2013-cü ildə Moskvanın “Knijnıy mir” nəşriyyatı “Современное значение Гюлистанского мирного договора” (Gülüstan sülh müqaviləsinin müasir dövrdəki əhəmiyyəti) adlı kitabça çap etmişdir. Ən Yeni Dövlətlər Beynəlxalq İnstitutunun hazırladığı bu kitab 1813-cü ildə Gülüstan müqaviləsinin imzalanması ilə Qafqaz bölgəsində yaranmış vəziyyətlə hazırki dövrdə regionda mövcud geostrtaeji situasiyanı müqayisə edir. Materialda oxşar xüsusiyyətlər kimi bu üç məqam qeyd edilir: 1) XIX əsrdə olduğu kimi indi də böyük güclər Zaqafqaziya ölkələrindən Rusiyaya Yaxın Şərq istiqamətində problem yaratmaq üçün istifadə edir, 2) həm 1804-cü, həm də 2008-ci illərdə Gürcüstan Rusiya qoşunlarının Zaqafqaziyada hərbi əməliyyatlarda iştirakı üçün formal səbəb olmuşdur və nəhayət, istər 1813-cü və istərsə də 2008-ci illərdə Rusiya regiondakı hərbi qələbəsindən sona qədər faydalana bilməmişdir.
Kitabçada qeyd edildiyi kimi, Çar I Aleksandrın Şərqi Gürcüstanı Rusiyaya birləşdirmək qərarına görə başlanmış müharibədə Rusiya 1500 əsgər və zabitini itirmişdir. Verilən statistikaya əsasən həmin dövrdə bir neçə cəbhədə döyüşən Rusiyanın Türkiyəyə qarşı müharibədə itkiləri 22000, İsveç cəbhəsində 8000, Fransa ilə müharibədə 115000 və Avropaya yürüşdə isə 120000 nəfər olmuşdur. Müəllif qeyd edir ki, Zaqafqaziyadakı qoşun kontingentini 5-10 dəfə artırmaq mümkün olsaydı Rusiya İmperiyası 19-cu əsrin ortalarında Yaxın Şərqin strateji bölgələri və ticarət qovşaqlarına nəzarəti ələ keçirə bilərdi.
Kitabçada Rusiyanın işğalçılıq və ekspansionist məqsədləri xarici təhlükə, konkret olaraq Britaniya və Fransanın region dövlətləri olan Türkiyə və İrandan istifadə etməklə Rusiyaya zərbə vurmaq niyyəti ilə ört-basdır edilir. Müasir dövrlə paralellər apararkən də ən çox Rusiyanın ABŞ və Avropa dövlətləri tərəfindən Zaqafqaziyadan sıxışdırılması ön plana çəkilir. Müəllif SSRİ-nin dağılmasından sonra Xəzər ətrafında yeni müstəqil dövlətlərin yaranması ilə Gülüstan müqaviləsinin Rusiyaya qazandırdığı imtiyazların aradan getməsinə diqqət çəkir. Əslində Azərbaycan və Gürcüstanı öz təsir dairəsində saxlamaq üçün Rusiyanın dəstəyi ilə yaradılmış Qarabağ, Cənubi Osetiya və Abxaziya kimi “respublikalar” bu kitabçada regionun müstəqil siyasi subyektləri kimi təqdim edilir. Hətta belə absurd iddia irəli sürülür ki, Qarabağın müstəqil regional oyunçuya çevrilməsi Ermənistanın kəskin narazılığına səbəb olur.
Yekun bölümdə isə Qarabağ Zaqafqaziyada sülhün açarı kimi təqdim olunur. Müəllif iddia edir ki, Moskvanın məhdud sülhyaratma iştirakı və bu yeni “dövlətə” humanitar-iqtisadi yardımı digər oyunçuları silahı kənara qoymağa və sülhü qorumaq üçün birlikdə siyasi metodlar axtarmağa məcbur edəcəkdir. Kitabçanın son cümləsində Rusiyanın Zaqafqaziyada sülh və təhlükəsizliyin qarantı kimi çıxış etdiyi bildirilsə də, Moskvanın qondarma respublikalara dəstəyi bölgədə sülh və əmin-amanlığı pozan ən başlıca faktor olmaqla, həmin oyuncaq qurumlar vasitəsilə Moskvanın regiondakı proseslərə nəzarət etmək istəyindən irəli gəlir.
Etibar Qulusoy
1905.az
25 avqust 2014-cü il