Bu gün Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından üç il ötür
17 oktyabr 2020-ci il… Gəncə Vətən müharibəsi dövründə beşinci dəfə raket hücumuna məruz qaldı. Həmin gün körpə uşaqlar, yaşlılar, qadınlar, bir sözlə günahsız mülki insanlar yenə də gecəni ard-arda üç dəhşətli partlayış səsi ilə qarşıladılar. 15 nəfər həlak oldu, 55 nəfər yaralandı.
AZƏRTAC-ın bölgə müxbiri həmin raket hücumunun dəhşətlərini yaşayan sakinlərlə görüşüb, onlarla həmsöhbət olub.
Həmin gecə, yerli vaxtla təxminən saat 1-də erməni silahlı qüvvələri “Skat” ballistik raketləri ilə Gəncədə yaşayış yerlərini vurdu. Həlak olan dinc sakinlərdən biri də həmsöhbətimiz Ramiz Nağıyevin atası Nürəddin Nağıyevdir. “Həmin gecə evdə beş nəfər idik. Terror nəticəsində atam həlak oldu, digər ailə üzvlərim isə yaralandılar. Yarım saat dağıntılar altında qaldım. Yerimi müəyyən edə bilmirdilər. Özümə gələndən sonra ailə üzvlərimin hamısını təcili yardım maşınında gördüm”, – deyə R.Nağıyev unuda bilmədiyi o gecədən danışıb.
Azərbaycan xalqının gözü o zamanlar televiziyada, oradan gələn cəbhə xəbərlərində idi. Hər kəs o günlərdə dəqiq məlumat almaq üçün heç bir xəbər proqramını gözdən qaçırmır, Ali Baş Komandanın müraciətlərini izləyirdi. Həmin günlərdə Gəncə sakini Teymur Sərkarov da rəşadətli Ordumuzdan gələcək Qələbə xəbərlərini gözləyirdi. Təəssüf ki, bir neçə saat sonra o, öz doğmalarını, ailə üzvlərindən beş nəfəri dağıntılar altından əlləri ilə çıxaracaqdı…
Gecə partlayış səslərini eşitdikdən sonra balkona çıxan T.Sərkarov dumanın dədə-baba evlərinin ərazisindən gəldiyini görür. Tez evdən çıxır və həmin yerə doğru qaçır. Hadisə yerinə çatanda isə evlərinin yerlə-yeksan olduğunu görüb: “Orada çalışan xilasedicilərə dedim ki, “bura bizim evimizdir, mən bilirəm, kim harada ola bilər”. Sonra əllərimlə dağıntıları qazmağa başladım. Birinci bacım qızı Nigar Xaliqovanın, sonra bacım Sevil Əsgərovanın nəşini çıxardım. Ondan sonra özümü itirdim. Səhər morqda kiçik qardaşım Bəxtiyar Əsgərov, bacım Sevilin 10 aylıq körpəsi Narin Xaliqovanın cəsədini tapdım. Onu qucağımda son mənzilə yola saldım. Atam Suliddin Əsgərovla birgə onları yan-yana dəfn etdik,” – deyə T.Sərkarov bir gecədə 5 ailə üzvünü itirməsinin dəhşətini dilə gətirib. Həmin hadisədən sonra onun ayaqları tutulub, hazırda yataq xəstəsidir.
Hər iki həmsöhbətimizin bir təsəllisi var. Torpaqlarımızın işğaldan azad olunması və Gəncəyə raket atılması əmrini verən Araik Arutyunyanın tutularaq Bakıya gətirilməsi.
Xatırladaq ki, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə təşkil olunmuş hücumlar nəticəsində 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla, 26 dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib. Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla, 175 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 5 yaşadək olub. Terror hadisələri zamanı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Gəncə, 17 oktyabr, Elcan Məmmədov, AZƏRTAC