“1905.az” Diskussiya klubunda bu dəfə turizm məsələsini müzakirə etdik. Noyabrın 19-da baş tutan müzakirələrdə “Azərbaycanı kəşf et” kitabının müəllifi Aynur Talıbova, “Turne” verilişinin müəllifi Mirsəməd Cəfərov, Azərbaycan Turizm və Menecment Universitetinin turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, Azərbaycan Turizm Assosiasiyasının vitse-prezidenti Müzəffər Ağakərimov, “Qala Travel” turist firmasının nümayəndələri Sabir Məmmədov, Samir Əsədov, Azərbaycan Neft və Sənaye Universitetinin müəllimi Elviz İsmayılov iştirak edirdi.
Fuad Babayev: Bu yaxınlarda turistləri Misirin Şarm-əl Şeyx şəhərindən Rusiyanın Sant-Peterburq şəhərinə aparan təyyarə Sina yarımadası üzərində partladıldı. Və bunun nəticəsində də 200 nəfərdən artıq adam həlak oldu. Bundan sonra Rusiya və İngiltərə turistlərin Şarm-əl Şeyx şəhərinə uçuşlarını əngəllədi. Az sonra isə Parisdə baş verən terror hadisələri bu şəhərə getmək arzusunda olan turistlər qarşısında maneəyə çevrildi. Bu gün bütün dünya inkarolunmaz çətinliklər yaşayır. Çətinliklər isə iqtisadiyyatın digər sahələrinin, eləcə də turizmin fəallaşdırılmasını tələb edir. İndi turizm, insanların istirahəti üçün fəal dövr sayılmır. Amma bununla belə araşdırmaq istərdik ki, dünya turizminə son hadisələrin təsiri necə olacaq və bu sahəni nə gözləyir?
Aynur Talıbova: Təəssüf ki, Mədəniyyət və Turizm Nazirliyindən heç kəs yoxdur.
Müzəffər Ağakərimov: Turizm və Menecment Universiteti Mədəniyyət və Turzim Nazirliyinə tabe olduğundan, məncə, Rəhman müəllimi həmin nazirliyin nümayəndəsi kimi qəbul etmək olar. Həm də turizmlə bağlı bütün məlumatlar onda var.
Fuad Babayev: Birinci sualım belədir: Bu gün Azərbaycan turizminin vəziyyəti necədir? Biz istirahət edə bilirikmi?
Mirsəməd Cəfərov: Bu məsələyə iqtisadi böhranın böyük təsiri var. Əvvəl istirahət üçün uzaq və ekzotik xarici ölkələri seçənlər, indi daha yaxın ölkələrə üstünlük verirlər. Yaxın xarici ölkələrə gedənlər daha çox qonşu ölkələri – Türkiyə və Gürcüstanı seçirlər. Qonşu ölkələrə gedənlər isə indi Azərbaycanın bögələrinə yollanırlar. Daha öncə bölgələri seçənlər, indi bayramı evdə keçirmək məcburiyyətində qalacaqlar. Turizm iqtisadiyyatın vəziyyəti ilə sıx bağlı olan sahədir. İqtisadi vəziyyətdə durğunluq yaranan kimi, insan öz büdcəsində ilk növbədə turizm xərclərini ləğv edir. Misir hadisələri isə göstərdi ki, hər hansı terror hadisəsi, yaxud terror təhdidi o ölkənin turizm imicinə necə böyük zərbə vura bilər. Elə mənim özüm də dekabrda Misirə getməyi planlaşdırmışdım. Lakin bu hadisələrdən sonra səfərin təşkilatçıları bir qədər gözləməyi məsləhət görürlər. Həmçinin də dünyanın ən çox turist qəbul edən şəhərlərindən biri olan Parisdə də vəziyyət belədir. Bəzi məlumatlara görə, ildə təxminən 40 milyon turist bu şəhərə səfər edir.
Müzəffər Ağakərimov: Ümumiyyətlə, Azərbaycanda daxili və gəlmə turizmin inkişafı müşahidə olunur. Əlbəttə, turizm siyasi və iqtisadi məsələlərdən çox asılıdır. Ona görə də Misirdə və Fransada baş verən hadisələr bu ölkələrin turizminə çox təsir edib. Əgər Yaxın Şərqdə turizmin inkişafında ilk sıradakı ölkə Misirdirsə, Avropada Fransadır. İlk beşlikdəki digər ölkələr İspaniya və Türkiyədir. Azərbaycan Turizm Assosiasiyası da qeyd olunan hadisələrlə bağlı Azərbaycan turistlərini hələlik Misir və Fransaya səfərlərdən daşındırmağa çağırır. Bəs Yeni il şənliklərini hər il xaricdə keçirən Azərbaycan turistləri haraya gedə bilər? Məncə, vəziyyətin sabit olduğu Dubaya, İtaliyaya və ya Çexiyaya gedə bilərlər. Biz həm də turitlərimizə Azərbaycanın gözəl guşələrində dincəlməyi tövsiyə edə bilərik. Bildiyiniz kimi, bir neçə il öncəyədək Azərbaycanda yalnız yayda istirahət etmək olurdu. İndi artıq “Tufandağ”, “Şahdağ” kimi turizm komplekslərində qış turizmi də təklif olunur. Əgər 10 il əvvəl Azərbaycan turistlərinin 90 faizi digər ölkələrə getməyə çalışırdılarsa, indi mövcud reallıqlarla əlaqədar bu, bir qədər çətinləşib. Bəs Azərbaycanın daxili turizmində qiymətlər necədir? Azərbaycan Turizm Assosiasiyası bir neçə il əvvəlki kimi, indi də təkid edir ki, Azərbaycanda hostellər və ikiulduzlu otellər inşa edilməlidir. Aztəminatlı insanların, tələbələrin istirahəti üçün bunlar nəinki Bakıda, həm də regionlarımızda olmalıdır. Belə olarsa, İrandan, Şimali Qafqazdan gələn turistlər evlərdə yaşamazlar. Belə otellərin olması həm də vergi və təhlükəsizliklə bağlı problemləri də aradan qaldıra bilər. Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün gözəl şərait var. Son on ildə qaydaya salınmış infrastruktur – yol, elektrik, su, qaz xəttləri turizmin inkişafında böyük rol oynayır. Sadəcə yeni turizm marşrutları hazırlanmalı, düzgün reklam işi qurulmalı, Rusiya, Belarus və Qazaxıstan turistlərini öz bazarımıza cəlb etməliyik. Bizim başımız daha çox Avropa turistlərini ölkəzimizə cəlb etməyə qarışmışdı. Halbuki bizim üçün əsas bazar Rusiya olmalıdır. Bizim boşluğumuzdan istifadə edib, qardaş Türkiyə rus, belarus və qazax turistlərini cəlb etdi. Məndə dəqiq məlumat var ki, Naftalanda dincəlib, müalicə olunanların 35 faizi Qazaxıstan turistləridir. Biz diqqətimizi bu bazarlara yönəltməliyik. Çünki burada viza, dil və nəqliyyat problemi yoxdur.
Mirsəməd Cəfərov: Məncə, bu həm də onunla bağlıdır ki, Rusiya turistləri də xarici ölkələrə getməyə üstünlük verirdilər. Və onlar birdən-birə ayıldılar ki, yaxın xaricdə də gözəl istirahət etmək imkanı mövcuddur.
Fuad Babayev: Şarm əl-Şeyxi istirahət üçün seçən ruslar soyuq Rusiyadan günəşli Misirə getməyi üstünlük verirlər. Bizdə Şarm əl-Şeyxə bənzər kurort varmı?
Aynur Talıbova: Yoxdur. Bizdə istirahət müddəti təxminən 2 ay sürür. Ona görə də soyuq Avropa dövlətlərinin turistləri ilin 6 ayında günəşli günləri olan Türkiyənin Aralıq dənizi sahillərini seçirlər. Bizdə xüsusilə Rusiyaya yaxın Nabranda dəniz və otellər elə vəziyyətdədir ki, özünə hörmət edən kəs istirahət üçün ora getməz. Azərbaycanda daxili turizm baxımından ən ideal nümunə kimi Qəbələ rayonunu görürəm. Rayona girdiyiniz andan bu fərqi hiss edirsiniz.
Bir faktı da deyim, “Şahdağ” və “Tufandağ” turizm komplekslərində təklif olunan Yeni il paketlərinin qiymətinə Gürcüstanda bir həftə dincəlmək olar. Mən Azərbaycanın 5 dəfə tam gəzmişəm. Bəs bu 10 il ərzində nə dəyişdi? 2004-cü ildə rayonlarda, məsələn Tovuzda gecələmək üçün münasib yer yox idi. Amma indi Tovuzda yüksək səviyyəli otellər var və bu otellər, eləcə də Tovuz və Gədəbəydəki mənzərəli yerlər heç də İsveçrədəkindən geri qalmır. Amma bu rayonlardakı qədim abidələrin hər hansı birinə baxmaq üçün azı yarım gün vaxt sərf etməlisən. Çünki yol problemi mövcuddur. Xariciləri “beton yığını” ilə cəlb etmək mümkün deyil, onlar daha çox ekzotika axtarırılar. Köçəri quşların köçündən tutmuş, trekinqlərə qədər. Quba rayonununda unikal bir yer olan və turistlərin çox sevdikləri Xınalıq kədinə gözəl yol çəkilib. Xınalığın bir çox dəyərlərini ora gedənlər görə bilmirlər. Nə ilə məşhurdur bu yer? Toxunma məhsulları, yaxud təmiz kənd təsərrüfatı məhsulları ilə. Lakin Xınalıqda turist obyektləri, xidmət sektoru yoxdur. Yəni qonaqların diqqətinə heç nə təqdim olunmur.
Fuad Babayev: Amma səhv etmirəmsə, Xınalıqda turistləri qəbul etmək üçün ayrı-ayrı evlərin imkanından istifadə etməyə bənzər bir layihə həyata keçirilmişdi.
Aynur Talıbova: Bu icma turizminə bənzər bir şeydir. Yəni özün-özünə xidmət etməlisən. Amma qiyməti nisbətən ucuz olduğundan, ilk vaxtlarda bayaq dediyimiz ikiulduzlu otelləri əvəz edə bilər.
Rəhman Səfərov: Müzakirə etdiyimiz məsələ geniş mövzudur. Burada xidmət, qiymət, rahatlıq kimi müxtəlif məsələlərə toxunuldu. Dünyada gedən ən müxtəlif proseslər turizmə böyük təsir göstərir. Lakin bununla belə, dünya turizmində son 15 ildə geriləmə baş verməyib. Hətta belə bir deyim də var: dünyada iki şey heç vaxt dəyişmir, yağışın miqdarı və turizmin hərəkəti. İldən-ilə turistlərin, o cümlədən də azərbaycanlı turistlərin sayı artır. Lakin kimin maddi imkanı yaxşıdırsa, ölkə xaricində, maddi imkanı zəif olanlar isə ölkə daxilində istirahət edəcəklər. Amma magistral yollar üzərindəki motellərin sayını artırmalıyıq ki, Azərbaycan ərazisində səfərə çıxanlar istirahət edə bilsinlər. Qiymət məsələsini mən müzakirə etmək istəmirəm, çünki o da zamanla dəyişəcək. Hətta məncə, 4-5 ulduzlu otellərdə qiymət idealdır. Amma ikiulduzlu otellər açılmalıdır ki, qiymətlər şaxələnsin. Türkiyə 1990-cı illərdən sonra xidmət sektorunu daha da gücləndirdi və bu nailiyyətləri qazandı.
Aynur Talıbova: Həqiqətən də Türkiyədə turizm 1995-1996-cı illərdən sonra uğur qazanmağa başlayıb. Bu da əsasən şopinq turlara gedənlərin böyük sayı ilə olub. Amma Rusiyadakı böhran Türkiyə turizminə böyük mənfi təsir göstərib.
Fuad Babayev: “Böyük iyirmilik” bu yaxınlarda öz tədbirini Antalyada keçirdi. Yəqin ki, bu da öz reklam təsirini göstərəcək.
Rəhman Səfərov: Qiymət daha çox xidmətin səviyyəsi ilə müəyyənləşir. Bu gün Azərbaycanda yetişdirilən kadrlar bu bazarın hələlik tələbini ödəmir. Bizim beşulduzlu komfortlu otellərdə belə bir çox hallarda xidmət səviyyəsi aşağıdır. Danılmazdır ki, xidmət səviyyəsində Türkiyə və İspaniyadan çox geri qalırıq.
Fuad Babayev: Psixoloji baxımdan bizdəki xidmət səviyyəsi Türkiyədəkinə bərabər ola bilərmi?
Rəhman Səfərov: Azərbaycandakı ev qonaqpərvərliyi dünyanın heç bir yerində yoxdur. Türkiyə bu baxımdan bizdən çox geri qalır. Xidmət qonaqpərvərliyində Türkiyə bizdən on dəfə üstündür. Bizdə başqasına xidmət göstərməyi hətta özlərinə layiq olmayan iş kimi qəbul edirlər.
Müzəffər Ağakərimov: Bunun əsas səbəbi bizdə menecmentin düzgün qurulmaması ilə bağlıdır. Sahibkar bəzən obyekti başqasına icarə verir, daha sonra isə icarəyə verdiyi adamın işinə müdaxilə edir. Dörd fəsil və hər fəslin öz qiyməti var. Sahibkar bu qiymət siyasətinə qarışmamalıdır. Türkiyə Avropa sistemi, biz isə hələ də Şərq sistemi ilə işləyirik. Bir başqa məsələyə də toxunmaq istəyirəm. Bəzi cırtdan dövlətlərə – Lixtenşteyn, Andorraya Azərbaycana gələnlərdən daha çox turist gedir. Amma mən xatırlayıram ki, hələ sovet dövründə bizə Rusiyadan daha çox turist gəlirdi. Bizdə ilin 365 günündən 260-280 günü günəşlidir. Zuğulbada may ayından oktyabra kimi çimərlik sezonu davam edirdi. Turizm üçün Nabrandan əlverişli yer yoxdur. Dəniz və meşə yan-yanadır. Amma orada təmizlik işləri aprılmalıdır. Nabranda kanalizasiya sistemi yoxdur.
Aynur Talıbova: Nabranda həqiqətən vəziyyət dəhşətlidir. Ətraf qamışlıqdır. Hər cür kriminal hadisə baş verə bilər. Daha gözəl bir ərazimiz Qubada Təngəaltından tutmuş Qəçrəşə kimi sanki “qaraçı turizmi” hökm sürür.
Müzəffər Ağakərimov: Nabranda sanitar normaları pozulur, su çirklidir. Halbuki 30 il qabaq şəxsən mən Nabranda hər gün çimirdim. Amma indi orada çimmək mümkün deyil. Qəbələdə hər cür gözəl şərait yaradılıb. Amma buranın da problemi qiymətlərdir. Nəinki otel qiymətləri, adi yemək qiymətləri də çox bahadır.
Mirsəməd Cəfərov: Turizmdə qayda yaratmaq üçün viza proseduru sadələşdirilməlidir. Bütün dünya aeroportlarında həmin şəhərin xəritələri var. Bakıda mən belə bir halla qarşılaşmamışam. Qapıdan çıxanı birinci taksi sürücüləri qarşılayır. Yaxşı ki, təzəlikcə avtobus reysləri işə başlayıb. Bu yaxınlarda rusiyalı jurnalist Mixail Taratuta Bakıya gəlmişdi. Və öz yazısında turizmin inkişaf etdirilməsi ilə bağlı sadə düstürlar göstərmişdi.
Fuad Babayev: Mən çox istərdim ki, bu bizneslə real məşğul olan şəxslər və istehlakçı da öz münasibətini bildirsin.
Elviz İsmayılov: İstehlakçını maraqlandıran əsas məsələ maddi tərəflərdir.
Sabir Məmmədov: Mən ilk olaraq Azərbaycandakı otellərdən danışmaq istərdim. Burada ikiulduzlu otellərin vacibliyi haqqında danışıldı. Amma mən deyə bilərəm ki, Azərbaycandakı dördulduzlu otellərin əksəriyyəti elə ikiulduzlu otel səviyyəsində xidmət göstərirlər. Amma qiyməti dördulduz səviyyəsindədir. Belə görünür ki, otellərə ulduzlar qeyri-şəffaf şəkildə paylanılır. Qiymətlər isə çox bahadır. Avropalı turistlər Azərbaycanda yalnız Qəbələni tanıyırlar. Buna görə də sərmayəçilər də yalnız Qəbələyə sərmayə qoyurlar. Azərbaycanın turistləri isə daha çox Avropa ölkələrinə səfər etməyi üstün tuturlar. Amma mövcud maliyyə vəziyyəti həmin şəxslərinin maksimum bir həftə ərzində Avropa ölkələrində qalmalarına imkan verir. Son hadisələrsə turistləri çox qorxudub. Təyyarə qəzası Misirə səfər etmək niyyətində olan turistlərimizin sayını 50 faizdən də artıq azaldıb. Azərbaycandakı qiymətlərin bahalığı isə yerli turistlərimizin Gürcüstana üstünlük verməsi ilə nəticələnir. Sadəcə bir rəqəmi misal gətirmək istərdim: Qəbələdə bir günlük istirahətə xərclənən pulla Gürcüstanda 3 gün istirahət etmək mümkündür. Daha bir problem isə Azərbaycan otellərinin tanıtım məsələləri ilə məşğul olmamalarıdır. Bunun da nəticəsi olaraq biz xarici turistlərə otellərimiz haqqında dolğun məlumat verə bilmirik.
Samir Əsədov: Mən Azərbaycana turistlərin gəlməmələrinin əsas səbəbləri barəsində danışmaq istərdim. Əvvəla, aviabiletlərin qiyməti çox bahadır. Avropada məsələn, Milandan Barselonaya uçuşun qiyməti 60-70 avrodur. Bizdə otellər infoturlar təşkil etmirlər. Otellərdə əyləncəli proqramlar yoxdur. Sanki axşam saat 7-dən sonra ancaq yatmaq lazımdır. Halbuki animasiyalar təşkil olunmalı, amfiteatrlar tikilməlidir. Üstəlik Azərbaycanı daha yaxşı tanıtmaq üçün turizm sərgilərində iştirak etmək lazımdır. Bir neçə belə turizm sərgilərinin iştirakçısı olmuşam. Ölkəmizlə həddindən artıq maraqlananlar olduğu halda, iştirakçılarımız susur, yalnız passiv halda iştirak edirlər.
Elviz İsmayılov: Bizim daxili turizmdə ən böyük problemimiz qiymət siyasəti ilə bağlıdır. Burada otellər, xidmətlə bağlı problemlər sadalandı. Mən özüm də xaricdə olanda beşulduzlu yox, daha aşağı səviyyəli, amma xidmət keyfiyyəti yüksək olan otellərə üstünlük verirəm. Məsələn, Türkiyənin Kayseri şəhərindəki üçulduzlu otel bizim beşulduzlu otel səviyyəsində xidmətlər təklif edir. Otelin bilavasitə yaxınlığında isə müxtəlif bölgələrə turlar təşkil olunur.
Aynur Talıbova: Azərbaycanda milli parklar var. Məsələn, ən böyük su akvatoriyasına malik “Qızılağac” Milli Parkı. Bunlar turizmin bir çox növlərinin inkişafına təkan verə bilər. Köçəri quşların hərəkətini izləməyə avropalı turist real pul verir. Hirkan Milli Parkında 11 ekoturizm marşrutu işlənib. Amma milli parklara girmək mümkün deyil. “Göygöl” Milli Parkı uzun illər bağlı idi. İndi giriş açılıb və adambaşına 2 manat ödənilməlidir. İnsanlar bundan şikayətlənir, amma məncə, bu, çox ucuzdur. Türkiyədə Qara dəniz boyunca olan milli parklarda avtomobilin ölçüsündən asılı olaraq qiymətin məbləği dəyişir. Bizdə Mingəçevirdə, Zaqatalada, Naftalanda turizm üçün geniş imkanlar var. Naftalanın 8 min əhalisi var, hər yandan turistlər gəlir, amma yalnız 1 normal otel var.
Müzəffər Ağakərimov: Naftalanın 9500 nəfər əhalisi var. Həmin şəhərdə 3 ədəd 4-5 ulduzlu otel fəaliyyət göstərir, qalanları isə daha aşağı səviyyəlidir. Ən yaxşı otellərdən birində gündə 3 dəfə yemək və digər müalicə proseduru da daxil olmaqla bir günlük qiymət 55 dollardır.
Mirsəməd Cəfərov: Mən bu yaxınlarda Truskovesdə oldum, orada müalicə alanların əksəriyyəti azərbaycanlılardır. Amma bildiyimə görə, Qalaaltındakı suyun da tərkibi Truskovesdəkinə yaxındır.
Müzəffər Ağakərimov: Mən də bu yaxınlarda belaruslu turistlərlə birlikdə Qalaaltında oldum və düzü, qiymətlər də məni qane etdi.
Fuad Babayev: Turizmdəki bütün bu problemləri aradan qaldırmaq üçün sizlərin qısa təkliflərinizi eşitmək istərdik.
Aynur Talıbova: Mən turizmin inkişaf etdirilməsi üçün Qəbələ modelindən istifadənin tərəfdarıyam. Burada turizmin inkişaf etdirilməsi üçün gözəl təbiətdən tutmuş etnik və arxeoloji dəyərlər də mövcuddur. Daxili turizmi inkişaf etdirmək üçün bir az istəkli olmalı, qonşu Türkiyə və Gürcüstanın təcrübəsinə yaradıcı münasibət göstərməliyik.
Mirsəməd Cəfərov: Sahibkarlara geniş şərait yaradılmalıdır. Turizmi inkişaf etdirmək istəyən şəxslərə vergi güzəştləri tətbiq olunmalıdır. Naxçıvanda Nuh peyğəmbərin məzarının olması turizm üçün xəzinə sayıla bilər. Bundan xariciləri cəlb etmək üçün geniş istifadə edə bilərik.
Rəhman Səfərov: Rayonlarda müxtəlif festivalların keçirilməsi həmin regionun tanıdılması baxımından çox əhəmiyyətlidir. Lakin təəssüf ki, həmin festivallar qısamüddətlidir. Məncə, onların bir həftə ərzində keçirilməsi turizmin inkişafına böyük töhfə verərdi. Azərbaycan turizmində ən zəif nöqtələrdən biri animasiya xidmətinin olmamasıdır. Həm otelçilikdə, həm də festivallarda animasiyaların təşkili gücləndirilməlidir. Xidmət sferasında keyfiyyət artırılmalıdır ki, bu da kadrlara ehtiyac yaradır. Kadrların yetişdirilməsi də bizim üzərimizə düşür. Turizm bölgələrdə artdıqca, qiymət məsələsində də tənzimlənməyə nail ola biləcəyik.
Müzəffər Ağakərimov: İlk növbədə mən təklif edərdim ki, turizmin inkişafı üçün müxtəlif qurumların işi əlaqələndirilsin. Məsələn, ov turizminin inkişaf etdirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə çalışmalıdır. İkincisi, Azərbaycanda fəaliyyət göstərən otellərin menecerləri müsabiqə yolu ilə işə qəbul edilməlidir. Üçüncüsü, otellərin qiymətlərinin ucuzlaşdırılması, ikiulduzlu otellərin və hostellərin inşa edilməsi lazımdır. Dördüncüsü, yüksək səviyyəli ekskursiya bələdçiləri yetişdirilməlidir.
Sabir Məmmədov: Məncə, qiymətlər aşağı düşməsə və viza problemi həllini tapmasa, daxili turizmin inkişafından söhbət gedə bilməz. Xarici ölkələrə gedənlərimiz isə yalnız dar bir təbəqədir.
Samir Əsədov: Mən istərdim ki, bu sahə ilə məşğul olan adamlar Türkiyədə kurs keçsinlər.
Elviz İsmayılov: Kadr potensialını bərpa etmək lazımdır. Məhdud sayda olan kadrlarımız bir oteldən digərinə keçir, yaxud işləmək üçün Türkiyəni seçirlər.
Fuad Babayev: Hörmətli, qonaqlar, Dilskusiya klubunun bu günkü müzakirələrində iştirakınıza görə, hər birinizə minnətdarlığımızı bildiririk.
Hazırladı:
Gündüz Nəsibov,
1905.az