1905.az portalının suallarını tanınmış jurnalist Güldəstə Nəsib cavablandırır.
– Torpaqlarımız işğal altındadır. Amma bu fakt musiqimizə, ədəbiyyyatımıza öz möhürünü vura bilməyib. Hər halda mənə elə gəlir. Və dəmir-beton “nə etmək olar, bir dəfə yaşayırıq” məntiqi az qala bütün ruhumuza hakim kəsilib. Hamı öz işindədir. Belə çıxır ki, unudulur Qarabağ yavaş-yavaş?
– Nə ağrılı bir məsələyə toxunduz. Doğrudan da, işğal günləri istisna olmaqla digər günlərdə nə mətbuatda, nə ədəbiyyatda, nə efirdə, nə də gündəlik həyatımızın digər sahələrində Qarabağ itkisi, müharibə mövzusu yada düşmür.
Qınamayın məni, hərdən fikirləşirəm ki, indiki halda Qarabağ mövzusu bu məmləkətdə çoxuna divident qazanmaqçün lazımdı. Adında “Qarabağ” sözü olan nə qədər təşkilat var. Amma Qarabağı qaytarmaq, qaçqın, köçkün dərdini ovundurmaq üçün onların heç biri çeçələ barmaq boyda da iş görməyib. Qol çırmayıb iş görənlər olmasa da, Qarabağ adını, qaçqın kəlməsini başının üstündə bayraq eləyənlər nə qədər desən. Bir -iki əsəri saymasaq, müharibə acısı öz eqosunun əsirinə çevrilmiş əxlaqsız təxəyyüllü “yazarlar”la dolub daşan ədəbiyyatımıza bu mövzunun tezliklə sirayət eləyəcəyinə dair bir işıq ucu görünmür, təəssüf ki.
– Medianın nə rolu var bu prosesdə? Daha doğrusu nə rolu ola bilər? Bir də bu “lazım gəlsə” məsələsini tirajlamaq utancgətirici bir işdir də, elə deyilmi?
– Biz şüarla danışmağı sevirik, bu gerçəyi dəyişə bilmərik. Bilirsiz, əslində bu məsələni sırf medianın üzərinə atıb da ondan xarüqələr yaratmasını gözləmək də doğru deyil. təbliğat hər yerdə aparılmalıdır. Hər səhər məktəbin qarşısında dövlət himnini ala-yarımçıq oxuyub sinifə daxil olmaq azdı, əzizlərim. Dərsliklərdə müharibə mövzusu quru statistikadan o yana keçmir. Uşaqlara müharibənin gerçək üzünü göstərmək, onları arzuladığımız ruhda böyüdə bolməmiz üçün sizcə bu yetərlimidir?
1993-cü ildə Fizuli işğal olunanda orda yaşayan bütün qohumlarımız didərgin düşdü. Biz müharibədən 500 km uzaqda – Bakıda yaşayırdıq. Amma inanın ki, onların ağrısı bizi də göynədirdi, getdik, hamısını bir-bir axtarıb tapdıq. Hərə bir yer tapıb yerləşmişdi. Sonra ucsuz-bucaqsıq bir çadır şəhərciyi salındı, biz orda da olduq, dözülməz şəraitdə yaşayan (çox şükür, indi o şəhərcik tarixə çevrilib) insanları gördük, ilk dəfə müharibənin dəhşətini yaxından hiss elədik. O vaxt mənim 21, digər bacı qardaşlarımın isə, 17, 13, 10 yaşları vardı. Bir qədər bundan əvvəl Bakıda doğulmuş 13 yaşlı qaçqın balasına deyirəm ki, “səni aparacam Qayıdışa, Zobcuğa”, mənə qayıdır ki, “ora ermənilərindi, getmirəm” . Bu dialoq mənə yaşadığımız həyatın acı reallığını bir daha başa saldı. Qarabağ savaşının başladığı 25 ildə apardığımız təbliğatın nəticəsidi bu.
Bir ay əvvəl Laçının işğal günüydü. Televiziyalardan birinin səhər proqramı əvvəldən sona qədər bu işğala həsr olunub. Qonaqlar bölgənin işğaldan əvvəlki gözəl günlərindən, orda qalan tarixi abidələrdən danışırlar. Qərəz, proqram sona yaxınlaşır, aparıcılar tamaşaçı ilə sağollaşırlar: “ Biz bu gün sizinlə tariximizin acı günlərin birinə nəzər saldıq. Bəli,22 il əvvəl Laçın rayonu erməni hərbi birləşmələri tərəfindən işğal olundu. Amma kədərlənməyə dəyməz, həyat davam edir…” İndi bu cümləni yazan redaktora və bu fikri milyonlara təbliğ eləyən aparıcıya nə deyəsən?
– Bir az da auditoriyadan danışaq. Orta statistik tamaşaçımız, oxucumuz, dinləyicimiz Qarabağ, bizlərə qarşı törədilmiş soyqırımlar, azərbaycanlıların məruz qaldıqları deportasiyalar barədə düşünməyə macal tapırmı?
-Yeniyetməlik illərimdə müharibədən bəhs edən əsərlər oxumağı, filmlərə baxmağı çox sevərdim. Bu əsərlər o qədər inandırıcı olurdu ki, günlərlə təsirindən çıxa bilmirdim. Hətta “İnsanın taleyi”ni oxuyanda bir-iki yerdə mənə elə gəldi ki, ürəyim döyünmür,dayanıb. O illərdə mən bu barədə çox düşünürdüm. Niyə rusların müharibə filmləri bu qədər təbii və inandırıcıdı? Gəldiyim qənaət bu idi ki, onlar müharibəni daha yaxından yaşayıblar. Müharibənin gətirdiyi fəlakətin miqyasını, ağırlığını görüblər. Müharibənin ilk illərində bu mövzuda yaranan poeziya nümunələri insanlara bir növ yaşamaq üçün stimul verirdi. “Müharibə ədəbiyyatı” Sovet nəsrinin ayrıca bir qoludu. İndi müqayisə edək, 25 ildir ərazisində müharibə gedən bir torpaqda yaşayırıq. Bu savaşın bizimçün nə olduğunu, özü ilə nələr gətirdiyini anladan nə qədər povest, roman yazılıb- üç, beş, on – bu qədərmi? Axı biz Aşağı Əskiparada, Ağdabanda yandırılan insan meyidlərini, yerlə yeksan olan Xocalıdakı donmuş körpələri gözümüzlə görmüşük, kimdənsə eşitməmişik. Bu hadisələri ədəbiyyata gətirməkçün bədii təsir vasitələrinə ehtiyac yoxdur, oxucunu haqlı tərəf olduğuna inandırmaq üçün gercəyi olduğu kimi yazmaq kifayətdi. Üstəlik, bu gün dünyanın yarıdan çoxu vaxtını kompüter arxasında keçirir, belə əsərləri internetdə yerləşdirib, (rusların günü bu gün də müharibə ədəbiyyatı adlı saytı var) dünyanın oxumasına nail olmaq lazımdı. Sözsüz ki, əvvəlcə bu əsərləri yazmaq lazımdı. Qarabağ həqiqətlərini dünyaya çatdıran bədii, sənədli filmlər ortaya çıxmalıdı. Bayaq dediyiniz “lazım gələrsə” müharibə haqqında yazacaq ssenaristlər, rejissorlar, operatorlar yetiştirən kurslar yaradılsın, ustad dərsləri təşkil edilsin. Bunlar qətiyyən utopik düşüncələr deyil, reallaşdırılması çox asan və məncə vacib işlərdi.
– Güldəstə xanımın yaradıcılıq planları varmı? Bir vaxtlar bu sualı hökmən verərdilər. Və belə bir təsəvvür də vardı ki, hər bir adamın hökmən planı olmalıdır. Yaradıcı adamın isə planı olmaya bilməzdi. İndi də belədir?
– Planlar haqqında bir söz deyə bilmərəm, çünki bəzən planları gerçəyə çevirə bilmirik; bizdən asılı olmayan səbəblərdən. Arzu isə hər zaman arzudu – toxunulmaz, dəyişməz. Mən qaçqınların içərisində tez-tez oluram- qohumlar, dostlar. Hər söhbətdə mütləq qoyub gəldikləri yurddan, kənddən danışırlar. Hərəsinin öz hekayəsi, öz faciəsi. Mən bu hekayələri bir kitabda toplamağı çox arzu edirəm, qismət olsa .
– İnşallah. Minnətdaram Sizə, Güldəstə xanım.
Fuad Babayev
1905.az