12 oktyabr 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan Gülüstan sülh müqaviləsinə uyğun olaraq Arazdan şimaldakı xanlıqlar Naxçıvan və İrəvan istisna olmaqla Rusiya tərəfindən ilhaq edildi. Beləliklə, Azərbaycanın parçalanmasının və ermənilərin Azərbaycan ərazisinə köçürülməsinin əsası qoyuldu. Bu tarixin 203-cü ildönümü ərəfəsində “Kvartet” rubrikasında tarix üzrə fəlsəfə doktorları, respublika dövlət mükafatı laureatları Güntəkin Nəcəfli və İradə Məmmədova ilə görüşdük.
Gündüz Nəsibov: Gülüstan müqaviləsi birinci Rusiya-İran müharibəsinin (1804-1813) məntiqi yekunudur. Həmin ərəfədə Rusiya İsveç, Türkiyə və Fransa ilə müharibə aparırdı. Qafqazda daha bir cəbhənin açılması rusların nəyinə lazım idi?
İradə Məmmədova: Rusiyanı buna məcbur edən səbəblər var idi. Birinci səbəb elə İran idi. Həmin dövrdə Qacarlar və Türkiyə müttəfiq idi. Elə Rusiya da sonrakı dövrdə onların arasını vurmaq üçün çox çalışmışdı. Rusiya Qacarları təkləmək istəyirdi ki, Türkiyə ona yardım etməsin. Ona görə də burada daha çox Qacarların müharibəyə başlamağa səbəbləri var idi.
Güntəkin Nəcəfli: Bir yanaşma da qeyd edim ki, Rusiya siyasətində ən mühüm amillərdən biri onun isti dənizlərə yiyələnmək istəyi idi. Bu, I Pyotr tərəfindən əsası qoyulan siyasət idi və II Yekaterina bunu edə bilmədi. 1782-ci ildə Xəzər dənizinə çıxmaq üçün Voynoviçin rəhbərliyi ilə eskadra göndərildi. Ardınca 1796-cı ildə Zubovun yürüşünə Qacarlar imkan vermədi. Beləcə bu siyasət yerinə yetirilmədi. Sanki Rusiyanın xarici siyasəti yarımçıq qalmışdı. Qacarlar isə müharibəyə Gəncənin ruslar tərəfindən işğalından sonra, 1804-cü ildə başladılar. Buna qədər isə 1801-ci ildə Şərqi Gürcütan Rusiyaya birləşdirilmişdi. Sonra Car-Balakən də ilhaq olundu. Yəni Rusiya-İran müharibəsi başlananda Rusiya yetərincə irəliləmişdi və sərhədləri artıq Qarabağ xanlığına gəlib çatmışdı. Hətta Rtişşev sülh müqaviləsinin nə üçün Gülüstanda bağlandığını belə izah etmişdi ki, bura artıq Rusiya və İran sərhədinin mərkəzidir. Bir sözlə, bu müharibə və bağlanmış sülh müqaviləsi I Pyotrunun siyasətinin davamı idi.
Gündüz Nəsibov: Bəzi Rusiya tarixçiləri qeyd edirlər ki, Rusiyanı bu müharibəyə gürcülər təhrik etmişdilər.
İradə Məmmədova: Güntəkin xanımın dediyi kimi, əsas məsələ isti dənizlərə çıxmaq idi. Bunun üçün birinci mərhələ isə Gürcüstanın ilhaqı idi. Heç də Gürcüstan müharibəyə təhrik etməmişdi. Əksinə, Rusiyanın planında birinci mərhələ Gürcüstanın ilhaq olunmasından ibarətdi.
Gündüz Nəsibov: Kürəkçay müqaviləsi imzalanarkən, Rusiya faktiki olaraq Qarabağ və Şəki xanlıqlarını tərəf kimi tanıyırdı. Bəs Gülüstan müqaviləsinin imzalanmasında nə üçün xanlıqların nümayəndələri iştirak etmirdilər?
İradə Məmmədova: Kürəkçay müqaviləsi xanlıqlarla Rusiya arasında bağlanmışdı.
Gündüz Nəsibov: Amma Gülüstan müqaviləsi də xanlıqların müqəddəratını həll edirdi.
İradə Məmmədova: Gülüstan müqaviləsi ilə Rusiya müharibəni udmuş, əraziləri ələ keçirmiş və gəlib artıq Araz çayına dirənmişdi. “İranın ürəyinə gedən qapı” adlandırılan Lənkəran qalası tutulmuşdu. Xanlıqların ərazisi işğal olunmuşdu, bundan sonra nə üçün xanlıqları müqavilə imzalamağa dəvət etməli idi? Lənkəranın Zuvan, Nəmin və Kərganrud əyalətləri Qacarlar tərəfdə qalır. Yəni bütövlükdə Lənkəran xanlığını işğal eləmir. Və Lənkəran xanlığı tərəfdə sərhədlər dəqiqləşdirilməmişdi. Buna görə də kapitan Veselov qarşı tərəflə danışıqlara Mir Mustafa xanı da aparıb. Rtişşev də buna görə çox qəzəblənib. Bildirirdi ki, sən ona imkan vermisən ki, belə bir söhbətdə xanın da iştirak edə biləcəyini düşünsün.
Güntəkin Nəcəfli: Rusiya tərəfi Azərbaycan xanlıqlarına müstəqil tərəf kimi baxmırdı. Rusiya xanlıqları İranın tərkib hissəsi kimi görürdü. Mənim az öncə Rtişşevin dilindən səsləndirdiyim ifadə də bunu təsdiq edir. Halbuki 1795-ci ildə Qacarın yaratdığı dövlətin tərkibinə Arazdan şimaldakı torpaqlar daxil deyildi. Zubovun 1796-cı ildəki yürüşü dövründə də bu ərazilər Azərbaycan xanlıqları kimi gedir. Rusiya Hərbi Tarixi Arxivinin sənədlərində də bu ərazilər Azərbaycan xanlıqları adlanır. Amma Rusiya danışılan dövrdə bu xanlıqlara İranın tərkibində baxırdı. Hərçənd ki, Kürəkçay müqaviləsi üç xanlığın hər biri ilə ayrı-ayrılıqda bağlanmışdı. Gülüstan müqaviləsi bağlananda isə heç bir xanlığın nümayəndəsi dəvət olunmadı.
İradə Məmmədova: Gülüstan müqaviləsinin bağlanması ilə əlaqədar danışıqlar gedəndə Lənkəranla bağlı bəndlər çox böyük mübahisələrə səbəb olur. Orada hətta məsələ qalxır ki, bəlkə Lənkəranı hər iki tərəfin himayəsi altında neytral elan etsinlər. Rtişşev buna razılıq vermir. Deyir ki, belə olan halda o, əvvəla iki ölkə arasında mübahisələrə səbəb olacaq, ikincisi isə İrana meyl edəcək.
Gündüz Nəsibov: Yəni Lənkəran xanlığı Rusiyanın tərkibinə tamamilə daxil olmadı.
İradə Məmmədova: Xeyr. M.İlinski bacısını qaçırmaq, xəzinəsini, sarayını qarət etdirməklə Mir Həsən xanı İrana qaçmağa məcbur etmişdi. Qısa bir müddət ərzində 1826-cı il üsyanına kimi İran ərazisində qalanda da o, oradakı ərazilərin xanı hesab olunurdu. Qacar sarayı, Ərdəbil xanı ilə qohum idi. Hətta qaçırılan qızı da Abbas Mirzəyə nişanlı idi. Amma bu qədər əlaqələrə rəğmən nədənsə bizim tarixşünaslıqda Lənkəran xanlığını yanlış olaraq Rusiyapərəst adlandırırlar.
Fuad Babayev: Gülüstan və Türkmənçay sülh müqavilələri mövzusunun tarixçilərimiz tərəfindən kütləviləşdirilməsi cəhdlərini necə dəyərləndirirsiniz? Bizdə belə bir təsəvvür ki, tarixçilər elə özlərinin başa düşə biləcəyi dildə və müstəvidə, konfranslarda çıxışlar edirlər, kitablar, məqalələr yazırlar, amma mövzunun populyarlaşdırılması məsələsi axsayır. Bu məsələni necə qiymətləndirirsiniz?
Güntəkin Nəcəfli: Həqiqətən də biz dediyiniz kimi konfranslarda çıxışlar edirik və bu yalnız tarixçilər üçün maraqlı ola bilər. Qeyri peşə sahibləri üçün isə bu, maraqlı deyil. Məsələn, biz sizin saytınıza giririk, ora hökmən rəngli şəkillər, xəritələr qoyulur. Söhbət də mürəkkəb dildən çıxır və camaatın anladığı dildə verilir.
Fuad Babayev: Tarixçilərin “kontakt”a getməmələrindən, sosial şəbəkədə fəal olmamalarından gileylənənlər çoxdur. Alim bir ildən sonrakı konfransa hazırlaşır, jurnalist isə baxır ki, Gülüstan sülh müqaviləsinin ildönümüdür və ona material elə həmin dəqiqə lazımdır.
İradə Məmmədova: Elə pisi odur ki, jurnalist tapa bildiyi adamdan informasiya alır, amma onun mövzunu nə qədər bildiyinin fərqinə varmır. Mənim xoşuma gələn o oldu ki, siz iki nəfər dəvət etmisiniz və biz bu problemi bilən insanlarıq. Güntəkin xanım bunun erməni məsələsini araşdırıb, məndə də çoxlu faktlar var. Hətta kitabımda yazana kimi də bilmirdilər ki, belə məsələlər var imiş. Məsələn, Kotlyarevskinin qalanı təslim etmək tələbinə cavab olaraq Sadıq xan Qacar bildirib ki, “bəs sizin İncilinizdə yazılmayıbmı ki, qılınc qaldıran öz qılıncından ölər?” Maraqlıdır ki, Qacar nəslindən olan komandan 150 il əvvəli görür. Deyir “ölkəniz bu qədərmi dardır ki, özünüzə genişlik axtarırsınız. 2000 verst uzaqlıqdan gəlib, bizi qan tökməkdə günahlandırırsınız. Çarınızın acgözlüyünün nəticəsi olaraq əsgərləriniz ayağa qalxıb, çarı devirəcək və qonşu dövlətlərə və xalqlara qarşı qəddarlıq etdiklərinə görə, onların nəsillərinin izi də qalmayacaq”.
Fuad Babayev: Həqiqətən də elə bil ki, Romanovlar sülaləsinin 100 il sonrasını görüb.
İradə Məmmədova: Həm də deyir ki, “əgər Azərbaycan xanları uzaqgörən olsaydılar, heç vaxt siz rusların köləsinə çevrilməzdilər”. Mustafa xanı da onların yanında olduğu üçün “plebey” adlandırır.
Fuad Babayev: Tarixi mövzular son vaxtlar qalmaqalla gündəmə gəlməyə başlayıb.
İradə Məmmədova: Bu, jurnalistlərin işidir. Jurnalistlər sensasiya axtarışındadır.
Güntəkin Nəcəfli: Tarixi şəxsiyyətlərimizə qara yaxmağa başlayıblar.
Fuad Babayev: İndi sosial şəbəkələr güclənib. Və bunun üçün xüsusilə Facebook-un imkanlarından yararlanırlar. Əməlli-başlı söz duelləri yaşanır. Tarixi təftiş cəhdləri olur. Sizə elə gəlmir ki, bu, ona görə yaşanır ki, tarixçi alimlər sanki tarixin populyarizasiyası üçün siqnal gözləyirlər.
İradə Məmmədova: Gülüstan müqaviləsi ilə bağlı bayağı şeylər yazırlar. Jurnalistlər bu müqavilənin fərqli, öyrənilməyən cəhətlərini gəlib tarixçilərdən öyrənirlərmi? Məsələn, mənim 2008-ci ildə “Voprosı istorii” jurnalında Gülüstan müqaviləsinin gec ratifikasiyası haqqında məqaləm çıxıb. Bir nəfər gəlib soruşubmu ki, bunu daha sadə dildə oxucuya necə çatdırmaq olar? Güntəkin xanımla mən 2009-cu ildən arxivlərdə işləmişik. Mən rus arxivlərində, Güntəkin xanım isə alman arxivlərində araşdırma aparmışıq. Hərəmiz bir neçə dil bilirik. Bir nəfər gəlib sadə dillə bizdən müsahibə alıbmı?
Fuad Babayev: Dediniz ki, məqaləniz “Voprosı istorii” jurnalında çıxıb. Orta statistik jurnalistin həmin jurnala çıxışı varmı?
İradə Məmmədova: Kitabım çıxıb, kitabımda var. Gülüstan müqaviləsinin orijinalı da orada var. Həm də sadə dildə yazılıb. Heç olmasa, oradan oxusunlar.
Gündüz Nəsibov: Həmin o jurnalistlərin bəziləri də yazırlar ki, Gülüstan müqaviləsi bizim müstəqillik yolumuzu açıb. Yəni SSRİ dağıldı və onun tərkibindəki Azərbaycan əraziləri müstəqillik qazandı, İranın tərkibindəki cənub ərazilər isə bu imkandan məhrum oldu. Doğrudanmı Gülüstan müqaviləsi müstəqilliyə doğru yolumuzu açdı?
Güntəkin Nəcəfli: Mən bu fikirlə qətiyyən razı deyiləm. Çünki Gülüstan müqaviləsi rəsmən bizim parçalanmağımızın əsasını qoyan sənəddir. Düzdür, bu müqavilə tez bir zamanda, Türkmənçay müqaviləsinin imzalanması ilə qüvvədən düşdü. Gülüstan müqaviləsi ilə Naxçıvan və İrəvan istisna olmaqla neçə Azərbaycan xanlığı birləşdi? 3-cü bənddə bu xanlıqların adı qeyd olunur. Lakin Gülüstan müqaviləsində işğal olunan Azərbaycan xanlıqları olsa da, bir dəfə də Azərbaycan adı çəkilmir. Bu baxımdan da Gülüstan tariximiz üçün alçaldıcı müqavilədir. Halbuki Hərb Tarixi Arxivindən gətirdiyim əvvəlki dövrə dair sənədlərdə “Azərbaycan xanlıqları”, “Azərbaycan qoşunu” ifadələri dəfələrlə təkrar olunur. Gülüstan müqaviləsi parçalanmağımızın başlanğıcı oldu. Sonrakı dövrdə isə müstəmləkə rejimi, soyqırımlar, deportasiyalar, Azərbaycan ərazisində erməni dövlətinin qurulması və daha nələr-nələr oldu. Bunların hamısı Gülüstandan başlandı.
İradə Məmmədova: Güntəkin xanımın fikrinə yüz faiz qatılıram. Tarix ehtimallar əsasında qurula bilməz. Əgər ruslar Azərbaycan ərazisini tutmasaydılar, bəlkə bu xanlıqlar Türkiyə ilə birləşəcəkdi? Hər bir şəxsiyyət tarixin gedişini dəyişə bilər. Sənədlərə baxın, görün nələr baş verib. Komendant o qədər yolunu azıb ki, xanın bacısını oğurlayıb, özünə arvad edir, mülkünü ələ keçirir. Yaxud çay balıqla dolu olduğuna baxmayaraq, kilsənin qərarına əsasən, onun tutulmasına icazə verilmir. Mənə görə, Gülüstan müqaviləsi faciəmizin başlanğıcıdır, Azərbaycanın bölünməsidir. İnsanların kütləvi şəkildə qırılması, erməni dövlətinin yaranmasına gətirib çıxaran amildir. Və həmin Ermənistan indi Qafqazda sülhü sarsıdan əsas dövlətdir.
Fuad Babayev: Gülüstan sülh müqaviləsi rus və ingilis qarşıdurmasının təzahürü kimi də verilir. Çünki burada Hindistan amili var idi.
İradə Məmmədova: Artıq 1801-ci ildə bu plan var idi ki, Napoleon Rusiyadan keçib Hindistana gedəcək. Napoleonu ruslar da dəstəkləyirdi. İngilislər isə İranı müdafiə edirdi.
Fuad Babayev: Hətta belə bir fərziyyə var ki, buna görə ingilislər Paveli aradan götürüblər. I Aleksandr isə həmin siyasəti dayandırır. İndi Jirinovskinin də leksikonunda var ki, rus əsgərləri çəkmələrini Hind Okeanında yumalıdırlar. Ona görə də hadisələrə yalnız rus-fars qarşıdurması kontekstində baxılmamalıdır.
İradə Məmmədova: Həmin dövrdə Fransa daha çox Rusiya ilə əlaqələr qururdu, ingilislər isə daha çox Qacarları dəstəkləyirdi. Hətta ingilislər əvvəlcə Gülüstan müqaviləsini imzalamağa qoymurdular. Bu məqsədlə hətta Qoravelli də gəlmişdi. Sonradan ingilislər fikrini dəyişdi, amma bu dəfə Fətəli şah imzalamaq istəmirdi. Amma Xorasanda problem meydana çıxandan sonra imzalamaq məcburiyyətində qaldı.
Fuad Babayev: Elə 1945-ci ildə də sovet qoşunları Qərbin təzyiqi ilə İran ərazisindən çıxarıldı.
İradə Məmmədova: Bu bir daha göstərir ki, İran ingilislərin təsir dairəsinə daxil idi. Məncə bir amil də var idi ki, nə rusa, nə ingilisə, nə də fransıza Türkiyənin yaxınlığında böyük Azərbaycan sərf eləmir.
Güntəkin Nəcəfli: Ümumiyyətlə, ikinsi Rusiya-İran müharibəsənin başlanmasının da səbəbkarı İngiltərə idi. Maliyyə yardımı vədi ilə dəfələrlə İranı müharibəyə başlamağa şirnikləndirirdi. Gülüstan müqaviləsinin açılmayan cəhətlərindən biri də o idi ki, Qacarlar tərəfindən onu imzalamağa Mirzə Əbülhəsən xan Şirazinin rəhbərliyi ilə 354 nəfərlik nümayəndə gəlmişdi. Onların arasında Ser Qor Uzelinin rəhbərlik etdiyi ingilis nümayəndələr də var idi. Hətta o müqaviləni Mirzə Əbülhəsən xana diktə edirdi. Orada 11-ci bənd əlavə olunur ki, İran istənilən vaxt bu müqaviləyə yenidən baxa bilər. Çar bundan xəbər tutanda çox əsəbiləşmişdi. Çünki Fransanı məğlub edən Rusiya müqavilə bağlamağa tələsmirdi. Bu müqavilənin imzalanmasında ingilislərin böyük təsiri var.
İradə Məmmədova: Maraqlı bir hadisə də olmuşdu. Müqavilə Sankt-Peterburqda ratifikasiya olunanda məlum oldu ki, Gəncə və Qarabağ xanlıqlarının adı sənəddə yoxdur. Təzədən sənəd geri qaytarıldı. Ümumiyyətlə, Gülüstan müqaviləsi gec ratifikasiya olunub – 1818-ci ildə.
Fuad Babayev: Nəticə etibarilə Gülüstan və Türkmənçay müqavilələri böyük anlamda Moskva və Tehran arasında bağlanmış sazişlərdir. Bu sənədlərin öyrənilməsi ilə bağlı Rusiya və İran tarixşünaslığında ziddiyyətlər özünü nədə göstərir?
Güntəkin Nəcəfli: Rus tarixçiləri bu müharibələrə qalibiyyətli müharibələr kimi baxırlar. Və zəfər kimi də təbliğ edirlər. Ən pisi isə odur ki, bu müharibələrdə Azərbaycan torpaqları işğal olunsa da, bir dəfə də Azərbaycan adı çəkilmir. Hətta Gəncə xanlığından danışanda, “Yelizavetpol adlandırdığımız ərazi”, deyə qeyd edirlər. İran tarixçiləri isə Rusiyanın ünvanına aşağılayıcı ifadələr işlədir və vurğulayırlar ki, bu ərazilər İranın idi. İran tarixçiləri də bu ərazinin Azərbaycan torpağı, yaşayanların azərbaycanlılar olduğunu qeyd etmirlər. Abbas Mirzə Qacarı çox öyürlər. Sanki bir Abbas Mirzə kultu var. Bir dəfə də yazmırlar ki, bu müharibəni uduzublar. Rusiyanın qələbəsini qəbul etmirlər.
İradə Məmmədova: I Pyotr Xəzərsahili əraziləri tutandan sonra Rusiya bu ərazini özününkü hesab etdiyi kimi, İran da xanlıqları görməməzliyə vurur. Danışıqlarda da hansı xanın neçə il onlara xidmət etdiyini deyirlər. Bir dəfə də Azərbaycan adı çəkilmir. Bax, bu hər iki dövlətin mövqeyini birləşdirir.
Fuad Babayev: Amma hər halda Gülüstan müqaviləsi rusların qələbəsinin göstəricisidir.
İradə Məmmədova: Ruslar gəlib çıxmışdılar Araz sahilinə. Bayraməlibəyin əlyazmalarında var ki, Aslanduz döyüşündə qalanın komendantına təslim olmaq təklif edilir və bildirilir ki, “sən Abbas Mirzədən güclü sərkərdə deyilsən ki, Kotlyarevski onun 30.000 nəfərlik qoşununa 2.000 nəfərlə qalib gəldi”. O da cavab verir ki, “yalan deyirsiniz, 30.000 nəfərlik qoşunun 10.000-i sizin tərəfinizə keçdi, amma siz həmin 10.000 nəfərin 500-nü əsir kimi saxlayıb, qalanlarını qırdınız, bu da xainlərə cavab oldu. İndi hansı insanlıqdan danışırsınız?”. Həqiqətən də Abbas Mirzənin qoşunu çox olub, amma mərkəzdə duran sərbaz ruslara satılır. Doğrudan da ruslar bu müharibədə qələbə qazanmışdılar. Əgər İran qalib gəlsə idi, ruslar gəlib Araza çıxmamalı idilər.
Hazırladı: Gündüz Nəsibov, 1905.az
18 oktyabr, 2016-cı il