Aprelin 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirdə komitənin rəhbər şəxsləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və komitə yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.
Diqqətə çatdırılıb ki, Füzuli şəhərindəki yeni yaşayış yerlərinə ilkin mərhələdə indiyədək müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr köçürülür. Qeyd edilib ki, bugünkü püşkatma 156 ailə arasında keçirilib və ailə tərkibinə uyğun olaraq, onlardan 59-na ikiotaqlı, 80-nə üçotaqlı, 17-nə dördotaqlı mənzil təqdim olunacaq.
Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini, işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.