Göyçayda tarixən maarifpərvər düşüncəli ziyalılar yetişmiş, rayon əhalisinin mədəni siması onların adı ilə təyin olunmuşdur. Şəhər daxilində əhalinin qabaqcıl ziyalılar dəstəsini daha çox elm, sənət, mədəniyyət işçiləri, müəllimlər, həkimlər və digər peşə sahibləri təşkil edib. Əhalinin ictimai təfəkkürünün inkişafının, mədəni davranış və estetik baxışların formalaşmasının ilkin mənbəyi, ilkin bazası elm, təhsil, ədəb, mərifət ocaqları olan məktəblərdir. Bir sözlə, xalq maarifi sahəsidir.
Göyçayda 1878 ildən əvvəl dövlət səviyyəsində məktəb olmamışdır. Məhz həmin ildə qəza mərkəzində, 1885 ildə Məlikkənd, 1887 ildə İvanovka, 1888 ildə Lahıc, 1889 ildə isə Qalaqayın k.-lərində məktəblər açılmışdır. İki sinifdən ibarət olan qəza məktəblərinin tədris planına şəriət, qiraət, hüsnxət, hesab, rus dili və yerli dillər daxil idi. Həmin məktəblər dövlət xəzinəsindən maliyyələşir və təhkimli olmayan adamların uşaqları üçün nəzərdə tutulmuşdu. Üçsinifli bu məktəblərdə birinci sinif hazırlıq dövrü hesab olunurdu və dərslər rus dilində aparılırdı, həmin məktəblərdə N.Dementyevin dərslikləri – “Əlifba”, 12 səhifəlik əlyazması hüququnda “Qısa qaydalar”, M.Kazımbəylinin “Türk-tatar dilinin qrammatikası”, A.Z.Budaqovun “Türk-tatar dilinin əlifbası” və s. kitablar əsas tədris materialları idi [1].
Göyçayda və Məlikkənd k.-də açılmış bu tipli məktəblərin yeri, şəraiti, müəllim heyəti haqqında məlumatımız yoxdur. Hacı Rəhim Əfəndinin Göyçay məktəbinin ilk dərs günündən şagirdi olduğu, burada dərs deyən müəllimlərin Bakıdan və Şamaxıdan dəvət olunduğu qeyd olunur, həmin məktəbin müəllimlərindən olan Hacı Əhməd Əfəndinin adı çəkilir [2]. Qaldı ki, Məlikkənd məktəbindəki qəza məktəbinə, onu rus-tatar məktəbi adı altında Qazıyev Abdulhəmid Əfəndinin adı ilə bağlayırlar. Əslində isə Abdulhəmid Əfəndi Məlikkənd qəza məktəbində yalnız təhsil ala bilərdi və onun müəllimlərinin kim olduğu da məlum deyil. Abdulhəmid Əfəndi XIX əsrin sonları və XX əsrin əvvəllərində müstəqil məktəblər açan qabaqcıl fikirli maarifpərvər düşüncəli adamların nəslinə mənsubdur. Onun qardaşı Səid Qazıyevlə açdığı məktəb isə 1918 ildə istifadəyə verilmişdir. Səkkiz otaqdan ibarət olan bu məktəb rus-tatar məktəbi adlandırılmışdı. Tiflisdə rus dilində gimnaziya görmüş Abdulhəmid Əfəndinin ilk şagirdləri Mahmudov Məcid, Mirzə Lətif, Qazıyev Məhəmməd, Qazıyev Cəlil, Qazıyev İsmayıl və b. olmuş, sonralar bu şəxslər həmin məktəbdə müəllim kimi çalışmışlar. Sovetlər dövründə – 1960 illərə qədər həmin məktəb qalmış, sonra isə ondan feldşer məntəqəsi kimi (1960-70) istifadə olunmuşdur. Abdulhəmid Əfəndi nüfuzlu şəxs olmuşdur. Tiflis qubernatoru Ucardan keçərkən mütləq Abdulhəmid Qazıyevin qonağı olardı.
1860 ildə Rusiyanın təhsil sahəsində apardığı islahat nəticəsində məktəblərin idarə edilməsi qubernator və vilayət rəislərinin sərəncamına keçdi. Bu, 1860 illərdə məktəblərdə təlim-tərbiyə işinin aşağı düşməsi ilə əlaqələndirilirdi. 1874 ildə şəhər, 1875 ildə isə kənd məktəblərinin nizamnaməsi qəbul olundu və bu, yenə də ümumrusiya məktəb sisteminə əsaslandı. Bu dövrdən etibarən qəza məktəbləri şəhər məktəblərinə çevrilməyə başladı. Deməli, ilk Göyçay və Məlikkənd k. məktəbləri qəza məktəbləri deyil, kənd tipli məktəblər olmuşdur. “Göyçay əhalisi məktəbə müvafiq bina tikmiş, müəllimləri mənzil, məktəbi isə yanacaq və gözətçi ilə təmin etməyi öhdəsinə götürmüşdür” [3] . Bu o zaman idi ki, hökumət kənd məktəblərinə vəsait buraxmırdı. Hesabatlarının birində Bakı qubernatoru bunu açıq şəkildə etiraf edirdi [4].
Göyçay xalq məktəbinin nəzdində ipəkçilik şöbəsi də yaradılmış, M.Mahmudbəyov və N.Kalaşovun şagirdlərə kənd təsərrüfatına və ipəkçiliyə aid bilik vermək sahəsində xidmətləri olmuşdur [5].
Qeyd olunmalıdır ki, Hacı Rəhim Əfəndinin öz vəsaiti hesabına tikdirdiyi Qaraman k. məktəbində təşkil etdiyi yeni tipli ikisinifli, 5 il təhsil verən məktəbin də illik xərcinin əsas hissəsi kənd camaatı tərəfindən könüllü toplanılırdı. Hacı Rəhim Əfəndi pedaqoji ustalıqla bu problemi də həll edir və onun təcrübəsi digər məktəblərə də yayılır. O, kənd əhalisinin vəziyyətini yüngülləşdirmək məqsədilə məktəbin ərazisinə daxil olan torpaq sahəsində şagirdlərin gücü ilə, əmək təlimi formasında baramaçılığı və arıçılığı inkişaf etdirmək qərarına gəlir. Bunu rəsmiləşdirmək üçün bir neçə müvafiq dövlət qurumuna məktubla müraciət etdikdən sonra, nəhayət, icazə ala bilir. Beləliklə, şagirdlərin əmək təlimindən əldə edilən gəlirlər kənd camaatını məktəbə maddi köməklik göstərməkdən azad edir. Qaraman kəndində tətbiq olunan bu təcrübə sürətlə digər kəndlərdəki məktəblərə də yayılır. Hacı Rəhim Əfəndinin övladları da onun yolunu davam etmiş, Lenin ordenli müəllim Abdulla Əfəndi, Ziya Əfəndi, Əhməd Əfəndi, Ağarəhim Əfəndi, Saliyə Abdulla qızı, Saray Hacağa qızı və digərləri uzun illər müəllim işləmiş, bir neçə ziyalı nəsli yetişdirmişlər.
Göstərmək lazımdır ki, Göyçay xalq məktəbinin bu təşəbbüsü və məktəbin şöhrəti az müddətdə bütün quberniyaya yayıldı. Bu məktəb Göyçay və Şamaxı qəz.-larında nümunəvi təcrübə məktəbinə çevrildi. Əsrin sonlarında respublikada yeni tipli ikisinifli rus-tatar məktəbləri açılmağa başlandı. Bu məktəblərin təşkili N.Mahmudbəyov, S.M.Qənizadə və digər maarifpərvər müəllimlərin səyinin nəticəsi idi. 1900 ildə Bığır k.-də də belə bir məktəb açıldı [6].
XIX əsrdə Azərb.-da məktəb təhsili həm də mədrəsə ilə bağlı olmuşdur. Məktəb və mədrəsələr əvvəlki əsrlərdə olduğu kimi, məscid nəzdində olub ondan asılı idi. Mədrəsənin məktəbdən fərqi onda idi ki, burada yataqxana olurdu. Məktəblərdə dərs ilinin başlanması və qurtarmasının konkret vaxtı olmazdı. Dərslər səhər saat 7-8-də başlayıb, gündüz 2-3 tamamda bitərdi. Şagirdlərin yaş xüsusiyyəti burada nəzərə alınmazdı. Məktəblərdə təhsil pullu idi. Dərs deyən müəllimlərə “molla”, “mirzə”, yaxud “axund” deyərdilər.
Məktəblərdə dərslər ərəb və fars dillərində keçirilirdi. Məktəblərdə təlim hərf-heca üsulu ilə tərtib edilmiş “Çərəkə” adlanan dərsliyin oxunması ilə başlanırdı. Mədrəsələrdə isə təhsil pulsuz idi. Buraya yaşı 16-nı ötmüş, ana dili və fars dilində savada malik ruhani rütbəsi almağa hazırlaşan gənclər qəbul edilirdi.
Məktəblərin çoxu mollaların evində yerləşirdi. Şübhə yoxdur ki, XIX əsrin sonlarına doğru Göyçayda bu məktəblərin sayı az olmamışdır, həmin məktəblərdən biri Alpout k. orta məktəbi idi. Maarifpərvər xadim Hacı Rəhim Əfəndi 1883-1889 illər arasında həmin məktəbdə müəllim olmuşdur. O bu məktəbdə şagirdlərinə Azərb.-ın tarixi, coğrafiyası, ədəbiyyatı haqqında geniş məlumat verirdi. Türkiyə səfərindən geri döndükdən sonra o, camaatın köməyi ilə 1891 ildə Qaraman k.-də məscid tikdirir. Elə həmin il Göyçay ş. ikisinifli məktəbin direktoru N.Kalaşov onu məktəbə ilahiyyat müəllimliyinə dəvət edir, həmin il eyni zamanda, Qori Müəllimlər Seminariyasının məzunu Mahmudbəy Mahmudbəyov da Göyçay ş. məktəbinə müəllim təyin olunur. Təlim-tədris işində istifadə etmək məqsədilə bu üç şəxs birlikdə “Şirvan tatarlarının atalar sözləri” adlı kitabı hazırlayır. Bundan əlavə, M.Mahmudbəyov Hacı Rəhim Əfəndi ilə birlikdə ibtidai siniflər üçün əlyazması şəklində dərsliklər hazırlayaraq onlardan təlim işində istifadə edirdilər. Qeyd edək ki, Bığır kəndində açılan “rus-tatar” məktəbinin təşəbbüskarı da Hacı Rəhim Əfəndi olmuşdur. Onun haqqında yazılan kitabda isə həmin məktəbin açılma tarixi 1901 il göstərilir [7]. Təntənəli açılış günü o, camaat qarşısında çıxış edərək məktəbin elin balaları üçün əhəmiyyətindən söhbət açır. Məktəbdə şəriət, rus dilində oxu, Azərbaycan dilində oxu və yazı, hesabdan dörd əməliyyat və s. tədrisini H.R.Əfəndi öz üzərinə götürmüşdü. 1902 il tədrisində məktəbdə artıq 78 şagird təhsil alırdı.
Məktəbin müəllimlərindən biri də kənd sakini Əli Əfəndi Səmədzadə idi. O, İstanbulda təlim görmüş maarifpərvər şəxs idi. Əslində, məktəb onun həyətində yerləşirdi. O, sonralar Göyçay qəza rəhbərinin köməyindən istifadə edərək 1920-1924 illər arasında kənddə yeni tipli üstü dəmirli 8 otaqlı məktəb inşa etdirib. Həmin məktəb 1930 ildə natamam, 1933-1940 tədris illərində isə orta məktəbə çevrilmişdir. Qeyd edək ki, Bığır k. 1 saylı tam orta məktəbi Əli Əfəndinin adını daşıyır.
1902 ilin payızında Hacı Rəhim Əfəndi öz kəndlərinə – Qaramana gələrək tikdirdiyi məsciddə kənd uşaqlarına dini təhsil verməyə başlayır. Az sonra yenə camaatın köməyi ilə məscidin yanında yeni sinif otaqları tikildi. Bu ikisinifli məktəbdə təhsil müddəti 5 il idi. Belə məktəblərdən biri də Ulaşlı Şıxlı kəndində fəaliyyət göstərirdi. 1908-10 illərdə kənddə məscid tikintisindən sonra Şəkidə ali ruhani təhsil görmüş Abdulrəhman Abdulrəhmanov “öyrətmək Allahın müqəddəs adlarından biridir”, – deyərək kənd adamlarına öz evində “Qurani-Kərim”in müqəddəs kəlamlarını öyrədir. Eynilə, bu qaydada əsrin əvvəllərində məscid hücrələrində, yaxud evlərdə olmaqla, r-nun bir sıra kəndlərində (Mırtı, Alıkənd, Qarabaqqal, Yeniarx və s.) məktəblər olmuşdur. Əsasən hansı kənddə iki məscid olmuşdur, demək olar ki, onların əksəriyyətində mollalar kənd uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olmuşlar. Artıq bolşeviklər Azərb.-da hakimiyyət başına gələndə həmin dərs keçilən məscidlərin, evlərin əksəriyyəti yeni qurulan kolxozların idarə heyətinin binasına, sovetlərin şura binasına və anbarına çevrilirdi, bəzən məktəblər üçün yeni binalar tikilirdi. Məsələn, 1923-1924 illərdə Qaraman k.-də, Bığır k.-də, 1924 ildə Ulaşlı Şıxlı k.-də, 1927 ildə Çərəkə k.-də, 1928 ildə Qarabağlar k.-də yeni tipli ikisinifli ibtidai məktəblər açıldı. Bu məktəblər ikiillik tədris ocaqları idi. 1928 ildən sonra həmin məktəblər üçillik məktəblərə çevrildi. Göyçayın ilk maarifpərvər ziyalıları əsasən ilk təhsillərini bu tipli məktəblərdə alıb, təhsilini sonradan davam etdirən adamlar olmuşlar. Mırtıdan Şərif Əfəndi, Qarabaqqaldan Yəhyazadə Məhəmməd, Kərimov Kərim, Qaraməryəmdən Mir Səməd Axund, Mallı-Şıxlıdan Qafur Səmədov, Qaramandan Davud Əfəndi, Bığırdan Xəlilov Hüseyn, Çaxırlıdan Aslan Babazadə bu illərin məktəb rəhbərləri və müəllimləri olmuşlar. Onlardan da qabaq Göyçayın maarif meydanına atılan Hacı Rəhim Əfəndi və Əli Səmədzadə ilk qaranquşlardan olmuşlar.
Hacı Rəhim Əfəndi (1862-1923) onlardan da qabaq çalışmış, respublikada tanınan müəllimlərdən biri olmuşdur. O, 1906-1907 illərdə çağırılmış Azərb. müəllimlərinin I-II qurultaylarında iştirak etmiş, qurultayın qəbul etdiyi qərarların həyata keçirilməsinə çalışmışdır. Eləcə də “Rus-Azərbaycan” məktəblərində dərs demək hüququ əldə etmək istəyən müəllimlərin imtahan edilməsində iştirak etmiş, həmin müəllimlərə dəyərli məsləhətlər vermişdir. Hacı Rəhim Əfəndi 1923 ildə doğma kəndində vəfat etmişdir.
Onun təlim prosesində istifadə etdiyi mətnlər Azərb. pedaqoji fikir tarixində ilk dəfə olaraq, sırf milli dilimizin taleyini rəhbər tutan və dinin bütün çalarlarını özündə cəmləşdirən dərsliklərin meydana gəlməsində böyük rol oynamışdır”. Övladları Abdulla, Əhməd, Ziya və Sirac Əfəndiyevlər atalarının yolunu davam etdirmiş, 1930-1940 illərdə Qaraman k. məktəbində çalışaraq onun şöhrətini respublika səviyyəsinə çatdırmışlar. Pedaqoji fəaliyyətlərinə görə onlar orden və medallarla təltif olunmuş, Qaraman k. məktəbinin tədris bazasının genişlənməsində xüsusi xidmət göstərmişlər. Bir neçə il bundan əvvəl Hacı Rəhim Əfəndinin nəvəsi, son illərdə millət vəkili olmuş Elxan Süleymanov xeyriyyəçilik işləri ilə məşğul olmuş, r-n məktəblərində əla oxuyan şagirdlər üçün “Hacı Rəhim Əfəndi” adına təqaüd müəyyən etmiş, Qaraman k. məktəbini yenidən tikdirib istifadəyə vermişdir.
Artıq 1920-1930 illərdə r-nda yeni tipli məktəblərin şəbəkəsi genişlənməyə başladı. Bu məktəblər əsasən ibtidai təhsil verən, sonra isə natamam orta (7 illik) təhsilli şagirdlər yetişdirən təhsil ocaqlarından ibarət idi. Bundan da çox illər əvvəl – 1902 ildə ikisinifli şəhər məktəbi yaradılmışdı. Bu məktəb müharibənin son illərində oğlan-qız, 1947 ildən isə oğlan məktəbi adlandırılmışdır. Şəhər 4 saylı məktəbi isə 1934 ildə tikilmişdir.
Sovet dövlətinin mədəni quruculuq sahəsi üzrə apardığı əsas işlərdən biri savadsızlığın aradan qaldırılması idi. Bütün ölkədə elliklə savadlaşma uğrunda geniş iş aparılır, hətta yaşlı adamları da axşam məktəblərinə cəlb edirdilər, hökumət savadsızlığın aradan qaldırılması üçün bir çox qərarlar vermişdi. Onların icrası Göyçayda (1938-40 illərdə) iki dəfə təkrarlanmışdı; birincisi savadsızlığın aradan qaldırılması və savad kurslarının yaradılması [8], ikincisi isə savadsızlığın tam aradan qaldırılması haqqında [9]idi. Bu münasibətlə r-nun özündə və bəzi kəndlərində eyni vaxtda 2-3 savad kursu fəaliyyət göstərirdi. İnçə, Bığır, Qarabaqqal, Qaraməryəm, Qarabağlar, Çərəkə, Qarayazı, Alpout və s. k.-lərdə geniş savad kursları yaradılmışdır. Əslində, xalq maarifi və təhsil sahəsində dirçəliş daha çox müharibədən sonra özünü göstərməyə başladı. Bu dövrdə, ümumiyyətlə, iqtisadiyyatda, mədəniyyət sahəsində bir yenilik və canlanma, sosialist yarışması var idi. Göyçay-Ağdaş yarışı bütün camaatın vüsətli marağının mərkəzində dururdu.
Şəhərdə qiyabi pedaqoji institutun filialının açılması, 1 saylı (qızlar) və 4 saylı (oğlanlar) məktəblərinin təhsil nailiyyətləri, pedaqoji və mexanizasiya texnikumlarının yüksək təhsil uğrunda “rəqabəti” şəhərdə maarif və mədəniyyətin oyanışından xəbər verirdi. Müəllimlərin fədakarlığı əhalinin diqqət mərkəzində idi. Ədəbiyyat müəllimləri Hacıağa Əliyev, Arif Məmmədov şagirdlərlə xüsusi çalışır, Malik Məmmədov, Ağarəhim Rəhimov şagirdlərlə axşamlar əlavə dərslər aparırdılar. Malik Məmmədov təhsil-istehsalat birliyi yaratmışdı. Şagirdin buradakı fəaliyyəti dövrü əmək stajı kimi qeydə alınırdı. 1950 illərdən sonra r-nda səkkizillik və orta ümumtəhsil məktəbləri şəbəkəsinin genişlənməsi dövrü başlayır. 1960 ilin əvvəllərində şəhərdə artıq 4-5 ümumtəhsil orta məktəbi və bir sıra kəndlərdə də bu tipli məktəblər fəaliyyət göstərirdi. 7 saylı yeddiillik məktəb orta məktəbə çevrildi. 1964 ildə şəhərdə 964 yerlik yeni məktəb binası istifadəyə verilən kimi şəhər 2 və 4 saylı məktəbləri orta məktəbdən 8 illik məktəbə çevrildi [10], həmin məktəblər 70-80-ci illərdə yenidən orta məktəb oldu. Şəhər və kənd məktəblərinin nəzdində 60-cı illərdə fəhlə-kəndli gənclər məktəbləri (gündüz şöbələri şənbə, bazar günləri, axşam şöbələri isə 1, 2, 3, 4-cü günlər) açılmağa başladı. Hətta bu tipli qiyabi məktəblər də vardı. Ləkçıplaq, Qızılağac, Qaraməryəm onbirillik, şəhər 4 və 5 saylı məktəblərində açılan məktəblər belələrindən idi [11]. Lakin bunlardan çox-çox əvvəllər şəhərdə 40 nəfərlik internat məktəbi yaradılmışdı [12]. İnternat məktəbi 1930 ildən əvvəl yetimxana, sonra uşaq evi, müharibə dövründə isə rayonlararası uşaq evi adlandırılmışdır. 1958 ildə uşaqlar Bakı ş.-nə verildi, uşaq evi yeni binaya köçürüldü. Və həmin keçmiş bina internat məktəbi adlandırıldı. 50-ci illərdən 6 saylı Kənd texniki peşə məktəbi, bundan da qabaq kənd təsərrüfatı texnikumu, 60-cı illərdə isə tibb məktəbi fəaliyyət göstərirdi. 1969-1970 tədris illərində ş.-də 106 saylı yeni şəhər tipli Texniki peşə məktəbi, 1982 ildə isə Qaraməryəm k.-də Kənd texniki peşə məktəbi yaradıldı.
1959 ildə Göyçayda xalq təhsilinin vəziyyəti barədə r-nun birinci katibi S.Heydərovun məlumatında deyilir: “R-nda ümumiyyətlə məktəblərin sayı 56-dan 59-a, burada oxuyan şagirdlərin sayı isə 8100 nəfərdən 9600 nəfərə çatdırılacaqdır. R-nda 7 onbirillik, 32 səkkizillik ümumtəhsil əmək politexnik məktəbi, 15 ibtidai məktəb fəaliyyət göstərəcəkdir. R-nda 6 fəhlə və kəndli gənclər məktəbi təşkil olunacaqdır” [13]. Həmin ildə kolxoz təsərrüfatlarına kömək edən kənd şagird briqadalarındakı şagirdlərin sayı 800 idi. Onlar 110 hektar bostan, 36,5 hektar bağ, 5 hektar yonca sahəsi, 15,5 qutu baramaqurdu toxumu, yüzlərlə baş mal-qara bəsləmişlər (yenə orada). Şagird istehsalat briqadaları 70-80-ci illərdə də beləcə fəaliyyət göstərmişdir. Məhz bu illərdə də məktəblər kütləvi şəkildə pambıq yığımı toplantısına cəlb edilmiş, V-XI sinif şagirdləri təxminən hər il I rüb dərs müddəti ərzində pambıq yığımında iştirak etmişlər. Təkcə Qızılağac k. məktəbinin şagird istehsalat briqadası 10 hektar sahədə pambıq əkib-becərmiş və hər hektardan 50 sentner məhsul götürmüşdü (M.M.Mehdizadə, T.Ə.Allahverdiyev, Q.H.Əliyev. Azərbaycan xalq maarifinin sürətli inkişafı, Bakı: Maarif nəşriyyatı, 1980, səh. 136). Hələ 1956 ildə politexnik təlimin həyata keçirilməsi işində Göyçay məktəblərinin metodik iş təcrübəsi bütün respublika məktəblərinə nümunə göstərilmişdir [14]. Məqalədə təkcə şəhər 3 saylı məktəbin şagirdlərinin çörək, süd, konyak zavodlarına, inkubator, metereoloji stansiyalara, rentgen kabinetinə, MTS-ə, elektrik stansiyasına ekskursiyada olmaları, 1, 3, 4 saylı məktəblərdə fizika və kimya fənlərinə aid mühazirələrin təşkili, 4 saylı məktəbin fizika müəllimi M.Babayevanın VII sinif şagirdlərini iki dəfə elektrik stansiyasına aparmağı təqdir olunur. Kənd məktəb şagirdlərinin isə yay zamanı tarlada kotançı işləmələri qeyd olunur. Təkcə 1952 ildə rayon üzrə 6 nəfər müəllim “Lenin“ ordeni, digər 6 nəfər isə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşlar [15].
Təltif olunanlardan Məmmədov Əhməd İsa oğlu, Qədirov Osman Kərim oğlu, Xaspoladov Müzəffər Mahmud oğlu, İsmayılova Həzirə Həsrulla qızı, Zahidov Məcid Əhməd oğlu, Osmanov Muxtar Zülfüqar oğlu, Mustafayev Səməd Mahmud oğlu, Qarayev Mamed İsak oğlu, Abdullayeva İsmət Məşədi Rza qızı (prof. Nadir Abdullayevin anası) və s. adlarını anmaq dünyasını dəyişmiş bu müəllimlərin ruhuna hörmət olardı.
1981-1982 tədris ilində r-nda 21 məktəbəqədər müəssisədə 902 uşaq tərbiyə almış, 6 ibtidai, 20 səkkizillik, 31 orta məktəbdə 19768, iki texniki peşə məktəbində 1676 şagird, kənd təsərrüfatı texnikumunda 676 tələbə təhsil almış, 14 Mədəniyyət evi, 59 kitabxana, 34 klub, 25 kino qurğusu, xalq teatrı, maarif işçiləri evi, gənc texniklər stansiyası, tədris-təcrübə stansiyası və s. fəaliyyət göstərmişdir [16]. 1984 ildə isə şagirdlərin təlim-tərbiyəsi ilə 1932 nəfər müəllim məşğul olmuşdur. Onların 1136 nəfəri ali təhsilli, 2 nəfəri “Lenin“ ordenli, 5 nəfəri “Qırmızı Əmək Bayrağı“ ordenli, 9 nəfəri isə “Şərəf nişanı” ordenli, 251 nəfəri “Lenin“ yubiley medallı, 10 nəfəri Əməkdar müəllim, 5 nəfəri metodist müəllim, 24 nəfəri isə baş müəllim olmuşdur. 23 uşaq tərbiyəsi müəssisəsində isə 190 nəfər tərbiyəçi məşğul olub. Eyni zamanda, 2 nəfər “SSRİ-nin təhsil əlaçısı“ döş nişanı, 200 nəfərdən çox müəllim isə “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif olunmuş, Mırtı, Qaraməryəm, Qarayazı, Hacalıkənd, Çaxırlı k.-lərində yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. 1996 ildə isə r-nda 37 orta, 16 əsas, 4 ibtidai məktəb, şahmat məktəbi, gənc texniklər stansiyası, məktəblilər evi, 39 məktəbəqədər uşaq tərbiyə müəssisəsi fəaliyyət göstərmiş, məktəblərdə şagirdlərin sayı 18640, müəllim-tərbiyəçilərin sayı isə 2675 nəfər olmuşdur. Orta məktəbi bitirən 1001 gəncdən 300-ə yaxını test üsulu ilə ali məktəblərə qəbul olunmuşdur (“Göyçay” qəzeti, N-14, 1996). Göyçayda məktəb şəbəkəsinin inkişaf dinamikasını aşağıdakı müqayisə ilə də müəyyən etmək olar. Belə ki, 1963 ildə r-nda 13 onbirillik, 1 internat, 30 səkkizillik, 2 fəhlə-gənclər, 5 kəndli-gənclər və 20 ibtidai məktəb vardı [17]. 1996 ildə isə yuxarıda qeyd etdiyimiz kimi, 37 orta, 16 əsas, 4 ibtidai məktəb fəaliyyət göstərmiş və göstərməkdədir. 1996 ildə isə 2400-dən çox müəllim məktəblərdə təlim-tərbiyə işləri ilə məşğul olmuşdur.
R-nda xalq təhsili işinin bu cür genişlənməsində, gənc nəslin yüksək mənəvi-əxlaqi keyfiyyətlərlə tərbiyə olunmasında, eləcə də r-n səviyyəsində ictimai-mədəni tədbirlərin keçirilməsində bir sıra müəllimlərin böyük əməyi olmuşdur.
Bu müəllimlərdən Həsənzadə Davud (Davud Əfəndi), Hacı Rəhim Əfəndi, Abdulla Əfəndiyev, Yəhyazadə Məhəmməd, Məmmədzadə Soltanmurad, Məhəmməd Cəfərli, Mamməd Qarayev, Maqsud Maqsudov, İbrahim Əliyev, Səməd Mustafayev, Əhməd Əfəndiyev, Kamal Həsənov, Tahir Fərzəliyev, Feyzi Rəhmanov, Muxtar Osmanov, Sədiyar Zeynalov, Camal Əliyev, Maqsudov Əfrasiyab, Kərim Kərimov, Mahmud Musazadə, Şərif Əfəndi, Abdulhəmid müəllim, Qafur Qasımov, Abdulhəkim Abdullayev, Həsən Yəhyazadə, Hüseyn Xəlilov, Həşim Həşimzadə, Aslan Əfəndi və başqalarının adlarını hörmətlə yad edə bilərik.
Fərzəliyev Tahir (1914-1975) 1944-1948 illərdə ş. 1 saylı qız məktəbinin, 1948-1959 illərdə ş. 4 saylı məktəbin, 1959-1975 illərdə isə internat məktəbinin direktoru olmuşdur. Maarif naziri, akademik M.Mehdizadə İnternat məktəbində olarkən onun işindən məmnun qaldığını söyləyib. Uşaqlıqdan atasını itirdiyi üçün mehrini uşaqlara salmışdı. Hər həftə 3 kimsəsiz uşağı öz evinə aparırdı ki, kimsəsizliklərini onlar hiss etməsinlər. İ.Coşqun, İ.Göyçaylı, Ş.Göyçaylı və başqaları onun yetirmələri olmuşlar. Sözü üzə deyən, heç kəsdən çəkinməyən Tahir müəllim Fəxri fərmanla təltif olunmuşdur. Ona yarızarafat-yarıciddi deyəndə ki, Tahir müəllim, bir balaca qonaqlıq ver, sənə “Əməkdar müəllim” adı verək, cavabında deyib ki, mənim əməkdarlığım uşaqların, xalqın qəlbindədir, bu cür yolla mənə verəcəyiniz əməkdarlığa ehtiyacım yoxdur.
Maqsudov Maqsud (1898-1980) əvvəl 4 sinifli məktəbi (1914), 1933 ildə isə İ.Stalin adına Şərq Zəhmətkeşləri Kommunist Universitetini (1933) bitirib. Balakən və İmişli r-nlarında Kommunist Partiyasının I katibi olub, sonra repressiyaya məruz qalıb. Bir il sonra partiyaya bərpa olunub, müəllim, məktəb direktoru, RİK sədri, nəhayət, rayonlararası İpək birliyinə direktor təyin olunub. Övladlarını dövlətə sədaqət ruhunda tərbiyə edib. Bir oğlu Oqtay ədliyyə general-mayorudur. Digər oğlu Əfrasiyab müəllim bir müddət (1964-1973) maarif şöbəsinin müdiri olub, 24 məktəb inşa etdirib, eyni zamanda RTŞ-də şura sədri olmuşdur. Maqsudov Maqsud Göyçay Pedaqoji Texnikumuna da rəhbərlik edib. Onun yüksək humanist maarifçi görüşlərini yüksək qiymətləndirən, vaxtilə onun tələbəsi olmuş, uzun müddət Qadınlar Şurasının sədri və məktəb direktoru olmuş Xanım Ağayeva ilə söhbətimiz zamanı demişdi: “Mənim bir çoxlarına humanist köməyimi bəziləri düzgün başa düşməyiblər. Əslində burada başa düşülməyəsi bir şey yoxdur. Ona görə ki mən Maqsud müəllim kimi humanist insanların əhatəsində olmuş, onlardan humanist tərbiyə almışam. Mən humanist olmaya bilməzdim”.
Zeynalov Sədiyar (1918-1995) r-nun ictimai həyatında fəal iştirak etmişdir. Müəllim, məktəb direktoru, Şəhər İcraiyyə Komitəsinin sədri, Müharibə və Əmək Veteranları Şurasının sədri olmuş, 1971 ildən şəhər 6 saylı məktəbin direktoru, həmçinin maarifyanı şuranın sədri olmuşdur. Mütaliədən qalmayan Sədiyar müəllim övladlarına nəsihətində deyərdi ki, dilinin uzunluğunu istəyirsənsə, əlini qısa elə. Fəaliyyətində sözünün ağası olan Sədiyar müəllimin özü də təmənnasız və prinsipial olmuşdur. O, mütaliəsindən qalmazdı, həyati hazırlığına, təhsil sənədlərinə aid məsələləri çoxlarından yaxşı bilməsinə görə şəhərdə böyük nüfuz qazanmışdı.
Göyçayda Şərif Əfəndinin (1884-1965) xüsusi hörməti və nüfuzu olmuşdur. O, İstanbul Universitetinin Tarix-filologiya fakültəsini bitirmiş, ş.-də müəllimlik etmişdir. Göyçayda “Əhrar” Partiyasının yaradıcılarından olmuşdur. SSRİ EA Azərb. filialında çalışan Şərif Əfəndi ərəb, fars, rus, türk dillərini mükəmməl öyrənmişdir. Şərif Əfəndi antisovet və millətçilik damğası ilə 10 il repressiya qurbanı olmuş, sürgündən qayıtdıqdan sonra kitabxanaçı, sonra Yuxarı məscidin əfəndisi olmuş, 1959 ildən ömrünün sonuna kimi Zaqafqaziya Müsəlmanlar İdarəsinin müftisi vəzifəsini icra etmişdir. O, Nəsiminin əsərləri və Quranın tərcüməsi ilə məşğul olan Əli Fəhmiyə bu işdə yaxından kömək etmişdir. Təvazökar, sakit təbiətli, söhbətcil insan olan Şərif Əfəndi el arasında böyük hörmət sahibi olub.
Göyçayda təhsil işi təkcə orta məktəblərlə məhdudlaşmamışdır. Uzun illər boyu 6 saylı kənd texniki peşə məktəbi, 50 ildən artıq fəaliyyət göstərən kənd təsərrüfatı texnikumu, pedaqoji texnikum və digər peşə təhsili müəssisələri minlərlə sənət, peşə sahələrinə yiyələnən məzunlar buraxmış, onların arasında sonralar mühüm vəzifələrdə çalışan adamlar da olmuşdur. Eləcə də 1996 ildə San-Marino EA-sı Akademik Mərkəzi Azərbaycan (Mingəçevir) filialının tərkibinə daxil olan ingilis dilli Göyçay Universiteti. Universitetin açılmasında hüquq elmləri namizədi Ramiz Cəfərovun və bir qrup qabaqcıl müəllimin rolu olmuşdur. Özəl məktəb kimi fəaliyyətə başlayan universitetdə dörd ixtisas üzrə kadr hazırlanırdı. Bundan başqa, r-nda Beynəlxalq EKO Energetika Akademiyası, Göyçay Pedaqoji Kolleci də fəaliyyət göstərib. 1997 ildə kollec Bakı Menecment Kollecinin tərkibinə daxil edildi. Kollec ibtidai siniflər üçün müəllimlər hazırlayırdı. Kollec 1994 ildə universitetdən bir il sonra açılıb. Universitet də, kollec də keçmiş Kənd Təsərrüfatı Texnikumunun binasında fəaliyyət göstərib.
Universitetin ikinci ilində 400-dək, kollecin isə 1996 ildə 200-dək tələbəsi olmuşdur. Hər iki tədris müəssisəsinin müəllimləri əsasən şəhər müəllimlərindən ibarət idi. Universitetdə dörd nəfər elmi dərəcəli müəllim fəaliyyət göstərirdi. Böyük əksəriyyətini isə orta məktəb müəllimləri təşkil edirdi. Universitet və kollecin fəaliyyəti dayandırıldıqdan sonra həmin binada texnologiya kolleci yaradıldı. Kolleci əməkdar müəllim Xəlil Orucov idarə edirdi.
R-nda uzun illər boyu çoxminli şagird kontingenti hazırlığı ilə məşğul olan çoxsaylı müəllim ordusu içərisində rayon səviyyəsində tanınan, qabaqcıl təcrübəsi yayılan elmi-metodiki cəhətdən hazırlıqlı onlarca müəllimin adını burada hörmətlə çəkmək lazımdır. Onlar elmi baza hazırlayan ali məktəblər üçün çoxlu-çoxlu məzunlar yetişdirmişlər. İndi həmin məzunların əksəriyyəti respublikada xalq təsərrüfatı, iqtisadiyyat və digər sahələrdə çalışırlar. Hüseynov Abdulhüseyn, Vahidov Ağamirzə, Xəlilov Hüseyn ədəbiyyat, Əhmədova Naibə, Abdullayev Vaqif tarix, Əhmədov Əlirasim, Mustafayev Mahmud coğrafiya, Cəfərov Yasin, Məmmədov Raqif, Abdullayev Məzahir riyaziyyat, Cahangirov Əlican, Mikayılov Ramiz, Babayeva Məhbubə, Orucov Xəlil fizika, Qurbanov Qurban biologiya, Nəcəfov Fəttah rus dili, İsmayılova Səfurə, Həbibova Kəbirə, Hacıyev Cəmaləddin xarici dil, Abdullayev Yusif, Orucəliyev Məruf bədən tərbiyəsi, İsmayılova Bikə, Cəfərova Qüdsiyyə, İsmayılova Vəsilə ibtidai siniflər üzrə – bunlar və adlarını çəkmədiyimiz onlarca qabaqcıl təcrübəyə malik olan müəllim ömürlərini maarif, təhsil yolunda şam kimi əritmiş və əritməkdədir. Bu müəllimlərin bir qismi artıq çoxdan dünyalarını dəyişmişlər. Qeyd edək ki, adları çəkilən bu müəllimlərin bir neçəsi orden və medallarla, döş nişanları ilə təltif olunmuş, əməkdar müəllim, metodist müəllim, baş müəllim, ali kateqoriyalı müəllim kimi şərəfli adlar daşımış, onların tədris işindəki nailiyyətləri rayon, respublika və ittifaq səviyyəsində işıqlandırılmışdır. Biologiya müəllimi Abbas Qurbanovun tədris işindəki nailiyyəti keçmiş ittifaq səviyyəsində yayılmışdır [18]. Kimya müəllimi Gövhər Abdullayevanın [19], ədəbiyyat müəllimləri Abdulhüseyn Hüseynovun [20], Ağamirzə Vahidovun [21], Adil Məmmədovun [22] adları respublika səviyyəli mətbuatda çəkilmiş, bir çoxlarının qabaqcıl iş təcrübəsi r-n səviyyəsində yayılaraq yerli və mərkəzi mətbuatda işıqlandırılmışdır. Bikə İsmayılova, Əməkdar müəllim, tarix elmləri namizədi Zülfıyyə Vəliyeva, Aminə Qurbanova, Yasin Cəfərov və başqaları yüksək səviyyəli pedaqoqlar kimi tanınıblar. Zülfıyyə Vəliyevanın yaratdığı tarix muzeyi bütün respublika məktəblərinə nümunə olacaq səviyyədə zəngin və məzmunlu idi. Abdulhüseyn müəllimlə Mirzə müəllim (ədəbiyyat) qoşa qanad sayılardı r-numuzda. Əlican müəllimin (fizika) ali təhsilli yetirmələrinin sayını demək mümkünmü? Qurban müəllimin (biologiya) gənclik enerjisi ilə hələ də dərslərini aparması qibtə hissi doğurmurmu? Yasin müəllimin (riyaziyyat) təkcə bir tədris ilində 15-dən artıq şagirdinin ali məktəblərə daxil olması hamımız üçün iftixar deyilmi?
Son bir neçə ildə r-nun ən qabaqcıl müəllimlərinin əməyi ölkə Prezidenti tərəfindən rəğbətləndirilmişdir: Əlican Cahangirov, Adil Məmmədov, Xəlil Orucov, Asif Nəbiyev, Yasin Cəfərov, Pərviz Yəhyalı, Tahirə Qurbanova, Elçin Allahverdiyev, Yeganə İbrahimova və Aytəkin Mikayılova ”Əməkdar müəllim” adı verilmiş, Qurban Qurbanov, Məzahir Abdullayev, Tofiq İsmayılov, Kəbirə Həbibova, Nailə Qədirova ”Tərəqqi ordeni”, Sima Əliyeva, Yasin Abdurrəhmanov, Füzuli İmranov ”Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşlar. Göyçay təhsilinin yüksək səviyyəsinə dəlalət edən faktlardan biri ilk növbədə resp.-mızın bir çox elm və təhsil müəssisələrində çalışan Göyçay əsilli, məktəbi burada bitirmiş alimlərin, pedaqoqların uğurlu fəaliyyətidir.
Ölkəmizdə olduğu kimi, Göyçayda da ictimai baxımdan məsul və əhəmiyyətli bir sahə səhiyyədir. Göyçay səhiyyəsini təmsil edənlər ilk növbədə həkimlər, tibb bacıları, feldşerlər, laborantlar, bütövlükdə həyatını xalqın sağlamlığına həsr edən fədakar tibb işçiləridir. R-nda səhiyyənin tarixi, buradakı tarixi səhiyyə hərəkatı və bu hərəkatın öndərləri haqqında əlimizdə olan İ.S.Sokolovun “Xalqla birlikdə” (Sanitariya maarifi uğrunda xalq hərəkatı təcrübəsi) kitabı bu cəhətdən dəyərli bir mənbədir. Buradan məlum olur ki, Göyçayda 1916 ildən xəstəxana fəaliyyət göstərmişdir. Göyçay xəstəxanasının həkimi M.Benyaminoviçin “Göyçay qəzasının tibbi topoqrafik oçerki” həmin dövrün səhiyyə xidməti haqqında müəyyən təsəvvür verir, həmin vaxt Göyçay qəzasında cəmi 2 həkim, 6 rota feldşeri və 2 mama həkimi olmuşdur. 1910 ilin tibb hesabatına görə ilk dəfə müraciət edən xəstələrin miqdarı qəza üzrə 32714 nəfərə çatırdı ki, bu da əhalinin 25 faizini təşkil edirdi [23]. Bu fakt onu göstərir ki, həkim qıtlığı nəticəsində qəzada xəstələrin sayı belə çox olmuşdur. M.Benyaminoviç həkimlərin iş şəraitindən bəhs edərkən yazırdı: “Yatalaq yayılmış kəndə gedib-gəlməkdən ötrü həkim at və ya kəl arabalarında, dağlıq yerlərdə isə ata minib 80 verstə qədər yol getməli olduğundan və öz ambulatoriyasından ən azı 3-4 gün uzaqlaşdığından çox vaxt ağır halda gələn xəstələri qəbul edə bilmirdi” [24]. O göstərir ki, müsəlman qadınları onlara əzab verən xəstəliyə baxmayaraq, mövhumatçı olduqlarından, ambulatoriyaya çox nadir hallarda gələrdilər. 1954 ildə isə rayonda 35 həkim və 187 orta tibb işçisi çalışmış, stasionardakı çarpayıların miqdarı 255-ə çatdırılmışdı. Artıq 1955 ilin iyul ayında r-nda 110 çarpayılıq xəstəxana, müxtəlif ixtisaslar üzrə 12 kabineti olan poliklinika, 50 çarpayılıq rayon uşaq xəstəxanası və bunun yanında olan uşaq məsləhətxanası, 25 çarpayılıq dəri-zöhrəvi xəstəlikləri dispanseri, təcili yardım stansiyası, sanitariya-epidemioloji stansiyası və sanitariya maarifi evi fəaliyyət göstərirdi. Eləcə də kolxozlarda kənd əhalisinə ambulatoriyaları olan 5 nahiyə xəstəxanası, 12 feldşer-mama məntəqəsi və 4 kolxoz doğum evi tibbi yardım göstərmişdir.
1978 ildə isə r-nda 117 həkim, 452 orta tibb işçisi xidmət göstərmiş, hər 10000 nəfər əhaliyə 19 nəfər həkim, 58 nəfər orta tibb işçisi, 67,5 ədəd çarpayı düşmüşdür. Həmçinin r-n əhalisinə 12 xəstəxana, 18 feldşer-mama məntəqəsi, 7 kolxoz doğum evi, 3 səhiyyə məntəqəsi, 1 sanitar maarif evi, 1 sanitar epidemioloji stansiya xidmət etmişdir [25].
Artıq 1980 ildə çarpayıların sayı 650-yə çatdırılmış, həkimlərin sayı 29 nəfər, orta tibb işçilərinin sayı isə 9 nəfər artmışdır [26]. Yeni əsrin ilk illərində r-nda 11 xəstəxana, 3 poliklinika, 11 həkim ambulatoriyası və 32 feldşer-mama məntəqəsi fəaliyyət göstərmişdir. Xəstəxanalardan 4-ü və poliklinikalar şəhərdə yerləşmişdir. R-n üzrə 226 ali təhsilli həkimin 46 nəfəri kəndlərdə çalışmışdır. R-n əhalisinə 632 nəfər orta tibb işçisi xidmət göstərir. Beləliklə, r-nun bütün xəstəxanalarında 900 çarpayı olur ki, bunun 320-si kəndlərin payına düşür. Əhalinin sayına görə bu göstərici qonşu rayonlarla müqayisədə çoxdur. Bunun səbəbi r-nda ixtisaslaşmış tibbi xidmətin mövcudluğudur. Şəhər mərkəzi xəstəxanasında 9 şöbə: 1) mama-ginekoloq, 2) cərrahiyyə, 3) terapiya, 4) kardiologiya, 5) travmatologiya, 6) urologiya, 7) infeksion, 8) reanimasiya, 9) qəbul şöbəsi və 300 çarpayı var. Burada 25 həkim fəaliyyət göstərir. Uşaq xəstəxanasının isə 4 şöbəsi, 17 həkimi, 53 nəfər orta tibb işçisi vardır. Burada çarpayıların sayı 140-dır. Dəri-zöhrəvi xəstəxanasında 40 çarpayı var və burada 6 həkim, 11 orta tibb işçisi var. Vərəm xəstəxanasında isə 100 çarpayı olmaqla rayonlararası tibbi xidmət onun öhdəsinə düşür.
Şəhər mərkəzində poliklinika, stomatoloji poliklinika, uşaq məsləhətxanası, təcili yardım stansiyası və sanitar epidemioloji stansiya fəaliyyət göstərir ki, bu tibb ocaqlarında da xeyli həkim və orta tibb işçisi çalışır. Təkcə poliklinikada 60-dan artıq həkim vardır.
Ləkçıplaq k. xəstəxanasında 50, Potu k. xəstəxanasında 50 çarpayı vardır. Çərəkə, İnçə, Bığır k. xəstəxanaları da 50 çarpayılıqdır. Qaraməryəm və Qızılağac k. xəstəxanaları isə 35 çarpayılıqdır. Həmin xəstəxanalardakı çarpayılar doğum, pediatrik və terapevtik sahələr üçündür. 110 mindən artıq rayon əhalisi üçün göstərilən tərkibdə həkimlərin sayı yetərsay olsa da, bu gün onların da güzəranı xeyli aşağı düşmüşdür.
Göyçayda ilk xüsusi xəstəxana 1929–1930 illərdə olmuşdur. Onun yerləşdiyi bina əvvəllər “Qız məktəbi” olmuşdur. Sonralar həmin bina vərəm dispanserinə verilmiş, həmin illərdə ambulatoriya və iki otaqdan ibarət doğum evi üçün də bina olmuşdur. Səhiyyə naziri Möhsün Qədirlinin təşəbbüsü ilə 1932 ildə ayrıca doğum evi, uşaq məsləhətxanası və yasli yaradıldı. Bunların hər üçü uyğunlaşdırılmış binada yerləşirdi. Rayonda əsaslı, uyğunlaşdırılmış mərkəzi xəstəxana 1960 ildə (indiki uşaq xəstəxanasının binası) tikilmişdir.
Yaşlı nəslin nümayəndələri söyləyirlər ki, Göyçayda ilk yerli həkimlərdən biri feldşer Qazıyev Murad olmuşdur. Həkim Yusifzadə Mustafa isə söyləyir ki, Göyçayda rus xalqının nümayəndələrindən həkim Nikolayev (Yelena həkimin atası) və həkim Bidilov uzun illər işləmiş və xalqın dərin hörmətini qazanmışlar. Nikolayev 1929 ildə Ağdaşdan Göyçaya köçüb gəlmişdir. Qazıyev Murad (Murad əmi) həkim Dobrovolski ilə birlikdə 1920 illərdə həkimlik etmişdir. Artıq 30-cu illərdə cərrah Zahid Mahmudov, Ucardan İbrahim Qurbanov, Yusif Ziya Göyçayski, Əliağa həkim, Ələkbər İsmayılov (Göyçay Səhiyyə Maarifinin təşəbbüskarlarından olub) r-nun tanınmış həkimləri sayılırdılar. Yelena Nikolayevanın atası hərbi həkim olmuş, r-nda böyük nüfuz qazanmışdır. Yelena həkim söyləyir ki, cərrah Ağəli Axundov, Zahid Mahmudov (mərhum bəstəkar Tamilla Məmmədzadənin atası), Bidixovun xanımı Şarova Yuliya atam və anamla eyni illərdə çalışan həkimlər olmuşlar. Müharibədən sonra Hacıyev Mahmud, Abdullayev Mirkərim, İbrahimova Şölə, Rizvanov Cərulla, Ənvər Musayev, Yusifzadə Mustafa, Hacıyeva Adilə dövrün tanınmış həkimləri olmuşlar. Onlar daha çox 1950–1970 illərdə məşhurlaşmışlar.
Elə buradaca xatırladaq ki, 1940 ildə Azərb. KP XVI qurultayı şərəfinə “səhiyyə aylığı”nın keçirilməsi ilə əlaqədar olaraq, Göyçayda maarifçi Səhiyyə hərəkatı başlandı. Bu hərəkatın təşəbbüsçüləri o vaxt səhiyyə şöbəsinin müdiri Ə.İsmayılovun r-n partiya bürosundakı məruzəsindən sonra hərəkətə gəldilər. May ayının 9-da səhiyyə aylığına yekun vuruldu: “Yekunlar çox əhəmiyyətli idi: 35647 nəfər (bütün əhalinin 83 faizi) tibbi müayinədən keçmiş, 3680 nəfərə çiçəyə qarşı, 2174 nəfərə difteriyaya qarşı peyvənd edilmiş, 5096 ayaqyolu (həyətlərdə) və 81 sadə hamam tikilmişdir” [27]. O vaxtın Azərb. SSR Xalq Səhiyyə Komissarlığının kollegiyası Göyçay tibb işçilərinin qiymətli təşəbbüsünü nəzərə alaraq, həmin təcrübəni respublikanın bütün r-nlarında yaymağı məsləhət gördü. Çox keçmədi ki, respublikanın bütün r.-ları Göyçay Səhiyyə maarifi hərəkatına qoşuldu. “Göyçay hərəkatı”nın müvəffəqiyyətinin əsas səbəbləri əhali arasında böyük kütləvi təbliğat işləri aparılması, həmçinin də hərəkatda təkcə tibb işçilərinin deyil, müxtəlif təşkilatların və geniş ziyalı kütlələrinin iştirak etməsidir [28].
Qeyd edək ki, Səhiyyə maarifi Azərb. SSR Qırmızı Aypara Cəmiyyəti (Hilal Əhmər) tərəfindən r-nda ilk dəfə 1928 ildə həyata keçirilmişdir, hərəkatın təşəbbüskarı və aparıcı şəxsi həkim Yusif Ziya Göyçayski olmuşdur. Hilal Əhmər Cəmiyyəti respublikanın digər regionlarında da təbliğat işləri aparırdı.
1954 ilin yazında Göyçay r-nunda təmizlik və sanitariya mədəniyyəti uğrunda səhiyyə maarifi yenidən canlandı. 40-cı illərdə hərəkatın təşəbbüsçülərindən biri Cəmilə Ağayeva 1950 illərdə RİK sədri olaraq hərəkatın növbəti mərhələsinə rəhbərlik edirdi. Hərəkatın növbəti mərhələsində Ləkçıplaq k. xəstəxanasının həkimi Mələk Yəhyayeva, feldşer Hüseyn Mirzəyev, feldşer Qəhrəman Salmanov və başqaları daha çox fəallıq göstərmişdir. Fəallar yenidən r-n ziyalılarına müraciət qəbul etdilər. Dövrün mətbuat orqanları hərəkatın gedişi, görülmüş işlər barədə yazılar dərc edirdi. Bu işdə də sanitariya mədəniyyəti sahəsində xeyli işlər görüldü – zibil qutuları, yuyuntular üçün quyular, tarla düşərgələri, hamam, tarla düşərgələri yanında körpələr evi, kitabxana, qiraətxana, fərdi evlərin ağardılması, artezian quyularının qazılması, kolxozlarda doğum evlərinin təşkili, sanitariya-məişət qurğuları kompleksi, kolxozlarda abad bərbərxanalar, körpələr evi, uşaq bağçaları yaratmaq, idman meydançası, bağ salmaq və s. bir vəzifə olaraq qarşıya qoyulmuşdu. Bu münasibətlə r-n büdcəsindən tələb olunan vəsait ictimai-mədəni tədbirlərə xərclənmişdi. Abadlıq xərclərinə sərf olunan vəsait, 1953 ildə 190 min manat, 1954 ildə 256 min manat, 1955 ildə isə 462 min manat olmuşdur. Qeyd edək ki, səhiyyə hərəkatının ikinci mərhələsində bu təşəbbüs keçmiş sovetlər məkanı hüdudunda vüsət aldı.
Göyçayda səhiyyənin inkişaf etdirilməsində həkim Ənvər Musayev, Abduləziz Süleymanov, Rəsul Abiyev xüsusi xidmət göstərmişlər. Əməkdar həkim Rəsul Abiyev 14 il r-n səhiyyəsinə rəhbərlik etmiş, həmin müddətdə mərkəzi xəstəxana 175 çarpayılıqdan 300 çarpayılığa, uşaq xəstəxanası 90-dan 140 çarpayılığa çatdırılmışdır, həmin dövrdə yeni mərkəzi xəstəxana tikilib istifadəyə verilmiş (1984), bir sıra kənd xəstəxanalarında çarpayıların sayı çoxaldılmışdır. İnçə və Ləkçıplaq k.-lərində yeni xəstəxana binaları tikilmiş, bir sıra kəndlərdə həkim ambulatoriyaları yaradılmış, 17 feldşer-mama məntəqəsi həmin dövrdə 38-ə çatdırılmışdır.
1950–1970 illərdə r-nda məşhur olan həkimlərin cərgəsində Səfayə Kərimovanı, Yelena Nikolayevanı, Səyyarə Zamanovanı, Naibə həkimi, cərrah Nazir Atakişiyevi, Surə Kərimovanı və başqalarını göstərmək olar. 70-ci illərdən üzü bəri bir çox yeni, hazırlıqlı, yaxşı təcrübə qazanan həkimlər dəstəsi veteranları əvəz etməyə başladı. Hazırda onların adları, nüfuzları r-n səviyyəsində yayılmışdır. Cərrah Məmmədov Şaiq, Osmanov Şaban, Şamilov Şaban, Kərimov İqrar, mama-ginekoloq Quliyeva Zümrüd (rəhmətə gedib), Hacıyeva Ürfət, Əhmədova Raya, uroloq Atakişiyev Əziz, kardioloq Sultanova Mirvari, Süleymanov Nizami, terapevt Bağırlı Nərgiz, Tofiq Əliyev, Soltanov Fuad, uşaq həkimləri Fazilov Rafael, Namiq Hacıbəyli, Zeynalov Zöhrab, İbadov Elman, Qurbanov Fərhad, tibb üzrə f.d. Kamran Məmmədov və başqaları belə tanınmış həkimlərdəndir. Eləcə də Əməkdar həkim Abdulrəhmanov Mahir, Mirvari Sultanova, Vladimir Şirinov, Nurməmməd Nuriyev yeni nəsil həkimlərin ön səfində qərarlaşıblar. Bu nəslin həkimləri yaşlı nəslin həkimlərinə daima hörmətlə yanaşmış, onların zəngin təcrübələrindən həmişə faydalanmışlar. Buna görə də onların bir neçəsini bir daha anmaq yerinə düşərdi.
Ömrü boyu qayğıkeş həyat sürən Mahmud Hacıyev Tibb Universitetini bitirdikdən sonra müharibəyə getmiş (1942), tibb xidməti kapitanı rütbəsi ilə doğma torpağa – Göyçaya qayıtmışdır. Əyilməz, sözü üzə deyən Mahmud həkim ali kateqoriyalı həkim olub, Şirvan zonasında sayılan şəxslərdən idi. Ailə vəziyyəti ilə əlaqədar, qiyabi aspiranturada elmi işini davam etdirə bilməmişdir. Mahmud həkim xəstələri qəbul edərkən onlara nikbinlik aşılayar və güclü hafizəyə malik olmaqla dərin mütaliəli şəxs olmuşdur. Onun övladlarının hamısı – Namiq, Yaqut və Nizami də həkimdirlər.
Yusifzadə Mustafa da müharibədə iştirak etmiş, səhiyyə hərəkatının öndərlərindən olmuşdur, həkimliyinin 17 ilini uşaq xəstəxanasına rəhbərlik etmişdir. SSRİ səhiyyə əlaçısı olmuş Mustafa həkim də orden və medallarla təltif olunmuş, “Azərbaycanın şanlı oğulları” (III kitab, Azərnəşr, 1945, səh. 148) kitabında onun haqqında ayrıca oçerk yazılmışdır, hər iki həkim haqqında dövri mətbuatda məqalələr çıxmışdır.
Mirkərim Abdullayev məşhur nevropatoloq həkim olmuşdur. Cəbhədə hərbi həkim olmuş, orden və medallarla təltif edilmişdir. O, şəhər poliklinikasının uzun illər baş həkimi işləmişdir. Onun xanımı Səfayə Kərimova da hazırlıqlı, tanınmış qadın həkimlərindən olmuşdur. Səfayə həkim səhiyyə əlaçısı olmaqla, Əməkdar həkim adına layiq görülmüşdür. Övladlarından Mirəli onların yolunu davam etdirir.
Göyçay əhalisi üzərində həkim Nikolayeva Yelena Vladimirovnanın zəhməti böyükdür, göz xəstəlikləri üzrə zəngin biliyə və təcrübəyə malik olan Yelena həkimi bütün göyçaylılar tanıyırlar. Cavan həkimlər həmişə ona müraciət etmiş, onun zəngin təcrübəsindən faydalanmışlar.
Adları hörmətlə çəkilən və bu gün r-n camaatının yaddaşında qalan xalqa məhrəm bu həkimlərin ənənələrini davam etdirən, hazırlığı, təcrübəsi ilə rayonda müəyyən nüfuz qazanan cavan həkimlər dəstəsinin r-nda yetişməsi təbiidir. Bu cavanlardan Soltanova Mirvari, Yusifzadə Afaq, Yusifzadə Xuraman, Davudov Fərzanəddin və başqaları yaxşı həkim kimi özlərinə hörmət qazandırmışlar. Səhiyyə işinə xidmət işində Davudovlar ailəsinin adını fəxrlə qeyd edə bilərik. Bu ailənin bir neçə üzvü həkimdir: Fəxrəddin, Fərzanəddin, Sərraf, Şahin, Vüqar və İlham qardaşları.
Fəxrəddin yaxşı həkim olmaqla bərabər, fəal ictimaiyyətçi və şair qəlbli insandır. O, gənclik illərindən bədii ədəbiyyatı mütaliə edir və şeirlər yazır.
Son 30 ildə Göyçayda çoxlu stomatoloqlar yetişmişdir. Əbil həkim, Mirhadiyev Vaqif, Cəbrayılov Bəhruz, Bəylərov Famil, Əlibala Əliyev kimi diş həkimlərini indi rayonda 20-dən artıq stomatoloq əvəz edir.
Gənc nəslin mənəvi simasının formalaşması və zənginləşməsində, cəmiyyətə faydası olan vətəndaş kimi inkişafında və fəaliyyətində fiziki sağlamlıq, bədən tərbiyəsi və idman mühüm rol oynayır. İdman sağlamlıq mənbəyidir və buna görə də gənc nəslin estetik, əxlaq tərbiyəsi ilə bərabər, fiziki tərbiyəsi də böyük əhəmiyyət kəsb edir.
Müstəqil Azərb.-da idman artıq dövlət siyasəti səviyyəsində böyük diqqət yetirilən, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin bir hissəsi olan mühüm amil kimi diqqət mərkəzində saxlanılır, özünün ilk cəsarətli addımlarını atır. Bütün bunların nəticəsidir ki, son illər resp.-nın paytaxtında, eləcə də r-nlarda idmana yeni münasibət yeni tələblər, yeni arzular ab-havası gətirmişdir. Göyçayda da bu ab-havanı bir neçə ildir ki, görüb hiss etməkdəyik. Az qala tamamilə dağılmış futbol komandasının yenidən təşkili, voleybolçularımızın müəyyən uğurları, həmçinin hamının fəxrlə adlarını çəkdikləri şahmatçılarımız Fənarə Babayeva və Məhəmməd Zülfüqarovun göstərdikləri nəticələr, idmanın digər sahələrindəki nailiyyətlər, bədən tərbiyəsinin inkişafı həmin ab-havanın bariz ifadəsidir.
İdmanın müxtəlif sahələri ilə maraqlanarkən ötən yarım əsrdən də artıq bir dövr ərzində r-nda onlarla respublika əhəmiyyətli idmançının yetişdiyinin şahidi oluruq. Onların hər biri iştirak etdikləri idman yarışlarında Göyçayın idman şərəfini qorumuşlar. Xüsusən pəhləvan və güləşçilərimiz hələ keçən əsrin ortalarından böyük uğurlar qazanmışlar. Eldar və Çingiz pəhləvanlar keçmiş ittifaq, hətta cəsarətlə demək olar ki, dünya miqyaslı pəhləvanlar olmuşlar. Çingiz pəhləvan Şəhadət k.-də doğulmuş Qasım bəy nəslindən olan Əli bəyin övladı olmuşdur. Əli bəy Peterburqda ali təhsil almış, mühəndis olmuşdur. Soltanov Çingiz pəhləvan ali təhsilli bədən tərbiyəçisi olmuş, ittifaq miqyaslı pəhləvan kimi şöhrət qazanmışdır. Qardaşı Niyaz da güclü idmançı olmuş, güləş və yüngül otletika üzrə dəfələrlə respublika çempionu olmuşdur. O, SSRİ idman ustası olmaqla, Bədən Tərbiyəsi İnstitutunda baş müəllim kimi çalışmışdır. Eldar Göyçaylı isə Şəkili k.-də anadan olub. Dünya miqyaslı pəhləvanlardan sayılan Eldar pəhləvanın qardaşları Bağır, Qara Mustafa, həmçinin övladları Mahir və Tahir də pəhləvanlıq etmişlər. Əfsanəvi pəhləvan, “Qafqaz şiri” olan Rəşid pəhləvan deyirmiş ki, mənim yetirmələrimdən Eldar Göyçaylı, Cümşüd Yusifov, Qaçay Hüseynov, Çingiz Göyçaylı, Məhəmmədəli Qazaxlı, Əşrəf Sultanov, Elbrus Həcəfov, Hüseyn Rəhimov və başqaları yaxşı pəhləvan və atlet idilər. “Zorxana”nın yaradılmasında mənə yaxından köməklik göstərmişdilər [29].
Zorxana hələ orta əsrlərdən Azərb. şəhərlərində keçirilən idman yarışlarından biri olmuşdur. Zorxana adətən səqfi tağlarla örtülü olan böyük salonlarda təşkil olunardı. Salonun ortasında dərinliyi 1 m, ölçüsü 10×10 m olan oyun meydanı süfrə adlanır. Oyundan asılı olaraq, süfrədə eyni vaxtda 15-20 oyunçu iştirak edə bilər. Oyunları təlimçi – Mürşüd idarə edər və müsiqinin müşayiəti ilə zorxana tamaşaları davam edərdi. Süfrədə oyuna başçılıq edən miyandarın göstərişi ilə musiqi səslənər və oyun başlanardı. “Sino oyunu” və ya “quluncsındırma”, “ayaqdöymə”, “mil oyunu”, “səng (daş) qaldırma”, “kəbbadə” və ya “kəmanə”, “çərxi” və ya “təndövrə” zorxana oyunlarından olmuşdur. Respublikada onlar Azərb. milli güləşinin əsl təbliğatçıları olmuş, hər biri müstəqil briqadalar düzəldib bədən tərbiyəsinin, idmanın inkişafı naminə gərgin əmək sərf etmişlər.
Görünür, elə bunun nəticəsidir ki, Göyçayda onların yolunu davam etdirən bir sıra pəhləvanlar yetişdi. SSRİ-nin və Azərb.-ın Əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim Ehsan Kərimov, klassik güləş üzrə Avropa çempionu potulu Rafiq Hacıyev, onun oğlu “Qrodnenskaya pravda” qəzetinin prizi uğrundakı ümumittifaq miqyaslı yarışın gümüş medalçısı, üç dəfə respublika çempionu Raqib Quliyev, ümumittifaq miqyaslı yarışın gümüş medalçısı Natiq Hacıyev, SSRİ idman ustaları Böyükağa Quliyev, Məhəbbət Tanrıverdiyev, respublika çempionu Soltanov Niyaz və başqaları bu iki eloğlunun keçdiyi şərəfli idman yolunu, onların yaratdığı ənənəni ayrı-ayrı vaxtlarda qorumağa, davam etdirməyə başlamış, layiqli göstəricilər əldə etmişlər. Bu səbəbdən Göyçayda bir məşqçi, Bakıda isə bir müəllim kimi Ehsan Kərimovun xidmətləri böyük olmuşdur. O, Bakıda ali təhsil alan idman müəllimlərimizin ən yaxın hamisi olmaqla r-nun bütün idmansevərləri arasında hörmət qazanmışdır.
Ehsan Kərimov eyni zamanda əməkdar idman məşqçisi, ümumittifaq və beynəlxalq dərəcəli hakim, respublikanın əməkdar bədən tərbiyə və idman xadimi olmuşdur. O həmçinin respublika güləş federasiyasının sədri olmuşdur. Bütün bunlar səbəbsiz deyil. Çünki hələ 30-cu illərdən Göyçayda idmana böyük həvəs yaranmış, güləş, ağırlıqqaldırma, akrobatika, voleybol və s. idman növləri ilə məşğul olan ilk idmançılar nəsli yetişmişdir.
Yeni əsrin ikinci onilliyi dövründə digər bir idmançımız əslən Laçınlı olan, lakin Göyçayda doğulmuş İdman Akademiyasının IV kurs tələbəsi Vəliyev Laçın isə yunan-Roma güləşi üzrə I yeri tutaraq dünya çempionu oldu. Bundan öncə isə üç dəfə respublika, iki dəfə Avropa çempionu olmuşdur.
1934–1936 illərdə indiki epidemiya stansiyasının yerləşdiyi bina idman zalı olmuş, Xəlil Qasımov burada məşqlər aparmaqla, idman komitəsinə rəhbərlik etmişdir. Mos Xəlil adı ilə məşhur olan bu adam güləşçi-akrobat olmuşdur. 1935 ildə güləş üzrə ilk respublika çempionu adını qazanan hazırda fərdi pensiyaçı Mamedov Mirzə olmuşdur. 1954 ildə Moskvada ümumittifaq idman paradında təkcə Göyçaydan Süleymanov Cavid Həbib oğlu (Qayaya dırmaşma üzrə respublika çempionu), idman ustası Orucəliyev Nazim Nəcəf oğlu (bədən tərbiyəsi sahəsində müəllimlər müəllimi Məruf Orucəliyevin qardaşı), Hacıyev Böyükağa Mahmudbəy oğlu, Soltanov Niyaz Əli bəy oğlu, Qafarov Həbib Abdulqafar oğlu və digər ali təhsilli idman müəllimi və ustaları iştirak etmişlər. Adları qeyd olunan pəhləvanlar cərgəsində Ələsgər və Əlibaba qardaşlarının, Ağababanın oğlu Vaqifin, Atakişiyev Ağakişinin də adını çəkmək olar. Bu güləşçi-pəhləvanlar əsasən 40-cı illərdə idmanla məşğul olmuş, r-n birinciliklərində iştirak etmişlər. Xatırladaq ki, idman müəllimi kimi çalışan Fikrət Zərbəliyev də r-numuzun güclü güləşçilərindən biri olmuşdur.
Digər iki nəfər pəhləvanımız haqqında da ayrıca məxsusi söhbət açmaq yerinə düşərdi. 1900 ildə anadan olmuş, pəhləvan Əlibaba adı ilə r-n hüdudundan da kənarlarda məşhur olan Cəfərov Əlibaba Hüseynbaba oğlu və Nuriyev Raqif Knyaz oğlunu ən güclü ağırlıq qaldıran kimi tanıyırlar. Pəhləvan Əlibaba 1928–1930 illər arasında idman müəllimi olmuş, “Spartak” cəmiyyətində məşqlərdə iştirak etmişdir. Finlandiyada, Təbrizdə, Tehranda, Batumidə, Suxumidə, Tbilisidə və Azərb.-ın bütün bölgələrində qastrol səfərlərində olmuşdur. O, 200-250 kq daşları çox asanlıqla qaldırırmış. Ustadı dünya şöhrətli Sali Süleyman olmuşdur.
Üçqat respublika çempionu, üç dəfə SSRİ idman ustalığına namizəd adını təzələyən Nuriyev Raqif 1970–1980 illərdə güləşlə məşğul olmuş, 90-cı illərdə isə ağırlıqqaldırma növünə keçmişdir. Güləş üzrə yetirmələri olan Namus Eyyubov, Qədirxan Eyyubov, Bəxtiyar Gözəlov, İldırım Məmmədov və başqaları dəfələrlə gənclər və yeniyetmələr arasında keçirilən ümumittifaq və respublika yarışlarının iştirakçısı olmuş, bir sıra hallarda onlar birincilik kürsüsünə qalxmışlar.
Resp.-da milli idman oyunlarının təbliğində fəal iştirakına görə R.Nuriyev dəfələrlə fəxri fərman, döş nişanı və mükafatlarla təltif olunmuş, 1973 ildə Çingiz pəhləvanın xatirəsinə həsr olunmuş respublika turnirinin çempionu olmuşdur.
Daş qaldırma və güləş üzrə respublika üzrə I dərəcəli hakim Raqif Nuriyev 7 dəfə beynəlxalq turnirlərin iştirakçısı olmuşdur. O, 1984 ildən “Məhsul” kənd könüllü idman cəmiyyəti r-n şöbəsinin sədri vəzifəsində işləyir, hər il rayon və respublika səviyyəli xalq milli bayramlarında zəhmətkeşlər qarşısında nümunəvi çıxışlar edir. Bir sıra qəzetlər onun nailiyyətlərindən söhbət açmışdır. Digər ağırlıq qaldıran idmançımız SSRİ idman ustası Elxan Rəsulov olmuşdur.
R-nda güləş və ağırlıqqaldırma idman növündən sonra kütləvi olan voleybol oyunu olmuşdur. İdmanın bu növündə də r-nda güclü voleybolçular yetişmiş və onlar bir sıra respublika əhəmiyyətli yarışlarda fəxri yerləri tutmuşlar. Fəxr edilməli haldır ki, voleybolçulardan Ənvər Məmmədov, Vaqif Məmmədov və Mürsəl Səmədov, Ravil Novruzov ayrı-ayrı vaxtlarda respublikanın yığma komandasında oynamışlar.
Göyçayda bir-birindən güclü voleybolçular nəsli yetişmişdir. Otuzuncu illərin voleybolçularından Qafarov Həbib, Mirabov Baba və r-n ağsaqqallarından olan Hacıyev Böyükağa 1950 illərin əvvəllərində r-nun idman şərəfini qoruyanlardan olmuşlar. R-ndakı idmançıların yekdil fikri belədir: voleybolda Ənvər, Vaqif və Mürsəl misilsizdirlər. Bununla belə, yaşlı nəsil Hacıyev Böyükağanın da r-nun voleybol ulduzlarından olduğunu vurğulayır. Təkcə r-nun güclü voleybolçularından olan Əkbərov Əkbərin məşqçi müəllim olduğu dövrdə (1980–1984) voleybol sahəsində Əfəndiyev Şərafəddin, Əliyev Əlikram, Məmmədov İlqar, Əliyev Azər, Səmədov Mürsəl, Novruzov Ravil və başqaları idman ustalığına namizəd olmuşlar. Ümumiyyətlə, 1950 illərdə Ənvər Məmmədov, Şaiq Məmmədov, Böyükağa Hacıyev, Mirabov Baba, Nuriyev Urfan, Nadir Əfəndiyev, Fərəczadə Cümşüd, Tofiq Əhmədov, Akif Kərimov, Rasim Kərimov, Fikrət Zeynalov (həm voleybol, həm də futbol üzrə r-n yığma komandasının kapitanı olub), 1960 illərdə Məmmədov Vaqif, Sadıqov Akif, Zeynalov Məmməd, Əliyul Musəvi Kazım, Kərimov Zöhrab, Məmmədov Musa, Kərimov Ağasən, Manafov Adil, Salahov Abbasağa (1963 ildə bu heyət Zaqatalada respublika çempionu olub), Mütəllimov İlham, Ulduz və Elbrus Rəhimov qardaşları, Manaflı Ürfan, Mövsümov Pünhan, Səmədov Çingiz, Əliyev İntiqam, Sadıqov Rasim, Mürsəlov Sərdar, Mövsümov Qasım, 1970 illərdə isə Əkbərov Əkbər, Əfəndiyev Şərafəddin, Əliyev Əlibaba, Kərimov İlham, Məmmədov İlqar, Əliyev Azər, Əliyev Əlikram, Əhmədov Hacağa və başqaları r-numuzun şanlı voleybol oyunu ənənələrini yaşatmış və müvəffəqiyyətli oyunları ilə minlərlə tamaşaçının rəğbətini qazanmışlar.
1963 ildə respublika üzrə birinci yeri tutan voleybolçular iki il sonra Xaçmazda məktəblərin final yarışında yenidən birinci yeri tutublar. Bu birincilik Qazaxda keçirilən çempionatda yenidən təkrar edildi. Respublika kuboku uğrunda İmişlidə keçirilən yarışda isə birinciliyi əldən verərək ikinci yeri tutdular. 1994 ildə Qax r-nunda keçirilən respublika birinciliyində r-n komandası yenə də birinci yeri əldən verəsi oldu. R-nun voleybolçuları, ümumiyyətlə, ayrı-ayrı vaxtlarda zonalararası yarışlarda iştirak etmiş və fəxri yerlər tutmuşdur. Xatırladaq ki, voleybolçu Səmədov Çingiz Əməkdar bədən tərbiyəsi işçisidir.
Voleybol kimi, futbol oyunu da r-nda kütləvi idman oyunlarından biri olmuşdur. Bir neçə on illərdir ki, bu oyun da voleybol kimi, r-n məktəbliləri arasında müntəzəm olaraq keçirilmişdir. R-n əhalisi bu idman növünə də maraqlı olmuşdur, rayonlararası futbol yarışları Göyçayda keçirilən vaxt camaat axışıb həmin oyunlara tamaşaya gedərdilər. Voleybol kimi, futbol oyununun da öz dövrünə görə güclü oyunçuları olmuşdur. Bu cəhətdən 60-cı illərə qədər Köçəri Əliyev, Cümşüd Fərəczadə, Ağa Veyis, Zöhrab Fərəczadə, Nadir Həsənov, 60-cı illərdə Abbasov Şahlar, Patoçnı Gena, Əzizov Yaşar, Kərimov Aliq, Pirvartarov İqor, Sulikov Yevgeni, Mamedov İqor, Mamedov Sabir, Mamedov Akif, Abdullayev Faiq, Vəzirov Aleksandr, Vəzirov Cavid, Qasımov Çingiz, Musayev Rövşən, Babayev Aliq, İsmayıl və İbrahim qardaşları, Feyruz İsayev, Tofiq Tahirov, Azad Mahmudov, Fərhad Həsənov, 70-ci illərdə Hüseynov Mübariz, Babayev Fərhad, Muradov Rasim, Məmmədov Yafəs, Məmmədov Cəmaləddin, Adgözəlov Füzuli, Abdullayev Aliq, Nicati Niman, Elman Həsənov, Mahir Əhmədov, Ağamusa Vəliyev, Cavanşir Şəfiyev, Əliyulmusəvi Mirhadi, Ağacəfər Tağıyev, Əfqan Kərimi, Azər Əliyev, Telman Əsgərov, Rizvan Əliyev, Məhərrəm İsmayıloğlu, Mehman Mahmudov, Rahib Məmmədov və başqaları futbol oyunu üzrə r-nun idman şərəfini təmsil etmişlər. Qeyd edək ki, 60-cı illərdə r-n futbol komandasına Tofiq Abdullayev (5 saylı məktəbin idman müəllimi), 70-ci illərdə isə Yafəs Məmmədov məşqçilik etmişlər. Bu illərdə isə r-nda ən güclü futbolçu Yafəs Məmmədov olmuşdur. Eləcə də yeni idmançıların yetişməsində onun bir məşqçi kimi müstəsna xidmətləri olmuşdur. R-n qəzetində dəfələrlə onun yüksək oyun üslubundan bəhs edən yazılar dərc edilmişdir. R-nun futbolçuları da respublika əhəmiyyətli yarışlarda iştirak etmiş, bir sıra hallarda yüksək yerlərdə qərar tutmuşlar. R-nun “Çinar” komandası “Sevinc-68” kuboku uğrunda yarışlarda III yeri, uşaq-gənclər idman məktəblərinin yarışlarında “A” qrupunda I yeri, yeniyetmələrdən ibarət yığma komanda zona yarışlarında I yeri tutmuşlar. Bu cür nəticələr r-nun futbol tarixində dəfələrlə təkrarlanmışdır.
1993 ildə birinci təsis konfransında r-nda futbol klubu yaradıldı. II təsis konfransında isə (1995) klubun təsisçisi əyirici fabrikin direktoru Eyvaz Əhmədov olmuşdur. Klubun məşqçiləri Yafəs Məmmədov, Ağacəfər Tağıyev təyin edilmişdir. Klubun prezidenti M.Muradxanov idi. Maraqlı və həm də təəssüf doğuran haldır ki, klub “A” qrupuna daxil olmaq hüququ qazandığı vaxt dağıldı. Maraqlıdır ki, 1960 illərədək r-n futbolunun yetirmələrindən olan Köçəri Əliyev 1974 ildə respublika dərəcəli hakim kimi yüksək ada layiq görülmüşdür. Təkcə 1976 ildə I və II liqa komandaları üzrə 32 dəfə baş hakim kimi futbol meydançasına çıxmışdır. Onun 10 nəfərdən artıq yetirməsi II və III dərəcəli futbol hakimidir.
Bəhruz Cəbrayılov, Yafəs Məmmədov və Ağacəfər Həsənovun adları respublika futbol azarkeşlərinə yaxşı məlumdur. R-nda idmanın kütləvi yayılmasında rayon uşaq-gənclər məktəbinin rolu çoxdur. Burada 3 bölmə üzrə 44 qrup fəaliyyət göstərmiş, 713 məktəbli bu bölmələrdəki məşqlərdə iştirak etmişdir. Həmin məktəblilərin 171 nəfəri qızlardan ibarətdir. R-nda 7 nəfər ixtisaslı idman üzrə qadın kadr vardır.
1989 il üçün rayon üzrə idman yarışlarında 530, 1990 ildə isə 1370 nəfər məktəbli iştirak etmişdir.
R-nda idmanın digər növlərində də müəyyən vaxtlarda müvafiq uğurlar qazanılmışdır. Ustalığa namizəd Fənarə Babayeva 1989 ildə yeniyetmələr arasında şahmat üzrə respublika çempionu olmuşdur. 1990 ildə 18 yaşlı qadınlar arasında keçirilən keçmiş SSRİ birinciliyində o, 9 oyundan 4,5 bal toplamışdır, həmin ildə 13-14 yaşlılar arasında SSRİ birinciliyində Məhəmməd Zülfüqarov IV yeri tutmuşdur. 1992 ildə F.Babayeva respublika səviyyəli oyunun ən yüksək pilləsini qazanmışdır. 1994 ildə M.Zülfüqarov respublika çempionu olmuş, F.Babayeva isə respublika çempionu adını qazanaraq Yunanıstanda keçirilən olimpiya yarışlarında iştirak etmək hüququ qazanmışdır. Sonrakı illərdə hər iki şahmatçı dünyanın bir sıra mötəbər şahmat turnirlərində iştirak etmişlər. R-n şahmatçıları 1990 ildə isə Smolensk ş.-də şahmat klublarının qadınlar arasında SSRİ birinciliyində 17 mümkün xaldan 5,5 xal toplayaraq III yeri tutmuşlar, həm Fənarə, həm də Məhəmməd bir neçə dəfə respublika çempionu adını təzələmiş, keçmiş SSRİ məkanında bir sıra məsul yarışlarda müvəffəqiyyətlə iştirak etmişlər, hər iki şahmatçının müvəffəqiyyət qazanmasında məşqçi Elxan Hüseynovun böyük əməyini qeyd etməmək mümkün deyil. Yetirmələrinin qələbəsi bir məşqçi kimi onun, eyni zamanda, şahmat məktəbinin direktoru Qalib Məmmədovun ağır zəhmətinin nəticəsidir. Rayonda Şahanə Ağayeva, Əli Heydərov, Səbinə Quliyeva, Orxan Babayev kimi ümidverici şahmatçılar da var.
Bilyard oyunu üzrə Ruslan Quliyev 1993 ildə 15-17 yaşlılar arasında respublika üzrə II yeri tutmuş, 1991 ildə isə SSRİ birinciliyində “Fəxri fərman”la təltif olunmuşdur. 1994 ildə isə 18 yaşlılar arasında keçirilən respublika yarışında birinci yeri tutmuşdur. Respublika üzrə güləş və ağırlıq qaldırma üzrə III dərəcəli hakim, bədən tərbiyəsi müəllimi Cavid Süleymanov hələ 1951 ildə qayaya dırmanma üzrə respublika yarışında birinci yeri tutmuşdur. Bir il sonra isə Ümumittifaq “İskra” könüllü idman cəmiyyətinin təşkil etdiyi yarışda o, Yalta şəhərində III yerlə kifayətlənmişdir, həmin il Zaqafqaziya üzrə qayaya dırmanma üzrə növbəti yarışda C.Süleymanov yenə də I yeri tutmuşdur. Respublika kənd könüllü idman cəmiyyətinin keçirdiyi yarışların qalibi olan İbrahimov Sakit Kamal oğlu uzunluğa tullanma və 100 m məsafəyə qaçış üzrə Xankəndində keçirilən yarışlarda I yeri tutub. Pəhləvan Rafiq Hacıyev 1970 ildə Berlində keçirilən yarışda Avropa çempionu olmuş, 1974 ildə İstanbul şəhərində keçirilən dünya çempionatının gümüş medalı ilə təltif olunmuşdur. N.Eyyubov isə 1990 ildə Şamaxı ş.-də N.Məmmədovun şərəfinə təşkil olunmuş sərbəst güləş üzrə turnirin qalibi olmuşdur. 1992 ildə Təbriz Xəlilbəylinin xatirəsinə həsr olunmuş Salyanda keçirilən respublika birinciliyində isə idmanın bu növü üzrə S.Tahirov II yeri tutmuşdur, həmin il milli oyunlar üzrə III respublika spartakiadasında Eminov Zakir I yeri (nərd), Eyyubov Namus II yeri (güləş) İsmayılov Əli III yeri (daşqaldırma) tutmuşlar. Ağırlıqqaldırma üzrə respublika institutları arasında keçirilən yarışlarda isə Ziyadxan Əliyev iki dəfə iştirak etmiş, I və II yerləri tutmuş, fəxri diplomla mükafatlandırılmışdır.
Milli idman oyunları üzrə SSRİ idman ustası, bədən tərbiyəsi müəllimi Vaqif Babayev nərd oyunu üzrə 1982 ildə keçirilən yarışın qalibi olmuşdur. 1990 ildə Xaçmazda o, yenidən respublika çempionu oldu. Elə həmin il Gürcüstan Resp.-sının təsis etdiyi kubok uğrunda aparılan nərd üzrə beynəlxalq turnirin qalibi olan V.Babayev kuboka sahib olmuş, “Qızıl Zər” və 5000 manat pulla mükafatlandırılmışdır. 1995 ildə o, yenidən respublika VI Spartakiadasının qalibi olmuşdur.
Əməkdar məşqçi Bəhruz Salehli Çayarxı k.-də doğulmuş, əsasən Bakıda müvəffəqiyyətlər qazanmışdır. Qaçış üzrə respublika çempionu olmuş B.Salehli Yaponiya, Malayziya, Sinqapur, Avstriya, Tunis, Misir və s. ölkələrdəki yarışlarda iştirak etmişdir. Onun yetirmələri dünya miqyaslı yarışlarda iştirak etmişdir.
Qeyd etmək vacibdir ki, rayondaxili idman tədbirləri əksərən rayon təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilmiş və keçirilməkdədir. Bu tədbirlər əsasən məktəblilərin futbol, voleybol və yüngül atletika kimi idman növləri üzrə yarışlarından ibarət olmuşdur. Son on ildə bu yarışların təşkili və keçirilməsində RTŞ-nin metodisti Rafiq Məmmədovun fəaliyyəti diqqətəlayiqdir. Bütün bunlarla bərabər, rayonda məktəblilərin idmana həvəs göstərməsində, yüksək nailiyyətlər qazanmış idmançıların yetişməsində bədən tərbiyəsi müəllimlərinin xüsusi əməyi olmuşdur. Bu cəhətdən, idman müəllimi Orucəliyev Mərufun adını hörmətlə çəkmək lazımdır. O, uzun müddət rayon idmanına rəhbərlik etmiş M.Muradxanovun, idman müəllimlərindən Abdullayev Tofiqin, Zərbəliyev Fikrətin, Kərimov Rasimin, Mütəllimov İlhamın, Qədirov Osmanın, Hüseynov Robikin, Həsənov İntizam və Məmmədova Həbibənin müəllimi olmuşdur. Bir çox idmançılar, həmçinin Ənvər Məmmədov, Vaqif Məmmədov və Əkbər Əkbərov onun yetirmələri olmuşlar. Muradxanov Murad onu yüksək mənəviyyatlı insan, müəllimlər müəllimi kimi səciyyələndirməkdə səhv etmir. Çünki rayonun bütün idmansevər ictimaiyyəti onu, əslində, elə bu cür tanıyır və hörmət edirdi.
R-nda idmançıların yetişməsində on illərlə idman müəllimi kimi çalışmış Mustafayev Ağaməhəmmədin də rolu az olmamışdır. Tağıyev Vüqar, Novruzov Ravil, Məmmədov Yafəs, Babayev Vaqif, Mürsəlov Sərdar və başqaları Ağaməhəmməd müəllimin yetirmələridir. Ali kateqoriyalı bu müəllim gəncliyində respublika əhəmiyyətli yarışlarda iştirak etmiş, I dərəcəli güləşçi, II dərəcəli üzgüçü olmuşdur.
Boks üzrə I dərəcəli hakim, bir sıra təltiflərə layiq görülmüş Muradxanov Murad 1975–1989 illər r-n idman komitəsinə rəhbərlik etmişdir. Bu illər ərzində voleybol, güləş, futbol, yüngül atletika və şahmat üzrə rayonun idmançıları müntəzəm olaraq respublika səviyyəli yarışlarda iştirak etmişlər. Təkcə milli nərd oyunu üzrə rayon idmançılarından Maqsudov Abdulməhəmməd, Muradov Qədəm və Mütəllimov Mütəllim – üçü birlikdə 8 dəfə respublika çempionu olmuşlar ki, bu da Murad müəllimin rəhbərliyi dövrünə təsadüf edir.
R-nda Yusif Abdullayev, Mahmudov Saab, Kərimov Ağakərim kimi idman müəllimlərinin əməyini də anmaq yerinə düşərdi. Bu idman müəllimləri də idmanın bu və ya digər sahələri üzrə dərəcəli idmançı olmuş, çoxlu idmançılar yetirmişlər. İdman müəllimlərindən Salahov Abbasağa, Mütəllimov İlham, Məmmədov Yafəs, respublika dərəcəli hakim Mütəllimov İlham və başqaları orta məktəblərdə güclü idmançıların hazırlanmasında səylərini əsirgəməmişlər. Bu gün ölkəmizdə idmana, Olimpiya hərəkatına verilən diqqət Göyçay idmanına da müsbət təsir göstərir. 2020 ilin payızında müzəffər ordumuzun “dəmir yumruğu” ilə yağı düşmənin darmadağın edilməsi və tarixi qələbəmiz idmançılarımızı da yeni qələbələrə ruhlandırdı və bu gün Göyçay idmanı da təhsilimiz, səhiyyəmiz, mədəniyyətimiz, iqtisadiyyatımız kimi inkişaf yolundadır.
Ədəbiyyat:
1. Əhmədov H. XIX əsr Azərbaycan məktəbi, Bakı: Maarif, 1985, s. 9, 10, 12, 34, 36.
2. Süleymanov E.S., Həsirov B.M. Hacı Rəhim Əfəndi. Bakı. 1993, səh. 17-18.
3. H.Əhmədov. XIX əsr Azərbaycan məktəbi, s. 85.
4. Yenə orada, s. 105.
5. Yenə orada, səh. 121.
6. H.Əhmədov. XIX əsr Azərbaycan məktəbi, s. 187.
7. E.S.Süleymanov, B.M.Nəsirov, “Hacı Rəhim Əfəndi”, s. 25.
8. Göyçay arxivi, iş N-3, 7, 12, səh. 63, 115, 246, 1938 il.
9. Yenə orada, iş N-11, səh. 138, 148, 1940 il.
10. Göyçay arxivi, iş N-159, s. 205, 1964 il.
11. Göyçay arxivi, iş N-140, s. 286, 1961 il.
12. Göyçay arxivi, iş N-20, səh. 104, 1944-cü il.
13. “Azərbaycan müəllimi” qəzeti, 19 aprel 1959 il.
14. “Azərbaycan məktəbi” jurnalı, N-2, 1956.
15. “Göyçay arxivi”, iş N-59, səh. 132, 1952.
16. ASE, VI cild, Bakı 1982, səh. 110.
17. “Kommunist” qəzeti, 5 oktyabr, 1963.
18. “Народное образование”, 1970, N-12.
19. S.Quliyev. Şagirdlərdə düzlük və doğruçuluq tərbiyəsi, Bakı: Maarif, 1967.
20. V.Məmmədov. Muğam, söz, ifaçı, Bakı: İşıq, 1981.
21. S.Quliyevin eyniadlı kitabı; “Azərbaycan müəllimi”, 14 fevral 1965 il. R-n qəzetində üç dəfə haqqında məqalə yazılıb.
22. “Maarifçilik”, 30 oktyabr 1996 il, “Göyçay” qəzeti.
23. Sokolov İ.S. Xalqla birlikdə, Bakı: Birləşmiş nəşriyyat, 1956, səh.24.
24. Yenə orada.
25. Göyçay rayon arxivi, iş N-320, səh. 5, 1978.
26. ASE, VI, 1982, səh. 110.
27. İ.S.Sokolov. Xalqla birlikdə. “Birləşmiş nəşriyyat”, Bakı, 1956, səh. 11.
28. Yenə orada, səh. 15-16.
29. Ş.Kərimov. Rəşid pəhləvan. – Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1987, səh. 142
Əkbər Əliyev (Əkbər Əlioğlu),
filologiya ü.f.d.