Gənc jurnalist Vüsal Məmmədzadə və Qaraxanlı tarix klubunun sədri Kənan Həmzəoğlu ilə gənclərimizin informasiya müharibəsindəki rolundan danışdıq.
Fuad Babayev: Kənan qardaşımızın tok-şou janrında video söhbətləri, Vüsal bəyin isə müəyyən tarixi hadisələrə həsr olunmuş araşdırma video-çarxları var. Məni maraqlandıran odur ki, nə üçün Siz mövcud olan sayt, telekanal və ya internet televiziyanın platformasında deyil, müstəqil olaraq fəaliyyət göstərmək qərarına gəldiniz?
Kənan Həmzəoğlu: Açığı indi televiziya kanallarının böyük əksəriyyəti özəl telekanallardır. Onlar da daha çox şou xarakterli verilişlərə üstünlük verirlər. Dövlət televiziyası üçün isə təbii ki, təcrübəmin azlığını başa düşürəm. Düşünürəm ki, hər halda mənə birinci dəfədən dövlət televiziyasında çətin olar. Təcrübə yığmaq üçün ilkin olaraq mən özüm fərdi şəkildə fəaliyyət göstərməyə başladım.
Fuad Babayev: Vüsal bəy, bəs Siz necə?
Vüsal Məmmədzadə: Mən əslində iki ilə yaxın Space telekanalında çalışmışam. Düzünü desəm videolar çəkib Youtube kanalında paylaşmağım bir az da təsadüfdən yarandı. Doktoranturada əyani oxuduğuma görə işdən çıxmalı olmuşdum. İxtisasım televiziya jurnalistikası da vərdiş tələb edən sahədir. Yəni bir müddət kameradan, mikrofondan uzaq düşəndə artıq insan bəzi vərdişləri itirir. Ona görə də mən doktoranturada oxuduğum müddətdə bir Youtube kanalı açmağa və evdə müxtəlif mövzularda videolar çəkib paylaşmağa qərar verdim. Amma tədricən bu mövzuları konkretləşdirərək daha aktual olan məsələlərə istiqamətlənməyə çalışdım və onun yaxşı nəticəsini gördüm.
Fuad Babayev: Aydındır. Biz nəticələrdən danışacağıq. Siz yəqin ki, Space kanalında xəbərlər departamentində işləmisiniz.
Vüsal Məmmədzadə: Space kanalında idman xəbərləri departamentində işləmişəm.
Fuad Babayev: Hər halda 1997-ci ilin oktyabrın 12-dən etibarən efirdə olan Space kanalının müəyyən bir auditoriyası var. Mənə maraqlıdır ki, sizin məhsulun hansısa platformada təqdimatı qəbul edilməyib, yoxsa Kənan kimi Siz də təcrübənizin azlığına görə bu addımı atmamısınız?
Vüsal Məmmədzadə: Mənim ixtisaslaşdığım sahə multimedia jurnalistikasıdır. Bu isə daha çox sosial media platformalarına istiqamətlənmiş sahədir. Mən fəaliyyətə başlayanda bu layihəni harasa təqdim etməyi heç vaxt düşünməmişəm. Çünki sosial media daha sərbəst, daha demokratik platformadır.
Fuad Babayev: Və ola bilsin daha az məsuliyyətli.
Vüsal Məmmədzadə: Yeni fəaliyyətə başlayanda məsuliyyət az ola bilər, çünki daha az adam baxır, amma artıq auditoriya genişləndikcə məsuliyyət də artır.
Fuad Babayev: Nə qədərdir sizin auditoriyanız?
Vüsal Məmmədzadə: Hazırda 57 mindən çox abunəçim var.
Fuad Babayev: Sizin kanalda nə qədər rolik və sujetiniz var?
Vüsal Məmmədzadə: Təxminən 140.
Fuad Babayev: Sizin rolik və süjetlərə canlı yayımda da baxmaq imkanı var?
Vüsal Məmmədzadə: Xeyr. Youtube kanalında elə bir funksiya var, istəsəm ondan istifadə edərəm. Amma mənim formatım canlı yayıma hesablanmayıb. Mən hazırladığım videoçarxları hər həftənin bazar günü 19:30-da təqdim edirəm.
Fuad Babayev: Ümumilikdə sizin kanala baxan şəxslərin sayı 57 mindir?
Vüsal Məmmədzadə: 57 min abunə sayıdır, videolara ümumi baxış sayı 8 milyondan çoxdur. Məsələn keçən həftə qoyduğum bir videoya 62 min baxış olub.
Fuad Babayev: Həmin video hansı mövzuda idi?
Vüsal Məmmədzadə: Türkiyədə yaşayan ermənilərlə bağlı idi.
Təmkin Məmmədli: Həmşinlilər (Türkiyədə yaşayan müsəlman ermənilər – red.) haqqında?
Vüsal Məmmədzadə: Həmşinlilərlə bağlı deyil. Həmşinlilərlə bağlı bizdə video olmuşdu. Bu mövzuya Ermənistan erməniləri daxil idi. Məsələn dünən axşam Qarabağda yaşayan ermənilərlə, ümumiyyətlə qondarma respublikanın hüquqi statusu ilə bağlı məsələlərlə bağlı paylaşdığım videoya bir sutka ərzində təxminən 10-12 min baxış var.
Fuad Babayev: Sizə əməkdaşlıq təklif edən olubmu? Yeri gəlmişkən Kənan, Sizin fəaliyyətinizin rəqəmlə ifadə oluna bilən tərəfi necədir? Sizin videoların baxış sayı nə qədirdir, neçə materialınız var?
Kənan Həmzəğolu: Vüsaldan fərqli olaraq mən bu işə bir az gec başlamışam.
Vüsal Məmmədzadə: Mən 2017-ci ilin yanvar ayından başlamışam.
Kənan Həmzəoğlu: Mən özümü tam olaraq bu işə həsr etməmişəm. Hazırda Azərbaycan Dövlət Pedaqoji universitetində tarix və coğrafiya fakültəsində ikinci ali təhsil alıram. Suraxanı Gənclər Evindən əməkdaşlıq təklifi almışam.
Fuad Babayev: O təklif sizin video fəaliyyətinizdən qaynaqlanır?
Kənan Həmzəğolu: Video fəaliyyətimlə heç bir əlaqəsi yox idi.
Fuad Babayev: Sırf video fəaliyyətinizlə bağlı hansısa bir televiziya kanalından və ya mediadan əməkdaşlıq təklifi gəib?
Kənan Həmzəoğlu: Yox belə bir şey olmayıb.
Vüsal Nəmmədzadə: Mənə telekanallardan deyil, bəzi portal və internet televiziyalardan videolarımı müəyyən vəsait qarşılığında öz platformalarında yayımlamaq təklifi olub, amma razılaşmamışam.
Fuad Babayev: Yeni bir müstəviyə keçid sizi nə üçün qane etmir? Bu imtina şərti olaraq kommersiya sirri kimi adlandıra biləcəyimiz bir məsələdir, yoxsa səbəb sizin hərəkət azadlığınızın məhdudlaşdırılmasıdır?
Vüsal Məmmədzadə: Səbəbin biri budur. Digər tərəfdən mən düşünürəm ki, videoları öz kanalımda paylaşanda ona daha çox adam baxır. Çünki videolarımı 5-6 min abunəçisi olan kanallarda yayımlamaq mənə heç nə vermir. Yəni kiçik bir məbləğ qarşılığında mən videoları ucuz qiymətə satmaq istəmirəm.
Fuad Babayev: Yəni normal bir təklif olarsa siz bunu dəyərləndirə bilərsiniz.
Vüsal Məmmədzadə: Əslində normal bir təklif olsa belə indiki vəziyyətdə öz kanalımdan çıxmaq istəməzdim.
Fuad Babayev: Sizin tamaşaçı kimdir? Onun obrazı, portret cizgiləri haqqında nə deyə bilərsiniz?
Kənan Həmzəoğlu: Əslində mənim Suraxanı Gənclər Evindəki fəaliyyətim Youtube kanalındakı fəaliyyətimi arxa plana keçirir. Mən əsas fəaliyyətimi Suraxanı Gənclər evində aparıram, orada pulsuz tarix dərsləri təşkil etmişəm. Düşünürəm ki, tarix bizim üçün olduqca əhəmiyyətlidir.
Fuad Babayev: Dərsləri siz deyirsiniz?
Kənan Həmzəoğlu: Bəli, orta məktəb şagirdləri üçün pulsuz tarix dərsləri təşkil etmişəm.
Fuad Babayev: Bu onlara nə verir? Siz abituriyent hazırlığında olan boşluğu aradan qaldırırsınız, yoxsa bu ümumi dünyagörüşünü artırmaq üçündür?
Təmkin Məmmədli: Yəni məktəb proqramından kənar bir bilik verirsiniz?
Kənan Həmzəoğlu: Yox, əslində bu dərslər məktəb proqramı çərçivəsində keçirilir. Əsas məqsəd bu yeniyetmələrə Azərbaycan tarixini çatdırmaqdır. Çünki dəfələrlə yeniyetmələrin tariximizdən xəbərsizliyinin, Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski kimi tarixi şəxsiyyətləri tanımamasının şahidi olmuşam. Bu Azərbaycanın yaralı yeridir.
Fuad Babayev: Amma bizi daha çox sizin fəaliyyətinizin belə demək mümkünsə, media müstəvisində olan hissəsi maraqlandırır. Qaraxanlı klubu da Suraxanı Gənclər evində fəaliyyət göstərir?
Kənan Həmzəoğlu: Bəli.
Fuad Babayev: Orada aydın məsələdir ki, sizin dinləyicilər məktəblilərdir. Bəs Youtube kanalındakı tamaşaçılarınız kimdir? Yəqin şərhlərdən, əks rabitədən sizin o barədə informasiyanız var?
Kənan Həmzəoğlu: Mən çəkdiyim videoları Youtube kanalında gec-gec yerləşdirirəm.
Fuad Babayev: Bildiyim qədər siz tok-şou janrında olan söhbətlərə üstünlük verirsiniz.
Kənan Həmzəoğlu: Bəli.
Fuad Babayev: Kanalınızda neçə söhbət, neçə videomaterial yerləşdirmisiniz?
Kənan Həmzəoğlu: Hazırda bir neçəsi var onları hələ yerləşdirməmişəm, ümumi 4 videodur.
Təmkin Məmmədli: Bəs Suraxanı Gənclər Evindəki tədbirlərdən video görüntülər hazırlanmır?
Kənan Həmzəoğlu: Tədbirlərdən də videolar yerləşdirmişəm.
Fuad Babayev: Tamaşaçınız kim oldu?
Kənan Həmzəoğlu: Tamaşaçılar belə deyək 18 yaşdan başlayır, yəni 90 yaşında adam da o videolara baxa bilər.
Fuad Babayev: Bəs əks rabitə necə formalaşıb?
Kənan Həmzəoğlu: Xeyr tam olaraq formalaşmayıb.
Fuad Babayev: Vüsal, Sizdə vəziyyət necədir?
Vüsal Məmmədzadə: Youtube kanalının statistikasına görə videolarıma baxanların təxminən 70%-i 25 yaşdan yuxarı şəxslərdir.
Fuad Babayev: Sizin videolar azərbaycanca olduğu üçün auditoriyanız da müvafiq olaraq azərbaycandilli insanlardır.
Vüsal Məmmədzadə: Azərbaycandilli insanlar olsa da, xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında da kifayət qədər izləyicimiz var.
Fuad Babayev: Siz bu videoları altyazı ilə təmin etmisiniz?
Vüsal Məmmədzadə: Bir neçə videoda rus dilində, bəzilərində ingilis dilində, bir videomuzda isə hətta erməni dilində altyazı var. Videolarımıza Ermənistandan da kifayət qədər baxış var.
Fuad Babayev: Xaricdə, postsovet məkanında yaşayan soydaşlarımızla ünsiyyətdə olursunuz?
Vüsal Məmmədzadə: Rusiyada, Belçikada, Almaniyada yaşayan azərbaycanlılarla əlaqəm var.
Fuad Babayev: Sizin müraciət etdiyiniz mövzuların şərhində tariximizdəki mübahisəli məsələlərlə bağlı tənqidi ruhlu müraciətlər də olurmu?
Vüsal Məmmədzadə: Əlbəttə,olur. Misal üçün Azərbaycan legionerləri haqqındakı video geniş müzakirəyə və fikir ayrılığına səbəb oldu. Onlara xəyanətkar deyənlər də, onlara haqq qazandıranlar da oldu.
Fuad Babayev: Sizin bu və ya digər mövzuya müraciət etməyiniz hansı zərurətdən yaranır?
Vüsal Məmmədzadə: Mən ümumiyyətlə mövzuları seçəndə boşluq olan sahələrə, ehtiyac duyulan və az tapılan informasiyalara üstünlük verirəm. Azərbaycan mediasında insanlara adətən səthi informasiyalar çatdırılır. Amma, deyək ki, sadə vətəndaş üçün Ermənistanla bağlı informasiya, statistik məlumat tapmaq çətindir. Bu sahədəki boşluğu müəyyən mənada aradan qaldırmaq üçün Ermənistanın problemlərini, erməni cəmiyyətinə aid müxtəlif mövzuları obyektiv şəkildə təqdim etməyə çalışıram.
Fuad Babayev: Fəaliyyətinizlə bağlı qısqanclıqla qarşılaşmısınız?
Vüsal Məmmədzadə: Heç vaxt rastlaşmamışam.
Fuad Babayev: Ola bilər ki, Sizin videolara baxan 8 milyonun işərsində onlar yoxdur.
Vüsal Məmmədzadə: Bəlkə bu layihələri hansısa telekanalda reallaşdırsaydım, Siz dediyiniz qısqanclıqla rastlaşardım. Amma, Youtube-da kanal özümündür, bu sosial medianın bir platforması olduğu üçün sərbəstəm, istədiyim kimi mövzulara müraciət edə bilirəm.
Fuad Babayev: Perspektivlər necədir? Entuziazm tükənən bir materiyadır. Sizin bu işləri davam etdirmək fikriniz varmı? Özünüzdə bu işlərdən usanmaq təhlükəsini hiss edirsiniz?
Kənan Həmzəoğlu: Mən vətənpərvərliyi təbliğ etməyə çalışıram. Düşünmürəm ki, bundan nə vaxtsa yorularam.
Fuad Babayev: Müəyyən müddətdən sonra sizin öhdəliklər artdıqca heç bir pul qazanmadığınız bir sahəyə davamlı olaraq vaxt sərf edə biləcəksinizmi?
Kənan Həmzəoğlu: Mən kiçik yaşlı məktəb şagirdlərini tarix fənni üzrə hazırlaşdırıram, yəni əsas gəlirim ondan gəlir. Amma gələcəkdə də harada işləməyimdən asılı olmayaraq bu işi paralel davam etdirmək əzmindəyəm. Fikrimcə, başqa adamları da buna həvəsləndirmək lazımdır.
Fuad Babyev: Vüsal, bəs Sizin planlarınız necədir? Necə düşünürsünüz yorulmayacaqsınız ki, bu işdən?
Vüsal Məmmədzadə: Siz bayaq dediniz entuziazm tükənəndir. Mən düşünürəm ki, artıq bu işdə entuziazm mərhələsini arxada qoymuşam. Artıq məndə məsuliyyət mərhələsi başlayıb və auditoriyanın müəyyən gözləntiləri var. Əslində həftəyə bir video hazırlamaq mənim bu gün fiziki cəhətdən öhdəsindən gələ bildiyim bir işdir. Həm də bu mənim maraqlandığım sahədir, boş vaxtlarımda bu işlə hobbi kimi məşğul oluram. Artıq müsbət mənada əks reaksiya alandan sonra isə görürsən ki, əziyyət də hədər getmir. Videolara yazılan şərhlər və müzakirələr mənə böyük stimul verir.
Təmkin Məmmədli: Sizin qeyd etdiyiniz tamaşaçı auditoriyası reklam qazandırmağa imkan vermir?
Vüsal Məmmədzadə: Əslində Youtube-da reklam funksiyası var və mən o funksiyanı kanalda aktivləşdirmişəm. Uzun müddətdir google reklamlarından gəlir əldə edirəm. Amma azərbaycandilli kontentlə, azərbaycandilli auditoriya üçün hazırlanan materiallarla internetdə böyük məbləğdə vəsait qazanmaq mümkün deyil.
Təmkin Məmmədli: Baxış sayından aslı olmayaraq?
Vüsal Məmmədzadə: O say müəyyən mənada təsir edir. Amma Azərbaycandan daha az reklam verən olduğuna görə Google reklamlarının məbləği də az olur. Məsələn mən ingilis dilində video hazırlasaydım və onun auditoriyası ABŞ və ya Avropa ölkəsi olsaydı, 1000 baxışa təxminən 3-4 dollar qazanardım, amma Azərbaycandilli auditoriya ilə orta hesabla 10 min baxışa 1 dollar qazanıram, yəni bu qədər fərq var.
Fuad Babayev: Bəs Azərbaycanın özündə belə bir böyük auditoriyanız olduğu halda Sizə hər hansı məhsulun reklamı ilə bağlı təkliflər olur?
Vüsal Məmmədzadə: Məndə bir neçə dəfə olub. İlkin dövrdə videoların mövzuları daha müxtəlif və rəngarəng idi, bəzən elmi mövzulara da mürəciət edirdim. Amma artıq 6-7 aydır ki, artıq məndə mövzu konkretdir. Yəni daha çox regionun siyasi məsələləri ilə, Ermənistan-Azərbaycan münasibətlərini daha çox qabartmışam. Belə mövzulu videolarla da bağlı reklam təklifləri olub.
Fuad Babayev: Sizin qəbul etdiyiniz təkliflər olubmu?
Vüsal Məmmədzadə: Olub. Amma dediyim kimi bu ilkin mərhələdə olub. Mövcud mövzular bir az ağır olduğuna görə həmin videonun içində hər şeyi reklam etmək olmur. Əgər videonun formatına uyğun bir təklif olsa bu barədə düşünürəm. Hər halda mövzuya və auditoriyaya mənfi təsiri olmayan kommersiya təklifindən imtina etmərəm.
Hazırladı: Təmkin Məmmədli, Aydan Abaslı, 1905.az