Tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Əhmədov və “Göyçə:Sədənağac-Güney” kitabının müəllifi Lütfiyar Nəsibovla Göyçə mahalında azərbaycanlılara qarşı törədilmiş soyqırımlar və soydaşlarımızın məruz qaldıqları deportasiyalar barədə danışdıq.
Fuad Babayev: Göyçə mahalı Qərbi Azərbaycanın hansı bölgələrini əhatə edir?
Bəxtiyar Əhmədov: Göyçə mahalı Azərbaycanın ən qədim tarixə malik ərazilərindən biri olmaqla tarixən Azərbaycan xalqının təşəkkül tapdığı vahid areala daxildir. Orta əsrlər dövründə Göyçə mahalı türk mənşəli Sacilərin, sonra Salari və Rəvvadilərin, Səlcuq İmperiyasının, Atabəylər, Hülakilar, nəhayət XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, sonralar isə Səfəvi dövlətinin tərkibində olub. Səfəvilər dövründən Göyçə haqqında geniş məlumatlar əldə olunub. Belə ki, Şah İsmayıl Xətainin bir səfəri zamanı Göyçədən keçməsi tarixi həqiqətdir. Göyçə mahalının kəndləri haqqında isə biz əsas məlumatları türk mənbələrindən götürürük. Çünki məlum olduğu kimi Göyçə mahalı 2 dəfə Osmanlıların nəzarəti altında olub. 1590 və 1724-cü illərdə.
Lütfiyar Nəsibov: “Göyçə vilayəti” ifadəsinə isə ilk dəfə Qarqoyunlu sülaləsindən Cahanşah padşahın imzaladığı fərmanda rast gəlinir. Tarixi olmasa da 1449-1462-ci illər arasında verilmiş fərman olduğu güman edilir. Bu barədə kitabımda da qeyd etmişəm.
Fuad Babayev: Kameral siyahıyaalmalardan danışaq mümkünsə.
Bəxtiyar Əhmədov: 1747-ci ildə Göyçə mahalı çevrəsində İrəvan xanlığı yarandı. Göyçə mahalı İrəvan xanlığının şimal hissəsini əhatə etməklə, həm ərazisinə, həm də əhalisinin sayına görə xanlığın ən böyük mahalı hesab edilirdi. 19-cu əsrin əvvəllərində artıq həmin zonada, ümumən Cənubi Qafqazda siyasi vəziyyət gərgin idi. II çar Rusiyası-Qacarlar İranı müharibəsi nəticəsində imzalanan Türkmənçay (10 fevral 1828-ci il) sülh müqaviləsinə əsasən İrəvan xanlığı Rusiya imperiyasının tərkibinə daxil edildi. Türkmənçay sazişinin 15-ci və 2 sentyabr 1829-cu il Ədirnə sülh müqaviləsinin 13-cü maddələrinə müvafiq olaraq Qacarlar dövləti və Osmanlı imperiyasında yaşayan ermənilərin Şimali Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsinə başlanıldı. 1828-ci il martın 21-də verdiyi fərmana görə İrəvan və Naxçıvan xanlıqları ləğv edildi. Şimali Azərbaycanın qədim və tarixi torpaqlarında yeni inzibati bölgü – «Erməni vilayəti» yaradıldı. 1829-cu ilin əvvəlində çar işğal olunmuş ərazilərdə hər 10 ildən 1 kameral siyahıyaalmaların keçirilməsi barədə fərman verir.
Lütfiyar Nəsibov: Onu da qeyd edim ki, kameral siyahıyaalmalar fransız mənşəli, rus səyyahı və etnoqrafı İvan İvanoviç Şopenə həvalə olunub. Özünün yazdığına görə, “Erməni Vilayəti”ni qarış-qarış gəzərək İrəvan bölgəsinə aid zəngin statitik məlumatlar toplayıb.
Fuad Babayev: Yəni bilavasitə özü də bu işdə iştirak edib.
Lütfiyar Nəsibov: Bəli, 1832-ci ilin mayında da bu işi başa çatdırıb.
Bəxtiyar Əhmədov: Kameral siyahıyaalma əsasən vergiyə cəlb olunma üçün nəzərdə tutulmuşdu, ancaq çar həm də əhalinin əmlakı barədə də məlumatlı olmaq istəyirdi. Düzdür, bizi qane etməyən cəhətləri olsa da ilkin istinad etdiyimiz mənbələr bunlardır.
Lütfiyar Nəsibov: Həmin bölgənin iqlimi, coğrafiyası, iqtisadiyyatı, kənd təsərrüfatı, məişəti və.s. məsələlər barədə də araşdırmalar həmin siyahıyaalmadan əldə olunan məlumatlardandır.
Fuad Babayev: Siyahıyalmaların nəticələri 1852-ci ildə nəşr olunub, elə deyilmi?
Lütfiyar Nəsibov: Bəli, əsərin adı da “Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi”dir. Əsərdə Göyçə mahalının kəndlərində yaşayanlar adbaad göstərilib.
Bəxtiyar Əhmədov: Erməni vilayəti yaradıldıqdan sonra Çavçavadze Aleksandr Qarsevanoviç (gürcü knyazı, şair, general-mayor-red.) orda ilk rəis təyin olundu.
Lütfiyar Nəsibov: Gürcü mənşəli, rus generalı idi o da.
Bəxtiyar Əhmədov: 30-cu ildən sonra isə erməni əsilli general Mədətov təyin olundu. Gələk əsas kameral siyahıyaalmaya. İ.Şopenin kameral siyahıyaalmasına görə, “Erməni vilayəti”ndə 1111 kənd mövcud olub. Bunlardan 126 kənd Göyçə mahalının payına düşürdü. Bu kəndlərdən 67-si çar Rusiya-Qacarlar İranı müharibələri dövründə tamamilə dağıdılıb, əhalisinin böyük əksəriyyəti hərbi əməliyyatlar zamanı öldürülüb, az bir hissəsi isə doğma yurdlarından didərgin salınıb. Göyçə mahalında qismən dağıdılmış, yaşayış üçün yararlı olan 59 kənd olub. Bu siyahıyaalmadan məlum olur ki, ermənilərin keçmiş İrəvan xanlığının ərazisinə köçürülüb gətirilməsinədək Göyçə mahalında 999 müsəlman və 15 erməni ailəsi olmaqla 1014 ailə yaşayır. Burda kiçik bir nüans var, hansı ki, mən məqaləmdə də buna yer vermişəm. Nəzərə alınmalıdır ki, 59 kəndin yalnız 36-da yaşayış var, qalanları isə boşdur. Yəni hesablamalar 36 kənddə yaşayan əhaliyə əsasən aparılıb. Yaşayış olmayan və unudulmuş kəndləri də nəzərə alsaq, əslində Rusiya işğalına qədər Göyçənin yerli əhalisi 15 mindən çox olub.
Fuad Babayev: Siz bayaq dediniz ki, Şopendə müəyyən çatışmazlıqlar olub. Onlardan biri budur, elə deyilmi?
Lütfiyar Nəsibov: Ümumiyyətlə, siyahılarda əhalinin sayı az idi. Şopen özü bu barədə yazmır, amma Göyçə camaatının əhalisi geniş şəkildə maldarlıqla məşğul olurdu. Kəndlərdə hər bir ailə ev şəraitində mal-qara saxlayırdı. Bir çox ailələr isə köçmə heyvandarlıqla məşğul olurdu. Belə ailələrdə ailə üzvlərinin bir hissəsi yazda yaylaqlara köçür, payızda isə kəndə qayıdırdılar. Və siyahıyaalmalar aparılan zaman da əhalinin çox hissəsi yaylaqda olurdu. Demək olar ki, kəndlər boş qalırdı. Ona görə də dəqiq əhalinin sayını bilmək mümkün deyildi. Obyektivlik nöqteyi-nəzərdən istəsə də edə bilməzdi. Çünki əhalinin hərəkəti sıx və sürətli idi.
Bəxtiyar Əhmədov: Ümumiyyətlə, 19-cu əsrin əvvəllərində mövcud olan müharibə şəraiti ilə əlaqədar Göyçə tamamilə boşaldılıb. Nisbətən sabitlik yarandıqdan sonra yaşayış bərpa olunub. Şopenin tədqiqatında məni qane etməyən bir məsələ də budur ki, onun siyahıyaalmasını aparan şəxslər- tərcüməçiləri, yolgöstərənləri, bələdçiləri ermənilər olub. Onlar da istədiyi məlumatı istənilən yönə çevirə bilirdilər.
Lütfiyar Nəsibov: Mən kitabımda da bu barədə qeyd etmişəm. Şopenin kitabına bir qədər kritik nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Kitabla tanışlıq göstərir ki, əslində Şopenin qarşısına qoyduğu problemin tədqiqində tətbiq etdiyi konseptual yanaşma tamamilə səhvdir. O, “Erməni Vilayəti”ndən bəhs etməli olduğu halda, kitabın 1-ci hissəsini qədim erməni çarlığının coğrafi, tarixi, ədəbi və arxeoloji cəhətdən baxışlar adlandırıb, heç bir əsas olmadan “erməni vilayəti”ni Ermənistan tarixi kimi təqdim edib. Buradakı statistik materialın da ermənilərin xeyrinə təhrif edildiyini demək olar. Mən həmişə belə hesab edirəm ki, Şopenin yeganə xidməti toponimlərin adını düzgün şəkildə qeydə almasıdır.
Fuad Babayev: Bu da bizim xeyrimizə olan məsələdir.
Lütfiyar Nəsibov: Bəli, bizim xalqın, bizim millətin mənafeyinə uyğun olan yeganə nüans budur. Amma ümumi götürəndə əsər erməni xalqının tarixindən bəhs edən bir kitabdır.
Fuad Babayev: Bəxtiyar müəllim, sizin dissertasiyanız “XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımlar” adlanır. Kitab şəklində çıxıbmı?
Bəxtiyar Əhmədov: Hələ çap olunmayıb.
Fuad Babayev: Bu çox maraqlı mövzudur. Biz işğal olunmuş torpaqlarımızdan bol-bol danışırıq. BMT tərəfindən tanınmış sərhədlərimiz çərçivəsində qondarma rejim əmələ gəldiyini hər yerdə bəyan edirik. Amma Ermənistan Respublikasının ərazisində qalan, tarixi Azərbaycan torpaqları haqqında lazım ola bilcəəyindən az bəhs edirik məncə. Zənnimcə, belə elmi işlər çox əhəmiyyətlidir. İstərdim bu barədə danışaq.
Bəxtiyar Əhmədov: Bir neçə il bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi rəhbərim, tarix üzrə fəlsəfə doktoru İsrafil Məmmədov keçmiş Ermənistan SSRİ ərazisinin ayrı-ayrı bölgələr üzrə öyrənilməsi təşəbbüsü ilə çıxış etdi. Bu fikir çox bəyənildi və mən də Göyçə mahalının tədqiqinə başladım.
Aytac Hüseynova: Göyçə mahalında yaşayanların etnik tərkibi necə idi?
Bəxtiyar Əhmədov: 1873-cü ildə aparılmış kameral siyahıyaalmaya görə, Yeni Bəyazid qəzası 60 azərbaycanlı, 44 erməni, 7 rus, 7 qarışıq, 2 kürd, 1 yunan yaşayan 121 kənddən ibarət olub. Qəzada ümumilikdə 64567 nəfər, о cümlədən 19897 azərbaycanlı, 42270 erməni , 2056 rus, 248 kürd, 96 yunan yaşayıb. Yəni çoxmillətli ərazi olub. Təkcə azərbaycanlılar, ermənilər yaşamayıb. 1886-cı ildə aparılmış kameral siyahıyaalmanın nəticəsinə görə, Yeni Bəyazid qəzasında 16 kənd icmasında birləşmiş 128 kənd qeydə alınıb. Qəzada əhalinin ümumi sayı 103611 nəfər (10104 ev) idi. Bunlardan 29523 nəfər azərbaycanlı, 68793 nəfər erməni, 2567 nəfər rus , 2443 nəfər kürd, 143 nəfər mordvan idi. Fikir versək ermənilərin sayı durmadan artır. 1877-1878-ci il müharibəsindən sonra xaricdən gələn ermənilərin kütləvi surətdə Göyçəyə köçürülməsi baş verdi. Çar Rusiyasının işğalından sonrakı ilk illərdə Göyçə mahalında ermənilərin sayı 90 idisə, 1916-cı ildə artıq 90 minə çatmışdı. Təbii ki, xaricdən gələn ermənilərin hesabına. Beləliklə, çar Rusiyasının azərbaycanlıları deportasiyası, ermənilərin köçürülməsi hesabına Göyçə mahalının yenidən məskunlaşdırılması istiqamətində həyata keçirildiyi planlı, məqsədyönlü siyasətin gedişində bölgənin etnik-demoqrafik xəritəsi büsbütün dəyişib. Ermənilərin sayının sürətlə artmasına müvafiq olaraq azərbaycanlıların sayı kəskin surətdə azalıb və bu yolla Göyçə mahalının da azərbaycanlılardan təmizlənməsi üçün zəmin hazırlanıb. Nəhayət, gəlirik 1905-ci il hadisələrinə. 1905-ci ildə Rusiya imperiyasında baş verən iğtişaşlar Cənubi Qafqazda güclü əks-səda doğurmuşdu. Ermənilər də hər zaman olduğu kimi bundan məharətlə istifadə ediblər.
1905-1906-cı il hadisələrində kütləvi şəkildə qırğınlara məruz qalan bölgələrdən biri də Göyçə mahalı idi. Göyçə mahalının digər kəndləri ilə yanaşı Kamal və Damagirməz kəndləri də dağıntılara məruz qalmış kəndlərdən idi. Daha sonra isə Göyçənin növbəti 3 kəndi (Basarkeçər, Quləli, Nərədüzü) erməniləşdirildi. Altı yaşayış məntəqəsi isə yer üzündən tamamilə silindi. Ümumilikdə, 1850-1907-ci illərdə üst-üstə 20 kənd tamamilə dağıdılıb, 4 kənd isə erməniləşdirilib. Ən böyük qırğınlar isə 1918-1920-ci illərdə baş verib. Bakıda mart qırğınları başlayana qədər artıq Göyçənin cənub-qərb hissəsində qırğınlar başlamışdı. Yeni Bəyazid qəzasının 7 kəndi 668 ailə ilə birlikdə dağıdılıb, ümumilikdə 4649 yerli sakin qətlə yetirilib və deportasiya olunub. Ümumiyyətlə, 1917-ci ilin fevralı – 1920-ci illər ərzində Andranik, Njde Qaregin, Dro Kanayanın başçılığı ilə Yeni Bəyazid qəzasının 84 kəndi dağıdılıb, 75000 nəfər qətlə yetirilib. 1916-cı il məlumatlarına görə, Göyçədə 51 minə yaxın azərbaycanlı yaşayırdı, 1926-cı ildə artıq bu rəqəm 14065 nəfərə enmişdi. Yəni on il müddətində bu qəzada əhali 36689 nəfər azalmışdı. Bu təbii artım nəzərə alınmadan olan göstəricilərdir.
Fuad Babayev: O amili də nəzərə alsaq rəqəm daha böyükdür.
Lütfiyar Nəsibov: 1948-ci il isə növbəti faciələrin başlanğıcı olmuşdu. “Köçürülmə” planı yeni genosid dalğalarının əsasında dayanırdı. Lakin Ermənistandakı azərbaycanlılar yaşayan bütün rayonlardan fərqli olaraq deportasiya Basarkeçər rayonundan bir qədər yumşaq ötdü. Onun da bir səbəbi var idi. O vaxtlar Basarkeçər rayon partiya komitəsinin birinci katibi Talıb Musayevin gördüyü tədbirlər nəticəsində, Ermənistan hökuməti bu rayondan azərbaycanlıları deportasiya edə bilmədi. Ermənistan Kommunist Patiyasının Mərkəzi Komitəsinin büro iclasında köçürülmə ilə əlaqədar məsələlə müzakirə olunanda Talıb Musayev köçürülmənin yanlış olduğunu hər cəhdlə sübut etməyə çalışırdı. O, iclasdakı çıxışında Ermənistanda 100-dən çox boş kəndin olmasını diqqətə çatdıraraq bildirib ki, təkcə Vedi və Qarabağlar rayonlarında 25 boş kənd var. Talıb Musayev “köçürülmə” siyasətinə qarşı çıxdığına görə hətta ermənilər o vaxtkı Azərbaycan KP MK birinci katibi M.C.Bağırova ondan şikayət etmişdilər. Bağırov Talıb Musayevi Bakıya görüşə dəvət edib, onu çox sərt qarşılayıbmış. Talıb Musayev ermənilərin köçürmə planı arxasında duran niyyətini izah etdikdən sonra Bağırovun münasibəti dəyişir və ondan nə istədiyini soruşur. Musayev bildirir ki, Xanlar rayonu ərazisində boş evlər var, o evləri verin, 1 kəndin əhalisini tez ora köçürüm. Sonra isə Bağırova deyib ki, Qaraqoyunlu kəndi var. Onların 8000 baş qoyunu, 1000 baş malı, 150 baş atı var. Mən onları ermənilərə necə verim? Bu danışıqlardan sonra Zod camaatının bir hissəsi, təxminən 100 ailə Xanlar şəhərinə gəlib boş evlərdə məskunlaşır. 1948-ci ildə isə köçürməni tezləşdirmək məqsədilə Qarabağlar rayonu ləğv olunub Vediyə birləşdirilir və Vediyə milliyətcə erməni olan rəhbərlər təyin edilir. Elə həmin ildə də məhsul yığımı başa çatdıqdan sonra Vedi, Zəngibasar, Qəmərli, Axta, Yeni Bəyazid və digər rayonlardan camaat zor-xoş köçürülməyə başladı. Qocalar, uşaqlar dəmiryol stansiyalarına töküldü. Köçənləri də heç yaxşı qarşılamadılar. Həftələrlə küçədə, yollarda qalan azərbaycanlılar dost-tanış, qohum-əqrəbalarının evlərində müvəqqəti məskunlaşdılar. Çəx əziyyət, aclıq çəkdilər. Bir çox xəstəliklər yayıldı. Bir sözlə, öz xoşu ilə köçməyənlər zorla köçürüldü. 1948-ci ilin sonunda Talıb Musayevi oxumaq adı ilə Moskvaya 1 illik marksizm-leninizm kursuna göndərdilər ki, kəndləri rahat boşaltsınlar və milliyyətcə erməni Ağayan Basarkeçər rayonuna 1-ci katib qoyuldu. O katib olan kimi Yarpızlı, Qızılvəng, Qanlı, Kərkibaş kəndlərinin camaatı zorla Azərbaycana köçürüldü. Onu da deyim ki, Basarkeçər rayonu o dövrdə Ermənistan SSR iqtisadiyyatında mühüm yer tutan aqrar rayonlardan biri idi. Kənd təsərrüfatı üzrə göstəricilər hamısı Basarkeçər rayonu üzərində formalaşırdı. Həmin il nəzərdə tutulan dövlət planlarının heç biri yerinə yetirilmədi. Elə vəziyyət yaranmışdı ki, qışda mal-qaraya baxmağa adam tapılmırdı. Və nəhayət Ermənistan rəhbərliyi 1949-cu ilin sonunda Talıb Musayevi yenidən birinci katib təyin etmək məcburiyyətində qaldı. Rayona qayıdan kimi T. Musayev zorla köçürülənləri geri qaytarmağa başladı. Az bir vaxtda nizam-intizam bərpa olundu, məhsuldarlıq artdı. 1951-ci ilin payızında “köçürülmə” planına əsasən Basarkeçər rayonundan azərbaycanlıların köçürülməsi nəzərdə tutulmuşdu. Oktyabr ayında məsul şəxslərdən ibarət komissiya 150 yük maşını ilə rayona gəlib 600 ailənin Şişqaya, Qaraiman, Nərimanlı və Qaraqoyun kəndlərindən köçürülmələrini təklif etdi. Talıb Musayev komissiya üzvlərinə bildirdi ki, Stalinin qərarına əasən köçürülmə könüllüdür. Bir müddət sonra qərara alındı ki, köçürülmə nəzərdə tutlan kəndlərdə yığıncaqlar keçirilsin və köçmək istəyənlər könüllü köçürülsün. Və gecə ilə raykomun şöbə müdirləri kəndlərə yola düşərək kənd ağsaqqalları ilə görüşdülər və bildirdilər ki, qorxmaq lazım deyil, əgər camaat kütləvi şəkildə köçürülmədən imtina etsə, onların əleyhinə heç bir qərar verə bilməzlər. Nəticədə komissiya üzvləri nə qədər hədə-qorxu gəlsələr də bir faydası olmadı.
Fuad Babayev: Lüyfiyat müəllim, Siz iqtisadiyyat üzrə fəlsəfə doktorusunuz, bu isə sırf etnoqrafik, tarixi bir əsərdir. Necə oldu ki, belə böyük bir layihəyə başladınız?
Lütfiyar Nəsibov: Sadəcə olaraq unudulub getməməsi üçün qərara aldım ki, öz doğulduğum kənd, orada yaşayan tayfalar haqqında nəsə yazım. Düzü 5-6 aya başa çatdırmağı planlaşdırırdım. Amma gördüm ki, bunu yazmasan olmaz, onu yazmasam olmaz və bu kitab düz 3 ilə ərsəyə gəldi. Bir şeyi də qeyd etmək istəyirəm ki, ümumiyyətlə, bu günə qədər Qərbi Azərbaycanın, Göyçənin tarixi Azərbaycan tarixşünasları tərəfindən lazımi qədər araşdırılmayıb. Çox böyük boşluqlar var.
Bəxtiyar Əhmədov: Bir neçə kənd haqqında müəyyən kitablar çap olunsa da ən sanballı, ən dəyərli kitab məhz Lütfiyar müəllimin “Göyçə: Sədənağaç-Güney” kitabıdır. Bu kitabda bütün sahələr öz əksini tapıb. Deportasiya, soyqırım, təsərrüfat, mədəniyyət, təhsil, səhiyyə, Böyük Vətən müharibəsi, Əfqanıstan müharibəsi, Qarabağ müharibəsi və.s.
Və bir şeyi də əlavə edim ki, ermənilər öz mənfur niyyətlərindən Mingəçevir su anbarı tikilən zaman da məharətlə istifadə etdilər. Azərbaycanda əkin sahələri artır, əkinçiliyə dəstək lazımdır kimi fikirlərlə öz niyyətlərini ört-basdır etməyə çalışdılar. Amma tarixi faktlar da təsiq edir ki, 1948-1953-cü illərdə azərbaycanlıların köçürülməsi qərarı iqtisadi amillərlə bağlı olmayan sırf siyasi qərar idi. Məqsəd tarixi Azərbaycan torpaqları olan Ermənistan SSR ərazisindən azərbaycanlıları tamamilə çıxarmaq, əvəzində xaricdə yaşayan erməniləri bu ərazilərə köçürmək idi. Buna nail də oldular. 1948-1953-cü illərdə Ermənistan SSR-in tərkibində olan Göyçə mahalını əhatə edən Basarkeçər, Yeni Bəyazid (Kamo), Aşağı Qaranlıq (Martuni) rayonlarından da azərbaycanlı əhali zorla köçürülməyə məruz qaldı. Basarkeçər rayonundan azərbaycanlı əhalinin köçürülməsi 1951-1953-cü illərin köçürülmə planında idi. Lakin Yarpızlı, Qızılvəng, Yuxarı Zağallı, Kərkibaş və Qanlı kəndlərinin əhalisi 1948-ci ildə köçürülməyə məruz qaldı. Göyçənin cənub-qərbində 1 nəfər də olsun azərbaycanlı qalmadı. Ümumiyyətlə, 1948-1953-cü illərin deportasiyası dövründə Göyçə mahalını əhatə edən Sevan, Kamo və Martuni rayonları ərazisində türk kəndləri birmənalı şəkildə ləğv edildi, hər üç rayon etnik tərkib etibarı ilə saflaşdırıldı. Belə ki, Kamo rayonunun Ağqala, Ağzıbir, Başkənd, Kuzəcik, Hacı Muğan, Martuni rayonunun Karvansara, Mollalı, Mədinə, Qızılxaraba, Aşağı Alçalı, Aşağı Qaranlıq, Yanıx, Sevan rayonunun Ördəkli, Əfəndi, Çubuxlu kəndlərində həyata keçirilən deportasiya tədbirləri nəticəsində bu rayonlarda azərbaycanlıların izi silindi. Basarkeçər rayonunda isə bu aksiya qismən ağrısız oldu. Daha doğrusu, o illərdə Basarkeçərdə türklərin demoqrafik üstünlüyü səbəbiylə rəhbərlər arasında türklərin üstünlük təşkil etməsi burada ermənilərə istədikləri qədər əl-qol açmağa imkan vermədi. O zaman Basarkeçər rayon partiya komitəsinin birinci katibi olan Talıb Musayevin və SSRİ Ali Sovetinin Ermənistandan olan yeganə azərbaycanlı deputat Aydın Məmmədovun sayəsində Basarkeçərdə deportasiya kütləvi xarakter almadı. Talıb Musayevin və Aydın Məmmədovun cidd-cəhdlərinə baxmayaraq, 1948-1953-cü illərdə Basarkeçərin 7 kəndindən təxminən 5500 azərbaycanlı deportasiyaya məruz qaldı.
Fuad Babayev: Çox ciddi rəqəmlərdir.
Bəxtiyar Əhmədov: Bəli, bütün bunları nəzərə alsaq, əslində tam ağrısız keçib də deyə bilmərik. 1918-20-ci illərdə isə Göyçənin 95 kəndi tamamilə dağıdılır. 95 kənddən 28-i tamamilə silinir, 18 kənd isə tam erməniləşdirilir. Bu ardıcıl həyata keçirilmiş bir siyasət olub.
Fuad Babayev: 48-53-cü il hadisələrindən sonra növbəti dalğalar nə vaxt yarandı?
Bəxtiyar Əhmədov: Qərbi Azərbaycann, Göyçənin ağrılı taleyi 60-cı illərdən sonra başlayır. Hələ 1960-cı illərdən başlayaraq Ermənistan SSR-də azərbaycanlılardan rəhbər vəzifədə olanların əksəriyyətini ermənilərlə əvəz etdilər. Göyçə mahalının Basarkeçər, Krasnoselo, Qarabağlar, Zəngibasar, Vedi rayonlarında rayon partiya komitələrinin azərbaycanlı olan birinci və ikinci katibləri heç bir əsas olmadan işdən azad edildi. 1965-ci ilin fevralında isə Andranikin anadan olmasının 100 illiyi qeyd olundu. Bu dövrdən dövlət səviyyəsində azərbaycanlıların diskriminasiyası kəskinləşdi.
Fuad Babayev: 88-ci il hadisələri barədə nə deyə bilərsiniz?
Bəxtiyar Əhmədov: Sonuncu mərhələ 1988-1989-cu illəri əhatə edir. 1988-ci il iyunun 15-də Göyçə mahalında yaşayan azərbaycanlıların etirazları başladı. Krasnoselo rayonunun Şorca və Gölkənd kəndlərində 10 min azərbaycanlının iştirakı ilə mitinq keçirildi. Səhərisi gün isə Basarkeçər rayonunun Şişqaya və Nərimanlı kəndlərində. Ümumilikdə bu mitinqlərdə 20 mindən çox adam iştirak etmişdi. 1988-ci il noyabrın 22-də Ermənistanda bütün rəhbərləriə tapşırıq verildi ki, noyabrın 28-dək respublikanın azərbaycanlılardan təmizlənməsi təmin olunmalıdır. Şübhəsiz ki, Göyçə mahalı və Ağbaba bölgəsi də bu qərarın təsir dairəsinə düşdü. Göyçə və Ağbabadan azərbaycanlıların deportasiyasına rəhbərlik Ermənistan SSR-in ali rəhbərliyinə həvalə edilmişddi. Beləliklə, Göyçə əhalisi öz dədə-baba yurdlarından tamamilə qovularaq Azərbaycan SSR-ə “yola salındı”.
Amma əhali Qarabağa buraxılmadı.
Lütfiyar Nəsibov: Ümumiyyətlə, 1988-ci ilin 27 noyabr-5 dekabr aralığına ermənilərin həyata keçirdiyi qətliamlar nəticəsində Göyçənin son 80 min nəfər əzəli sakini didərgin düşdü. Mən kitabımda da buna yer vermişəm. Hətta cədvəl şəklində də əks olunub, çox kiçik bir kəndin əhalisi 31 regiona paylanıb. 88-ci il deportasiyası ilə bağlı dəqiq mənbədən mənə məlum olan hadisələrdən birini diqqətinizə çatdırmaq istəyirəm, bu yaxınlarda sosial şəbəkədə də paylaşmışdım. Azərbaycan KP MK-nın 1-ci katibi Ə.Vəzirov bu işdə ermənilərin tərəfdarı kimi çıxış edirdi. Üstəlik deportasiyanı həyata keçirmək üçün erməni tərəfinə nəqliyyat yardımı da göstərirdi. Həmin dövrdə Ermənistandan deportasiya edilən ailələrin çox hissəsi Şuşa şəhəri və ətraf rayonlarda daimi yaşamaq üçün Dağlıq Qarabağa gəlmişdilər. Və deportasiya olunanların yerli ermənilərlə evlərini dəyişib onları Ermənistana göndərmək və boşalmış evlərdə məskunlaşmaq istəyirdilər. Ancaq buna imkan verilmədi və əhali aran rayonlara köçürüldü. Çünki ermənilər onların Qarabağa daxil olmasından bərk narahat olmuşdu. Hətta əhalinin Dağlıq Qarabağda yerləşdirilməsinin əsas təşəbbüskarı olan Şuşa şəhər partiya komitəsinin 1-ci katibi Niyazi Hacıyev vəzifədən kənarlaşdırıldı. Mən belə hesab edirəm ki, əhali həmin vaxt Qarabağda yerləşsəydi bu gün heç Qarabağ problemi də olmazdı.
Materialda wikipedia.org saytının fotosundan istifadə edilmişdir.
Hazırladı: Aytac Hüseynova, 1905.az
İlk dəfə 19 noyabr 2020-ci ildə dərc edilib.