Ağdam şəhərindəki “İmarət” kompleksi Qarabağın ən mühüm tarixi-memarlıq abidələrindəndir. Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının, eləcə də xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarların və onların nəslindən olan görkəmli şəxslərin qəbirüstü türbələrinin, məzarlarının olduğu bu məkan həm tarixi, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir.
44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində təkcə Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edilmədi, həm də bu yerlərdəki tarixi-mədəni abidələrimiz, o cümlədən Ağdam şəhərindəki “İmarət” kompleksi əsirlikdən qurtuldu. Ağdam azadlığına qovuşandan sonra bura səfər edəndə ilk baş çəkdiyimiz məkanlardan biri “İmarət” kompleksi olmuşdu. O zaman burada gördüyümüz mənzərədən çox məyus olmuşduq. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti, ərazidəki türbələr də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında və türbələrdə inək, donuz saxlanılıb. Ərazidəki qədim qəbiristanlıq erməni vandalizminə məruz qalıb, baş daşları və sinə daşları, o cümlədən Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi dağıdılıb.
“İmarət” kompleksi tarixi və mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir
Tarixçi Fəqani Səfərovla söhbət edirik. Bildirir ki, “İmarət” kompleksi tarixiliyi ilə yanaşı, mənəvi cəhətdən də önəmli bir məkandır. Çünki burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar – İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarı olub. Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib.
F.Səfərov qeyd edir ki, XVIII əsrə aid olan Qarabağ xanlığının tarixi dövrümüzə qədər geniş tədqiq olunmayıb: “Biz Qarabağ xanlığının tarixini əsas mənbə hesab edilən Mirzə Adıgözəl bəyin 1845-ci ildə qələmə aldığı “Qarabağnamə”, Mirzə Camal Cavanşirin 1847-ci ilə yazdığı “Qarabağ tarixi”, Əhməd bəy Cavanşirin “Qarabağ xanlığının siyasi vəziyyətinə dair”, Mirzə Yusif Qarabağinin yazdığı “Tarixi-safi” və Mir Mehdi Xəzaninin yazdığı “Qarabağın tarixi” əsəri ilə öyrənmişik. Qarabağ xanlığının öyrənilməsinə dair mənbə hesab edilən həmin əsərlərdə xanlığın mərkəzi olmuş qala-şəhərlərin (Bayat qalası, Şahbulaq-Tərnəküt qalası və Şuşa qalası) siyasi tarixi, təbii sərvətləri, inzibati-ərazi sistemi, əhalinin etnik-dini tərkibi, vergi və mükəlləfiyyətləri, sənətkarlığı haqqında geniş məlumat olsa da, müəlliflər Qarabağ xanı Pənahəli xanın Ağdamda olan imarəti haqqında fərqli məlumatlar vermişlər. Mirzə Adıgözəl bəyin əsərində XVIII əsrin hadisələrini müəllifin özünün qeyd etdiyi kimi, o dövrün yaşlı adamlarının söylədiklərindən alıb. Qeyd olunur ki, Pənahəli xanın sələflərinin dəfn edildiyi məzarlıq Pənahəli xanın atası İbrahimxəlil ağa tərəfindən salınmışdır. 1754-1759-cu illərdə isə Pənahəli xan özünə burada yay iqamətgahı tikdirmişdir (“İmarət”). Pənahəli xan 1763-cü ildə Şirazda qətlə yetirildikdən sonra onun nəşi Qarabağa gətirilərək “İmarət”də dəfn edilmişdir. Xan sarayının bütün vəfat etmiş üzvləri də Ağdamda “İmarət” məzarlığında dəfn olunub”.
Tarixçinin sözlərinə görə, mənbələrdə sarayın qarşısında hündür çinar ağaclarının olması barədə də məlumatlar var. “Bu ağacların xanın vaxtında əkildiyi bildirilir. Biz kompleksin ərazisində dövrümüzə qədər qalmış həmin ağacların ermənilər tərəfindən kəsilərək məhv edildiyinin şahidi oluruq. Bu isə onu göstərir ki, düşmən təkcə şəhərlərimizə, kəndlərimizə, tarixi və dini abidələrimizə qarşı deyil, həm də ekologiyaya, yaşıllıqlara qarşı da vandalizm həyata keçirib”, – deyə o əlavə edib.
Xanın sarayı interaktiv muzey kimi fəaliyyət göstərəcək
Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb.
Mədəniyyət Nazirliyinin aparat rəhbəri Xanlar Ağalarov bu barədə danışarkən bildirib ki, xarici mütəxəssislər tərəfindən sahənin inspeksiyası və çəkilişləri aparılıb, arxiv materialları araşdırılıb, beynəlxalq təcrübəyə əsaslanaraq bərpa və dizayn layihələri hazırlanıb. Kompleks ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək. Kompleksin bərpası ilə bağlı hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.
Xanlar Ağalarov onu da vurğuladı ki, “İmarət” kompleksindəki tarixi qəbiristanlıqda mövcud beş türbə qalığı tədqiqat sahəsinə daxil edilib: “Türbələrin içi və ətrafı erməni işğalçılarının bu abidələrin daxilində qurduğu donuzçuluq təsərrüfatının tullantılarından və digər qalıqlardan təmizlənib. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun mütəxəssisləri tərəfindən bu ilin aprelində kompleksin ərazisində arxeoloji tədqiqatlara başlanılıb. Düşünürük ki, ərazidə müəyyən edilən qəbirlər, qəbirlərdən götürülən nümunələr ümumilikdə kompleks haqqında olduqca önəmli məlumatların üzə çıxarılmasına kömək edəcək”.
Arxeoloji tədqiqatlar zamanı “İmarət” kompleksi ərazisində 213 qəbir müəyyən edilib
“İmarət” kompleksində aparılan tədqiqat nəticəsində burada çox sayda müsəlman qəbirləri, daş abidələrin fraqmentləri – başdaşıları, sinədaşıları aşkarlanıb. Ərazidə xüsusilə kəllə və çənə sümükləri, çox sayda insan skeletinin fraqmentləri tapılıb. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qəbirlər də var. Burada sovet dövründə dəfn edilənlərin qəbirlərinin böyük bir hissəsi vandalizmə məruz qalıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyevlə də söhbətimiz elə bununla bağlı oldu. Bildirdi ki, “İmarət” kompleksi ərazisində aparılan qazıntılar zaman 213 qəbir müəyyən edilib. Bu qəbirlərin əksəriyyəti torpaq qəbirlərdir. Antropoloji tədqiqatlar nəticəsində məlum olub ki, ermənilər əsasən XX əsrin 30-70-ci illərinə aid olan qəbirlərin başdaşlarını, sinədaşlarını tikinti materialı kimi istifadə ediblər.
Qarabağ xanlarının və ailə üzvlərinin üz cizgiləri müəyyənləşdiriləcək
Fərhad Quliyev qeyd edib ki, türbələrdə dəfn olunan xan ailəsinin üzvlərinə məxsus qəbirlər açılıb və onların qohumluq əlaqələrini sübuta yetirən faktları bir yerə toplamaq üçün müəyyən olunmuş 213 qəbirin 22-dən DNT nümunələri götürülüb:
“Türbələrdəki qəbirlər açıldı və orada dəfn olunan xan ailəsinin məhz bir-birinə qohumluq əlaqələrini sübuta yetirən faktları üzə çıxarmaq məqsədilə DNT analizləri üçün nümunələr götürüldü. Çünki bu gün də bəzi yazılı mənbələrdə hansı türbədə hansı xanın və ailə üzvünün dəfn olunması ilə bağlı ziddiyyətli fikirlər var. Məsələn, bizdə məlumat var idi ki, ikinci türbədə yalnız bir qəbir var. Amma yeddi qəbir aşkar olundu. Əksəriyyəti də uşaqlara aid qəbirlərdir. Antropologiya sahəsindəki yeni tədqiqat üsullarının tətbiq etməklə biz nəinki onların qohumluq əlaqələrini, həmçinin kəllə sümüyünün skan edilməsi vasitəsilə sifət cizgilərini də müəyyən edə biləcəyik. Aparılan tədqiqatların yekununda biz Qarabağ xanlığının tarixi gerçəkliyini dəqiq bir şəkildə xalqımıza və ictimaiyyətə təqdim edə biləcəyik”.
Tarixi qəbiristanlıq haqqında dəqiq və yeni informasiyalar ortaya qoyulacaq
Türbələrin içərisində əksəriyyəti sərdabə tipli olmaqla, 17 qəbir qeydə alınıb. Bu barədə danışan Fərhad Quliyev deyib: “Xan ailəsinin üzvlərini adi torpaq qəbirdə dəfn etmirdilər. Türbələrdə aşkar olunan sərdabələr qəbirlərin xan ailəsinə məxsus olmasını göstərir. Türbənin ətrafında daha 8 qəbir qeydə aldıq, bu qəbirlər təbii proseslər nəticəsində itiblər. Həmin 8 qəbir də qırmızı kərpicdən hörülüb və hesab edirik ki, xan ailəsinin üzvləri ola bilər. Qəbirlərin quruluşu, strukturu bunu bizə deməyə əsas verir”.
Onu da öyrənirik ki, “İmarət” kompleksindəki tarixi qəbiristanlıqda da bərpa işləri aparılacaq. Buradakı başdaşları və sinədaşları Şahbulaqdan gətirilərək hazırlanıb. Tədqiqatların ikinci mərhələsində daşların üzərindəki yazılar oxunacaq. Bununla da qəbirlərin məxsusluğu məsələsinə aydınlıq gətiriləcək. Beləliklə, tədqiqatların sonunda tarixi qəbiristanlıq haqqında dəqiq və yeni informasiyalar ortaya qoyulacaq.
“İmarət”də aparılan arxeoloji tədqiqat işlərinin birinci mərhələsi başa çatır
“İmarət” kompleksində aparılan arxeoloji tədqiqat işlərinin birinci mərhələsi yekunlaşır. Burada tədqiqat işlərinin ikinci mərhələsinə başlanılacaq.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bildirib ki, ərazidə geniş arxeoloji qazıntıların aparılması ilə yanaşı, abidələrin vəziyyəti də öyrənilib, tədqiqatlar aparılıb. “Tarixi mənbələrdən məlumat var ki, “İmarət” kompleksində istifadə olunan daşlar Şahbulaqdan gətirilib. Odur ki, bərpa işləri zamanı istifadə olunan daşlar da həmin yerdən gətirilir. Çalışacağıq ki, layihə mümkün qədər tez yekunlaşsın”, – deyə S.Hacıyeva vurğulayıb.
Tədqiqatçılar “Ağdam” toponiminin mənasını XVIII əsrin birinci yarısında Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın bu şəhərdə ağ daşdan tikdirdiyi imarətlə əlaqələndirərək, həmin imarətin uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrildiyini, “Ağdam”ın – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənasını ifadə etdiyini yazırlar. 30 illik əsarətdən sonra azadlığına qovuşmuş “İmarət” kompleksində və ərazidəki qədim məzarlıqda aparılan təmir-bərpa və tədqiqat işləri onu deməyə əsas verir ki, Günəş şüaları ilə nurlanmış ağ ev tezliklə Qarabağ tarixinin mühüm bir dövrünə işıq saçacaq.
Ağdam, 29.12.2023, Tahir Ağaməmmədov, AZƏRTAC