Müsahibimiz tarix üzrə fəlsəfə doktoru, Azərbaycan MEA-nın Tarix İnstitutunun əməkdaşı Güntəkin Nəcəflidir.
– Güntəkin xanım, qanla-qılıncla, böyük əziyyət hesabına Qarabağı ələ keçirən Çar Rusiyasına burada erməni dövləti yaratmaq nəyinə lazım idi?
– Bu siyasət 17-ci əsrin sonlarından başlanmışdı. Həmin dövrdə Osmanlı imperiyasının zəifləməyə başlaması ilə onun ərazisindəki xristianlar baş qaldırmağa başladı. Avstriya-Macarıstan kimi dövrün güclü dövlətləri ilk dəfə olaraq Avropaya kilsəyə tabe olan xristian missioner təşkilatları göndərməyə başladılar. Məlumdur ki, 1441-ci ildə Qaraqoyunlu Cahan şahın icazəsi ilə Kilikiyadan erməni kilsəsi Azərbaycan ərzisinə, Üçkilsəyə köçürülüb. Həmin ərazi Valaşah adlanırdı və Parfiya hökmdarı tərəfindən salınmışdı.Erməni kilsəsi isə Avropadan aldığı pullar hesabına həmin ərazilərdə torpaq ələ keçirməyə başladı. Həmin dövrdə Səfəvi-Osmanlı münasibətləri gərgin idi və avropalılar bir türk dövlətinin əli ilə o biri türk dövlətini vurmaq istəyirdilər. Bu məsələdə də yerli xristianlardan alət kimi istifadə edirdilər.
18-ci əsrdən isə Rusiya dirçəlir və I Pyotr bu bölgəyə maraq göstərməyə başlayır və avropalılar erməni kilsə xadimlərini Rusiya dövlətinə istiqamətləndirirlər. Həmin dövrdə belə bir ideya meydana çıxmışdı ki, bu ideyanın əsas müəlliflərindən biri Qafan məliyi idi, Osmanlının zəifləməsindən istifadə edərək bu ərazidə erməni dövləti yaratmaq istəyirdilər. Bu təklif I Pyotr üçün göydəndüşmə kimi olsa da, o dövrdə bir sıra dövlətlərlə müharibə apardığından, Osmanlı ilə əlaqələri poza bilmirdi. I Pyotrun 1724-cü il 24 noyabr tarixli fərmanı ilə ermənilərin Xəzərsahili ərazilərə yerləşdirilməsi Matyuşkinə tapşırılmışdı. Həm də bunu məxfi icra edirdilər ki, osmanlılar xəbər tutmasın. I Pyotrun ölümündən sonra bu tədbirlər müvəqqəti olaraq dayandırıldı. II Yekaterinanın dövründə isə Cənubi Qafqazı işğal etmək, isti dənizlərə, Hindistana yol açmaq ideyaları yenidən aktuallışdı. Bu məqsədlə, İstanbulu ələ keçirmək üçün yenidən erməni kartı işə düşdü. Həmin dövrdə həm də ermənilərin ideyaları gücləndi. Moskvada, Sankt-Peterburqda yaşayan imkanlı ermənilərin layihələri II Yekaterinaya təqdim olundu. Bu layihələrdə ələ keçiriləcək ərazilər və onların adları qeyd olunurdu. Onlar Alban çarlığı, Ararat knyazlığı, Şərqi Anadolu adlanırdı. Bu ərazilər tarixi Azərbaycan şəhərlərini əhatə edir və Cənubi Azərbaycana, Şərqi Anadoluya qədər gedirdi. Bu ərazidə xristian dövlətinin qurulması nəzərdə tutulurdu və II Yekaterina bu ideyanı dəstəkləyirdi. 1782-ci ildə bu siyasətin bir növ tərkib hissəsi kimi Krım ələ keçirildi. Bu hadisə Rusiyanın iştahını daha da qabartdı. 1783-cü ildə Georgiyevsk traktatı ilə Şərqi Gürcüstan Rusiyanın protektoratlığını qəbul etdi. Rusiya qoşunları Cənubi Qafqazda yerləşdirildi.
– Bəs ermənilərin İrəvan və Qarabağ torpaqlarında yerləşdirilməsinə təkan verən amillər hansı idi?
– Üçkilsədə ermənilər yerləşdirildikdən sonra ətraf Azərbaycan kəndlərini satın alaraq, oraya erməniləri köçürürdülər. Osmanlı-Səfəvi müharibələri dövründə osmanlılar Azərbaycan ərazilərinə girdikdə, həmin ərazinin şiə əhalisi onlara tabe olmamaq üçün yaşadıqları yerləri – Qarabağı, İrəvanı tərk edib, gedirdilər. Osmanlı mənbələrində də var ki, osmanlılarla gələn xristian təbəələr pul verərək, həmin əraziləri alırdılar. Beləliklə, ilk yerləşmələr məhz Osmanlı-Səfəvi müharibələri zamanı baş verdi. Amma geniş surətdə ermənilərin Azərbaycan ərazisində yerləşdirilməsi 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqaviləsi ilə bağlıdır. Türkmənçay müqaviləsinin 15-ci, Ədirnə müqaviləsinin isə 12-ci maddəsinə uyğun olaraq ermənilər kütləvi şəkildə işğal edilmiş Azərbaycan torpaqlarına köçürüldü. Professor Kərim Şükürovun belə bir ifadəsi var: “Türkmənçay müqaviləsi erməniləri bir xalq kimi xilas etdi”. Osmanlı arxivlərindən əldə etdiyimiz sənədlərdə də bu ölkədən külli miqdarda ermənin ərazimizə köçürülməsindən bəhs edir. Bütün bu sənədlər sübut edir ki, Azərbaycan ərazisinə ermənilər məcazi mənada desək, “dünən” gəlib .
Məlumdur ki, Nadir şah öldürüldükdən sonra Azərbaycan ərazisində xırda feodal dövlətləri-xanlıqlar yaradıldı. Bunlardan ən qüdrətlilərindən biri Qarabağ xanlığı idi. Keçmiş Gəncə-Qarabağ bəylərbəyliyinin ərazisində yaranmışdı. Qarabağ ərazisində qədimdən yalnız bir alban məlikliyi var idi – Həsən-Cəlaliyan övladları –Xaçın məlikliyi. Onlar qriqorianlaşsalar da, albanlıqlarını qoruyub, saxlayırdılar. II Yekaterinaya yazdıqları məktubda da alban olduqlarını etiraf edirlər. Sonradan isə müxtəlif ərazilərdən digər məlikliklər Qarabağ ərazisinə gəlmişdilər. Mirzə Adığözəl bəyin, Mirzə Camal Cavanşirin “Qarabağnamə”lərində onların haradan gəldikləri göstərilib. Nadir şah həmin 5 məlikliyi Qarabağ bəylərbəyliyinə yox, birbaşa özünə tabe etdirmişdi. Qarabağ xanlığı yaradılanda Pənahəli xan ilk növbədə həmin məlikliklərin separatçılıqlığını, özbaşınalığının qarşısını aldı. İbrahimxəlil xanın Qarabağda hökmranlıq dövrü isə Cənubi Qafqazda Rusiyanın mövqelərinin gücləndiyi vaxta düşür. Georgiyevsk traktatından güc alan məliklər yenidən separatçılığa başlayırlar. Həmin məliklər rus qoşunları ilə birləşərək, Qarabağ xanlığı üzərinə xaç yürüşünə hazırlaşırlar. Bu qüvvələr arasında II İraklinin, rus çarının qoşunları və iki Qarabağ məliyinin qüvvələri var idi. Lakin 1787-ci ildə Rusiya-Osmanlı müharibəsi başladığından rus qoşunları geri çağırılır və xaç yürüşü baş tutmur. Atası Pənahəli xan kimi çevik siyasət yürüdə bilmirdi İbrahimxəlil xan. Pənahəli xan xanlığı mərkəzləşdirməyə nail olmuşdu və məliklərə göz açmağa imkan vermirdi. İbrahim xanın hakimiyyəti dövründə II Yekaterinanın sarayında Qarabağla bağlı planlar hazırlanırdı və Q.Potyomkinin rəhbərliyi ilə Qarabağda hakimiyyətin İbrahim xanın əlindən alınıb, məliklərə verilməsi nəzərdə tutulurdu. Lakin İbrahimxəlil xan məliklərin general Potyomkinə məktubunu ələ keçirir. Xəyənətkar məlikləri ifşa edən xan, onları tutub Şuşa qalasına salır. Və Şuşanı möhkəmləndirməyə başlayır. Rusiya tərəfindən Qarabağ ələ keçiriləcəyi təqdirdə hakimiyyətin məliklərə veriləcəyini bilən İbrahimxəlil xan manevr edir. Potyomkin vasitəsilə II Yekaterinaya məktub yollayan xan onun protektoratlığını qəbul etməyə hazır olduğunu bildirir. Xanın bu məktubu onu xilas edir. Qarabağ xanlığı üzərinə yürüş təxirə salınır. 1805-ci ildə hakimiyyəti əlində saxlamaq üçün İbrahimxəlil xan Rusiya ilə Kürəkçay müqaviləsini imzalayır. Müqaviləyə görə xan daxili siyasətdə müstəqildir, lakin xarici siyasətini Rusiyaya həvalə edir. Erməni saxtakarları bu məşhur müqavilənin guya Rusiya ilə məliklər arasında imzalandığını bildirirlər. Halbuki burada məliklərin heç adı da çəkilmir və sırf İbrahimxəlil xanla imzalanan müqavilədir. Könüllülük əsasında bağlanmasına baxmayaraq, sonrakı dövrdə Azərbaycan xanlıqları Rusiya tərəfindən ləğv edildi. Qarabağda da Rusiyanın komendant üsul-idarəsi yaradıldı. Daha əvvəlki müqavilələrlə İrəvan və Gürcüstanda azərbaycanlılar yaşayan ərazilərə köçürülən ermənilər, Türkmənçay müqaviləsindən sonra daha çox Qarabağ ərazisinə köçürülür. Elə 1978-ci ildə Marquşevanda ermənilərin qoyduqları abidə Qarabağa köçürülmələlərinin 150 illiyi şərəfinə ucaldılmışdı.
– Məliklərin erməniləşdirilməsi Rusiya siyasəti idi, yoxsa dinlə bağlı olmuşdu?
– Məliklər albanlar idi. Alban kimi də müxtəlif tayfaları təmsil edirdilər. Həm türk kökənli, həm də Qafqaz kökənli olanları vardı. Azərbaycan torpaqlarında islamlaşma gedərkən, İslam dinini qəbul edən albanlar sonradan Azərbaycan xalqının formalaşması və etnogenezində əriyib yox oldular. Xristianlıqlarını qoruyub saxlayanlar isə Osmanlı-Səfəvi müharibələri nəticəsində bura gələn xristian ermənilərlə əlaqələr şəraitində assimilyasiyaya uğradılar və dillərini itirdilər, qriqorianlaşmağa başladılar. Arxivdə onların məktubları erməni dilindədir. Amma bir məsələ də var ki, bu məktublar onların dillərindən ermənilər tərəfindən yazılırdı. İsrail Uri Qafan məliyinin oğlu idi. O, məliklərin yığıncağını keçirərək, Rusiyadan yardım almaq, burada dövlət qurmaq, Alban çarlığının bərpası haqqında vədlər verir. Amma onlara boş ağ vərəqlər imzalatdırır və istədiyini yazır. Yəni əvvəldən bunlar saxtakarlıq yolu tutmuşdular. Azlıqda qalan alban əhali tədricən qriqorianlaşdı. Ermənilərlə ünsiyyətdə olduqca, onlarla evləndikcə assimilyasiyaya uğradılar. Halbuki IPyotra, II Yekaterinaya məktublarında erməni deyil, məhz alban olduqlarını vurğulayırlar. Alban katalikosluğunu ləğv edilməsi və onların erməni kilsəsinə tabe etdirilməsi isə rus siyasəti idi. Əslində bu klsələr fərqli idi. Albanların özlərinəməxsus yazıları var idi. Təəssüf ki, bu yazıların əsas hissəsi Mingəçevir SES yaradılanda, suyun altında qalıb. Hətta bildiyimə görə, bu bir erməni layihəsi idi. Bu layihədə də əsas məqsəd alban mədəniyyətinin itib-batmasına xidmət edirdi.
– Rusiya nə üçün məhz Qarabağda erməni dövləti yaratmaqda maraqlı idi?
– Deməzdim ki, Rusiya yalnız Qarabağda erməni dövləti yaratmaq istəyirdi. Rusiyaya nə lazım idi? Rusiyanın 20-ci əsrin əvvəllərindəki keçmiş xarici işlər naziri Milyukov deyirdi: “Ermənistan bizə ermənilərsiz lazımdır”. Rusiya Osmanlını məhv edə bilsəydi, əslində tarixdə heç vaxt erməni dövləti olmayacaqdı. II Yekaterina bildirirdi ki, Rusiyanın Konstantinopola (İstanbul) hüququ var və o rus şəhəri olmalıdır. Osmanlının öhdəsindən gələ bilmədiyinidən Rusiyaya iki müsəlman dövləti arasında xristian bufer zonası lazım idi ki, oradan istədiyi vaxt hərbi plasdarm kimi istifadə etsin. Amma ermənilərin özlərinin isə “Böyük Ermənistan” xülyası vardı. Ermənilər Cənubi Qafqaz, İran Azərbaycanı, Şərqi Anadoluda – azərbaycanlılar yaşayan bütün bu ərazilərdə dəhşətli soyqırım və qırğınlar törədərək əhalinin gözünü qorxudub, qaçırmaq, bu torpaqları ələ keçirmək istəyirdilər. I Dünya müharibəsi dövründə də böyük dövlətlər bu məsələdə erməniləri dəstəkləyirdilər. Demək istəyirəm ki, ermənilərin bu ideyaları geniş idi və yalnız Qarabağı əhatə etmirdi. Rusiyanın dəstəyi ilə azərbaycanlılardan qoparılan ilk ərazi İrəvan oldu. Lakin orada erməni dövləti yaradıla bilmədi. Əvvəlcə “erməni vilayəti” yaradılsa da, sonradan ləğv olundu. 1918-ci ildə Batum konfransında isə böyük dövlətlərin tələbi ilə İrəvan şəhəri ermənilərə güzəşt olundu. 1918-ci ildə bizim ərazilərimiz hesabına Ararat Respublikası yaradıldı. 1922-ci ilin yayında Rusiya tərəfindən digər ərazimiz Zəngəzur Ermənistana verildi. Zəngilan, Ordubad torpaqları hesabına ardınca Mehri rayonu yaradıldı. Növbəti mərhələ isə Qarabağ oldu.
– Son vaxtlar ermənilər Qarabağ ərazisində hay-küylü arxeoloji qazıntılar aparır və burada guya Tiqranakert şəhərini tapdıqlarını elan edirlər. Belə bir şey mümkündürmü?
Mümkün deyil. Əvvəla, Tiqranakertin yeri bəllidir. Həm Rusiya alimləri, həm də dünya alimləri təsdiq edirlər ki, Tiqranakert Dəclə-Fərat çaylarının sahilindədir və onun Ağdam ərazisində tapılması erməni saxtakarlığından başqa bir şey deyil.
Gündüz Nəsibov
1905.az
02 iyul 2014-cü il