başlayan ərəfədə qərar gəlib ki, cəbrayıllıları bir yerə yığsın. Və bu baxımdan mən düşünürəm ki, biz məqsədimizə az da olsa çatmışıq. Düzdür, cəbrayıllılar ölkənin 57 rayonuna səpələniblər, bəzi yerlərdə internetdən istifadə imkanı məhduddur. Gülşən xanımgilin qrupundakılar sırf cəbrayıllılardır. Amma bizim səhifəmizdə hamı var. Cəbrayıllı, füzulili, ağdamlı, Türkiyədən olanlar, hətta Ermənistandan da bizi izləyirlər. Səhifəni yaradanda həm də görəcəyimiz işlərin, fikir və düşüncələrimizin lokal qalmamasına, Azərbaycan səviyyəsində yayılmasına çalışırdıq.
Fuad Babayev: Füzuli qrupunun idarəçisi Orxan Behbidi dinləyək. Səhifənin 8100 istifadəçisi var.
Orxan Behbid: Mən özüm Füzulidən 1993-cü ildən çıxmışam. O vaxtdan da Füzuliyə yalnız 5-6 dəfə getmişəm. Ona görə də əslində səhifəni yaratmaqda məqsədim Füzulinin foto-şəkillərini özümün də görmək istəyimlə bağlı olub. Şəkillər gələndən sonra paylaşırdım və insanlarda bu səhifəyə maraq yaranırdı.
Fuad Babayev: Söhbət Füzulinin bizim əlimizdə olan bölgələrinin foto-şəkillərindən gedir?
Orxan Behbid: Həm o şəkilləri, həm də tarixi şəkilləri nəzərdə tuturam. Müharibə dövrünün şəkillərini, mili qəhrəmanların şəkillərini təbliğ edirik. Çox tez-tez istifadəçilərimiz bu və ya digər kəndin fotolarını yaymağımızı istəyirlər. Əsas məqsədimiz Füzuli haqqında Füzulini görməyən istifadəçilərimizdə təəssürat yaratmaqdır.
Fuad Babayev: Özünüzü qoyduğunuz hədəfə çatmış hesab edirsinizmi?
Orxan Behbid: Əslində bir hədəfə çatınca insan yeni hədəflər müəyyənləşdirir. Ona görə də deyə bilmərəm ki, hədəfə çatmışıq.
İlkin Namaz: Mən universitetə daxil olandan Facebook istifadəçisiyəm. Rayonumuz haqqında İnternetdə lazımi məlumat tapmadığımdan 2010-cu ildə bu səhifəni yaratdım. O vaxt hələ heç bir qrup və səhifə yox idi. Məqsədim füzuliləri bir yerə toplamaqdan, müəyyən görüşlər keçirməkdən və bilmədiyimiz informasiyaları bir-birimizə ötürməyi təmin etməkdən ibarət idi.
Fuad Babayev: Ramilə xanım, peşəkar jurnalist kimi bu şəbəkələr hansısa formada işinizə yarayırmı? Media mənsubu olaraq bu şəbəkələrdən faydalana bilirsinizmi?
Ramilə Qurbanlı: Hər hansı bir informasiya almaq baxımından əlbəttə ki, işimə yarayır. Bu səhifə barəsində ilk dəfə böyük qardaşım mənə məlumat verib. Dedi ki, bir dəstə gənc Cəbrayıl səhifəsi yaradıb. Bəziləri heç bəlkə də Cəbrayılı görməyib, amma rayonla bağlı məlumatlarla maraqlanırlar. Və bundan sonra mən də qrupa daxil oldum. İndi mən qrupun üstünlüklərini sadalayım. Əvvəla bu uşaqlarda bir Cəbrayıl yanğısı var. Mən bura daxil olanda “Kulis.az”da çalışırdım və içimin yanğısı nədirsə, ondan yazırdım. Amma son illər mədəniyyətdən, ədəbiyyatdan çox, Cəbrayıldan yazmışam. Mən Cəbrayılda insanların başına gələnləri, gördüyüm tarixi faktları, insanların hisslərini, qohum-qonşularımın, valideynlərimin yaşantılarını, rayondan necə çıxdıqlarını yazırdım. “Müharibə miniatürləri” silsiləm var idi, indi kitab şəklində çıxacaq. Mən Cəbrayıldan qaçmamışam, burada olmuşam həmin vaxt. Amma Cəbrayılsızlığın mənim həyatıma nə qədər təsiri var. Bunları yazırdım və sosial şəbəkələrdə necə paylaşılırdı, təsəvvür etməzsiniz.
Fuad Babayev: Əlbəttə, hazır yazını paylaşmaq üçün sosial şəbəkə ən ideal məkandır. Amma sosial şəbəkədən kimisə tapmaq üçün faydalanmısınızmı?
Ramilə Qurbanlı: Bəli, öz müəllimimi sosial şəbəkə vasitəsilə tapmışam. Müəllim günü ilə bağlı köşə yazmışdım və öz müəllimlərimdən sitat gətirmiş, onlardan bəhs etmişdim. Fərhad müəllim haqqında yazmışdım. Köşənin sonunda da qeyd etmişdim ki, cəbrayıllıların hərəsi bir tərəfə dağıldığından, müəllimimi axtarıram. Çünki Fərhad müəllim istedadımı ilk dəfə kəşf etmişdi. Cəbrayıl qrupunun bir istifadəçisi yazdı ki, o, Biləsuvardakı Cəbrayıl qaçqın şəhərciyində Fərhad müəllimlə bir yerdə çalışır. Xahiş etdim ki, həmin yazını çıxarıb, Fərhad müəllimə versin. O da aparıb yazını sinifdə şagirdlərin yanında Fərhad müəllimə oxumuşdu.
Fuad Babayev: Əsil müəllim üçün bundan böyük hədiyyə yoxdur.
Ramilə Qurbanlı: Bəli. Hətta yazırdı ki, müəllimimin gözü yaşarıb. Bu baxımdan sosial şəbəkə mənim köməyimə çatıb. Yaxud mən çox xahiş etmişdim ki, Maralyanın toylarından kimdəsə video qalıbsa, mənə göndərsin. Onu da Cəbrayıl qrupunun istifadəçilərindən biri Asəf Məmmədov göndərmişdi.
Fuad Babayev: Sosial şəbəkələrdəki bu səhifələr öz funksiyaları ilə yanaşı, ciddi medianın işinə də yarayır, deyə bilərik. Cəbrayıl və Füzuli rayonları icra hakimiyyətlərinin də yəqin ki, səhifələri var. Siz bu icra hakimiyyətlərinin hansısa bir dəstəyini hiss etmisinizmi?
Elmin Həmzəyev: Düzünü deyim ki, səhifə adından heç vaxt kömək üçün müraciət etməmişik. Amma indi orduda xidmət edən dostumuzun filminin Biləsuvardakı Cəbrayıl qəsəbəsində nümayiş etdirilməsi üçün xahişimizi müsbət cavablandırıblar.
Gülşən Rəvanqızı: Cəbrayıl ziyalılarının iştirakı ilə tədbir keçirmək istəyirdik. Onların bir yerə yığılmasına rayon icra hakimiyyəti yetərincə maneçilik törətdi. Nəhayət, öz gücümüzlə çətinliklə bu tədbiri keçirtdik. Şəhid ailələrinə yardım tədbirləri keçirəndə də oxşar reaksiya ilə üzləşirik.
Fuad Babayev: Aprel hadisələri bizim üçün böyük bir dönüş nöqtəsi oldu. Aprel döyüşləri o ərazini tanımayan, relyefini belə təsəvvür etməyən insanlara belə çoxlu informasiyalar verdi. Hadisələrin əhəmiyyətli hissəsi həm də Cəbrayıl və Füzuli ərazilərində oldu. Bu hadisələr sosial şəbəkədə hansı bir coşquya səbəb oldu?
Orxan Behbid: Həmin hadisələr dövründə bütün Azərbaycan daha da irəli getmək hissi ilə yaşayırdı. Həm də hadisələrin özünə, şəhid olanlara münasibət tam fərqli idi. İnsanlar təəssüflənsələr də “təki Vətən sağ olsun” sözlərilə özlərinə təsəlli verirdilər. Böyük ruh yüksəkliyi vardı.
Elmin Həmzəyev: Həmin dövrdə mən sosial şəbəkələrdəkilərdən çox narazı idim. Biz hələ 2012-ci ildə Cocuq Mərcanlıdakı hərbi hissələri ziyarət edirdik. Amma təəssürat yaranırdı ki, sanki biz heç bir iş görməmişik. Sosial şəbəkə nə qədər işləsə də məlumatsızlıq çox idi.
Ramilə Qurbanlı: Həm də o dövrdə sosial şəbəkədə elə məlumatlar verilirdi ki, əslində bu məlumatları vermək olmazdı. Sanki kimlərsə düşmən çırağına “nöyüt” tökürdülər.
Fuad Babayev: 1992-1993-cü illərdə Birinci Qarabağ müharibəsi zamanı Şəmistan Əlizamanlı “Cəbhə xəbərləri”ni oxuyurdu. Mən o zaman Azərbaycan MEA-nın institutlarının birində çalışırdım. Akademiya şəhərciyinin əsas binasının foyesində böyük bir Qarabağ xəritəsi asılmışdı. Kimsə balaca bayraqcıqlar düzəltmişdi. Və səhər insanlar gəlib bayraqları Ş.Əlizamanlının azad etdiyimizi sölədiyi ərazilərin üzərinə sancırdılar. Hətta bəzi ehtiyatlı insanlar deyirdilər ki, hərbi sirr kimi saxlanılmalı olan xəbərlərin səsləndirilməsi düzgün deyil. Aprel hadisələri zamanı hərbi sirr səciyyəli fotoşəkillərin və ya məlumatların yayılması ilə qarşılaşmaşdınız?
Ramilə Qurbanlı: Kimlərsə yayırdı və dərhal sosial şəbəkədə bununla bağlı mübahisələr yaranırdı. Səhifənin istifadəçisi olan keçmiş döyüşçülər dərhal şəklin çıxarılması üçün müdaxilələr edirdilər. Elə mənim özüm də belə şəkillərin yayılmamasını xahiş etmişdim.
Elmin Həmzəyev: Amma bizdə belə hallar olmayıb. Çünki biz bu məsələlərə ciddi yanaşırdıq.
Orxan Behbid: Əslində qrupda belə şəkillər daha tez yayılır. Amma biz hərbi sirr ola biləcək şəkillərin yayılmasının qarşısını alırdıq.
İlkin Namaz: Belə hallar olurdu. Xüsusilə işğaldan azad edilmiş kəndlərdə yaşayanlar məlumat verirdilər ki, tanklar döyüş bölgəsinə yollandı, şiddətli atışmalar gedir. Hətta belə bir informasiya yayılmışdı ki, guya əsgərlərimiz Xudafərin körpüsünün yanına çatıblar, tanklarımız Füzulinin mərkəzindədir və s.
Elmin Həmzəyev: Yalan məlumatlar çox olduğundan, biz yalnız Müdafiə Nazirliyinin təsdiqlədiyi məlumatları yayırdıq.
Fuad Babayev: Amma Müdafiə Nazirliyinin xəbərləri təsdiqləmə sürəti ilə sosial şəbəkələrdə xəbərlərin yayılma sürəti arasında prinsipial fərq var. Sosial şəbəkələr daha mütəhərrik, daha operativ, daha dinamik və bəzi hallarda isə təəssüf ki, daha qeyri-obyektivdir. Sosial şəbəkəni rəsmi məlumata bağlamaq bir qədər onun maraqlılıq əmsalını aşağı salır. Siz belə düşünmürsünüz?
Elmin Həmzəyev: Bir neçə jurnalist dostumuz həmin ərəfədə döyüş bölgəsindəydi. İnsanlar isə xəbər yayırdılar ki, hansısa kənd boşaldıldı. Mən məlumatı həmin jurnalistlərlə dəqiqləşdirəndə məlum olurdu ki, qadınlar və uşaqlar həmin ərazidən çıxarılıb. Əlbəttə ki, bu iki ifadə arasında böyük fərq var. İnsanlar isə “boşaldıldı” və “çıxarıldı” arasında fərq görmədiklərindən, yanlış məlumatlat yayılırdı. Əsil mahiyyət itdiyindən, məcburən Müdafiə Nazirliyinin rəsmi məlumatlarını yayırdıq.
Fuad Babayev: Sosial şəbəkədəki fəaliyyətdən kitaba, elmi-praktik konfransa, filmə keçid prosesi, yaxud ənənəvi mediaya transfertlər başlayıbmı?
Gülşən Rəvanqızı: Biz bəzi foto-şəkilləri, videoları Youtube kanalında yerləşdiririk.
Elmin Həmzəyev: Tural Məmmədovun Cəbrayıl haqqındakı sənədli filmini Youtube-da yerləşdirmişik. Orada bizim səhifənin üzvlərinin xatirələri də yer alıb. Həmçinin bizim səhifədən şəkillər də var.
Orxan Behbid: Bizim səhifənin də bəzi üzvləri xırda filmlər çəkir və onu internet vasitəsilə yayırlar.
Fuad Babyev: Sosial şəbəkə sərhəd tanımır. Sizin yaxın, uzaq xaricdə yaşayanlarla rabitəniz necədir?
Elmin Həmzəyev: Aylıq statistikanı nəzərdən keçirəndə görürük ki, bizi ən çox Türkiyədən izləyirlər. Hətta üç nəfər Türkiyədə yaşayan şəxs bizə yazmışdı ki, onlar əslən Qarabağdandılar, Böyük Mərcanlı və Cocuq Mərcanlı kəndlərindən. Bir də bizi Ermənistandan çox izləyirlər.
Fuad Babayev: Bəs xaricdə yaşan cəbrayıllılar necə?
Elmin Həmzəyev: Təbii ki, xaricdəki cəbrayıllılar da bizi izləyirlər.
Ramilə Qurbanlı: Rusiyadan təzə gəlmiş bir cəbrayıllı mənə qrupla bağlı suallar vermişdi, uşaqlarla calaşdırdım. Sosial şəbəkə sayəsində biz qrup uşaqla birlikdə Lələtəpəyə getdik. Bizi əslində Lələtəpəyə aparan həmin təpədən torpaqlarımızı görə bilmək istəyi idi.
Fuad Babayev: Cəbrayıl və Füzuli bölgəsindən əlbəttə ki, yetərincə iş adamları, imkanlı şəxslər var. Heç olubmu ki, hansısa bir xəstənin müalicə olunmasında, kiminsə probleminin həll edilməsində onların köməklərindən istifadə olunsun?
Elmin Həmzəyev: İş adamı yox, amma sırf Cəbrayıl əhalisinin, qrup üzvlərinin köməyi ilə cəbrayıllı tanınmış bir həkim müalicə olundu, Türkiyədə müalicə alan bir polkovnikə yardım göstərildi. Şəhid ailələrinə kömək edilib. Amma iş adamlarından kömək görməmişik.
İlkin Namaz: Mən belə hallara rast gəlməmişəm, amma bu o demək deyil ki, olmayıb. Yəqin ki, səxavətli insanlar bizdə də var. Bizdə “Füzuli” idman klubu yaradılıb. Bu klub azyaşlı füzulililəri idmana cəlb edir. İdman klubunun nəticələri də var. Amma müxtəlif kəndlərdən gələn uşaqları gətirmək üçün nəqliyyata, idman ləvazimatlarına ehtiyac var. Bu məqsədlə bankda hesab nömrəsi də açılıb, amma hələlik kömək göstərən yoxdur.
Gülşən Rəvanqızı: Mən isə bir məsələni də vurğulamaq istəyirəm ki, bizim səhifənin üzvləri arasında hətta bizim səhifədə tanış olub, evlənənlər də var.
Ramilə Qurbanlı: Qrupun fəaliyyəti nəticəsində bizim Biləsuvardakı Cəbrayıl şəhərciyi ilə sıx əlaqələrimiz formalaşıb. Uşaqlar dostluq edirlər, görüşürlər, hərbçilərlə görüşə gedirlər.
Fuad Babayev. Sizə uğurlar arzulayırıq. O gün olsun ki, Qələbə xəbərini yayasınız.
Hazırladı: Gündüz Nəsibov, 1905.az
20 avqust 2016-cı il