1905.az portalının müsahibi tanınmış jurnalist, “Azad Media İnstitutu”nun yaradıcısı Gülnaz Qənbərlidir.
– Gülnaz xanım, əvvəlcə media yolunuza nəzər salaq.
– Uşaq vaxtı “Göyərçin”, “Pioner” jurnallarına yazanda jurnalistika nədir, bilmirdim. Həm uşaq idim, həm də atam istəmirdi jurnalist olam. Orta məktəbi bitirdim, hüquq fakültəsinə sənədlərimi verdim. Müsabiqədən keçmədiyim üçün başqa fakültə seçdim. Xarici Dillər Universitetini bitirdim. Eyni zamanda Azərbaycan radiosuyla əməkdaşlıq edirdim. “Səhər”, “Gənclik” və xaricə yayımlanan verilişlər redaksiyalarında reportaj və radio-süjetlər hazırlayırdım. Atam jurnalistikada fəaliyyətimi qəbul etmədiyindən bunu ona deməmişdim. Radioda işlədiyimi bilmirdi. Verilişimin yayım vaxtı çatanda mətbəxdəki kiçik radioqəbuledicini söndürərdim ki, guya dərs oxuyuram. Səsim yayımlananda sakit dayanırdım ki, atam bilməsin ki, danışan qızıdır.
Böyük mətbuata gəlişim təsadüfi oldu. Nişanlım məşqçim idi. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid oldu. Bu hadisədən sonra atam dedi ki, nə ilə istəyirsən məşğul ol, ancaq hər gün qəbiristanlığa getmə. Radioda fəaliyyətimi davam etdirdim. Artıq parlament müxbiri idim. Az zonra hərbi jurnalisti kimi yetişdim. Ön cəbhədən reportajlar hazırlayırdım. Türkiyənin “Hürriyyət” qəzetinin tanınmış jurnalisti İrfan Sapmazla ATA (Azərbaycan-Türk İnformasiya Agentliyi) çalışdım, sürətli reportajlar, xəbərlər hazırlamağa başladım. Redaksiyada əməkdaşlarımızın hamısı kişi idi, tək müxbir qız məniydim. Ancaq Qarabağ savaşıyla bağlı ön cəbhədən materialları yalnız mən hazırlayırdım. Günüm döyüş bölgələrində keçirdi. Beləcə peşəkar jurnalist fəaliyyətinə başladım. Azərbaycanda ilk rəngli qəzet- “Avrasiya”, daha sonra “Trend” İnformasiya agentliyinin yaranmasında iştirak etdim. Bir müddət “Hürriyyət”, sonra “Elçi” qəzetində çalışdım. Orada çalışan dövrdə ANS-dən təklif gəldi. Təklif məni qane etdiyi üçün əməkdaşlığa başladıq. Və “El” jurnalını yaratdıq. Çox uğurlu alındı.
– Bəs, son 10 ildə hansı mediada işləmisiz?
– 2009-cu ildə ANSPressdən ayrıldım. Sonra dostlarla “Salamnews” İnformasiya Agentliyini yaratdıq. Ailəmlə bağlı bir müddət Yekatirinburqda yaşamalı oldum. Amma orada da boş dayanmadım. Məlumatlar toplayır, Azərbaycan günləri təşkil edirdim. Vətənə geri döndükdən sonra “Discovery Azərbaijan”da çalışmağa başladım.
– “Azad Media İnstitutu”nu necə yaratdınız?
– Bu barədə çox düşünürdüm. Dostlarla məsləhətləşdik. Sənədlər toplamağa, strategiyamızı, necə fəaliyət göstərəcəyimizi konsepsiyamızı hazırlayıb müəyyənləşdirdik. Bu sahədə peşəkar olmaq üçün bizə müraciət edənlər də oldu. Amma hələ ki, yetişdirdiyimiz adamların adlarını çəkməyəcəm. Çünki onlar hələ peşəkar deyil. Bir müddət sonra təqdim edəcəyik onları.
– Onları azad jurnalist kimi yetişdirirsiniz?
– Bəli. Onlar müəyyən mətbu orqanlarda çalışır və həmin redaksiyanın sifarişi ilə yox, mətbuat qaydaları ilə çalışırlar.
– Azərbaycan mediası Qarabağ düyünün çözülməsi istiqamətində hansı işlər görür?
– Təəssüf, Qarabağ problemi bu gün Azərbaycan-Ermənistan arasındakı müharibə müstəvisindən çıxıb. Problem müharibə ilə də yekunlaşa bilər, stol arxasında sülh danışıqlar yolu ilə də.
– Media nə etməlidir?
– Sürətlə inkişaf edən internet mediada xəbərlərimiz kriminal və şou-biznes səviyyəsindən o yana keçmir. Ona görə də heç nəyə nail olmuruq. 1941-1945-ci il müharibəsi 70 ildir bitib, amma Rusiyada bu sahədə – vətənpərvərlik ruhunda həmin illəri əks etdirən film, veriliş təbliğatı hələ də davam edir. Bizdə isə jurnalistlər şou-bazara işləyir. Bu tələbatı biz yaratmışıq. Günahkar tamaşaçı, ya oxucu deyil. Bizim telekanallarda özəl format yoxluğu problemi də var. Əyləncəyə çox yer ayrılır. Hər kəs öz təbliğatını qurur. Hamı özünü reklam edir. Dəvət edilən ekspertlərin müəyyən hissəsinin n mövzudan xəbəri yoxdur. Zənnimcə bizdə özünü ziyalı hesab edənlərin əksəriyyəti yerli kanallara baxmır. Təəssüf ki, televiziyalarımız öz verilişlərinin çoxunu sanki intellektual səviyyəsi aşağı olan adamlar üçün hazırlayır. Hər gün bir sayt yaradılır. Amma hələ ki, fəaliyyətləri kütləvi xəbərlərdən o yana keçmir, müsbət təsirini də görən yoxdur.
– İşlərinizdə uğurlar.
Aynur Hüseynova
1905.az