Ceyms Klavellin “Syöqun” romanını oxuyurdum. Demişdi ki, oxuyub qurtarandan sonra verim kitabı ona, o da oxusun.
Oxuyub qurtarmışam. Amma Gündüz müəllim yoxdur.
Nahar fasilələrində bəzən bulvarda gəzişərdik. Söhbətləşərdik. Ən müxtəlif mövzularda danışardıq.
Bulvar öz yerindədir, nahar fasilələri də həmçinin. Mövzular tükənməyib. Amma Gündüz müəllim yoxdur.
Gündüz müəllim yoxdur.
Bu yoxluq ötən ilin 25 dekabrının ikinci saatında, gecə yarısı başladı. Dostumuz Təmkinin mesajı. Ona zəng etməyim… Sonra “bəlkə yalandı, düz başa düşməmişik” təsəvvürünün qırıq-qırıq olması. Qaranlıq şəhərin içindən keçib Mehdiabadın abad olmayan küçəsinə gəlməyimiz. Və beş-altı saat əvvəl ayrıldığımız Dostumuzun cənazəsi. Səhərə yaxın doğmalarının müşayiəti ilə Gündüz müəllimin son səfərə, Qazaxa, İncə dərəsinə, Aslanbəyliyə yola düşməsi.
Sonra…
Sonra işə gəlməyimiz, sosial şəbəkədə Gündüz müəllimin qara çərçivəli şəklini paylaşmağım. Saat 10 radələrində elə həmin şəkli “Sahil” metrosunun yanındakı foto-studiyada çıxartdırıb toplantı salonunda masanın üstündə yerləşdirməyimiz. Və ilk qərənfillər…
Həmin şəkil də yerindədir bu dəqiqə. 25 dekabrın qərənfillərini artıq neçənci dəfədir ki, yeniləri əvəz edir.
Gündüz müəllim yoxdur.
Demək Səməd Vurğunun ev muzeyinə gedə bilməyəcəyik birlikdə. İllərdən bəri planlaşdırırdıq qulağımızın dibində olan bu muzeyə getməyimizi, gedə bilmədik ki, bilmədik.
Gündüz müəllim yoxdur.
“Eşkiya dünyaya hükümdar olmaz”ı təzədən başlasalar nümayiş etdirməyə, baxa bilməyəcəyik onunla birlikdə. Demək Çakırbəylilərin bir suyunun ölməz Kaşşeyə bənzəməsi haqqında da danışmaq, gülmək imkanımız olmayacaq.
Gündüz müəllim yoxdur.
Demək bu dünyanın gündüzü də dəyişib.
Ən azından Gündüzü tanıyanlar, sevənlər üçün.
Çox dəyişib…