Göyçay r-n kimi inzibati əsasda 1930 ildə təşkil olunmuşdur. O vaxta qədər isə bu ərazi qəza qismində Bakı quberniyasının tabeliyində olmuşdur. Ərazinin erkən məskunlaşması daha qədim dövrlərlə səsləşsə də, bilici sakinlərinin dediyinə görə, mərkəzə çevrildiyi vaxtdan hesablanarsa, Göyçay ş.-nin hazırkı inzibati ərazisinin tarixi 150 ildən bir qədər yuxarı, yəni 200 ilə yaxın olar. Belə ki, şəhərin yerləşdiyi indiki sahəsi 167 il bundan öncə (təxminən 1855 ilə kimi) çəmənlik, kolluq və meşəlikdən ibarət olmuşdur.
Adlanmasına gəlincə, bir neçə ciddi qaynaqda Göyçay toponimindən də bəhs olunur və bu adın su anlamlı olduğu həmin qaynaqlarda əminliklə bildirilir. Məsələn, Göyçay əhalisinin bir hissəsinin Qaramanlı tayfasından formalaşdığı, bu tayfanın mənşəyi və Göyçay ərazisinə gəlişi haqqında məlumat verən mənbədə belə bir açıqlamaya da rast gəlirik: “Hazırda Türkiyənin Qaraman vilayətində axan çayın da adı Göy çaydır. Hətta belə ehtimal da var ki, Qaraman tayfasının nümayəndələri Göyçaya köçərkən özləri ilə gətirdikləri Göy çay adını yeni köçdükləri ərazidə axan çaya veriblər” (1, 15).
Adlanmanın göy (səma) ilə əlaqəsi olduğu da ağlabatan versiyadır. Bunun da bir qaynağının “Göy Türk”lərə bağlandığını ehtimal etmək olar. Nəzərə alaq ki, elmi mənbələrdə qədim türklərin göylə rabitəsindən çox danışılır.
Maraqlıdır ki, digər mənbələrdə bu toponimin daha erkən dövrlərlə səsləşdiyi bildirilir və həmin mənbələrə əsaslanmaqla deyə bilirik ki, Göyçay adı IX-X əsrlərdə yaşamış ərəb tarixçilərinə bəlli olmuşdur. Bu minvalla Əbu əl-Həsən Əli ibn əl-Hüseyn ibn Əli əl-Məsudinin “Muruc əz-zəhəb və məadin əl-cəvahir” (“Qızıl yuyulan yer və cəvahirat mədənləri”) adlı əsərində “Göyçay” sözünün yer aldığını görürük. Belə ki, əl-Məsudinin əsərində Azərb.-da mövcud iki “Muğan” adlı ərazidən bəhs olunur: onlardan birinin Xəzər dənizi sahilində, digərinin isə Göyçay və Girdiman çaylarının aşağı axarı boyunca uzanan ərazilərində yerləşdiyi bildirilir. Daha anlaşıqlı olsun deyə müəllif həm də bu arealdakı Muğanın Xəzər dənizi sahilində mövqe tutmuş Muğan ölkəsi ilə qarışdırılmamasını tövsiyə edir (2, 29-39).
Ərəb mənbələrində, habelə X əsrə aid olub, lakin müəllifi bu günədək naməlum qalmış “Hüdud əl-aləm” (“Aləmlərin sərhədi”) əsərində bu toponimə işarə olunması da olduqca zəruri məqamdır və fikrimizcə, bu məqam öncəki məlumatın səhihləşdirilməsi yönündə ortaya çıxacaq mübahisələri aradan qaldırmağa kömək edə bilər. Girdiman dövlətinin təşəkkül tarixini araşdıran tanınmış rus alimi V.F.Minorskinin həmin mənbədən gətirdiyi istinad, əslində, bu qənaətə gəlməyimizə əsas vermişdir. Müəllifin 1958 ildə, həm də əsərin ingiliscə tərcüməsinə ilk dəfə yazdığı qeydlərindən bəlli olur ki, Girdiman dövlətinin tabeliyindəki mühüm strateji məntəqələr məhz Göyçay və Girdiman çaylarının arasındakı landşaftlarda mövcud olmuşdur. Digər orta əsr mənbələrini də bu kontekstdə süzgəcdən keçirən müəllif həmin məntəqələrdən biri kimi Layzan şahlığının adını öz qeydlərində ayrıca vurğulayır. Məlumat üçün deyək ki, əksər tarixçilər “Layzan” və ya “Laizan” kimi tələffüz olunan bu toponimin indiki Lahıcla daha sıx bağlı olduğunu bildirirlər (2, 45-46).
Sonrakı dövrlərdə Göyçay toponiminə klassik poeziyamızın dühalarından olan S.Ə.Şirvaninin əsərlərində rast gəlirik. Göyçayın Qaraxıdır kəndindən olub, “Qəbuli” təxəllüsü ilə şeirlər yazmış Mir Hüseyn əfəndi haqqında məlumat verərkən şair Göyçaydan da ötəri bəhs edir. Maraqlıdır ki, Şirvana məxsus bu yer şairin məlumatında Sədnərud adlı mahalın bir nahiyəsi kimi təqdim edilir: “Sədnərud Şirvanın mahallarındandır. Cəmi otuz iki para kənddir təmamən gərmü siyrdir. Göyçay ki Şah dağının qiblə tərəfindən və Baba dağından və sair cibali-əzimələrin çeşmələrindən və qar sularından cari olur, ol mahala caridir. Bağatlarında çox əla əbrişəm, innab, şaftalu hasil olur. Amma fəsli-tabistanda suları üfunət etdiyi cəhətdən çox məgəsi-pürazar olur və Qaraxıdır ol qəryələrin cümləsindəndir” (3, 134).
Astrologiyaya görə (apostrofla yazılan) Sədnərud sözünün izahı: Tərkib halında baxıldıqda söz “uğurlu ulduz altında doğulan xoşbəxt məkan” mahiyyətini ehtiva edir. Hissələrə ayırdıqda səd (ərəbcə) – uğurun, bəxtiyarlığın, nər (farsca) – cəsurluğun, igidliyin rəmzi kimi səciyyələndirilir (müasir ərəb-fars sözlüklərində nər dəvə sözünün qarşılığı kimi də izah olunur). Ud (ərəbcə) – odun deməkdir, həm də məkani səciyyə daşıyır. Hindistanda bitən və yandırıldıqda xoş iy verən ağacın adıdır (4, 543; 472; 656). Şəcərəsi: Azərb.-ın mərkəzində (Göyçay adı ilə – A.Ə.) İslamın ətrini yayan Haqq aşiqi övliyaların xanəgahı – toplanış yeri; Mənəvi aləmdə tövbə qapıları olan Nuh çıxan yerlə Dərbənd arasında orta, yəni ədalətli mövqe tutan məkan deməkdir.
Məlumatdan anlaşılır ki, ümumiyyətlə, nahiyə də daxil olmaqla, bu areala aid torpaqlar bol suya malik olduğu üçün münbit və məhsuldar olub. Bütün bunlar isə deməyə əsas verir ki, məhz su amili nəzərə alınmaqla ərazinin adlandırılması təmin olunmuşdur. Beləliklə, çayın adını daşıması ilə ərazi də tədricən populyarlıq qazanmışdır.
XIX əsrin ortalarında (1867 ildə) Göyçaya qəza statusu verilir və bu mərhələ ərazinin inkişafını xeyli sürətləndirir. Gediş-gəliş çoxaldığı üçün artıq ərazidə “şəhərləşmə” prosesi baş alır, alış-veriş yerlərinin fəaliyyət göstərməsinə ehtiyac yaranırdı. Həmin məqsədlə əsas ərazidən iki km aralı cənub hissədə bazar salınır. Bu həm mərkəzləşmiş ərazidəki sıxlığın azalmasını, həm də istifadəsiz qalmış ərazilərin sahmana salınmasını şərtləndirirdi. “Həftəbazar” kimi tanınan bu “qaynar” məkan indiki Potu kəndinin ərazisində yerləşirdi (kənd sakinlərinin dediyinə görə, həmin bazarın yerini indi də təyin etmək olur). Tezliklə burada çayxana, çörəkbişirmə, dəmirçixana, dəlləkxana kimi sahələr fəaliyyətə başlayır, müxtəlif xırdavatlar satılan dükanlar açılır. Ətraf k.-lərdə yaşayan əhali də öz məhsullarını satmaq üçün bu bazara gətirər və buradakı dükanlardan hazır məmulatlar (qab-qacaq, parça, tütün, qənd, çay, ayaqqabı və s.) alıb aparardı. Bazarın Potu ərazisində salınmasını şərtləndirən digər mühüm amil bir-birindən təxminən 260-700 m aralı olan beş su dəyirmanının burada mövcud olması idi. O zaman nəinki ətraf k.-lərdə, hətta qonşu Ucar, Zərdab kimi böyük yaşayış məntəqələrində bu tipli su təchizatları yox idi. Bütün bunlar əsaslandırır ki, Potu k. ilk öncə qəza mərkəzi kimi fəaliyyət göstərmiş, genişləndikcə bu mərkəz bütünlüklə Göyçay ərazisini əhatəsinə almışdır.
Ümumiyyətlə, bu kənd təkcə ərazi qismində r-nun dirçəlişində rol oynamamış, həm də messenat sakinlərinin fəaliyyəti sayəsində bu dirçəlişə layiqli töhfələr vermişdir. Kənd ağsaqqallarının söylədiklərinə əsaslansaq, belə messenatlardan öz fəaliyyəti ilə daha çox seçilən Ömər bəy adlı şəxs olmuşdur. Bunu da sıradan bir xeyriyyəçilik işi kimi qiymətləndirmək olmaz. Belə ki, hələ kənd halına gəlməmişdən öncə burada ilk məskunlaşan Ömər bəy və onun geniş tərkibə malik ailəsi olmuşdur. O da maraqlı faktdır ki, Potuda ilk məscidi (1856 ildə) Ömər bəyin atası Hacı bəy inşa etdirib. Bütün bunlar da nəticə çıxarmağa əsas verir ki, elə Potunun özülü bu nəslin nümayəndələri tərəfindən qoyulmuşdur. Bundan başqa, r-nunda ilk un üyüdülən dəyirman da bu ailənin təşəbbüsü və vəsaiti hesabına ərsəyə gətirilmişdir. Müasir şəhər massivinə aid dairədə vaxtilə mövcud olmuş bu dəyirmandan hazırda bir nişanə qalmasa da, sakinlər həmin ərazini indi də “Dəyirmanın başı” adlandırmaqdadırlar.
1859-1902 illərdə Şamaxı ş.-də baş vermiş zəlzələlər nəticəsində evsiz qalan ailələrin bir hissəsi Göyçaya pənah gətirir. Bu səbəblə ərazidə yeni yaşayış məntəqələri salınır, mərkəzi massiv əvvəlki hüdudlarından bir qədər də kənara çıxır. “Artıq XIX əsrin 60-cı illərində Göyçay ş. geniş əraziyə, çoxlu əhaliyə malik mühüm yaşayış məntəqəsi idi. Əhalinin əsas tərkib hissəsini köçkün şamaxılılar təşkil edirdi” (5, 16). Əslində, Göyçayın əlverişli coğrafi mövqeyi və mülayim iqlimi ətraf yerlərdən insanların bura axışıb, burada qərar tutmasına bir növ təminat olmuşdu. Önəmli o idi ki, həmin dövrdə Göyçayda məskunlaşmış əhali həm də milli tərkibinə görə rəngarəng idi. Belə ki, bu diyarın əzəli sakinləri olan türk mənşəlilərdən başqa, burada rus, yəhudi, hətta erməni millətinə mənsub insanlar da asudə güzəran keçirirdilər. Heç şübhəsiz, bu fakt multikultural dəyərlərin hələ öncədən xalqımız arasında mövcud olduğunu və səmimiyyətlə qorunduğunu birmənalı şəkildə əsaslandırır.
Şəhərsalmanın zəruri şərtlərindən biri kimi evtikmədə istifadə edilən dam örtüyünün istehsalı ayrıca önəm daşıyan sahə idi. Keramik örtük (yerli ləhcədə qirəmit – A.Ə.) istehsal edən bu sahənin təşkili isə mərkəzdən çox da uzaq olmayan Qarabaqqal k.-də həyata keçirilirdi. Dağətəyi ərazidə yerləşən bu kəndin adlanması sakinləri tərəfindən müxtəlif səpkidə yozulur. Məsələn, belə nəql olunur ki, qış vaxtı kənddə yolüstü lövbər salan karvan tacirləri havanın əlverişsiz olmasına baxmayaraq, növbəti gün yollarına davam etmək istəyirlər. Bu zaman onları qonaq saxlayan ev yiyəsi karvanbaşıya “getmə, qara bax, qal” deyə təklifini edir. Bu etimologiyaya görə, kəndin adı elə bu ifadədən qaynaqlanmış, nəhayət, Qarabaqqal şəklinə düşmüşdür. Lakin kəndin şəxs adı ilə ilişkəli olması və Qara adlı nüfuzlu bir baqqalın adını daşıması haqda deyiləni bu versiyaların içərisində ən ağlabatanıdır (6, 158).
Ümumiyyətlə, r-nda önü “qara” ilə başlayan kənd adları çoxdur və Qarabaqqal da daxil olmaqla, bunlardan Qaraməryəm, Qarayazı (və ya Qarayazlı), Qaraxıdır, Qaraman, Qarabağlar kimi toponimləri misal gətirmək olar (qədim türk dillərində “qara” sözü böyük, geniş, əhatəli və bu qəbildən olan mənaları ifadə etmişdir). Hazırda işlək olan, həm də çoxlu sayda rast gəlinən bu səciyyəli etnotoponimlər göstərir ki, Göyçay əzəli türk torpağıdır. Düzdür, Göyçayda zaman-zaman məskunlaşmış digər xalqların nümayəndələri indi də yerli əhali ilə dost və qardaşcasına yaşamaqda davam edirlər. Lakin buranın əhalisinin böyük əksəriyyəti Azərb. türkləridir və araşdırdıqca burada zəngin türk mənşəli və tipologiyalı xalq mədəniyyəti ilə qarşılaşa bilirik. Heç şübhəsiz, bu sabitləşmiş mental səciyyə Göyçayın folkloruna, etnoqrafiyasına və eləcə də toponimlərinə asanlıqla yansıya bilmişdir. Deyək ki, ərazidən toplanmış əfsanə və rəvayətlərdə, bayatılarda, ata sözlərində və s. janrlarda bu göstərici daha qabarıq plandadır. Düşündüklərimizi misalla təsbit edək. Əsli Göyçayın Alpout k.-dən olan bir şəxsin dedikləri:
“Mən böyühlərimizdən eşitmişəm ki, Türkiyədə Alp dağlarıın ətəhlərinnən bir dəsdə alp igitdəri özzərinə atnan otlax yerrəri – mal-qara üçün otlax sahələri axdara-axdara gəlip çıxıplar bı kəndin düzənniyinə. Görüplər ki, yaxşı otlax yeridi. Orda məsgunnaşıplar, olup Alpout. Yəni ki, Alp igitdəriin cəmləşdiyi yer” (S:1).
Digər sahələr öz yerində, ayrılıqda toponimlərimiz xalqımızın tarixi, tarixi coğrafiyası, etnik tərkibi, dili, təfəkkür tərzi, məişəti və s. mühüm cəhətləri haqqında qiymətli məlumatlar verən etibarlı faktlar hesab olunur (7, 5). Bu minvalla bölgədə kənd adları daşıyan çoxlu toponimlərə rast gəlmək olur ki, elə ilk səslənməsində türklüyü bizə yansıdır, hətta onlara dərindən nüfuz etməyimizə ehtiyac qalmır. Ulaşlı Şıxlı və Hüngütlü kənd adları bu baxımdan daha cəlbedici görünür. Ruhu şad olsun, vaxtilə professor Əzizə Cəfərzadə Hüngütlü k.-də olarkən burada bir bayatı qeydə alır və bayatıda Hun dağından söz açılması ona olduqca önəmli təsir bağışlayır:
Əzizim Hun dağına,
Gəl gedək Hun dağına.
Oğlu ölən ananın
Qan damar qundağına (S:2).
Əgər ərazidə “alp”larla, “hun”larla ilişkəli yer adlarına rast gələ biliriksə və yaxud bu yerlərdən birinin (Ulaşlının) adlanması “Dədə Qorqud” dastanlarında mövqe almış tayfalardan birinin adlanması ilə tam üst-üstə düşürsə, deməli, ərazinin aborigen sakinləri haqqında qeyd-şərtsiz fikir yürütmək olar və digər önəmli məsələlərə keçid alınmasında həm də bu əminlik bizə ipucu ola bilər.
Maraqlıdır ki, yeni yaranan toponimlərdə də öz dövrünün ən səciyyəvi cizgiləri təmərküzləşə bilmişdir. Məsələn, Qarabaqqal k.-də hazırda Qantarma kimi çağırılan yer adı var ki, şahidlərinin dediyinə görə, bu yer bir vaxtlar susuz çöllük imiş. Sonra camaat qan-tər tökə-tökə (əl üsulu ilə) bu yerdən arx qazır və kəndə su gətirir. Bundan sonra həmin yer Qantarma adlanır. Toponimlə bağlı digər bir yanaşma da vardır və bəzi kənd sakinlərinin dediyinə görə, bu yerin ilkin adı “Qaytarma” olmuşdur. Bu da belə izah olunur ki, əvvəllər güclü yağış yağanda dağlardan axan sel suları kəndə dolub böyük tələfata səbəb olurmuş. Həmin axını kənddən yayındırmaq məqsədi ilə bu yer qazılır və axının istiqaməti əks səmtə yönləndirilir. Bizcə, bu versiyanın üzərində dayanmaq lazımdır, çünki bu halda gedişat olduğu kimi ifadədə şəkillənib və bununla da forma ilə məzmun arasında çox təbii bir vəhdət əmələ gəlib (yəni axının qaytarılması toponimin meydana gəlməsini şərtləndirib).
İstehsala gəldikdə, daha rahat aparılması üçün kəndin Sarıtorpaq kimi tanınan dağətəyi massivində onun şəraiti də təmin olunmuşdu. Belə ki, xammal birbaşa ərazidə fəaliyyət göstərən kürələrə (sexlərə) ötürülürdü (əvvəlcə bu istehsal r-ndan xeyli aralıda yerləşən Qaraməryəm adlı qəsəbədə aparılmış, daşınma əlavə xərc və s. çətinliklər törətdiyindən kürələrin kəndin ərazisinə köçürülməsi məsləhət bilinmişdir). Lazımi temperaturun alınması üçün kürələr odun, yaxud da mazutla qızdırılırdı. Şirəli torpaqdan hazırlanan saxsı məmulatlar o dövrün tikililərində geniş tətbiq olunurdu. Əvvəl tikinti ləvazimatları hazırlanan sexlərdə sonralar nehrə, küp, piti qabları, üzərində buta şəkli olan kasalar və s. məişət əşyaları istehsal olunmağa başlandı. Əslən şəkili usta Məmməd Alı bu istehsalın ilk mahir bilicilərindən idi.
Ərazisinin tutumuna və əhalisinin sayına görə Göyçayın ən böyük kəndlərindən biri də Bığırdır. “Buqur”, “Bukur” kimi də tələffüz olunan kəndin adı orta əsr uyğur yazılarında “buqra”, “boqra”, yəni donqabel, qozbel, əyri, dağ çıxıntısı, hətta dəvə mənasını anladan çalarlarında da sərgilənmişdir. Əslində, bu ad hazırda kəndin yerləşdiyi coğrafi şəraitlə çox uzlaşır və bu tənasüblüyə əsaslansaq, kənd sanki “dağ ətəyində yatmış dəvə”nin bənzərini təsəvvürə gətirir.
Araşdırdıqca o nəticəyə gəlmək olur ki, türk qəbilələrinin bu ətrafda ilkin məskunlaşması Bığır məntəqəsinin salınmasından çox-çox əvvəllərə təsadüf edib. Bu da bizə onu ismarış edir ki, məsələnin kökünü “Buğurt qalası”nda axtaraq. Çünki köçdən əvvəl əhalinin sakin olduğu Qəleyi-Buğurt artıq möhkəmləndirilmiş bir istehkam kimi mövcud idi və Şamaxı ş.-nin müdafiə sistemində önəmli mövqe tuturdu. Qala haqqında ayrıca tədqiqat aparmış tarixçi-alim Hüseyn Ciddinin fikirləri məsələni aydınlatmada tamamilə yerinə düşür: “A.P.Fituni Sultan Ağa adlı bir kişinin verdiyi məlumata əsaslanaraq bu qalanın Bığır xan tərəfindən tikildiyi üçün Bığır qalası adlandığını söyləmişdir. O əlavə edir ki, Qaladərəsi həmin vaxtdan etibarən Bığır xanın şərəfinə Bığırdərəsi adlanmışdır. Bu fikir həqiqətə uyğun deyildir, çünki, qeyd etdiyimiz kimi, hazırda bu dərə Bığırdərəsi deyil, Qaladərəsi adlanır. Digər tərəfdən, A.P.Fituninin qeyd etdiyi Bığır xandan əvvəl bu yer qala yaxınlığında olduğu üçün Qaladərəsi adlanmışdır. Deməli, Bığır xandan əvvəl də Buğurt qalası mövcud olmuşdur. Əgər yerli əhalinin dediyinə əsaslanmış olsaq, burada keçmişdə Bığır xan deyil, Bığır, ya Buğur adlı türk tayfası yaşamış və həmin tayfa bu qalanı tikdirdiyi üçün Buğurt qalası adlanmışdır. Əldə olan məlumata görə, bu tayfa olduqca döyüşkən olmuş, sonralar həmin ərazidən Göyçayın yaxınlığına köçmüşdür. Hazırda Göyçayın yaxınlığında Bığır adlı kənd vardır. Tədqiqatçılar bunların türk tayfası olduğunu ehtimal edirlər” (8, 27-28). Qalanın adının türk dilindəki “berkut (qartal)” quşunun adından götürüldüyünə həm də bu mənbədə işarə olunur.
Ümumiyyətlə, toponimə münasibətdə çoxlu yanaşmalar olsa da, alınmış qənaətlər, demək olar ki, bir-birini tamamlayır. Məlumat üçün deyək ki, hazırda Bığır adını daşıyan daha iki kənd (Bığır və Yeni Bığır) İsmayıllı r-nunun şm. səmtinə düşən ərazilərində yerləşir.
Ərazidə diqqət çəkən digər yer adlarına da təsadüf olunur ki, onlara da hansısa tarixi təfərrüat və ya maraqlı əhvalatların yansıdığını izləmək olur. “Qız meydan” deyilən yer adında da məzmunlu bir mahiyyət bərqərar olub və bu da ərazinin el arasında “ibrətamiz məkan” qismində tanınmasına rəvac verib:
“Deyilənə görə, ulu babalarımız ildə iki dəfə – yazda və payızda həmin yerə yığışar, kənd əhalisinin iştirakı ilə yetkin oğlan və qızların adaxlanması səbəbinə oyun qurarlarmış. Dəstələrə ayrılmış qızlara qadınlar, oğlanlara isə kişilər başçılıq edərmişlər. Ön sırada qızlar, arxada isə evlənmək istəyən oğlanlar dayanarmışlar. Sıralar arasında müəyyən hədd gözlənilməklə, növbəsi çatan oğlan gözaltı etdiyi qızın arxasınca gəlib onun çiyninə toxunar və qızı müəyyən məsafəyə qaçmağa vadar edərmiş. Əgər oğlan qaçan qızı tuta bilirdisə, xoşbəxtlik məclisi qurular, toy edilərdi. Tuta bilmirdisə, sıradan çıxıb növbəti mövsümü gözləməli olurdu (təbii ki, könlü olan qız arxasınca qaçan oğlana tez təslim olacaqdı). Bir dəfə oyun zamanı kəndin bəyinin oğlu çox yoxsul ailədən olan bir qızı seçir və arxayın olur ki, qız heç yavaş da olsa, qaçmaz. Lakin qız çox sürətlə qaçır və oğlana ərə getmək istəmədiyini bununla anladır. Təhqir olunduğunu hesab edən bəy oğlu qəzəblənərək sıradan çıxır və xəncərlə vurub qızı öldürür. Bacısının intiqamını almaq istəyən qardaşını da öldürür. Zavallı ata övladlarını kənd qəbiristanlığında deyil, həmin meydanda, cavan bir palıd ağacının altında dəfn edir. Bir vaxtlar bu faciəyə şahidlik etmiş və artıq yeddi yüz ildən çox yaşı olan palıd ağacı bu hadisəni günümüzədək “yaddaşında yaşatmaqdadır” (S:3).
Əlavə edək ki, həmən palıd uzunömürlü ağac kimi qeydə alınıb. Üzərindəki yazıları oxumaq mümkün olmasa da, qəbir daşları da hazırda ərazidə qalmaqdadır. Deyilənə görə, bu həmin gənclərin məzarının daşlarıdır.
Ümumiyyətlə, ərazidəki hansı toponimi səciyyələndirmək istəsək, mütləq alt qatında dəyərli bir məlumatın daşındığı ortaya çıxacaq. Bu anlamda kənddə “Türk dağı” adı ilə tanınan toponimin də olduqca əhəmiyyətli bir informasiya ilə ilişkəsi vardır. Elə də hündür olmayan bu dağ kəndin mərkəzi hissəsindəki qədim qəbiristanlığın şimal səmtində yerləşir. 1918 ilin iyununda məhz həmin ərazidə erməni-rus qəsbkarlarına qarşı döyüşlər keçirilmiş, şəhidlər verilmişdir. Mənbələr əsaslandırır ki, Türk-İslam ordusunun Gəncədən köməyə gəlmiş dəstələri ilə birgə hərəkət edən kənd əhalisi işğalçılara ciddi müqavimət göstərə bilmiş, hətta onları ərazidən qovmağa müvəffəq olmuşdur. İkinci belə bir döyüş həmin gün (27 iyunda) indi Gour (gavur) yoxuşu kimi adlanan ərazidə baş verir (Hadisəyə qədər bu yer “Malqırılan” adlanıb. Belə söylənilir ki, ərazi zəhərli bitkilərlə zəngin olub. Bu bitkilərlə qidalandıqdan sonra kəndin mal-qarası burada kütləvi şəkildə tələf olmuş, sonra da bu yer belə adlanmışdır). Önəmli faktdır ki, hələ o zaman kəndin bir neçə yerində, əsasən də Türk dağı, Ləzgi dağı və Gour yoxuşu hissəsində dəfn olunmuş və sonradan ictimaiyyətə bəlli olmuş türk məhmətciklərinin məzarlarını sovetin kəsəkəs dönəmində də qorumaq mümkün olmuşdur (tarixçilərin yazdığına görə, həmin dövrdə ən qanlı döyüşlərdən biri rayonun Qaraməryəm, Qarayazı və Bığır kimi tanıdığımız ərazilərinin qovuşuğunda baş verib).
Heç şübhəsiz, bütün bu təfərrüatlar əvvəl “zərrə-zərrə” yaddaşlara yansıyır, sonra “misqal-misqal” yaddaşlarda cilalanır və nəhayət, bitkin bir dastan, rəvayət, əhvalat şəklini alır. Məsələn, bu olay “Törə dağı” toponimik rəvayətində fraqmental olsa da əsaslandırılıb:
“Dağ kəndimizin aşağı hissəsindədi. Geniş sahədi oralar. Oranın adı bilmirəm, bəlkə də, yasdı olduğuna görə törə – kiçiy, alçağ mənasın götürür, orıya Törə dağı deellər. Bı biri dağlar kimi hündür döör. Orda da üsdə səngərrər qazılıb, on səkgizinci ildə bı erməni-müsəlman davasında bizim kəndimizin hamısı gedib orda gizdənib. Bizim camaat – bı kəndin camaatı, türk saldatdarı gəlib o vaxdı, həqiqətən, bizim kəndi türk xilas eləyüb. Eyni zamanda bı kəndin bütün evlərin yandırıblar ermənilər. Kətdə tək-tük, bir-iki dənə ev saxlayıblar, özzərinə qərərgah kimi. Orda yığışıb müşavirə eləyillərmiş. Yaxşı bir evi də özdərinin iqamətgahı kimi, özdərinin isdinadgahı kimi saxlayırdılar. Kəndin hamısun yandırublar. Təzədən camaat gedib orda məsgunnaşıb – o Törə dağında. Bir az orda qalıblar. Türk haraya çatıb. Olar gəlib – türk saldatdarı uşağlı-qocalı hamını xilas eləyüb. Erməniləri kətdən çıxardublar, qırıb-çapıblar, kətdən qovıblar. Təzədən qayıdıb gəlib bizim camaat kəndə yerrəşib. Törə dağıın adı da o vaxdan yaranıb” (S:1).
Göyçay r-nunda folklor ənənəsi güclü olan k.-lərdən biri də İnçədir. Coğrafi mövqeyinə görə kənd Qaraməryəm qəsəbəsi ilə Ucar r-nunu əlaqələndirən Müsüslü (kənd) şose yolunun sağ və sol səmtlərində, dağlıq hissə ilə aranın qovuşuğunda yerləşir. Kənd qəbiristanlığındakı məzar daşlarının üzərindəki yazılara əsaslansaq, burada ilk məskunlaşma təxminən 350-400 il bundan əvvəl olub. Bilici sakinlərinin söylədiyinə görə, kəndin bünövrə yeri əvvəlcə köçəri əhalinin qışlağı olmuş, sonradan yaşayış yeri kimi məskunlaşmışdır.
XVIII əsrdə Rusiyadan indiki İsmayıllı r-nuna köçürülən İvanovka əhalisinin Qafqaz dəmir yoluna (Ucar r-nunun Müsüslü stansiyasına − A.Ə.) çıxışını təmin etmək üçün XIX əsrin sonu, XX əsrin əvvəllərində çəkilən İsmayıllı−Qaraməryəm–Müsüslü şose yolunun İnçə k.-nin içərisindən keçməsi buradakı əhalinin həyat səviyyəsinin yüksəlməsinə, əlaqələrinin genişlənməsinə müsbət təsirini göstərmişdir (9, 6).
Janr göstəricisinə (yayılma tezliyinə) görə səciyyələndirsək, folklorun epik növə aid nümunələri burada daha işlək mövqedədir. Qadın yas məclislərini idarə edən ağıçı − söyləyicilər kənddə hələ də funksionallıqlarını saxlasalar da, dastan, nağıl, qaravəlli, lətifə və bu qəbildən olan nümunələrə maraq bu kənddə sanki gündəlik tələbatdır. Təbii ki, bu da boş yerdən qaynaqlanmayıb və binasından elə bu kənd aşıq sənətinin təsiri altında olub. Coğrafi mövqeyinə görə təxminən Ağsu, Ucar, Kürdəmir r-nlarının qovuşuğunda yerləşən Göyçayın bu kəndi daima Şirvan aşıqlarının get-gəlli məkanı olmuş və bu kənddə nə bir el şənliyi, nə də bir şadyanalıq sazsız-sözsüz keçirilməzmiş. Aşıq Şakirin bacısı İnçədə ərdə olduğundan o da tez-tez güzarını bu kəndə salar, buradakı şənliklərdə iştirak edərmiş. Dastana, nağıla, qaravəlliyə maraq da məhz bu məclislərdən qaynaqlanmışdır. O vaxtlar bir neçə gün davam edən el şənlikləri yalnız belə folklor örnəkləri ilə müşayiət olunardı.
Şah Abbas mövzusundakı nağıllar da kənddə çox yayğındır. Əsasən, kişi söyləyicilərin repertuarında bu mövzu aparıcı mövqedədir. Bu mövzuda kitaba daxil etdiyimiz nağıllar da vaxilə bu səciyyəli söyləyicilərdən qeydə alınmışdır. Digər halda, Şah Abbas obrazının lətifə mövzularına sirayət etdiyini sərgilədən nümunələrlə də qarşılaşmaq olur. Kəl Niyət mövzusunda kənddən topladığımız lətifələrdə bu hal daha qabarıq plandadır. Ümumiyyətlə, hökmdar-rəiyyət qarşılaşmaları lətifə mövzularında tez-tez təsadüf olunan haldır. Özəlliklə də, həmin qarşılaşmaları təmsil edən obrazların prototiplərinin fəaliyyəfi eyni tarixi kəsimlərlə üst-üstə düşəndə. Harun-ər-Rəşid – Bəhlul Danəndə, Teymurləng – Molla Nəsrəddin və Hüseyn Bayqara – Əlişir Nəvai sərgüzəştlərini buna nümunə gətirə bilərik. Bu anlamda lətifələrdə Şah Abbas – Kəl Niyət qarşılaşması da təbii hesab olunmalıdır. Xalq etimologiyasına görə, bu şəxsiyyətlər eyni dövrdə yaşamışlar. Hətta Kəl Niyətin Şah Abbasa sərkərdəlik etdiyi haqda bu etimologiyada məlumat verilir. Bu mövzuda “Taxılı ayağından sulamazlar” başlıqlı örnəyə diqqət çəkək:
“Bir günnərim Şah Abbasla Kəl Niyət çölə çıxıllar. Bıların yolu taxıl zəmisin yannan düşür. Şah bir zəmiyə baxır, bir də Kəl Niyətə. Sora qayıdıb deer: Ha bı taxılı əyağınnan bir suliyasan. Kəl Niyət şahın bu sözün eşidib əvəzində deer: Ha bı taxılın bir yağışı oleydi. Şah Kəl Niyətin bu sözinən razılaşmır. O der ki, bıın əyağınnan suliyasan. Nə isə, bılar çox mübayisə elillər. Soram başdillar yollarına davam etməyə. Bir az getdihdən soram gəlib bir arxın qıraana çıxıllar. Bılar atdarı sulamalı olullar. Birinci Kəl Niyət atın sua salır. Atın başınnan bərk-bərk tutub suun ortasında diyanır. Bir xeyli belə diyanannan sora şah xəbər alır ki, bəs, Kəl, neynirsən? Kəl cavab verir ki, şah sağ olsun, atı suliram. Deer, bəs atı əyağınnan suliyallar? Kələ də elə bu cavab lazım idi. O saat caabında şaha deer ki, bəs şah sağ olsun, taxılı əyağınnan suliyanda atı niyə başdan suliyax, qoy o da əyağınnan su içsin. Şah o saat başa düşür ki, səhv danışıb. Oniçün də Kəl Niyət yerində oon səhfin özünə deer. Şah bir söz demir və kor-peşman başın yelliir” (S:4).
Ancaq elə olur ki, tamam fərqli zamanlarda yaşamış və fəaliyyət göstərmiş şəxsiyyətlərin obrazları lətifələrdə bir araya gətirilir, mövzu və ideya da onların qarşılaşması müstəvisində əsaslandırılır. Məsələn, lətifələrlər vardır ki, onlarda Şah Abbasla Bəhlul Danəndə qarşılaşdırılır. Nəzərə alaq ki, belə hal folklorda qəbul olunandır və fikrimizcə, bunun da əsaslandırılması elə bu müstəvidə aparılmalıdır: söyləmənin ənənəvi mövzularla müşayiət olunduğu şəraitdə bu hal baş verə bilər; personajların ənənəvi olması buna münbit zəmin yarada bilər; söyləmənin eyni məqsədə (gülüş yaratmaq qayəsinə) xidmət etməsi bunu şərtləndirə bilər; nəhayət, söyləmənin effektini artırmaq məqsədi ilə bütün bunlar improvizə oluna bilər.
Digər halda, söyləmənin mexaniki (sistemsiz) aparılması şəraitində bu hal törənə bilər və bu da, qənaətimizcə, aşağıdakı məsələləri əhatələyir: söyləyicinin qeyri-peşəkar olması buna rəvac verə bilər; söyləmənin təsadüfi təmayüllərdən tam sığortalanmaması şəraitində bu hal üzə çıxa bilər.
Daha başqa bir nüans da yaş, yaddaş, dünyagörüşü və s. psixoloji faktorlarla bağlı ola bilər ki, bu da əsaslandırmanı təmin edən şərtlərdəndir.
Əlbəttə, r-nun bütün k.-lərinin sosial-mədəni həyatını, etnoqrafik mənzərəsini, folklor gələnəklərini və həmin sferaların hansı qaynaqlardan faydalandığını və bu kimi məsələləri bir tədqiqatda səciyyələndirmək imkan xaricindədir. Biz yalnız daha çox təmasda olduğumuz və müəyyən tarixi dönəmlərdə strateji məntəqə funksiyasını üzərinə götürmüş ərazilərdən bəhs etməyi məqsədəuyğun saydıq. Düzdür, haqqında danışdıqlarımızla məsələ bitmir, araşdırsaq, ümid edirik ki, r.-nda bu tipli məntəqələr yenə aşkarlanacaq. Təkcə onu demək yetərlidir ki, r-nunda Ərəbcəbirli, Ərəbşahverdi adlı k.-lərimiz var və güman edirəm ki, bu toponimlərin alt qatında Xilafət dövrünün hansısa mədəni izləri qalıb (nəzərə alaq ki, r.-nda ərəb adı daşıyan qəbiristanlıq da vardır). Qarabağlar kənd adı da bu baxımdan cəlbedici görünür və ola bilsin ki, bu toponimin hansısa şaxəsi Böyük Qarabağımızla ilişkədədir. Daha sonra, Əlvan, Arvan kimi tələffüz olunan hidronim (çay adı), Göyçay çayının r-ndan keçən axınının sağ sahili boyunca uzanan dağətəyi ərazidəki hündür qayalığın “Pələng tullanan” adlanması və bu kimi toponimlər araşdırılsa, yəqin ki, nəticədə rayonumuz qazanar. Bütün bunların əsaslandırılması isə, sadəcə, çətin, həm də xalq üçün dəyəri olan bu missiyanın davam etdirilməsini tələb edir!
Tarixdə və mədəniyyətdə coğrafi amil daima müstəsna rol oynayıb. Göyçayın Şirvanın aran hissəsində yerləşməsi və eləcə də dağlıq landşafta özünəməxsus keçid alması, yəni tarixi miqrasiya marşrutları üzərində yerləşməsi bu ərazinin mədəniyyətinin qədimliyini və tarixi proseslərin burada intensiv cərəyan etməsini bir növ şərtləndirmişdir. Buna görə də Göyçayda qədim dövrlərin, bəzi tarixi abidələrin izləri indi də qalmaqdadır. Ancaq bunlar nə qədər elmi ictimaiyyətə bəllidir, bu, başqa bir tədqiqatın mövzusudur. R-n yerüstü abidələrlə zəngin olmasa da, tarixçilərin qənaətincə, arxeoloji araşdırmalar aparılarsa, burada önəmli faktlar aşkarlana bilər. Çünki ərazi tarixi “İpək yolu”nun müəyyən bir səmtini təşkil edir və çox güman ki, vaxtilə mövcud olan get-gəllərin hansısa əlamətləri burada izlərini saxlamışdır. Yerüstü abidələrindən, məsələn, “Surxay xan qalası”nın nişanələri hazırda ərazidə qalmaqdadır. Bəzi tarixçilər qalanın IX-X əsrlərdə tikildiyini ehtimal edirlər (10, 82). Müdafiə məqsədi ilə tikilmiş bu qalanın, dolayısı ilə də olsa, Nadir şahın hakimiyyət dövrü ilə ilişkəsi vardır. Deyilənə görə, Nadir şah Azərb.-da xanlıqları birləşdirməyə səy göstərdiyi dönəmdən bir qədər öncə Dağıstandan bu yerlərə gəlmiş Surxay adlı xan qalanı özünə sığınacaq seçmişdir. Güman ki, bu dönəm qalada yenidənqurma işləri də aparılmışdır və ola bilsin ki, elə o vaxtdan bu istehkam “Surxay xan qalası” adlanmağa başlayıb. Çünki tikilinin XVIII əsrə qədər əvvəlki görkəm və davamlılığında qala biləcəyi ağlabatan görünmür (Belə səciyyədə olan nümunələr ölkəmizdə çoxdur. Məsələn, Gədəbəydə hazırda mövcud “Koroğlu” qalası bir vaxtlar sərkərdə Cavanşirin adını daşıyıb. Belə fərz olunur ki, həmin qala öncə Cavanşir tərəfindən inşa etdirilib və müharibələrdə dağılmalara məruz qalmış qala Koroğlu dönəmində yenidən qurulub. Dövrlər arasında böyük fərq olsa da, maraqlıdır ki, qala indi də hər iki adı yaşatmaqda davam edir).
Mənbələr bildirir ki, Nadir şahın təzyiqinə davam gətirməyəcəyini anlayan Surxay xan əvvəlcə qalanı, sonra da bütün əraziləri tərk etməyə məcbur olmuşdur. Oğuz r-nunda da indilikdə bu adı daşıyan qala mövcuddur və belə çıxır ki, həmin dövrün tikilisi kimi bu adda olan qalalar şəbəkə təşkil etmişdir. Təəssüf ki, bu şəbəkəyə daxil olan qala-istehkamlar indiyədək ciddi araşdırılmayıb. Araşdırılarsa, heç şübhəsiz, bu civarda daha yeni və maraqlı məlumatlar aşkarlana bilər.
Əslində, Göyçay nəhəng Şirvan arealının kiçik bir yörəsidir və heç şübhəsiz, bu arealda baş verən hər hansı yüksəliş və eniş onun yörəsinə də təsirsiz qala bilməzdi. Odur ki, Göyçay folklorunu Şirvan folklorunun fonunda səciyyələndirmək doğru yanaşma hesab olunmalıdır. Çünki əksər məqamların bu parametrdə üst-üstə düşdüyünü müşahidələr də əsaslandırır. Elə götürək nağılları, bu janr bu parametrdə ən oxşar mövzularda yayğındır və bu cəhət də onların asanlıqla müqayisəsini aparmağa imkan verir. Məsələn, Şah Abbas mövzusu Şirvan nağılçılığında ən geniş yayılmış mövzulardandır. Göyçaydan topladığımız nağılların da əksəriyyətində bu mövzunun aparıcı olduğunu müəyyənləşdirə bilmişik. Yerində ikən bu mövzuda “Haqsızın nağılı”nı təqdim edirik:
“Günnərin bir günü Şah Abbas Allahvərdi vəzirnən səyahətə çıxır. Bir az gəzənnən sora gəlib bir əyalətə ras gəlillər. Bırda bir az gəzənnən sora yolları bir məhtəbin yaannan düşür. Bılar bir səs eşidillər. Şah səs tərəfə çörülüb baxanda göör ki, bir oğlan uşağı dossuna deer:
– Ə, Haxsız, Haxsız, dərvişə baxee (şahla vəzir dərviş paltarında idilər).
Uşax mıın deeb gedir. Həmən Haxsız da dərbişdərə bir az baxannan sora yola düzəlir. Şah vəzrinə deer:
– Vəzir, bı uşağın dalican gedəh görəh bıın adın nə üçün Haxsız qooblar?
Uşah getdiyi tərəfə getməə başdillar. Ahırda göörrər ki, uşax bir həətə girdi. Bılar da bıın dalican həmin həətə girillər. Qapiin ədəb-ərkannan dööllər. Ev yiəsi zənən xeylağı idi. Qapıya çıxır göör ki, iki dərbiş peyda olub. Dərbişdər deerlər ki, Allah qonağiyıx, qonax saxliarsanmı? Arvad deer ki, dərbişdər, evin kişisi yoxdu, mən sizi necə qonax saxliım? Dərbişdər deer ki, heç bir tədarük-zad hazırramax lazım dööl. Bircə gecə qalaciıx, həm də bir şeyi soruşaciıx. Arvad bıları içəri dəvət edir. Axşam olur, bılar söbət elillər. Dərbişdər hardan gəldiklərinnən, hansı ölkələri gəzdihlərinnən maraxnan danışmağa başdillar. Sora şah sual vərir ki, bı uşağın adın nə üçün Haxsız qoubsuz? Arvad sual vərir ki, hardan bilduz bını? Şah deer ki, məhtəbin yaannan keçəndə yoldaşı onu belə çaardı. Biz də oon izinnən bu evə gəldih ki, bu işi öyrənəh görəh bu nədi.
Arvad dərinnən bir ah çəhdi. Sora dedi ki, atası öləndə belə vəsiyyət edib. Şah sual verdi ki, atası nə üçün başqa ad döör, elə Haxsız vəsiyyət eliib? Arvad issədi ki, mətləbi gizzətsin. Sora annadı ki, mənasızdı, onsuz da dərbişdər əl çəhmiəcəhlər, ta tamam-kamal mıın bilməcən. Ona görə də sözünə davam etdi:
– Günnərin bir günü hamilə idim (qarnım dolu idi). Ərim də gəzəgardı. Tez-tez səfərə gedərdi. Bir günnərim də məə dedi ki, bəs, arvad, yol tədarükü gör, səfərim var. Mən də olannan hazırradım. Ərim, bir də iki dossu səfərə çıxdılar. Bılar bir qədər gedənnən soram gəlib bir yerə çıxıllar. Yola götürdühləri azuqədən yillər, bir yerdə uzanıb dinclərin almalı olullar. Ərim yorğun olduğunnan o saat yuxuya gedir. Yoldaşdarı göör ki, kişiin bırnınnan bir göy milçək çıxdı, sora gedib xarabalığın yaanda bir çatdağa girdi. Milçək ordan qayıdıb qaşığın üssünnən keçdi (qaşıq atlamanın üssündə idi). Sora göörlər ki, bıdı, kişiin qan-tər basıb. Kişi hövlənk yuxudan ayılır. Deer, bəs süt dəryasıın üssünnən bir ağac qoymuşdular. Mən də həmən ağacın üssünnən abırsız keçirdim. Sora gedib bir xarabalığa çıxdım. Gördüm ki, orda qızıl var (məə dedilər ki, bıraan qaz, bırda qızıl var). Bılar dellər, bəlkə, bı doğrudu, mıın bir yoxliax. Bəli, gəlillər, xarabalığı qazmağa başdillar. Göörlər ki, bıdı bir küp çıxdı. Ağzın açıb göörlər ki, içi qızılnan doludu. Bılar qızılları üş yerə bölüllər. Hərəsi öz payın götürür. Sora iki yoldaş öz aralarında danışıllar ki, bəs kişiin öldürəh, oon da qızılın götürəh. Deyərih ki, yolda başına iş gəldi, canın tapşırdı. Bılar xəlbətcə kişiin boğazına kəndir keçirdillər. Mıın öldürəndə kişi deer ki, məə öldürürsuz öldürün, qızılları da sizə veerəm, ancax bir vəsiyyətim var, ona əməl edin. Bılar deer ki, o nə vəsiyyətdi, de görəh. Kişi deer ki, mən gələndə arvadım hamilə idi. Mən əhd eləmişdim ki, oğlum, ya qızım olarsa, adın Haxsız qoyum. İndi ki məə öldürürsuz, vəsiyyətimi arvadıma yetirin. Mən də kişiin vəsiyyətinə əməl eliib adın Haxsız qoydum. Dedim bir gün bu uşağı yetim qoyan haxsızzıx öz yerinə çatar.
Şah arvadın bu söhbətinə qulağ asannan sora deer ki, bəs indi o adamlar hardadılar? Arvad bıların harda olduğun deer. Səhərisi günü şah qırmızı geynib taxta çıxır. Adam göndərib həmən arvadı çaatdırır. Sora bı adamları da gətirdir. Şah bılara sual elir ki, bı Haxsız adı nə ilə bağlıdır? Əhvalatı olduğu kimi məə deen. Bılar əhvalatı öz bildikləri kimi danışmaa başdillar. Şah nə olub hamısın bir-bir açıb deyəndə kişiin yoldaşları mat qalıllar. Şah üzün bılara tutub deer:
– Bəs siz bilmirsuz ki, bir vaxt gələcək, haqqın da bir duanı olacaq?!
Sora da əmr elir ki, hər ikisin də boynu vurulsun” (S:5). Ümumiyyətlə, nağıla maraq bölgədə üstün mövqedədir və daha geniş götürsək, bu arealda el şənliklərinə dəvət almış aşığa “aşıq, imkan varsa, bir nağıl danış”, deyə müraciət olunur. Bütün bunlarsa ənənədən gəlir və birmənalıdır ki, bu cəhət həmin janrların tarixi inteqrasiyasına əsaslanır. Mövzularının təsnifatına gəlincə, burada da ümumbölgə üçün ortaq olan cəhətləri sistemləşdirib müqayisəyə çəkmək mümkündür. Digər janrlar üzrə paralellər aparılarsa və eynilə təkrarlanmasa da, hər halda, alınmış nəticə öncəkinin oxşarı olacaq.
Göyçayda aşıq sənətinə münasibətə gəlincə, bu haqda bir neçə kəlmə söyləməklə kifayətlənmək istərdik. Uşaqlıq illərindən xeyli keçməsinə baxmayaraq, Göyçayda təşkil olunan el şənliklərinin Şamaxıdan, yaxud da Kürdəmirdən gətirilən aşıqların iştirakı ilə keçirildiyini indi də yaxşı xatırlayıram. Ruhu şad olsun, Aşıq Şakirin toyu necə idarə etdiyi dumanlı şəkildə də olsa yaddaşımda qalıb. Bu həm də onun göstəricisidir ki, Göyçay elə gələnəkdən Şirvan aşıq sənətinin təsiri altında olub. Bütün bunlar öz yerində, Göyçay r-nunda da ərsəyə gəlmiş bir neçə aşığın adını çəkə bilərəm: Aşıq Mürsəl, Aşıq Əbülfəz, Aşıq Namət, Aşıq Bədir, Aşıq Əhməd. Çox təəssüf edirəm ki, ustad aşıqların yetişdiyi Göyçayda bu möhtəşəm sənət hazırda tamamilə öləzimişdir.
O ki qaldı Göyçay folklorunun özünəməxsusluğuna, əlbəttə, bu folkloru ümumbölgə folklorundan fərqləndirən aspektləri də vardır. Məsələn, ərazidən toplanmış inanc, deyim, alqış-qarğış, məsəl, lətifə və toponimik rəvayətlərdə bu orijinallıq aydın sezilir. Dil və üslub məsələləri ayrıca önəm daşıyır və yetər ki, bu lokalizənin fonunda daha ciddi fərqlər ayırd edilsin. Yəni burada söyləyiciyə məxsus dil, üslub, ləhcə və s. təhkiyədən qaynaqlanan törəmə subyektlər nəzərdə tutulur. Ümumiyyətlə, dil sistematik çalışan mexanizmə bənzəyir və mütəmadi olaraq məfhumlar törədə bilir.
Maraqlıdır ki, son illər ölkəmizdə Göyçayın adı həm də burada növbənöv və yüksək keyfiyyətdə yetişdirilən nar meyvəsi ilə assosiasiya olunur. Bu da səbəbsiz deyildir. 2006 ildən başlayaraq r-nda narla bağlı ölkə və beynəlxalq səviyyələrdə təşkil olunan festivallar, heç şübhəsiz, bu tanıtımda alternativsiz rol oynamışdır. Hətta 2015 ildə Avropa oyunları adı altında dünyada ilk dəfə ölkəmizdə keçirilən idman yarışlarının iki talismanından biri nar rəsmi seçilmişdir. Bu zaman möhtəşəm arenada nar dünyanın, içindəki dənələri isə ölkələrin rəmzi kimi nümayiş etdirilmişdi. Bütün bunların fonunda nara münasibət ildən-ilə dəyişdi, hər il nar haqqında yeni və orijinal fikirlər gündəmə gətirildi.
Əslində, Göyçayda məhsul bayramlarının keçirilməsi ənənəsi olub. Amma həqiqət naminə deməliyik ki, bu bir eyforiya idi. Çünki sovet dövründə belə bayramlar şablon səciyyədə həyata keçirilirdi. Müstəqilliyimizin bərpasından sonrakı dönəmdə isə bu ənənənin dirçəlməsi r-nun iqtisadi yüksəlişinə də güclü təkan verdi. R-nda mövcud meyvə bağlarının sahəsi xeyli genişləndirildi. Bu isə yeni müəssisə və iş yerlərinin meydana gəlməsi demək idi. Toplanan məhsullar indi nəinki qonşu ölkələrə, hətta uzaq kontinentlərə də ixrac olunur. Bu da r-numuzun rifahının yaxşılaşması və həyatın gündən-günə artan tələbləri ilə “ayaqlaşmağa” hazır olması deməkdir.
Tarixə nəzər salsaq, görərik ki, nar həm də yaradıcılıq sahələri üçün prioritet mövzulardan olub. Klassik irsimizdən narla bağlı istənilən sayda nümunə gətirmək olar. Rəngkarlıqda, heykəltəraşlıqda, miniatür mozaikalarda və s. tətbiqi sənət sahələrində nara həsr olunmuş çoxlu əsərlər var. Heç şübhəsiz, narın sehri xalqımızın folklor düşüncəsinə də sirayət etmiş, hətta bir çox folklor örnəklərində (nağıl, dastan, bayatı, tapmaca və s.-də) bu meyvə obraz səviyyəsində təqdim olunmuşdur. Nar həm də klassik ədəbiyyatımızda məhəbbət mövzusu olub. Üzücü ayrılıqdan sonra sevgililər həmişə bu vasitə ilə vüsala çatıblar. Deyim ki, folklorda da nar sözü yar sözü ilə yanaşı çağırılıb. Elə Göyçayda çağırılan bayatıdakı kimi:
Göyçayın şirin narı,
Turş narı, şirin narı,
Sovqatlar sizin olsun,
Göndərin bizim yarı.
Beləliklə, nar burada da öz missiyasına sadiq qalmış olur!
Göyçayda narla bağlı belə bir məsəl var: “Dünyada nar çoxdur, amma Göyçay narına tay yoxdur”. Zənnimcə, dünyada narın ən gözəl obrazı elə Göyçay narı əsasında yaradılıb. Bəlkə də, bu fikir məhəbbətdən qaynaqlanır. Ancaq bu səciyyəli əsərlər artıq sənətdə öz sözünü deyib. Toğrul Nərimanbəyovun “Göyçay bağlarında” rəsmi buna əyani sübutdur.
Son olaraq deyə bilərik ki, hər bir bölgənin folklorunun öyrənilməsi, əslində, Azərb. folklorunun öyrənilməsi və təbliği kimi qəbul olunmalıdır. Ümid edirik ki, Göyçay folklorunun öyrənilməsi də ayrılıqda götürülmüş bir rayonun probleminə yanaşma qismində deyil, Azərb. folklorşünaslığına gətirilmiş növbəti bir nailiyyət kimi qarşılanacaq.
Ədəbiyyat
1. Zülfüqarlı M. “Göyçay tarixi”, Bakı, 1905. az STUDİO, 2022, 312 səh.
2. Cəbiyev Q. “Girdiman tarixi (IV-IX əsrlər)”. Bakı, Şərq-Qərb, 2010, 616 səh.
3. “Şirvani S.Ə. əsərləri”. 3 cilddə, III cild. Bakı, EA nəşriyyatı, 1974, 499 səh.
4. Ərəb və fars sözləri lüğəti. Bakı, Yazıçı, 1985, 1036 səh.
5. Əlioğlu Ə. “Göyçay – nə bilirik”. Bakı, İqtisad Universiteti nəşriyyatı, 2009, 308 səh.
6. Vəlişov (Tapdıqoğlu) N. “Göyçay rayonu və onun toponimiyası”. Bakı, Təhsil NPM nəşriyyatı, 2004, 246 səh.
7. Abbasova M., Bəndəliyev N., Məmmədov X. “Böyük Qafqazın Cənub-Şərq hissəsinin toponimiyası”. Bakı, Elm, 1993, 196 səh.
8. Ciddi H. “Buğurt qalası”. Bakı, Azərnəşr, 1973, 56 səh.
9. Hacıyev N. “Varislik”. Bakı, Nurlan, 2007, 144 səh.
10. Qədirov F. “Azərbaycanın şimal müdafiə istehkamları”. Bakı, Elm, 1984, 150 səh.
GÖYÇAY FOLKLORUNDAN ÖRNƏKLƏR
Nümunələr “Göyçay folklor örnəkləri. I cild.
Bakı, “Elm və təhsil”, 2022″ kitabından götürülmüşdür.
CİN HAQQINDA
Bizim kəndimizdə cin hakqında belə danışıllar ki, deer, bir kişiin atı varmış töləsində bir-iki baş. Hər səhər durup gedəndə görürmüş atın biri qan-tərin içindədi. Hər səər bıın yorulmuş görür. Bir gün gedir. Deer, mən bına nağayrım kı, görüm bını nədi belə eliyən? Gətirir bı atın yəhərin qoyur. Yəhərin üsdünə, qara qır olur eyy, onu əridir, yayır bı yəhərin üsdünə. Səər-səər gedir, baxır. Görür bir dənə bədheybət. Belə kadına oxşayır. Helə bir dənə cin oturup atın üsdündə. Bı nəkqədə yalvarır, məni aç bırax, sən nə desön, eliyərəm, məni aç, bırax, çıxım gedim. Deeb, yox eyy, helə şey yoxdu. Gətirib bının yaxasına qiyıx sancıp. Cinin yaxasına da qiyıx sancanda o dəbərə bilmir, heş yerə qaça bilmir.
Bı, deer, sahədə odun, ocax qoymayıb. Həəqi, bizim kəndimizdə olmış bir əhvalatdı. Odun-ocax qalmayıbdı. Bəlkə, iki maşınacan odun-ocax gətirip yığıp həyətə bı cin.
Bı uşağlar həyətdə oynayırmış. Bir gün uşağın birinə yalvarır, nə cürəə. Deer ki, noolar, əyğıma tikan batıp, gəl bı qiyığı bırdan çıxart ver mənə, o tikanı çıxardım ordan. Uşağ da allanır da, nə bilsün ki. Gəlir qiyığı götürür. Qiyığı çıxartcağun cin qaçır, yox olur. O qaçannan soora ora nə qədər odun-ocax yığmışdısa, elliyi bir gecədə yox olur. Daşıyıb aparıb hamısın.
***
Göyçayda zahı anaları hal anasınnan qoruyullar. Hal anası aparar da zahını. Üssünnən müxdəlif şeylər asıllar: məsələn, qara şüə – muncux, sancax. Deer, qulaxları çəkilir. Məəm yadımdadı ki, üzr issirəm, mən özüm ana olanda qulaxlarım başıma doğru gedirdi elə bil, dəmir darvaza səsi çıxırdı carhacar. Halsızzaşırdım, elə bil, yox olurdum. Onda hamı əl-haya düşdü ki, anaan hal aparır. Düzdü, orda tibbi köməy elədilər. Amma məəm yadımdadı ki, nənəm ara maması idi, sancağ asırdı o, şüə bağliırdı, şilləliir, qorxuzurdu. Səs çıxardıllar ki, özünə gəlsin. Deellər, filankəsi hal aparır. Xəsdəxanada mənə iynə vırdılar. Qulaxlarım elə bil yerinə qayıtdı həmin cırıltılı səsnən. Onda dedilər ki, hal anasıdı, götürür aparır zahını.
***
Göyçay r-nunun Bığır kəndində Daşdəmir addı qoca bir kişi yaşıyırmış. Günnərin bir günü kəndə xəbər düşür ki, Daşdəmir kişi cin tutub. Dedilər ki, ay aman, nətəər tutub? Tutub da. Həyətində odun daşıtdırır. Gəlillər baxıllar. Kişi deyir ki, gəlmiyin, baxmıyın, qorxarsuz. Kişi cini tutan kimi iynə sancır onun yaxasına. İynəni sancan kimi cin heç hara gedə bilmir. Həyətin işin gördürənnən soora, odunun-ocağın daşıtdırannan soora öyün arvadı deyir ki, kişi, cini burax getsin. Kişi arvada peşman-peşman baxır. Soora iynəni cinin yaxasınnan çıxardır. Çıxardan kimi cin yox olur, bir də geri qayıtmır.
***
Alxasafa kəndində Şıx Süleyman addı ağsakqal kişi yaşıyırmış. Sənəti pinəçi imiş. Özü də şair imiş, yaxşı şeirrər yazırmış. Kənddə də su az idi, milləti idarə eləmirdi. Bu kişi gecənin bir aləmində gedər ki, Xan arxınnan su buraxsın. Bunun da pinəçi olduğuna görə yaxasında qıyığ olar. Gedib görür ki, bir dənə əcayib, insanabənzər bir məxluq arxın qırağında oturub insan çalatı (içalat, qarın-qarta) yuyur. Kişi tez başa düşür ki, bu o gözəgörümməzdərdəndi, cinnərdəndi. Qıyığı çıxardar, tez sancar bunun yaxasına ki, qaçammasın. Sonra Şıx Süleyman “Bismillah” deyər, həmin məxluq yerində donar qalar, heç hara qaçammaz. O zaman buna hal deyirdilər. Hal Şıx Süleymana deyir:
– Səni and verirəm Allaha, məni burax, bu qıyığı çıxart mənim yaxamnan, mən gedim.
Şıx Süleyman deyir ki, çıxartmıyacam. De görüm bu kimin çalatıdı, burda yuyursan? Hal deyir ki, təzəcə uşağı olmuş bir qadının çalatıdı. O vaxtı deyirdilər ki, filankəsi hal apardı. Uşağ üsdə ölən qadınnar olub onda.
Şıx Süleyman hala deyər ki, buraxmaram səni. Hal deyir ki, onda belə eliyək. Ala mənim papağımi apar. Sizin yeddi arxa dönənuuza mən dəymiyəcəm. Hansı arvad azarrıyır, arxayın azarrasın, uşağı olsun, ölmiyəcək o. Görsuz ki, ölür, vəziyyəti ağırdı, onda bax bu papağı qoyarsuz o qadının başına. Hal Şıx Süleymana bir də deyir ki, səni Allah-taalanın cəlali-izzətinə and verirəm, məni burax, gedim, məni öldürmə.
Kişinin də əlində bel vardı. O, Allahın adını çəkdiyinə, dərinnən Allahın cəlali-izzətinə and verdiyinə görə Şıx Süleyman qıyığı çıxardar halın yaxasınnan, bunu buraxar, amma papağı gətirər. Biz lap uşağ idik, deyəllərdi ki, filankəs azarrıyıb, gedin o Süleyman kişinin papağını gətirin. Deməli, bu papax Süleymannan qalıb oğlu Hacıya, Hacıdan qalıb oğlu Süleymana. O papax da 50-ci illərə qədər məhlədə hərrənirdi. Qadınnardan kim azarraseydi, kimin çətin uşağı olurdu, aparıllardı o papağı qoyullardı onun yanına ki, hal aparmasın.
KƏBLƏ SEYİD BABANIN KƏRAMƏTLƏRİ
I
Kalba Seyit babagilin əsilləri Lahıjdandı, İsmayıllıın Böyüg Lahıcınnan gəlib atasıgil bizim kəndə. Özü də, oğlu-qızı da rəhmətə gedip. Nəvələri var. Bir nəvəsiin adı Dilşaddu. Kəndin yuxarısında olur, kanaldan yuxarıdadu evi. Kimin nə dərdi varsa, gedir. Ziyili olan, nə bilim mən, dəmro kimi, gecəyanığı deellər, adıyox deellər – helə xəsdəliyi olannar gedir ona. Həmin yerin qırağın Quran hərfiynən yazıya alır – bədənin harasındadısa, oranı. Üş dəfə yazannan soora təmiz o gedir. Bədəndə qızartı olur, qaşınma olur, dəri xəssəlihləri da. Dərdi olan kim olsa, onun ocağına gedir, şəfa tapır.
II
Bizim kəndimiz dinə çox etiqat eliyəndı, çox. Lap savet döründə o təzziq olan vaxdı, bizi qoymurdular, ateizm idi. O vaxdan da bizdə həmişə adət-ənnənə sürüb. İmamların təziyəsin həmişə saxlamışıx, xəlvət də olsa. Kəndin meçidi olub. Meçidə qoymayıblar. Dağda, dərədə həmişə o aşura günnərin qeyd eləmişüh. Ağköynəy də olublar, başun da yardurublar xəlvətcə. Hökümət qoymurdu. Özümüz də məhzəbimiz – altıncı imam həzrəti əleyhissalam Cəfəri Sadiq məhzəbinnənük. Həmmişə də etiqadımız var, lap güjdü. Kəndimizdə seyitdər də var. Deellər həmən imam Cəfəri Sadiq törəmələrinnən, peyğəmbər törəməsidi da seyitdər. Olardan bizim kətdə xeylax var. Həməşə olara hörmət eyləyirük. Ocağlaruna gedirük, nəzir qoyuruğ. Ən böyüyü – kəndimizdə Kəlbəlayi Seyid Rza var. Kalba Seyid ağa deyürüh. İndi rəhmətə gedib o. Oğlu-uşağı da var. Nəzir aparurux qəbrini ziyarətə. Qəbrin ziyarət eləyirük. Güjdü seyitdi, inamımız var. Həmişə də onnan şəfa tapırux. Onun törəmələri var. Çox idi onun möcüzələri. Gözü zəif görənə o kişi tüpürürdü. Oun tüpürcəyi dərman kimiydi, şəfa verirdi. Əldə ziyil əmələ gəlirdi, yara olurdu. O tüpürürdü, gedirdi. Hətda onun ləpirinin yerinnən toz götürürdülər, həmin yerə sürtürdün – xəssə yerə, o onu aparırdı. İndi də helədi. Oun qəbriin torpağınnan gətirib lazım olan yerə vırırsan. Başın ağrıyır, oxalayırsan, boynuu-zaduu, soora yara-xora yerinə kimyə eləyib sürtürsən. Helə möcüzələri var.
DURNAYA DUR DEYƏN BABALAR
I
Ana babam Mırtı şıxlarınnandı. Durnıya dur deyən babaların nəslinnəndi. Həmin nəsildən olan Hacalı baba mənim babam olup. Onun həyətində hələ də kümbəzi var, ocağı var. İndi onun evində gəlini yaşıyır, nəvəsi yaşıyır. Hacalı babaan öz oğlu tez rəhmətə gedip. Kişi oğlunnan çox yaşıyıp. Gəlini deer ki, indi də bir vaxd var, təxminən bax bı may ayında. O vaxdı bı kümbəzə nə qədər ilan gəlir. Hamısı ziyarətə gəlir. Deer, səhər durup görürüh ki, həyətin hər yeri ilandı. Bircəciyi bizə toxummur. Hamısı gəlir o kümbəzin yanında onu ziyarət eliyip gedillər.
Hə, anam belə danışırdı ki, Hacalı babanın nəslinnən olan baba – onun adın bilmirəm, adın demirdilər, ona durnıya dur deyən baba deyiplər həməşə. Həmən o baba bir gün namaz qılanda – namazın həməşə həyətdə qılarmış. Yanında körpə bir uşağ olup. Evdə heş kim olmıyıb, uşax başdiib ağlamağa. Düşüp bı namaza tərəf, bı kişiyə tərəf gəlip. Kişi də namaz qılanda görüp ki, göydən durnaların səsi gəlir. Həmin durnalar göydən enip bı uşaxnan oynıyıp. Kişi namazın qutarannan soora durnalar uçup gedip. O vaxdan qalıp ki, durnıya dur deyən babadı o.
Mırtı şıxları hamısı durnıya dur deyən babaan nəslidi. Olar əldə ziyil olur ha, o ziyilə tüpürəndə ziyil gedir. O baba indi özü yoxdusa da, kərəməti oğlunnan nəvəsinə keçip. İndi hal-hazırda onun nəvəsi yenə o həyətə – o ocağa gələnin ziyilinə tüpürəndə ziyil gedir. Yəni udumdu da, udumu keçip. Bıın udumu var.
II
Keşmişdə Göyçayın Mırtı k.-də bir kişi yaşıyıb. Bu kişinin nəsli ocax nəsli idi. Kişi bir gün namaz qılırmış. İsdi vaxdı olur, namazı eyvanda qılmalı olur. Bu kişi namaz qılanda onun nəvəsi ağlıyır. Kişi deyir:
– Allahu əkbər! Allahu əkbər! Bu uşağın səsini kəsin də, namaz qılıram mən!
Gəlin, arvad buna qulax asmıllar, uşağı götürmüllər. Kişi namazı saxlıyır, görür ki, havada durnalar uçur. Deyir:
– Ay durnalar, gəlin mənim bu balamın yanına düşün, balam ağlamasın.
Durnalardan bir dənəsi ayrılır, gəlir düşür uşağın yanına, başdıyır gəzişməyə. Uşax baxır ona, səsin kəsir, kişi namazın qılır, başa vurur. Soora kişi uşağı qucağına götürüb durnıya deyir ki, uçub gedə bilərsən, azadsan. Durna uçur gedir, yoldaşdarına çatır. Ona görə də onnarın ocaxlarına Durnatutan ocaxlar deyilir. Hələ də Mırtı kəndində onnarın günbəzdəri var, camaat onnarı ziyarətə gedir. Onnarın nəvə-nəticələri, kötücələrinin hamısı şıxdılar, ocaxdılar. Onları acılasan, onnarın haqqında bir söz danışsan, onda zərər çəkərsən. Onun nəvələri bir şeyə gələndə, vermiyəndə biz artıx pis bir hadisə ilə rasdaşırıx ki, gərəh onnarın xətrinə dəymiyəsən.
MİRFAZİL AĞANIN KƏRAMƏTLƏRİ
Böyük Vətən müharibəsi illərində Göyçayın meçidini bağlıyıllar. Camaatı meçidə namaz qılmağa getməyə qoymullar. Meçidi anbar eliyillər. Kolxozdan yığılan taxılları bura yığıllar. Bura qarolçular qoyullar. Qarolda diyanan milisdər gecələr görüllər ki, burda ağgeyimli mollalar namaz qılıllar. Neçə gecə bular baxıllar. Görüllər ki, qapı bağlıdı, amma mollalar taxılın üsdündə namaz qılıllar. Bular bura necə keçiblər? Bir həftə milis buları izdiyir. Soora gedir məhkəmiyə xəbər verir. Xəbər verir ki, məni siz orda qarolda qoymusuz, bəs gecələr burda taxılın üsdündə namaz qılıllar. Meçidi bağlamusuz, anbar eləmusuz, burda camaat gecələr namaz qılır. Bular inanmıllar. Milis deyir ki, mən gecələr orda diyanacam, siz gələrsuz, özuuz gözuuznan görərsuz ki, burda namaz qılınır. Gecə beş-altı nəfər dölət adamı durub gəlillər nöbətçi milisin yanına. Gəlillər, gecənin bir vaxdı görüllər ki, həqiqətən, burda ağgeyimli adamlar taxılın üsdündə namaz qılıllar. Baxıllar, inanıllar. Gedillər məsləhətdəşillər ki, Göyçayın meçidin biz bağlamışıx, onnar Allah tərəfınnən uçullar, gəlillər, burda namaz qılıb gedillər. Mirfazil ağa da həmin vaxt orda olur. Bu hadisədən sonra Mirfazil ağanı həbs edillər. Allah-taalanın qüdrətiynən Mirfazil ağa həbsxanadan qeyb olur. İndiyədək onun nə dirisi tapılıb, nə də ölüsü. Qəbrinin yeri də bilinmir. Amma öyü hələ də durur. Bunnan soora Göyçayın meçidin açıllar, taxılı yığışdırıllar ordan. Qapıda da adam qoyullar. Deyillər ki, kim isdiyirsə, xalça-palaz gətirib qoysun, namazın qılsın.
***
Çox hissiyatdı şəxs olub Mirfazıl ağa. Nə baş verəcəyini qabaqcadan hiss edə bilirmiş. Rəhmətlik anam söhbət eliyirdi ki, otuz yeddinin represiyası idi. Atam molla Tapdığı NKVD həbs eliyir. O vaxtı din xadimlərini də tuturdular. Atam da Potu meçidinin axundu idi. Bı minvalınan, atamı Mirfazil ağaynan bir yerdə kəl arabaya mindirillər ki, Ucara aparsınnar. Ordan da oları Bakıya türməyə aparasi idilər. Bı vaxtı nə illah elillərsə, kəl yerinnən tərpəmmir. NKVD-nin rəisi ağiya deyir ki, nə dua oxudun, kəl yerinnən tərpənmədi. Ağa sakitcə düşür yerə, əlin çəkir kəlin belinə “ey Allahın heyvanı, get” deyib, gəlib oturur arabaya. Bınnan sora kəl hərəkətə gəlir. Otuz, qırx metir aralanmış, bir də gördük vaşiyən qopdu. Qayıtdım dala, gördüm ki, rəisin ağzı geri çörüküb. Mən də anamnan arabanın dalısican gedirdik ki, Ucarda vaqona minənətək bıları yola salax. Neysə, yardım üçün tez rəisi bırdan apardılar. Ucara çatannan sora bıları da taxta vaqona mindirdilər, saldılar Bakıya yola. Onnan sora anamnan bir yerdə qayıtdıx kəndə.
***
Mirfazil ağanı tutullar. Səhər durup görüllər ki, həyətdə namaz qılır. Türmənin qarolçusun danıyıllar. Bı dəfələrnən təkrar olur. Axırda bıra qarolçu erməni qoyullar. Yenə səhərisi görüllər ki, Mirfazil ağa həyətdə namaz qılır. Təzədən aparıp salırlar türmiyə. Bir müddətdən sora gedip, açıp, baxıllar ki, Mirfazil ağa içəridə yoxdu. O günnən də Mirfazil ağa qeyb olup. İndi Göyçay camaatı onun evinə ziyarətə gedillər. O erməni Gəncədə yuxuda görür ki, Mirfazil ağa deer ki, sən mənə görə işinnən oldun, amma sənün işdərün yaxşı olacax. Erməni Gəncədən faytonnan Mirfazil ağanın evinə ziyarətə gəlir.
Mirfazil ağa Göyçayda çox adama şəfa verip. Həkimlərin sağalda bilmədiyi adamı ağa sağaldıp.
ƏFSANƏLƏR
ŞANAPİPİK
Deyilənə görə, şanapipig addı gəlin olur. Onun zalım qaynanası olur. Qaynanaan hamam boxcasın gəlin düzəltməliydi. Gəlin nə qədə axdarur, darağı tapbır. Qaynana gəlini çox incidir. Gəlin deer, Allah, məni ya daş elə, ya quş elə. Qaynanaan zalımlığın görən Allah onu quş eləyir. Bı qonur yaxındakı ağaca. Birdən yadına düşür ki, darax taxcada buxcanın içindədi, başqa buxcada. Oturur orda, başdayır oxumağa: taxcada-buxcada, taxcada-buxcada. Qaynananı başa salmağ üçün.
İSAX-MİSAX QUŞLARI
Deeyilənnərə görə, iki qardaş olur. Bıların bir danaları olur. Dana itir. Dananı iki qardaş nə qədər axdarıllar, tapbıllar. Olar da qorxur atasınnan. Deer danaan tapbamış bəs biz evə nə üznən gedək. Allah, bizi quş elə. Bıların da olur birinin adı İsa, birinin adı Musa. Bılar quş olullar. İndi, deellər, qiyamət gününəcən olar o dananı axdarıllar. Biri deer, İsa. O biri deer, Musa. Deer, tapdun? Deer, yoox.
BÜLBÜL HAQQINDA ƏFSANƏ
Bir günnərim şahın öz bağında bülbül olmadığına görə əyannarına tapşırır ki, bir dənə bülbül tapın gətirin. Hardansa bir bülbül tapıb gətirillər, qəfəsə salıllar. Şah bını qəfəsdə assırır öz baxcasınnan. Gündə gedib oturup bıın yanında baxarmış bülbülə. Amma bülbül günü-günnən saralıp-solurmış, oxumurmış. Şah bınnan çox məyus olur. Görür ki, bı bülbül öləcək. Deer ki, bı bülbülü açın buraxın.
Bülbülü açıp bıraxıllar. Vəzir atına minir. Bülbül uşduxcan düşür dalıycan. Vəzir atıynan gedir, gedir bülbülün dalıycan. Görür ki, bülbül düşdü bir gülün üssünə, başdadı cəh-cəh vurmağa, öz nəğməsin oxumağa. Bı dəmdə də gülün tikanı batır bülbülün sinəsinə. Bülbül deer ki, oxxay, vətən.
QARPIZ HAQQINDA ƏFSANƏ
Deyilənə görə, bir oğlan dərin bir məhəbbətlə bir qızı issirmiş. Qız oğlana getmirdi. Mına deermiş, bəs sən Göyçay suyinan bırda – Kürdəmir ərazisində bir bostan əkərsən (bağ salmalısan). Həmən bağda qarpız əkməlisən, onnan sora səə gedərəm. Oğlan camaatı yığıb bu işi gördürməyə başdir. Camaat qan-tər tökə-tökə, əziyyət çəkə-çəkə bostan salıllar. Bəli, məhsul vaxtı çatır. Oğlan qarpızı dərib, gətirib qıza verir. Qız qarpızı kəsir, görür ki, içi qan kimi qırmızıdı. Qız oğlana deer ki, bı işi camaatın qan-təri bahasına başa gətirdiyin üçün qarpızın içi qandı (zülümnən başa gətirdiyin üçün). Qız oğlana deer ki, heç vaxt mən səə getmiyəcəm. Oğlan kor-peşman çıxıb gedir.
RƏVAYƏTLƏR
HAQQI-NAHAQQI BİLİNMƏYƏN ÖLKƏ
Loğman bir ölkiyə gedir şəyirdiynən. Bırda şəyirdin bazara göndərir. Şəyirt gedir bazara. Sevinə-sevinə gəlir ki, bəs, Loğman, bırda yağnan şora fərq yoxdu: eyni qiymətədi. Loğman deer ki, gə bı ölkədən qaçax gedəh. O yerdə ki, yağnan şora fərq yoxdu, orda yaşamağa dəyməz. Şəyirt deer, yoox, çox yaxşıdı: şor da, yağ da eyni qiymətədi. Loğman da arifdi da. Qalır bırda.
Bir gün bir nəfəri asmağ issillər. Padşah bir nəfəri assırmağ issir. Cinayət eliyip da. Bıın da başı balaca olur, bı asılası adamın. Bıın kəndirə salıllar, baş şütüyüp çıxır kəndirdən. Padşah deer ki, gedin başı yekə bir adam tapın gətirin, elə bıın yerinə asax. Gedillər, arıyıb-axdarıllar. Loğmanın şəyirdin tutup gətirillər asmağa. Loğman irəliyə gəlir, padşaha özün tanıdır, şəyirdin alır aparır evə. Deer, səə dedim ki, o yerdə ki, yağnan şora fərq yoxdu, ordan qaşmax lazımdı.
İSGƏNDƏR ZÜLQƏRNEYN HAQQINDA
Mənim eşitdiyimə görə, bı İsgəndər Zülqərneyin böyüh sərkərdə olup, fateh olup. Həm də çox güjdü, qüvvətdi adam olup.
İsgəndər Zülqərneyin dünyanı fəth eliyə-eliyə gedirmiş. Bir dəfə də gedip bir əyalətə çatır. Görür bı əyalətin adamları heç bir mal-qara ilə məşğul olmurlar. Heyvan kəsmillər. Hərəsi özünə bir məzar qazıp, hər gün məzarı təmizziyillər, süpürüllər, səliqiyə salıllar. Bılar ancax tağ-tərəvəz əkillər. Onu da yiyillər, ət yimillər. Bı İsgəndərə çox maraxlı gəlir.
Bı əyalətin padşahın yanına çağırır, padşah gəlmir. Axırda bı özü gedir padşahın yanına. Deer ki, sən bı əyalətin padşahısan, niyə çağırışa gəlmədin? Cavap verir ki, sənin işin var, sən gəl, mənim sənnən heş bir işim yoxdu. İsgəndər soruşur ki, sizin əyalətdə niyə heş kəs mal-qara saxlamır, daha çox var-dövlət əldə eləmirlər. Əyalətin padşahı cavab verir ki, heyvannarı da Allah yaradıb. Mən mədəmdə olara niyə məzar qazıram ki, olara verilən canı niyə alaq ki? İsgəndər deer ki, bəs niyə qəbrinizi indidən qazıp qoyursunuz və hər gün təmizziyirsiniz? Padşah cavap verir ki, həmişə gözümüzün qabağında olsun, əvvəl-axır getdiyimiz yer oradı. Dünya malı ön plana keşməsin. Deer sizdə qızıl-gümüş niyə yoxdu? Deer ki, qızıl, gümüş insannar arasında nifaq salır. Ona görə də mehribannığımız üçün qızıl-gümüşü ölkəmizə qoymurux. Məzarımız da həmişə gözümüzün qarşısında olur. Biz bir-birimiznən dava eləmirih. Bilirih ki, axırımız oradı.
Rəvayətə görə, İsgəndər Zülqərneyn onnan soora işğal eləməhləri, müharibələri saxlıyır. Daha heş bir ölkəni yağmalamır. Bütün var-dövlətin kasıp-füqaraya paylıyır. Öləndə də vəsiyyət eliir ki, məni tabuta qoyanda əllərimi çölə qoyun, hər kəs görsün ki, bı qədər var-dölətin içində əli boş gedirəm. Heş nə apara bilmirəm. Bir də deer ki, bı dünyada insan üş şey qazanır. Birincisi var-dövlət, oğul-uşax, ikinci hakimiyyət, üçüncü əməl. İnsan hər şeyi bı dünyada qoyup gedir, bircə özi ilə apardığı əməldi ki, o dünyada da əməllərinə görə qarşılanır və qiymətdəndirilir.
ADƏM PEYĞƏMBƏR
Rəvayətə görə, Allah-taala issiyip ki, yer kürəsinə yaşayış versin. Ona görə əvvəl dörd mələyi yaradıp: Cəbrayıl, Mikayıl, İsrayil, Əzrayıl mələhlər. Allah-taala mələhləri göndərir yer üzünə ki, hərəniz yer üzündən bir sıxma torpax gətirin, onnan insan yaradacam. Oların da bir hissəsin cənnətə, bir hissəsin cəhənnəmə göndərəcəm. Mələhlər gəlillər Allah-taalanın hüzuruna. Biri torpax gətirir, üçü əliboş gəlir. Deellər ki, yer kürəsi cənnətə göndərilənnər üçün torpax verdi, cəhənnəmə göndərəcəhlərünçün torpax vermədi. Dedi ki, mən torpağımın cəhənnəmdə qoorulmağın issəmirəm. Biz qayıtdıx, Əzrayıl qayıtmadı. O bir az qırmızı, bir az ağ, bir az da qara torpax götürdü gəldi. Oları yoğurup-yoğurup bir yerə, insan yaratdı.
Allah-taalanın yaratdığı ilk insan da Həzrəti Adəm olup. Qocalar da deerdilər ki, guya Adəmı qırx gün yoğurup, onun üzərinə sevinc yağışı, hüzün yağışı yağdırıp. Guya otuz doqquz gün hüzün yağışı, bir gün sevinc yağışı yağıp. Ona görə də insanın sevincdi annarı azdı.
HABİL VƏ QABİL
Habil və Qabil qardaşdarı ilk insan evlatdarınnan oluplar. Adəm peyğəmbərin oğlannarıdı. Habil əkin əkərmiş. Qabil də qoyunçuluxnan məşğul imiş. Bir günnərim bıların arasında ixdilaf düşür. Habil deer ki, mən haxlıyam. Qabil deer ki, mən haxlıyam. Gəlillər ataları Adəm əleyhissalamın yanına. Atası da deer ki, hərööz öz əməyuuzdan bir qurbannıx götürün.
Habil bir əz taxıl götürür, Qabil də bir dənə qoyun. Bılar bını qurban deyiplər. O vaxdın deyiminə görə də, qurbannıx qəbul eliyəndə göydən bir od gəlip onu öz cinsinə çevirib apararmış. Gəlir Habil də haxlı olduğuna görə Habilin qurbanı qəbul olunur. Amma Qabil gənə öz məkirri niyətinnən əl çəhmir. Fürsət axdarır ki, öz qardaşın öldürsün, bınnan qisas almax məksədiynən.
Günnərin bir günü gənə Habil yatdığı yerdeydi, səhrada işdiip yorulup yatıpbış. Qabil fürsət tapıp, daşnan vırıp qardaşın öldürür. Bı vaxda qədər də Adəm övladı arasında nifak düşməmişdi. Bı iki gün-üş gün qardaşın ora sürühlüür, bıra sürühlüür, bilmir ki, neynəsin.
Bir gün görür ki, iki dənə qarğa dalaşdı. Qarğaan biri o birsin öldürdü. Soora başdadı dimdiyinən yeri eşip qarğanı bassırdı. Bı da bınnan örgənip öz qardaşın qazıp dəfn eliyir. Soora öz avamlığınnan pis olur ki, məəm qarğa qədər də ağlım olmuyup. Mıın qazıp bassırmax məəm ağlıma gəlmiyip.
Soora atası bir gün mınnan soruşur ki, bəs qardaşın hardadı. Bı da atasına küntöy cavap verir, deer ki, mən Habilin qaroolçusu döörəm ki, biləm hardadı, bilmirəm. Bına da atası çox qəzəplənir, lənət oxuyur. Bı da bınnan əsəpləşip öz yurdun tərk eliyip başqa bir ölkiyə çıxıp gedir. Orda oda sitayiş eləməyə başdıyır.
NUH PEYĞƏMBƏR
Nuh peyğəmbərə Allah-taaladan xəbər gəlir ki, gəmi düzəlt. Dünyanı su aparajax. Hə, adamlara de, kim sənnən getməy issiyir, gəmiyə minsin. Hər heyvannan da bir cüt qoy. Nuh peyğəmbər də qapı-qapı gəzir, hamıya məlumat verir.
Bir həyətə girir. Görür bir qoja arvat təndirə çörəh yapır. Hə, arvada da deer ki, bəs vəziyət belədi da, dünyanı su basajax, getməy issirsənsə, sən də gəl. Arvat deer ki, hə, məən də apararsan. Su gələndə məə xəbər elə. Nuh peyğəmbər deer, yaxşı.
Soora dünyanı su basanda arvat Nuh peyğəmbərin fikrinnən çıxır. Neçə vaxdan – su çəkilip gedənnən soora peyğəmbər gəmidən düşür. Yadına düşür ki, bı arvat demişdi bına ki, məni də apar. Gedir həmin həyətə. Qapını açır, görür ki, arvad hələ də çörək yapır. Arvat peyğəmbəri görən kimi deer ki, hə, nooldu, gedirik?
Arvadın subasmadan xəbəri olmıyıp. Çünki o, iman gətirip da peyğəmbərin sözünə.
DAVUD PEYĞƏMBƏR
Rəvayətə görə, Allah-taala Davud peyğəmbərə dokquz oğul verir. Bı namaza duranda baxıp belə oğlannarına, fəxr eləyib. Bı, Allah-taalaya ağır gedip. Onun on günün içində oğlannarıın hamısıın canın alıp. Peyğəmbər deep, ey böyüh yaradanım, mən Sənin hüzurunda çox böyük günah elədim. Oları Sən vermişdin, ona Sən fəxr eləməli idin. Məni bağışda. Allahın ona rəhmi gəlir, yenə ona bir oğul əta eyləyir.
SÜLEYMAN PEYĞƏMBƏR HAQQINDA RƏVAYƏT
Rəvayətə görə, Süleyman peyğəmbər bir gün xəbər eyləyib ki, bütün heyvannara, hər kəs öz balasın götürüp hüzuruma gəlsin. Hamı balasın götürüp gəlir. Bı kirpi gəlməyib. Gözdəyir, gözdəyir. Deyir, görəsən, bı kirpi niyə gəlib çıxmayır?
Hava qaralır. Hannan-hana bı kirpi balasın da götürüp gəlir. Peyğəmbər soruşur ki, bəs sən hardaydın? Niyə gəlmirdin məəm çağrışıma? Deer ki, ya peyğəmbər, gözdəyirdim ki, hava qaralsın, balamı gətirəndə heş kəs görməsin, ona göz dəyər.
XIZIR KİMİ YETİŞDİN
Eldə belə bir deyim var ki, nə Xızır kimi yetişdin dadıma.
Xızır İlyas adında peyğəmbər olup. Çox himayədar olup. Onun möcüzələrinnən biri də o olup ki, ona vəh gəlirmiş ki, hardasa, kimsə dardadı. O da ona sürətnən yetişip, çatıp köməy eliyirmiş, dadına çatırmış, yardım eliyirmiş, vəziyətdən çıxardırmış. Bu deyim də ordan qalıp ki, kimsə çətinə düşəndə, biri ona köməy eliyəndə çətinə düşən adam deyir ki, nə Xızır kimi dadıma yetişdin. El arasında İlyas sözü o qədər də işdəmmir. Deyillər ki, Xızır kimi dadıma yetişdin, Allah sənnən razı olsun.
MUSA PEYĞƏMBƏR
Musa peyğəmbər haxda eşitmişəm ki, necə ki, Məhəmmət peyğəmbərə Qurani-Kərim nazil olup, ona da Tövrat nazil olup. Su üssündə dura bilirmiş. Kor gözü aça bilirmiş. Bütün peğəmbərlər nəfs toxluğuynan dünyaya gəliplər. Musa peyğəmbərin ən böyüh möcüzələrinnən biri – əlindəyi əsanı atırmış, o, cannıya çevrilirmiş, sooradan yenə onu tutanda, o, əsa olurmuş. Bir də o, Allah-taalaynan danışmağı bacarıp.
Bir dəfə o, qoyunnarın otaranda Allah-taalaynan görüşür. Allah ona deer ki, əlindəki əsanı at, o da deer ki, mən bınnan qoyunnarıma xəzəl çırpıram. Allah-taala deer, atsın əsanı. O da əsanı atır, əsa ilan olup gedir. Musa peyğəmbər ilanı öldürməh issiyəndə ilan yenidən əsa olup.
İSA PEYĞƏMBƏR
İsa peyğəmbər, deerlər ki, bakirə Məryəmnən doğulup. Ona görə ona bəzən Allahın oğlu da deellər. O vax Məryəmi, həzrəti-Zəkəriyyə adında peyğəmbər olup, onıynan zina etməhdə günahlandırıllar. Onu daş-qalax eləməh issiyillər. Bıları da aparıp Misirdə gizziyillər. On iki yaşında onun peyğəmbərriyi üzə çıxır.
Bir gün olar yaşadığı öydə oğurrux olur. Bir varrı adamın qızılın, pulun oğurruyullar. Bına görə də orda yaşıyan bütün kasıp-kusuba əziyət verillər. İsa peyğəmbər irəli çıxır. Orda bir kor və bir şikəst iki nəfər var imiş, üzün tutur olara, deer ki, qızılları gətirin qoyun yerinə.
İsa peyğəmbər itənnəri tapmaxda çox bacarıxlı olup. Sooralar yəhudi xalqı qalxıp ki, onu öldürsünnər, Allah-taala onu qeybə çəkip. Qaldırıp göylərə.
MƏHƏMMƏD PEYĞƏMBƏR
Bildiyimiz kimi, bütün peyğəmbərrər hərəsi bir möcüzeynən gəlip. Məhəmməd peyğəmbərin də möcüzəsi gətirdiyi Qurani-Kərim olup. Bir gün bir qadın bir adamnan peyğəmbərə bir qab yağ göndərir. Peyğəmbər də ayrı bir qabda həmin adamnan ona bal göndərir. Bı ayilə bı bir qab baldan nə qədərə yiyir, bı bal qutarmır.
Xeyli vax soora arvat götrüb balı başqa qaba boşaldıp qabı yuyur. Balı bir-iki dəfə yidihdən soora bal qutarır.
Bir müddət soora peyğəmbər həmən qadını görür. Soruşur ki, sizə pay göndərmişdim, çatdımı. Arvat deer ki, çatdı, amma nə qədər yeyirdiksə, qutarmırdı. Balı başqa qaba boşaldan kimi bal qutardı.
Peyğəmbər həmən qabla həmən evə ruzi-bərəkət göndərmişdi.
UVEYS BABA
Bir seyid olup. Onun çox ağır cəddi olup. Biz tərəflərdə el arasında ona Uveys baba deyillər adına. Uveys baba, deyilənə görə, Ağdaşda yaşıyıpdı. Əli çox səbəpli, böyük-kiçih bilən adam olupdu.
Rəvayətə görə, onun ən böyük arzusu peyğəmbərimizi görmək, onu tanımağ olupdu. Bir gün bu eşidir ki, peyğəmbərimiz ziyarətə gedir. Bu çox isdiyir ki, peyğəmbərimiz ziyarətə getməmiş onu görsün. Gəlir anasının yanına, deir ki, mən peyğəmbərimizi görməyə getmək isdiirəm. Anası deyir ki, sən onun görüşünə gedip, gəlib mənim ölümə çatmasan, sütümü sənə halal eləmərəm.
Uveys baba bunnan çox pis olur, fikirri gəzir. Anası görür ki, bu çox pis olub. Uveys babanı çağırır yanına, deyir ki, sənə demirəm getmə. Ged, amma yenə deyirəm, gəlip mənim ölümə çatmasan, mən öləndə yanımda olmasan, sözüm sözdü, südümü sənə halal eləmərəm.
Uveys baba tez çıxır gedir peyğəmbərimizin görüşünə. Dayanmadan, durmadan, yolda isdirahət eləmədən gedir, çatır peyğəmbərin qaldığı yerə. O vaxdı onun qaldığı yer mağara tipli bir yer olupdu. Girir evə, peyğəmbərimizi soruşur. Peyğəmbərin qızı onun gəldiyini görüp yaşmaxlanıp deir ki, peyğəmbər evdə yoxdu, azana gedip. Gözdə, indi gələr. Veys baba da deir ki, yox, gözdüyə bilmərəm. Gələndə deyərsən, onun görüşünə Uveys gəlmişdi. Bunu deir, gəldiyi kimi də dala qayıdır ki, gəlib anasına çatsın.
Veys baba ordan bir az aralanannan soora peyğəmbər gəlir. Görür ki, evinnən müşk iyi gəlir. Bizdə el arasında deyillər ki, cənnət iyi gəlir. Qızın çağırır, soruşur ki, bizə Uveys gəlmişdi? Qızı onun gəldiyin deir. Peyğəmbərimiz deir ki, bəs hanı? Qızı da cavab verir ki, dedi ki, anam xəssədi. Gözzəməyə vaxdı yoxudu.
Peyğəmbər çıxır, Uveysin qaraltısını görür, yanında olanlar Uveysi çağırıllar. Uveys baba çöörükür baxır, peyğəmbərin qaraltısın görür, amma anasına çatmaq üçün qayıtmır. Gəlir görür anası sağdı, bınnan çox sevinir.
Peyğəmbər gedir ziyarətə. Peyğəmbərimiz ziyarət eliyəndə onun yanında olan bütün əsabələri Uveys babanı görüllər. Ziyarətdən soora peyğəmərimiz əbasını çıxarır verir əsabələrinə ki, bunu Uveysə çatdırın. Deyin ki, Allahın issəyi ilə bu dünyasıın da, o dünyasıın da cənnətini qazanıp.
Əsabələri də onu çox axtarıllar. Veys babanı tapanda peyğəmbərin əbasını ona verillər. Deillər ki, peyğəmbərimiz dedi ki, o bu dünyasıın da, o dünyasıın da cənnətini qazanıp. Uveys baba da Allahına şükür eliyir. Deir ki, şükür, ay Allah, Sənə, mən peyğəmbərimizi görə bilməsəm də, əbası mənə qismət oldu. Bunu eşidən əsabələri deellər ki, necə olur ki, sən peyğəmbəri görməmisən? Biz hamımız səni peyğəmbərimizlə çiyin-çiyinə ziyarət edən görmüşük.
Uveys baba bunu dərk eliyir ki, oun anasına qoyduğu hörmət, onun anasının sütünə verdiyi qiymət Allahın da, peyğəmbərin də yanında bəyənilən əməllərdən olup. Anasına verdiyi qiymətə görə sağlığında o dünyasını qazanıp və ruhən də olsa, peyğəmbərnən görüşüp, ziyarət eliyip.
İndi də deellər ki, hal-hazırda onun qəbri üş yerdə var. Amma hansı olduğu dəqiq bilimmir. O qəbirrərdən biri də Ağdaş ərazisindədi.
XALQ DEYİMLƏRİ
Bizdə deyim var ki, nəyəsə israfçılıx eliyəndə deelər ki, ilan ilannığıynan torpağa qənayət eliyir ki, qurtarar.
Elə bil qulağıın dibinə daş vırıplar (bərk yatan adamlar haqqında deyillər).
***
Müxtəlif məsəllər var ki, bizim Göyçay ərazisində çox işdənir. Məsələn, dərd dərd üssən gələndə belə deyillər: Beş də beş üsdən. Və yaxud da kimsə varranırsa, dalbadal yaxşı imkanı yaranırsa, onun haqqında deyillər: elə bunda beş var idi, yenə beş də beş üsdən qazanır.
Bunun bir variyantı da var: Qar qar üsdə yağar.
***
Bizdə çoxbilmiş adam hakqında deyillər ki, qurtdu, qoyun dərisinə girip.
Yaxut da deyillər ki, dooşanı arabeynan tutur.
Gizzin iş görməy isdiyən adama qıraxdan görənnər deyir: dərə xəlvət, tülkü bəy.
Dəvə gözün yumup girdi pambıxlığa, dedi, heş kim məni görmür.
Adam hirsdi olanda deellər ki, gözdərinnən qan damır. Ya da deyillər, çırtma vırsan, qanı tökülər.
Avara, tüfeyli adam hakqında deyilir: səhər gedir naxıra, axşam qayıdır axura.
Söz çürüdən adama deyillər: tutub ucunnan gedir ucuzzuğa.
Belə atalar sözü var: qonağa get deməzzər, altınnan palazı çəkəllər.
Arxı tullan, soora bərəkallah de.
Yaxşı arvat kişinin üzünə baxmaz, sözünə baxar.
Gooru var ki, kəfəni də ola?
Nadir şahı taxdda görüp, Şah Abbası qundaxda.
Niyyətin hara, mənzilin ora.
Sayanın quluyam, saymıyanın ağası.
Tikan olub əyağa batınca, gül ol, yaxıya sancıl.
Uman yerdən küsəllər.
Hələ quyruğu qapı arasında qalmıyıp (çətinnih görmiyip, yekə-yekə danışan adam hakqında deyillər).
Ya da deyillər: başı daşa dəymiyip.
Çatana çatır, çatmıyana daş atır.
Pisliy eliyənə deyillər: işıx gələn yerə barmağın dirədi.
Nə qanır, nə qandırır.
Vıran igid dayısına gənişməz.
Tutan it hürməz.
Qılıxlı min ev yiip, qılıxsız bir ev də yiyə bilmiyip.
Ev kimindi – oturanın, söz kimindi – götürənin.
Hər Məkgiyə gedən dəvə Hacı olmaz.
Hər oxuyan Molla Pənah olmaz.
Qooşuun muncuğun götürən ancax gorda taxar.
Qooşu payı dolu gələr, dolu gedər.
Qonşuun iti qooşuya hürməz.
Səbirsiz adama belə deellər ki, anaan qarnında necə qalmısan?
Çox əziyət çəkəndə deyillər ki, anadan əmdiyim süt burnumnan gəldi.
Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər.
Anasızın gördüyü iş dannaxsız bitməz.
Qonşu hakqında deyillər ki, anan-bacın kimdi? Deyir ki, yaxın qooşum.
Atannan atamı deyincə, özünnən özümnən de.
Atan soğan, anan sarımsax, sən hardan oldun gülbəşəkər.
Qız evlərdə tanınar, ipəh dəzgahda.
Qızım, sənə deyirəm, gəlinim, sən eşit.
Uşağ atadan yox, anadan yetim qalar.
Ananın səbri çox olar. Uşağ atasın hamıdan güjdü bilər.
ATALAR SÖZÜ
Anasına bax, qızın al, qırağına bax, bezın al.
Bir ağajda oturup minin sirkələyir (mərdimazar adamlar hakqında deyilir).
Dooğa dokqazacan.
Qatma qapıyacan.
Qaymax yaylağacan. Bəzən yayma da deyillər:
Yayma yaylağacan.
Paxıl artmaz.
Qonşuu iki inəyli isdə ki, biri də sənin olsun.
Qonşum qonşu olsa, kor qızım ərə gedər.
Yaxşı qonşu uzax qohumnan yaxşıdı.
Qonşun pisdi, köç qutar, dişin ağrıyır, çək qutar, başın ağrıyır, öl qutar.
***
Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar.
İtə daş atırsan, qıza dəyir (yəni qız çoxdu).
Yetənə yetir, yetmiyənə bir daş atır.
Şeytanı güjdü olup (bunu mərdimazar adamlar hakqında deyillər).
Günümü göy əsgiyə büküp (bir adam o birisin çox incidəndə inciyən adam deyir).
Qulağıın diinnən halva iyi gəlir (qocalıb əldən düşmüş adamlar hakqında).
Ələyi ələnip, xəlbiri göydə fırranır.
Üzünnən torpax tökülür (çox qocalmış hakqında).
Qulağıın dibi saralıp.
Kitabı bağlanıb (yəni bəxdi, taleyi bağlanıb, ömrü sona yetip). Nənəmnən eşitmişəm ki, hər adama mələhlər bir kitap yazar. Onun ömrü sona çatanda oun kitabı bağlanar. Onun qismətində nə varsa, hamısı o kitapda olar.
Keçəl başuu yudun, yudum da, daradım da.
***
Çörəy açan qapını qılınc açmaz.
Çörəy itirmə.
Çörəyi ver çörəhçiyə, birini də üsdəlih.
Çörəh Qurannan irəli gəlip.
Loxma – boğmadı.
Loxmanı boğma eləmə.
Tısbağanı ya öldürdün, ya arxası üssə çevirdin.
Tısbağa qınınnan çıxdı, qının bəyəmmədi.
Tısbağa yeriyə bilmir, xalasın da dalına alır.
Dos mənə bir qoz versin, o da puç olsun.
Bəxdüü qızda sına, qozda sına.
Bəxdüü qarpızda sına, qızda sına.
MƏSƏLLƏR
Göyçayda belə məsəl var: kələ deellər, a kəl, səən sataram Qarabakqala, müsəlman üzü görməzsən. Mən atamnan soruşurdum ki, bəyəm bizim kətdə müsəlman yoxdu ki? Niyə deeplər? Deerdi ki, yox, müsəlmançılıx, adət-ənənələr bizim kəntdə çoxdu.
Bı kənd çox işdəh camaatdı. Doğurdan, indi də helədi. Bir dəyqə diyanan dööl. Bı kəl də, o vaxdı kəl işdənirmiş axı, şum sürüllərmiş, taxıl əkillərmiş. Hamısı bı kəlnən, heyvannarnan görülürmiş da. Arada açıp bı heyvannara bir dinşdih vermillərmiş. Bı keçən çamaat da, gəlmələr də deep ki, a bala, heyvana bir dinşdih ver da, yazıxdı, bir isdirahət eləsin. Ona görə başqa kətdərin camaatı deermiş ki, a kəl, səni sataram Qarabakqala, müsəlman üzünə həsrət qalarsan. Yəni müsəlmanşılıxdı da, aç, heyvanı bırax, bir əz dincəlsin. Gecə-gündüz yatmiyıp işdiyillərmiş. Heyvana da dinşdih vermillərmiş. İşdəmiyən, təmbəl heyvannara təbirən deyilip. Dinnən heş bir bağlılığı yoxdu.
***
Gecə qoyun qovurması,
Gündüz təsbeh çevirməsi.
Bir nəfər yalançı mömin olur. Daima əlində təsbeh çevirir, zikr eləyirmiş. Gecələr də oğurluğa gedirmiş. Kiminsə qoyununu oğurlayıb, gətirib kəsib, gecə qovurma qovurub yeyirmiş. Səhər yenə təsbeh çevirib, zikr eləyirmiş. Ona görə deyirlər ki, gecə qoyun qovurması, gündüz təsbeh çevirməsi.
BAYATI VƏ AĞILAR
(Nümunələr müəllifin şəxsi arxivindən götürülmüşdür)
Bu yol şirvan yoludu,
Sinəm dərdlə doludu.
Çiynimə kölgə düşdü,
Dedim, bəlkə, yar oldu.
Qarabağda bağ olmaz,
Qara salxım ağ olmaz.
Qardaşdan ayrılanın
Ürəyində yağ olmaz.
Qızılgül həşəm oldu,
Dərmədim peşəm oldu.
Səndən ayrılan gündən
Ağlamaq peşəm oldu.
Bağa girdim bağbansız,
Dəvə gördüm karvansız.
Aləmə əlac etdim,
Özüm qaldım dərmansız.
Mən aşiq kimim yand,
Od düşdü kilim yandı.
Sənə vay-vay deməkdən
Ağzımda dilim yandı.
Mən aşiqəm qalasız,
Şəhər olmaz qalasız.
Mən axır gedər oldum,
Siz salamat qalasız.
Göyçaydan külək əsdi,
Əhdimi fələk kəsdi.
Sağ gözüm sənə qurban,
Sol gözüm mənə bəsdi.
Qubanın ağ alması,
Yeməyə var alması.
Sən gələnə qalacaq
Yaramın sağalması.
Bayquş mənəm, ha bayquş,
Bütün quşlardan sayquş.
Vurub ilanlar məni,
Sızıldayıram yay, qış.
Haftağa basdım, dolmadı,
Zərxara geydim, solmadı.
O kənd, bu kənd gəzdim, axır
Mən bəyənən qız olmadı.
Şam yanar, şölə çəkər,
Ət yanar, yağ əriyər.
Dərdimi dağa desəm,
Ah çəkər dağ, əriyər.
Mən aşiq maşa bağlar,
Ucların qoşa bağlar.
Anası ölən qızlar
Ürəyin daşa bağlar.
Mən aşiq başdan ağlar,
Kiprikdən, qaşdan ağlar.
Anası ölən qızlar
Durar obaşdan ağlar.
Yağış yağar bağlara,
Şeh düşər yarpaqlara.
Heyf sənin canından,
Qoydular torpaqlara.
Əzizim qazan ağlar,
Od tutar qazan ağlar.
Bel batmaz, külüng kəsməz,
Qəbrimi qazan ağlar.
Alçalar, ay alçalar,
Yaşıl çalar alçalar.
Meydimi gendən apar,
Düşmən görüb əl çalar.
Şaftalıyam, kalam mən,
Dəyməmişəm hələm mən.
Çərxi-fələk qoymadı,
Ərzi-kamım alam mən.
Əlif ilə beyəm mən,
Əlif üstə teyəm mən,
Tikiblər kəfənimi,
Cavanam geyəmmərəm.
Bostanda tağım ağlar,
Basma, yarpağım ağlar.
Sağkən ağlaram özüm,
Ölsəm, torpağım ağlar.
Dağlar dağımdır mənim,
Qəm oylağımdır mənim.
Dindirmə, qan ağlaram,
Yaman çağımdır mənim.
Söyləyicilər haqqında məlumat:
1. Ağayeva Nailə Əli qızı, 1955-2015, Göyçay rayonu, Qarayazı kəndi, orta ixtisas təhsilli olmuşdur.
2. Mehdiyev Məhyəddin Hüseyn oğlu, 1951, Göyçay rayonu, Bığır kəndi, müəllim, hazırda təqaüddədir.
3. Rəcəbova Rəxşəndə Mirzəqulu qızı, 1947, Göyçay RİH-in ideoloji məsələlər üzrə keçmiş müavini, hazırda təqaüddədir.
4. Allahverdiyev İsa Səməd oğlu, 1896-1993, Göyçay rayonu, İnçə kəndi, əkinçi olmuşdur.
5. Xəlilov Şıxı Rəhim oğlu, 1905-1992, Göyçay rayonu, İnçə kəndi, əkinçi olmuşdur.
Atəş Əhmədli,
filologiya ü.f.d., dosent