Gürcüstanın xarici işlər naziri xanım Tamar Beruçaşvili parlamentin xarici əlaqələr, Avropaya inteqrasiya, diaspora və Qafqaz məsələləri komitələrinin, eləcə də işğal olunmuş ərazilər üzrə yaradılmış müvəqqəti komissiyanın birgə iclasında çıxış edib, ölkənin xarici siyasətinin əsas istiqamətləri barədə deputatlara məlumat verib, onların suallarını cavablandırıb.
Hakim partiyanın deputatı Mahir Dərziyev AZƏRTAC-a eksklüziv müsahibəsində deyib ki, akademik Temuri Başelieşvili Gürcüstanın işğal altında olan Sxinvali bölgəsinin (Cənubi Osetiya) “parlamentinin sədri” Anatoli Babilovun Ermənistan parlamentinin sədri Qalust Saakyanın dəvəti ilə Dağlıq Qarabağa səfər etməsinə ciddi etiraz edib və hökumətin bununla bağlı atacağı növbəti addımlarla maraqlanıb.
Deputatların böyük əksəriyyəti akademikin fikrini dəstəkləyiblər.
Nazir deputatların və Gürcüstan ictimaiyyətinin narahatçılığının haqlı olduğunu, Ermənistan tərəfinin hərəkətlərinə layiqli qiymət veriləcəyini bildirib. T.Beruçaşvili deyib ki, hələlik Gürcüstanın Ermənistandakı səfirinin geri çağırılması məsələsi gündəlikdə deyil, amma rəsmi Tbilisi bu məsələni ciddi araşdırır. O, Ermənistan tərəfindən belə hərəkətlərin təkrar olunacağı və Gürcüstanın ərazi bütövlüyünə ikinci dəfə hörmətsizlik göstəriləcəyi halda daha ciddi addımlar atılacağını bildirib.
Nazir deyib ki, rəsmi Tbilisi region dövlətlərinin ərazi bütövlüyünü dəstəkləyir və mövcud münaqişələrin sülh və danışıqlar yolu ilə həllinə tərəfdardır.
10 may, AZƏRTAC