Günay Yelmarqızı 2009-cu ildən Lider televiziyasında işləyir. Aparıcılıqla yanaşı xəbərlərin prodüseri, “Səda” İnformasiya Xidmətində Analitik Araşdırmalar redaksiyası rəhbərinin müavini vəzifələrində çalışır. Hazırda isə Lider Televiziyasının ABŞ-dakı xüsusi müxbiridir.
– İş həyatınızın böyük bir hissəsi televiziya ilə bağlıdır. Bir neçə il Lider TV-də xəbər aparıcısı olmusunuz. Daim xəbərlə və tamaşaçı ilə ünsiyyətdə olan media nümayəndəsi kimi sizcə, insanlarımız Ermənistanın Azərbaycana təcavüzü mövzusuna nə dərəcədə diqqət ayırırlar? Ümumiyyətlə, vətənpərvər ruhlu verilişlərə maraq necədir?
– Bilirsiniz, Azərbaycanın bir nömrəli problemi kimi biz Lider kanalı olaraq, jurnalist olaraq bu mözunu hər zaman diqqətdə saxlayırıq. Bu, bizim əsas prioritetimizdir. Tək bizim yox bütün Azərbaycan mediasının. Bu həm də bizim vətəndaşlıq borcumuzdur. Və medianın bizə verdiyi imkanlardan istifadə edib bu mövzunu daim diqqətdə saxlamağa, əlimizdən gəldiyi qədər haqq səsimizi dünyaya duyurmağa çalışmağa borcluyuq. O ki, qaldı sıravi insanlarımızın, vətəndaşlarımızın mövzuya nə dərəcədə diqqət ayırmasına, bu suala birmənalı cavab versəm obyektiv olmaz yəqin ki. Düşünürəm ki, bu mövzuya laqeyd yanaşanlar da var, çox həssas yanaşan, bu mövzu ilə yaşayan insanlar da. Vətənpərvər ruhlu verilişlərə marağa gəlincə, təəssüf ki, hər hansı şou əhlinin şəxsi həyatını nümayiş etdirən maqazin proqramlarına maraq göstərən kütlənin sayı daha çoxdur. Ancaq təbii ki, vətənpərvər mövzulu verilişləri izləyənlər və tələb edənlər də var.
– Biz həmişə medianın gücü və təsir qüvvəsinin böyük olduğunu eşidirik. İnsanlar bütün xəbərləri mediadan və müasir dövrdə sosial şəbəkələrdən alır. Gənclərimizdə vətənpərvər ruhu oyatmaq (artırmaq üçün) üçün mediamızda nələri dəyişməliyik? Sizcə, yerli media Ermənistan-Azərbaycan münasibətləri mövzusunu kifayət qədər işıqlandırırmı? Və təcavüzə məruz qalmış ölkə mediası olaraq bizim media öz borcunu yerinə yetirə bilibmi?
– Doğrudur, təsir gücünü nəzərə alsaq gənclərə vətənpərvərlik ruhunu aşılamaq baxımından medianın üzərinə böyük məsuliyyət düşür. Təmsil etdiyim Lider kanalını götürsək, bizdə hər zaman bu mövzu xüsusi diqqətdə olub. Hərbi, vətənpərvərlik mövzusunda verilişlər, filmlər hazırlanıb. Xüsusən, xəbərlərdə bu mövzu diqqətdədir. “Səda” İnformasiya Xidmətinin tərkibində hətta hərbi vətənpərvərlik redaksiyası və vətənpərvərliyi təbliğ edən edən xüsusi rubrika da var. Düşünürəm ki, digər media orqanları da bu mövzuya yer verir. Nə dərəcədə çox və ya az yer verilir, Azərbaycan mediası bu məsələdə üzərinə düşən borcun və məsuliyyətin öhdəsindən nə dərəcədə gəlir? bunu artıq tamaşaçı deyə bilər. Bir onu deyə bilərəm ki, biz bu mövzunu daha çox diqqətdə saxlamalı və daha çox vaxt ayırmalıyıq.
– Bir neçə aydır Lider TV-nin Amerikadakı müxbiri vəzifəsində çalışırsınız. Orta amerikalının Azərbaycan haqqında təsəvvürləri necədir?
– Sizə maraqlı bi məqamı deyim. Amerikada, Vaşinqtonda ilk mindiyim taksidə sürücü hansı ölkədən olduğumu soruşdu. Azərbaycandan olduğumu dedim və çox maraqlı, doğrusu bir az da gözlənilməz cavab aldım: “Sizin o cür gözəl ölkəniz var, nə əcəb Amerikaya gəlmisizni?”. Sonralar belə mənzərə ilə tez-tez rastlaşıram. Hətta bir taksi sürücüsü məndən Azərbaycan sözünün bizim ana dilimizdə düzgün tələffüzünü ona öyrətməyi xahiş etdi və mən məmnuniyyətlə bunu etdim. Sıravi vətəndaşlar arasındakı müşahidələrimdə də Azərbaycan haqqında məlumatlı olan insanlara rast gəlirəm. Vaşinqtonda internetdən, televiziyadan, xəbərlərdən, ya da dostları sayəsində Azərbaycan haqqında bu və ya digər dərəcədə məlumatlı olan amerikalılar var. Bəziləri Azərbaycanı keçmiş sovet ölkəsi kimi xatırlayır və bu gün müstəqil dövlət olduğunu, neft, qazla zəngin ölkə olduğunu bilir. Bu məni çox qürürlandırır. Bir ölkənin siyasətçiləri, tanınmış şəxslərinin sizin ölkəniz haqqında bilməsi normaldır, sıravi vətəndaşların məlumatlı olması ikiqat qürurvericidir. Təbii ki, bütün Amerika haqqında deyə bilmərəm, ancaq olduğum şəhərlərdə – Vaşiqntonda, Bostonda ölkəmi tanıyan insanlarla rastlaşıram və buna çox sevinirəm.
– Bildiyiniz kimi, gələn il qondarma erməni soyqırımının növbəti ildönümü-100 ili tamam olur. Və siz qısa müddət olsa da belə, Azərbaycan mediasını xaricdə təmsil ediriniz. Amerikada erməni diasporunun qondarma erməni soyqırımına hazırlığı barədə hər hansı fəaliyyətləri ilə tanışsınızmı? Ümumiyyətlə, qonşu ölkənin jurnalistləri ilə münasibətiniz, olub? Və ya hər hansı tədbirlərdə qarşılaşmısınızmı?
– Hər il qondarma erməni soyqırımı ərəfəsində bu mövzu gündəmə gəlir bilirsiz ki. Bu ilin aprelində də ABŞ Senatının xarici əlaqələr komitəsində qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsi qəbul edilmişdi. Amma bu o qədər də ciddi siyasi tutumlu məsələ deyil. Hər il komitə səviyyəsində belə deyək “xala xətrin qalmasın” nəsə olsa da, bu, çox uzağa getmir. Hələlik açıq şəkildə fəliyyətləri müşahid olunmasa da, yəqin ki, yüz illik ərəfəsində növbəti addımlar atmağa cəhd göstərəcək erməni lobbisi. Ancaq yenə də böyük mənada hansısa uğur qazanacaqlarına inanmıram. Qonşu ölkənin jurnalistlərinə gəlincə, hərdən tədbirlərdə qarşılaşıram, amma hər hansı ünsiyyətim olmayıb.
– 1905.az saytına tövsiyyəniz.
– 1905.az saytına tövsiyyəm yox, sadəcə arzularım ola bilər. Bol şans, uğur arzu edirəm. Yolunuz açıq olsun. Və hər zaman efirdə tamaşaçılarla sagollaşanda dediyim kimi “Hər şey könlünüzcə olsun, salamat qalın” !!!
Aynur Hüseynova
1905.az