1905.az portalının suallarını “Naşir” jurnalının baş redaktoru Gülnar Məsimli cavablandırır.
– Gülnar xanım, Azərbaycan kitabının bu günü necə keçir?
– Bir az sakit, bir az hüznlü, bir az da çoşğulu (gülür). Bir gözündə kədər, bir gözündə gülüş var “kitablı” günlərimizin. Sürətlə qaçmasa da, hər halda addımlayır…
Təxminən bir ay olar ki, “Naşir” jurnalı və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Ən yaxşı şeir” müsabiqəsi elan edilib. Həmin layihədə gənclərdən tutmuş orta və yaşlı nəslin nümayəndələrinin həvəslə iştirakına nəzər salsam, sevindiricidir – deyə bilərəm. Nəsrə gəlincə, gənc yazarlarımızın ilbəil kitab çaplarının sayı artır. Yazmaq və yaratmaq istəyən çox gəncimiz var. Onların hansı səviyyədə olması başqa məsələdir. Amma, ümumən, maraq çoxdur.
Kitablarımızın bu gününə gəlincə, ümidverici olsa da, istədiyimiz səviyyədə deyil. Bunun da bəlli səbəbləri var. Xarici ölkələrdə sərgilər zamanı Azərbaycan kitablarına verilən dəyər gələcəyin daha çox ümidverici olacağından xəbər verir. Fikrimcə, bizdə kitab çapının peşəkar səviyyəsi xarici ölkələrdən geri qalmır. Bu yaxınlarda Türkiyədə, Əskişəhərdə Türk Dünyası naşirləri və yazarlarının böyük tədbiri – kitab sərgisi keçirildi. Azərbaycan bu kitab bayramında 5 nəşriyyatla təmsil olundu. Sərgi Avrasiya Yazarlar Birliyi və Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyi tərəfindən təşkil olunmuşdu. Naşirlərimiz tərəfindən təqdim olunan nəfis tərtibatlı kitablar iştirakçıların marağına səbəb oldu. Bu tədbirdə yüzə yaxın stend quruldu. Azərbaycan kitabı güşəsi həm peşəkar poliqrafik imkanlar, həm də maraqlı və rəngarəng mövzular baxımından bütün ölkələrinkindən seçilirdi. Əskişəhər valisi Güngör Azim Tuna və Avrasiya Yazarlar Birliyinin sədri Yakup Öməroğlu tərəfindən bizim nəşriyyatlara xüsusi diplom və mükafatlar verildi. Məhz bu mükafatlar kitablarımızın bu gününə verilən dəyərdi.
– Demək, vəziyyət ən azı ümidverici sayıla bilər. Bəs Azərbaycan kitabı ermənilərin bizlərə qarşı törətdikləri ilə bağlı həqiqətləri ictimailəşdirə bilibmi?
– Əlbəttə, “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-də hər il bu mövzuya aid xeyli kitab çap edilir. 2005-ci ildə nəşriyyatın məhsulu olan “Qarabağ” adlı kitab altı dildə çap olunaraq bir çox xarici ölkələrin kitabxanalarına, səlahiyyətli şəxslərinə göndərilib. Bu kitab Moskvada keçirilmiş MDB dövlətləri “Kitab sənəti” Beynəlxalq müsabiqəsinin qalibi olub. Hazırda bu istiqamətdə bir çox işlər görülməkdədir. AMEA-nın Tarix İnstitutunun bu yönümdə gerçəkləşdirdiyi layihələri, Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunan kitabları da sadalamaq yerinə düşər. Fərdi fəaliyyətə gəlincə, bir hadisəni qısaca danışmaq istərdim.
Bu yaxınlarda bir rəssamla müsahibə zamanı ona sual verdim ki, əsərlərinizdə Qarabağ mövzusuna müraciət etmisinizmi?
Cavabı məni qane etdi. Dedi ki, konkret hər hansı qanlı-qadalı hadisəni çəkməsəm də, əvəzində müxtəlif vasitələrlə Qarabağı xatırladıram və demək istəyirəm ki, bizimdir. Qarabağlı bir qız portretini, Qarabağ xalçasını Roma papasının otağında işləməklə (hansı ki, həmin şəkil hazırda Vatikan muzeyindədir) və s.
Məlumdur ki, yazıçılar tərəfindən də Qarabağ mövzusunda bir sıra kitablar yazılıb və nə yazılıbsa, bunu mütləq təqdir etmək lazımdır. Gənc yazarlarımız da bizim üçün ağrılı olan bu mövzuya mütəmadi toxunurlar. Tərcümə mərkəzinin üzərinə də böyük iş düşür. Əlbəttə, görülən işlərlə kifayətlənmək olmaz, daha çox və davamlı işlərin görülməsi labüddür.
– Bu günlərdə portalımıza illərdən bəri ABŞ-da çalışan soydaşımız Zərifə Musayeva müsahibə verdi. Müsahibədən kiçik bir hissəyə diqqət yetirək: “Azərbaycan dövləti olaraq sıravi Amerika vətəndaşlarını məlumatlandırmaq məqsədilə ölkədəki kitabxanalara nəfis tərtib edilmiş kitablar, subtitrli filmlər və digər digital məlumatlar bağışlamaq olar ki, onlar da bizim ölkəni tanısınlar. Mən özüm bir neçə ştatda yaşamışam və indiyə qədər ölkəmizlə bağlı heç bir nəşrə rast gəlməmişəm. Üz qabığında başıçalmalı bir kişi rəsmi olan kitabdan başqa”. Bu, əlbəttə, subyektiv fikirdir, amma mən özüm də, deyək ki, Sankt-Peterburqun ən mərkəzi Kitab evində nə qədər axtarsam da, bölmədə heç bir Azərbaycan kitabına rast gəlməmişəm. Biləcəri sərhəddindən o yanda Azərbaycan kitabı var?
– Qeyd etdiyiniz kimi bu sizin şəxsi fikrinizdir. Mən bu fikirlə razılaşa bilmərəm. Ən azından bu sahədən xəbərdar biri kimi onu deyə bilərəm ki, Beynəlxalq səviyyədə mükafat alan kitablarımız bu fikri birmənalı şəkildə təkzib edir. Yenə öz nəşriyyatımızdan misal gətirim ki, 2010-cu ildə “Təhsil” nəşriyyatının çap etdiyi Çingiz Əlioğlunun “Çərçivə” kitabı poliqrafiya tarixində, ilk dəfə olaraq, Moskva şəhərində keçirilən “Kitab Sənəti” müsabiqəsinin baş mükafatına – “Qran-Pri”yə layiq görülüb. Həmçinin bir sıra kitabları sadalamaq olar ki, Beynəlxalq səviyyəli mükafatlar alıblar. Qeyd edim ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə çap olunan kitablarımız Avropada tanınır, eləcə də Amerikaya göndərilir. Hər il yazarlarımızın xeyli kitabları xarici dillərə tərcümə olunur. Bu faktları axı necə inkar etmək olar? Düzdü, görülən işlərlə kifayətlənmək olmaz. Hazırda kitab sənətinə və poliqrafiya işinin yaxşılaşdırılmasına xidmət edəcək Dövlət proqramı da işlənilir. Düşünürəm ki, həmin proqramın qəbulu bu sahənin daha sürətli inkişafına təkan verməklə yanaşı, bu istiqamətdə daha gözəl işlərin görülməsinə də səbəb olacaq. Yaxın gələcəkdə daha səmərəli işlərin görüləcəyinə ümid edir və inanıram.
– İndi də “Naşir” haqqında danışaq. Jurnalınız sahə nəşrləri içərisində xüsusi seçilir.
– “Naşir” artıq ikinci yaşındadır. Qeyd edim ki, jurnal Azərbaycan Poliqrafçılar və Naşirlər Birliyinin mətbu orqanıdır. Jurnalı yaratmaqda əsas məqsədimiz son illərdə Azərbaycanın ümumi inkişafı fonunda sönük görünən kitabın ali nüfuzünun bərpa edilməsinə yardım və kitab mədəniyyətinin təbliği, oxucu zövqünün formalaşmasına kömək etməkdir. Həmçinin nəşriyyat-poliqrafiya müəssisələrinin işinin yüksəldilməsinə, ölkədə kitab yayımının artmasına təkan verməkdir. Jurnalımızın əsas vəzifəsi söz sənətinə, kitaba olan sevgini daha da artırmaq, Azərbaycan kitabının dünya miqyasında təbliğinə zəmin yaratmaqdır. Biz “Naşir”in həm poliqrafik, həm də mövzu baxımından peşəkarlıqla dərc olunması üçün əlimizdən gələni edirik. Bu günlərdə jurnalımızın yeddinci sayı işıq üzü görəcək. Jurnalımızda bir-birindən maraqlı rubrikalar daima oxucuların zövqünə xitab edir deyə düşünürəm. Hər sayda “Söz diridir”, “Qonağımız”, “Ağ-qara” (redaktəsiz), “Vərəqlərin söhbəti”, “Mən də varam”, “Deyincə sənət”, “Çərçivə” və s. daimi rubrikalar vasitəsilə oxucuların görüşünə gəlirik. Aqil və cahilin fərqinin elə oxuduğu kitabların mahiyyətindən irəli gəldiyini əsas götürərək düşünürəm ki, öhdəmizə götürdüyümüz bu məsuliyyətli işlə oxucularımıza dəyərli töhfə verəcəyik. Qeyd edim ki, jurnalımız bu il ilk mükafatını da aldı. Gənc Yazarlar Birliyi tərəfindən təşkil olunan, 5 iyun Şairlər gününə həsr olunan “Müşfiq” mükafatına layiq görüldü. Kollektivimiz adından bir daha təşkilatçılara təşəkkür edirəm.
– Necə bilirsiniz, “Naşir”in torpaqlarımızın əsarətdən qurtulacağı, ermənilərin yeniləcəyi gün çıxacağı sayı nə vaxt işıq üzü görəcək?
– Qarabağın işğaldan azad olacağı “Naşir”in neçənci sayına düşəcək deyə bilmərəm, amma onu deyə bilərəm ki, həmin zaman “Naşir” xüsusi buraxılışla və bayram əhvali-ruhiyyəsində oxucularının görüşünə gələcək. Ümid edək ki, bu bayram buraxılışı tezliklə olacaq.
Sonda demək istəyirəm ki, cəmiyyətimizin bəşəri və sağlam düşüncəli olmasını istəyiriksə, hökmən kitablarla dostluğumuzu daimi etməli və bu dostluğu möhkəm münasibətlər zəminində qurmalıyıq.
– Minnətdaram.
Fuad Babayev
1905.az