Göyçay Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşəbbüsü ilə hazırlanmış “Göyçay ensiklopediyası” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tədbiri giriş sözü ilə açaraq bildirdi ki, bugünkü tədbir çox əlamətdar bir ildə və tarixi günlər ərəfəsində, həmişəkindən daha fərqli bir mövzuda keçirilir: “Hamıya məlumdur ki, bu il Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olduğu üçün bu il “Heydər Əliyev İli”dir. Həmçinin biz 3 il əvvəl bugünkü günlərdə böyük Zəfərə doğru irəlləyirdik. Bir neçə gün öncə isə lokal xarakterli antiterror tədbirləri nəticəsində itkilərimizə rəğmən qürurverici anları, tam və qəti Qələbəmizə nail olduq. Belə bir tarixi ildə, bu cür tarixi günlərdə Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Prezidenti həmyerlimiz Elxan Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə Göyçay ensiklopediyasının işıq üzü görməsi və Heydər Əliyev adını daşıyan bu möhtəşəm mərkəzdə biz göyçaylılara təqdim edilməsindən böyük və dəyərli hədiyyə ola bilməz”.
Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə ithaf olunan ensiklopediyada həm Birinci Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi şəhidləri barədə məlumatlar öz əksini tapıb.