1905.az portalının suallarını “Yaddan çıxmaz Qarabağ” kitabının müəllifi, jurnalist Günay Malikqızı cavablandırır.
– Ənənəvi sualla başlayaq. Necə oldu ki, “Yaddan çıxmaz Qarabağ” kitabını yazmaq qərarına gəldiniz? Və niyə kitab yazdınız, deyək ki, elə bu kitabda xatirələri yer alan gənclərin iştirakı ilə film çəkmədiniz?
– Qarabağda insan talelərindən bəhs edən bir kitab yazmaq istəyirdim. Fikrim faciəni rəqəmlərlə, statistika ilə yox, ayrı-ayrılıqda insan taleləri ilə anlatmaq idi. Mənim qızım, bizim uşaqlarımız o yerləri böyüklərinin xatirələri ilə canlandırırlar, böyüyürlər, yaşayırlar…. Onlarla bir yerdə isə doğma el-obaları ilə aralarındakı məsafə də böyüyür, onları o torpaqlara bağlayan insanlar qocalır, ölür… Bu acı həqiqəti qələmə almaq arzumu gah vaxtın azlığı, gah maliyyə çatışmazlığı ilə, qısası, müxtəlif bəhanələrlə reallaşdırmırdım. İndi düşünürəm kİ, əslində eşidəcəklərimdən ehtiyat etmişəm. Buna görə kitab yazmaq istəyimi boğmuşam. Amma fikirlərimi bölüşdüyüm yaxın dostum, Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanovanın təkidi ilə arzumu reallaşdırmaq istiqamətində çalışdım. Elə kitab da üzvü olduğum Azərbaycan Maarifçi Gənclər Təşkilatının həyata keçirdiyi layihənin nəticəsi oldu.
“Yaddan Çıxmaz Qaraba𔓠Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində AMGT “ Qaçqın və məcburi köçkün gənclər arasında mənəvi bağların qorunub saxlanmasına və inteqrasiyanın gücləndirilməsinə dəstək” adlı layihənin məhsuludur. Film ideyası maraqlıdır. Amma, bu fikir yalnız mənə yox, rejissorlarımıza da maraqlı gəlməlidir. Yazılan hər bir hekayə müharbənin dəhşətini qanlı fotolardan heç də pis göstərmir. Mən sözün sehrinə inanan insanam. Sözü sevirəm. Onunla işləmək mənə rahatlıq verir. Bu yeniyetmələrin fikirlərini qələmə almaq, mənə daha maraqlıdır nəinki film. Həm də axı mən film çəkə bilmərərm. Düzdür, demirəm kİ, kitab yazmaqda ustayam. Amma düşündüm ki, bunu bacararam. Bacardığım işin dalinca getdim. Peşman da deyiləm. Kitaba material toplamaq asan olmadı. Çünki biz kitablarda yazılan, əzbərlənən rayonlardan yox, fərqli insanların xatirələrində yaşayan doğma yurddan danışmaq istədik.
– Kitabınız 4 xarici dilə tərcümə edilib. Niyə məhz rus, türk, ingilis və alman dillərinə tərcümə edildi kitab?
– “Yadda çıxmaz Qarabağ” kitabı Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə ilk dəfə Azərbaycan dilində nəşr olunub. Amma sonra düşündük ki, kitabın rus, türk, ingilis və alman dillərinə tərcümə edilməsi təbliğatla yanaşı, həm də əcnəbi mütəxəssisləri Qarabağ həqiqətlərinin düzgün tədqiqatına da cəlb edə bilər. Qarabağı görməyən 22 gəncin ata-baba yurdları barədə dedikləri, sadə və anlaşılan dildə yazılıb. Ona görə də daha asan başa düşülən yazıların daha çox insanın qəlbinə yol tapacagına inandıq.
“Yaddan çıxmaz Qarabağ” ın dörd dilə tərcümə olunan nüsxələrinin yayımı da nəzərdə tutulur. Yaxın günlərdə bu nəşrlər ölkədə fəaliyyət göstərən xarici səfirliklərə təqdim olunacaq. Qəhrəmanlarımın, onların valideynlərinin həyatı müharibə olmasaydı fərqli olacaqdı. Bilirəm ki, milli mənsubiyyətindən asılı olmayaraq kim bu kitabı oxusa belə olmayacaqdı, daha yaxşı olacaqdı deyə düşünəcək. Bu düşüncənin izi ilə kitabı 4 dilə tərcümə etdik. Müharibənin olmadığı bir dünyanın arzulanması üçün.
– Ərazilərimizin 20 faizi işğal altındadır. Necə düşünürsünüz, mediamızın, ədəbiyyatımızın, kinomuzun neçə faizini Qarabağa həsr etməliyik?
– Düşünürəm ki, bu itkinin ağırlığını, məsuliyyətini anlamaq üçün mediamızın, ədəbiyyatımızın, kinomuzun 50 faizini ona həsr etməliyik. Axı uşaqlarımız o yerləri görmədən, bilmədən böyüyürlər. Amma bu insanlara öyrədən, fikirlərini formalaşdıran təbliğat olmalıdır. Çox peşəkar iş tələb olunur bu sahədə.
– Yaradıcılıq planlarınızdan danışaq.
-Yenidən yazmağa başlayacağam. Köşə yazıları da yazmağı düşünürəm.
– Uğurlar.
Aynur Hüseynova
1905.az