Mən, Qafqazlı Gülər, Bakı şəhəri görkəmli dramaturqumuz Hüseyn Cavidin adını daşıyan 132 saylı ərəb təmayüllü məktəbdə 1986-1996-cı illərdə orta təhsilimi almışam.
Mənim ilk müəlliməm Rəhimə Məmmədova olmuşdur. Rəhimə müəllimə, hər ay bizi muzeylərə, teatra aparır, bizim dünyagörüşümüzün formalaşması üçün müxtəlif ekskursiyalar təşkil edirdi. Sinifdə böyük tənəffüs zamanı hamımıza evdən təmiz ağ süfrə gətirməyi tapşırmışdı. Böyük tənəffüsdə bütün sinif uşaqları həmin kiçik ağ süfrəni qarşımıza sərir və evdən gətirdiyimiz meyvə, buterbrodu yeyirdik. O, bizə ilk günlərimizdən səliqəli olmağı, süfrə mədəniyyətini, yanımızda əyləşən sinif yoldaşımızla yeməyimizi bölüşməyi öyrətmişdi. Rəhimə müəllimə, bizim bütün sinif uşaqlarımızın eyni olması üçün xüsusi forma, eyni qələm, eyni dəftər sifariş etdirmişdi. Bizim sinif uşaqları digər sinif uşaqlarından seçilirdi. Məktəbdə keçirilən bütün tədbirlərdə bizim sinif iştirak edirdi. Bu ənənə yuxarı siniflərdə də davam etdirildi.
Bizə 2-ci sinifdən ərəb dili dərsi tədris olunmağa başlamışdı və mənim ilk ərəb dili müəlliməm, mənə ərəb dilini sevdirən və ən sonda Şərqşünaslıq fakültəsinin ərəb dili bölümümü seçməkdə maraq oyadan Əminə müəllimə olmuşdur. Əminə müəllimə, hərdən çox ciddi, hərdən də o qədər nəvazişlə bizə yanaşırdı və bizim hər birimizin başını sığallayardı (hətta bizi qucaqlayıb öpərdi). İlk dəfə Əminə müəllimə bizim sinifə canlı ərəb dili eşitməyimiz üçün bir ərəb müəllimi gətirmişdi. Əminə müəllimənin sayəsində ərəb dilində yeganə bizim qrup məktəbdə səhnəcik göstərmişdi.
Yuxarı siniflərdə hər kəsin ən çox çəkindiyi və qorxduğu riyaziyyat müəllimi Şövkət müəllimə bizə dərs demişdir. Amma mən o qədər riyaziyyat fənnini sevirdim ki, hər kəsi vahiməyə salan Şövkət müəllimə mənim sevimli müəllimlər siyahımda idi. Eləcə də hər kəsin çəkindiyi və çox ciddi olan fizika müəllimim Əhəd müəllimi də çox istəyirdim. Əhəd müəllim, bizim dərsi daha yaxşı qavramağımız üçün maraqlı reaksiyalar keçirərdi. Biz sinif otağında mümkün olan fiziki hadisələri öz gözlərimiz ilə görərdik və sanki balaca dünyamız bu biliklərlə daha da genişlənər və yaddaşımıza əbədi həkk olunardı.
Ciddiyyəti ilə hər kəsi çəkindirən və eyni zamanda bir çox şagırdlərin sevimlisi olan biologiya müəlliməmiz Tofiqə müəlliməni də qeyd etmək istərdim. Tofiqə müəllimə dərslə yanaşı bizə gələcək həyat dərsi də keçirdi. Dərs zamanı “ağ ciyər olma!”, “ürəyim düşdü!”, “ürəyimdən qara qanlar axır!” və s. bu kimi el arasında işlənən ibarələrin mənasını da elmi şəkildə açıqlayırdı.
Səmimiyyəti ilə seçilən ədəbiyyat müəlliməm Rəfiqə müəllimə məktəbimizdə “zavuç” olmasına baxmayaraq hər zaman dərsini deməyə də özünü sinif otağına çatdırardı. Rəfiqə müəllimə incə ruhlu, ədəbiyyatı ürəkdən sevən, ana dilimizin qrammatikasını bizə dərindən öyrədən bir xanım idi. Yadımdadır, bir dəfə xəstələnmişdi, məktəbə gələ bilmirdi, bizim sinif rəhbərimiz Tahirə müəllimə bütün sinif uşaqlarını toplayıb xəstə müəlliməmizin ziyarətinə apardı. Biz müəlliməmizi evində ziyarət etdik və buna o qədər sevinmişdik ki..
Bütün şagirdlərin sevimlisi olan rus dilindən Nüşabə müəllimə, ingilis dilindən Cəmilə müəllimə, coğrafiyadan Oltema müəllimə, botanikadan Elmira müəllimə, rəsmdən Validə müəllimə, bədən tərbiyəsi fənnindən Tofiq müəllim, Akif müəllim və Tamella müəllimə, kimyadan Əşrəf müəllim və adlarının hamısını sadalaya bilmədiyim digər müəllimlərim də vardır.
Bir az əmək dərsi haqqında xatirələrimi bölüşmək istərdim. Əmək dərsində biz tikiş tikməyi, toxumağı öyrətmişdilər. 134 saylı məktəbdə qızlar əmək dərsində yemək bişirdiklərini söylədilər, biz buna çox təəccüblənmişdik. Çünki bizim məktəbdə qaz plitəsi yox idi və bu uşaqların təhlükəsizliyi üçün daha münasib görülmüşdü. Əmək dərsində Səlimə müəlliməmiz bizim əl işlərimizin o zaman qaçqın və məcburi köçkün ailələrinə veriləcəyini bildirmişdi. Bu səbəbdən də biz qızlar bacardığımızı hazırlayıb həmin sərgiyə və yardıma göndərmişdik. Bir az çətin zamanlar idi və hər kəs əlindən gələn köməkliyi etməyə çalışırdı.
Nəhayət, bizim sinif rəhbərimiz Tahirə müəllimə haqqında da öz fikirlərini qeyd etmək istərdim. Tahirə müəllimə bizim digər yarım qrupumuza ərəb dili dərsini tədris edirdi, amma bununla belə, daim sinifimizlə maraqlanırdı. Sinifimizdə baş verən hər-hansı uşaq konfliktlərini həll edir, bizə ana tövsiyəsi verirdi. Sinifimizdə bayram şənlikləri təşkil etməyimizə köməklik edirdi və daim bizi öz nəzarətində saxlayırdı.
Demək olar ki, bizim oxuduğumuz məktəb illəri müasir dövrdən fərqlənirdi. Müəllimlərimizin hər biri bizə qayğı ilə yanaşır, bizə nəisə öyrətməyə çalışır, eyni zamanda ciddiyyətliklərini də qoruyurdular. Sinifimizin əksər şagırdləri oxuyan idi, çünki bizim canımızda müəllimdən bir qorxu, çəkingənlik hissi var idi. Eyni zamanda da müəllimlərimizə qarşı böyük hörmət və məhəbbət hissi bəsləyirdik. Bəzi dərsləri böyük maraqla dinləyirdik, sevirdik və ən əsası sinif uşaqlarımızdan da ayrılmaq istəmirdik. Çox mehriban bir sinfimiz olub. Bəzən indi də sinif uşaqları ilə bir yerə yığışdıqda məktəb günlərimizi və müəllimlərimizi yada salırıq.
Mənə hərdən elə gəlir ki, bizim məktəbdə seçmə və güclü müəllimlər dərs deyiblər. Bugünki nailiyyətlərimə görə onların hamısına minnətdaram. Düzdür, bəziləri artıq dünyasını dəyişib, Allah onlara rəhmət eləsin! Qalan müəllimlərimə də can sağlığı arzulayıram!