
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə şəhərindəki Şah Abbas və Hüseyniyyə məscidlərində olublar.
AZƏRTAC bildirir ki, məscidin imamı İsgəndər Məmmədov Birinci vitse-prezidentə Şah Abbas məscidi barədə məlumat verdi.
Qeyd olundu ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşir. Məscid XVII əsrə aid Arran memarlıq üslubunda ərsəyə gətirilib.
Bu tarixi məscid memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini yaşadır. Binanın memarlığında, xüsusilə günbəz və portalların həllində zəngin memarlıq ənənələrindən uğurla istifadə olunub. Bununla yanaşı, Arran memarlıq məktəbi üçün xarakterik olan lakoniklik və ifadəlilik də bu tarixi-dini abidədə əks etdirilib.
Bildirildi ki, 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məsciddə bərpa və təmir işləri aparılıb. Məscidin mövcud vəziyyətinə baxış zamanı bu tarixi-dini abidənin qorunub saxlanılması istiqamətində növbəti tapşırıqlar verildi.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, qızları Leyla Əliyeva və Arzu Əliyevaya “Qurani-Kərim” hədiyyə olundu.
Hüseyniyyə məscidinin mövcud vəziyyəti ilə tanışlıq zamanı isə bildirildi ki, XIX əsrdə inşa edilən bu dini ocaq, eyni zamanda, Tatlar məscidi kimi tanınır. İbadətgah mədrəsə, sonralar isə məscid kimi fəaliyyət göstərib. Hazırda bu tarixi-dini abidədə təmir-bərpa işlərinin aparılmasına zərurət yaranıb.
Məscidə baxış zamanı burada müvafiq işlərin görülməsinə dair tapşırıqlar verildi.
Qeyd edək ki, bütün dinlərin və etnik qrupların nümayəndələrinin bir ailə kimi mehriban, dinc şəraitdə yaşadıqları ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur.