Avqustun 23-ü Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun işğal günüdür. 1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndini işğal edib, bu yerlərin sakinlərini öz doğma yurd-yuvasından didərgin salıblar. İşğal olunmuş yaşayış məntəqələri erməni quldurları tərəfindən talan edilib, dağıdılıb və yandırılıb. Müharibə zamanı rayon sakinlərindən 657 nəfəri şəhid olub, 400 nəfər sağlamlığını itirib, 181 nəfər itkin düşüb. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulilərdən 6 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
İşğal altında qalmış Füzuli rayonunun meşələri məhv edilib
Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edən Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İran İslam Respublikası ilə həmsərhəddir. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz çayına qovuşur.
27 ildir ki, işğal altında qalmış Füzuli rayonunun təbii sərvətləri ermənilər tərəfindən talan edilir. Füzuli rayonunda ümumi ehtiyatları 58858 min kubmetr olan və mişar daşı istehsalına yararlı, istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kubmetr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kubmetr olan Quruçay qum-çınqıl qarışığı yataqları var.
Özünəməxsus təbiəti olan Füzuli rayonunun İşıqlı kəndində diametri 250 santimetr, hündürlüyü 25 metr, yaşı 500 il və diametri 450 santimetr, hündürlüyü 25 metr, yaşı 900 il olan 2, Böyük Bəhmənli kəndinin İranla sərhəd ərazisində diametri 100 santimetr, hündürlüyü 20 metr, yaşı 200 il olan 1, Seyidəhmədli kəndinin “İbə piri” adlanan sahəsində diametri 520 santimetr, hündürlüyü 30 metr, yaşı 1400 il və diametri 250 santimetr, hündürlüyü 25 metr, yaşı 550 il olan 2, Mandılı kəndində diametri 180 santimetr, hündürlüyü 45 metr, yaşı 400 il 1 və diametri 150 santimetr, hündürlüyü 40 metr, yaşı 300 il olan 5 şərq çinarı ağacı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.
Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində 1960-1980-ci illərdə həyata keçirilmiş hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, tabaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min kubmetr həcmində hesablanıb.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair geniş meşə massivləri ilə örtülü olan Dövlətkarlı kəndində ağacların bütünlüklə qırılması, Qoçəhmədli kənd yolu boyunca ağacların kütləvi şəkildə məhv edilməsi, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqların tamamilə qırılması, 2006-2009-cu illər ərzində rayonun 35 min hektardan artıq ərazisinin ermənilər tərəfindən yandırılması faktını aşkarlayıb.
Füzuli rayonunun əsir abidələri
Füzuli rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə zəngindir. 27 ildir ki, rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni işğalı altındadır.
Rayon ərazisindəki memarlıq abidələrinin bəziləri Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunub. Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il) rayonun işğaldan azad olunmuş hissəsində yerləşir. Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XVIII əsrə aid türbə, Aşağı Ayıbasanlı kəndində İbrahim türbəsi (XVIII əsr), Aşağı Veysəlli kəndində abidə kimi XII əsr qəbiristanlığı və Mir Əli türbəsi (XIII əsr), Qoçəhmədli kəndində XVIII əsr məscid və yaşayış binası, Horadizdə XIX əsr məscid və İmamzadə türbəsi, Füzuli şəhərində, Qacar, Böyük Pirəhmədli, Merdinli kəndlərində XIX əsrə aid məscidlər, Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr körpüləri, “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru, dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası, həmçinin ondan çox kurqan tipli arxeoloji abidə isə 27 ildir erməni vandalizminin qurbanına çevrilib. İşğal altında qalan tarixi abidələr erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib.
Uğurlu Horadiz əməliyyatı zamanı rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilib
1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi – Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Azərbaycan ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbçilərdə güclü ruh yüksəkliyi yaratması nəticəsində nail olub.
1996-cı ildən başlayaraq rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Ötən dövr ərzində təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları həll edilib. 2003-cü ildə prezident seçkiləri ərəfəsində “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq” – deyən Prezident İlham Əliyevin Sərəncamları ilə rayon ərazisində məcburi köçkünlər üçün 17 qəsəbə salınıb. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib. Horadiz respublikamızın ən gözəl şəhərlərindən birinə çevrilib.
Dünya ictimaiyyəti Ermənistanın işğalçı siyasətinə biganə yanaşır
Hazırda rayonun 1382 kvadratkilometr ərazisinin 682 kvadratkilometri – 1 şəhər, 61 kənd işğal altındadır. Rayon əhalisinin 70 min nəfəri işğaldan azad edilmiş ərazidə, 55 min nəfərdən çoxu isə məcburi köçkün kimi Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Beyləqan, İmişli, Sabirabad, Saatlı və başqa rayonlarda məskunlaşıb.
Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, eləcə də Qarabağ müharibəsi ilə bağlı Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar hələ də Ermənistan Respublikası tərəfindən məhəl qoyulmadan yerinə yetirilmir.
Füzulililərin ən böyük istəyi doğma torpaqlarına qayıtmaqdır
Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkənin hər yerində olduğu kimi, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində də geniş yenidənqurma, tikinti-quruculuq və abadlıq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib, aqrar sahənin, sahibkarlığın inkişafında uğurlar qazanılıb. Cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər doğma rayonlarının inkişafı üçün var qüvvələrini səfərbər ediblər. Horadiz şəhərində, kənd və qəsəbələrdə həyata keçirilən tikinti-quruculuq, abadlıq və yaşıllaşdırma işləri, salınan park və xiyabanlar nəticəsində rayona gələn insanlar erməni işğalının qalıqları ilə qarşılaşmır, müasirliyin, gözəlliyin, təmizliyin və səliqə-sahmanın şahidi olurlar.
Bütün bunlarla yanaşı füzulililərin ən böyük arzusu işğal altında olan Füzuli şəhərinin və 61 kəndin azad edilməsi və doğma yurdlarına qayıtmaqdır. Doğma torpaqlarının işğal altında qalması ilə barışmayan füzulililər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəkləyirlər. Eyni zamanda, respublikamızın ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazırdırlar.