Demək olar hər gün yeni-yeni kitabların işıq üzü görməsi barədə məlumatlara rast gəlirik. Sevindirici haldır. Müəlliflərimiz də var, nəşriyyatlarımız da. Doğrudur, oxucularımızın sayı hələlik arzu olunan səviyyəyə gəlib çatmayıb. Bütün hallarda ümumi mənzərə yəqin ki, qənaətbəxş sayıla bilər.
Təəssüf ki, əksər kitabların tirajı ölkəmiz üçün çox kiçik olur, kitab mağazalarında qələbəliyə nadir hallarda rast gəlirik, əksər müəlliflər qonorar haqqında yalnız xəyallar qura bilirlər…
Bütün bunlara rəğmən fədakarlıq nümunələri az deyil. Ömrünü kitaba həsr etmiş yazarlar, naşirlər, tərcüməçilər Azərbaycan Kitabını ayaqda saxlayırlar. Dövlət də az iş görmür. Məsələn, bir müddət bundan əvvəl Vergi Məcəlləsində dəyişiklik edilib. Artıq kitabların istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən ƏDV tutulmur.
Əlbəttə, çox iş görülməlidir.
Sevindirici hal da var. Yuxarıda qeyd edilən kimi heç kimi, heç nəyi gözləmədən əməli iş görən insanlar da var, təsisatlar da.
Mən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) unikal “Göyçay Ensiklopediyası” layihəsi barədə danışmaq istəyirəm.
AVCİYA prezidenti Elxan Süleymanov müsahibələrindən birində təşəbbüsü və dəstəyi ilə yaradılan layihə haqqında aşağıdakıları deyib: “Göyçay Ensiklopediyası” ilk növbədə bölgəmizin insanları haqqında məlumat verməlidir. Ensiklopediyaya Göyçay doğumlu şəxslər haqqında məqalələr daxil ediləcək.
Azərbaycan tarixinə düşmüş dövlət xadimləri, görkəmli şair və mütəfəkkirlər, tanınmış yazıçılar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri, xarici ölkələrin elmlər akademiyasının həqiqi və müxbir üzvləri, Elmlər doktorları və professorlar, Göyçay tarixini tədqiq edən alimlər, Sovet İttifaqı Qəhrəmanları, Sosialist Əməyi Qəhrəmanları, Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif olunan şəxslər, Lenin, SSRİ və Azərbaycan dövlət mükafatları laureatları, Birinci və İkinci Qarabağ müharibələrində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız, generallar, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş incəsənət xadimləri, dünya, Avropa və SSRİ çempionatlarının mükafatçısı olan idmançılar haqqında yazılar hazırlanacaq. Əlbəttə, Göyçayda doğulmayan, amma Göyçayı tədqiq etmiş alimlər haqqında da informasiyalar ensiklopediyaya daxil ediləcək.
Yeni ensiklopediya Göyçayın təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından bəhs edəcək. Burada Azərbaycanın bu qədim diyarına həsr olunmuş oçerklərlə yanaşı, rayonun bütün inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında da məqalələr veriləcək.”
AVCİYA-nın nəzdində fəaliyyət göstərən “1905.az STUDİO”da hazırlanmış goychay-encyclopedia.az saytı artıq işləyir və nəfis tərtibatlı “Göyçay Ensiklopediyası”nın işıq üzü görəcəyi gün uzaqda deyil.
AVCİYA-nın yeni nəşri, bu Ensiklopediyaya doğru əhəmiyyətli addım kimi dəyərləndirə biləcəyimiz “Göyçay tarixi” kitabı isə bu günlərdə işıq üzü görüb.
Göyçayın miladdan əvvəl II minillikdən başlayaraq hazırkı dövrə qədər olan tarixinin ilk dəfə olaraq kompleks şəkildə elmi tədqiqi nəticəsində ərsəyə gəlmiş, bakalavr, magistr, doktorant səviyyəsində təhsil alan şəxslər, alimlər və regionun tarixi ilə maraqlanan bütün insanlar üçün nəzərdə tutulan kitabın müəllifi AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlıdır.
Kitab AVCİYA-nın “1905.az KİTABI” seriyasında işıq üzü görüb. Kitab seriyasının naşiri və ideya müəllifi Elxan Süleymanov nəşrə yazdığı “Ön söz”də qeyd edir: “Göyçayın tarixinin ayrı-ayrı dövrləri haqqında bir sıra məqalələr və kitablar yazılsa da, tarixən böyük bir qəza mərkəzi olan, böyük tarixi hadisələrə şahidlik edən Göyçayın tarixinin kompleks şəkildə indiyə qədər tədqiq edilməməsi, bizi daim narahat edirdi. Bu kitabın nəşri ilə biz Göyçayın tarixinin kompleks şəkildə öyrənilməsi sahəsində ilk addımı atdıq. İnanırıq ki, gələcəkdə tarixçilər bu işi ləyaqətlə davam etdirib, Göyçayın tarixi ilə bağlı araşdırmalara daha çox diqqət verəcək və doğma vətənimizin bir hissəsi olan Göyçayın tarixi haqqında yeni-yeni əsərlər yazaraq, geniş ictimaiyyətə təqdim edəcəklər.”
Mənə də bu inama qoşulmaq qalır.
Hər birinizi https://goychay-encyclopedia.az/category/publications/ linkindən “Göyçay tarixi”ni oxumağa dəvət edirəm.
Fuad Babayev, 1905.az