1918-ci il aprelin 22-də Zaqafqaziya Seymi öz yığıncağında Zaqafqaziyanı müstəqil Demokratik Federativ Respublika elan edir və bu respublika aprelin 28-də Türkiyə tərəfindən tanınır.
Türk qoşunlarının qarşısından çəkilən erməni qoşunları Gümrüdə də dəhşətli qırğınlar törətmişdilər. Həmin qırğınlar haqqında sənədli məlumatlar şəkillərlə birlikdə diviziya generalı Əhməd Hulki Saralın “Erməni məsələsi” kitabında toplanmışdır. “İslam əhalinin uğradıqları məzalim üzərinə bölgələrə dayanan bilgilər” adı ilə ilk nəşri bütünlüklə köşklərdən və kitabxanalardan yığışdırdığı üçün 1919-cu ildə həm türkcə, həm də fransızca yenidən nəşr edilmişdi. Sənədlərdə deyilir:
“1) 29.04.1918-ci ildə Gümrüdən 500 araba ilə Axılkələyə götürülməkdə olan 3000-ə qədər qadın, qoca, uşaq və kişi öldürülərək yox edilmişdir.
2) Min əsgər, iki pulemyot və iki topla silahlanmış ermənilər (Duzluca) və İrəvan bölgəsindəki islam kəndlərini dağıtmış qadın, uşaq və kişiləri qırmışlar.
3) 01.05.1918-ci ildə yüzə qədər erməni atlısı Şiştəpə və Düzkənd ətrafında (indiki Amasiya rayonunun ərazisində) altmış uşaq, qadın və kişini qırmışlar.
4) 01.05.1918-ci ildə Axılkələk ətrafındakı kəndlərdə Acaraça, Danqal, Mulanıs, Murcahet, Padızka, havur və Gümris kəndləri yandırılmış, əhalisi məhv edilmişdi. Arpaçay üzərindəki Baçoğluilə İrəvanın şimali şərqindəki kəndlərin xalqı ermənilər tərəfindən qırılmış, kəndlər yandırılıbdağıldılmışdır.”
İrəvan ətrafındakı müsəlmanları erməni qırğınlarından xilas etmək üçün Bakı (İslam) Xeyriyyə Cəmiyyətinin 36-cı Qafqaz diviziyası komandanlığına etdiyi müraciətdə deyilirdi: “İrəvan quberniyası ərazisindəki islamların qırılıb, yox edilməkdə olduqları, otuzdan çox müsəlman kəndinin yandırılıb, əhalisinin qırıldığı və İrəvandan qaçaraq gələn yaralı və xəstə köçkünlərin sayının gündən-günə çoxalmaqda və yoxsulluq ilə pərişanlıq içində üzüldüklərindən, bunlara sığınacaq və daldalanacaq yerinin göstərilməsi rica olunmaqdadır.
Qeyd etdiyimiz kimi, Qars vilayətində türk qoşunlarının önündən geri çəkilməyə məcbur olan erməni könüllü birlikləri qırğınları İrəvan quberniyasının ərazisində davam etdirmişdilər. “Qarsdan sonra zorakılıq dalğası İrəvan quberniyasına keçdi. Qısa müddətdə Qars vilayətində 82, İrəvan quberniyasında 211 müsəlman kəndi yandırıldı, əhalinin bir hissəsi qırıldı, qalan hissəsi isə didərgin düşdü. İrəvan quberniyasından olan qaçqınların sayı 80 min nəfəri keçirdi.”
Zaqafqaziya Seyminin müsəlman fraksiyası Qars vilayətində və İrəvan quberniyasında törədilən qırqınlar haqqında iki dəfə məsələ müzakirə etmiş və Seym qarşısında məsələ qaldırmışdı:
- a) daxili işlər nazirinə tapşırılsın ki, müsəlmanlara kömək etmək üçün xüsusi komissiya göndərilsin,
- b) bütün müsəlman qaçqınları öz yerlərinə qaytarılsın,
- v) ərazi nazirliyinə tapşırılsın ki, təcili yardım göstərsin,
- q) azğınlıq edən erməni hərbi hissəsi buraxılsın,
- d) müsəlman qaçqınlarının sayı və vəziyyəti öyrənilsin, onlara əlavə yardım göstərilsin. Müsəlman fraksiyasının gərgin səyi nəticəsində Zaqafqaziya hökuməti bu məsələni öyrənmək üçün komissiya yaratmış və qaçqınların ən zəruri ehtiyaclarını ödəmək üçün bir milyon manat vəsait buraxmışdı.
1918-ci il mayın 15-də türk qoşunları Arpaçay xəttini keçib Gümrüyə daxil olmazdan əvvəl Kazım Qarabəkir paşa Gümrüdəki erməni nümayəndələrinə:”Şəhərdəki türkləri gətirib təhvil verin və sonra da şəhəri təslim edin”-deyə ultumatum göndərir. Dərhal ermənilər təlaşla arabalar hazırlayırlar, Gümrüdə bulunan 250 xanə (ev) türkləri arabalara mindirib, Arpaçay üzərindəki körpüdən keçirərək türklərə təslim edirlər. Bu hadisə ilə ədaqədar Kazım Qarabəkir paşa yazır: “Gümrü köylərində tək-tək qoca qadın və kişi qalmışdır. Gümrüdə 8-10 türk evi var. Orada türk gəncləri görünməyir. Qoca türk ana və ataları, qoca babalar əsgərlərimizə sarılıb öpürlər. Əlində qanlı bir dəyənək, aq saqqallı və bir çox yerlərindən qanlar axan, fəqət dim-dik duran bir baba əsgərlərimizin qoynuna sarılıb belə hayqırır: 93 hərbindən (yəni 1878-ci il) bəri bir gün dəxi ümidimizi kəsmədən sizinlə qovuşacağımı bilirdim. Fəqət artıq dünyanın sonuna qədər ayrılmayacağıq və gözlərindən yaşlar axır”. Gümrünü azad etdikdən sonra türk qoşunları iki istiqamətdə – İrəvan və Qarakilsə (Kirovakan) irəliləməyə başlayırlar. Mayın 28-də Hamamlı (Spitak) və Qarakilsəni azad edirlər.
V.Arzumanlı, N.Mustafa “Tarixin qara səhifələri. Deportasiya.Soyqırım. Qaçqınlıq” (Bakı, “Qartal”, 1998) kitabından