Gürcüstanda prezident seçkiləri başa çatdı. İkinci turda seçicilərin 59,54 faizinin səsini toplayan Salome Zurabişvili Gürcüstanın yeni prezidenti seçilib. Onun rəqibi Qriqol Vaşadze 40 faizdən artıq səs toplayıb. İkinci turda seçicilər birinci turla müqayisədə daha fəal olublar. 28 noyabrtda seçkilərdə 1.647.878 seçici iştirak edib ki, bu da bütün seçicilərin 46,83 faizi deməkdir.
Fransada doğulmuş keçmiş diplomat Zurabişvili Moskva və Qərblə münasibətlərdə balanslaşdırılmış yanaşmanın tərəfdarıdır. Vaşadzenin tərəfdarları seçkilərdə pozuntuların olduğunu, hətta seçicilərin satın alındığını bildirərərk, etirazlara səsləyirlər. (www.bbc.com/russian/news-46376796)
Politoloq Ceyhun Əhmədli bizimlə söhbətdə seçkilərin nəticəsindən təəccübləndiyini gizlətmədi: Gürcüstandakı seçkilərin 2-ci turunun nəticələri, düzünü desəm, məndə təəccüb hissi doğurdu. İvanişvilinin əlində olan inzibati və maliyyə resurslarından istifadə edərək seçkilərin nəticələrinə hansısa formada təsir göstərəcəyini əvvəlcədən proqnoz etsəm də, Vaşadzenin belə böyük səs faizi ilə məğlub olacağını təxmin etməmişdim”.
Müsahimiz Zurabişvilinin qələbəsində aşağıdakı amilləri önə çəkdi: Xanım Zurabişvilinin qələbəsini şərtləndirən amillər çoxdur. Ən başlıca faktor kimi onu qeyd edə bilərik ki, əhalinin banklara olan 600 milyon dollarlıq borcunun silinməsi ilə bağlı hazırkı iqtidarın verdiyi şirnikləndirici vəd özünü doğrultdu. İqtidarın bu addımı məncə, Zurabişviliyə əlavə 4-5 faiz səs qoparmağa kömək etdi. Digər səbəb ikinci turda müxalifət düşərgəsinin çox passiv təəssürat bağışlaması ilə əlaqədar idi. Bunun əksinə, iqtidar tərəfi əlindəki bütün resurs və imkanları səfərbər edərək seçkilərin nəticəsinə təsir etməyə çalışdı və nail oldu. Məsələn, iqtidarın Saakaşvili ilə bağlı taktikası özünü doğrultdu. İkinci turun təbliğat kampaniyası çərçivəsində belə bir tezis qabardıldı ki, Vaşadze seçilsə, Saakaşvili Gürcüstana geri qayıdacaq. Bu isə Rusiyanın qlobal geosiyasətdə çəkisinin artdığı bir dövrdə Gürcüstan əhalisi üçün vahimə yaratdı. Hətta 2-3 gün əvvəl Saakaşviliyə nifrət edən şəxslərin iştirakı ilə ölkənin müxtəlif hissələrində kütləvi aksiyalar təşkil olundu. Nəticə etibarilə, insanlar Zurabişvilinin namizədliyini dəstəkləyərək sabitliyin davam etdirilməsinə tərəfdar çıxdılar. Bu, iqtidarın siyasi texnoloqlarının seçkinin ikinci turu üçün doğru taktika cızdığını deməyə əsas verir. Saakaşvilinin üzərində qurulan əks-təbliğat vasitəsi isə nəticəyə ən çox təsir edən faktor oldu”.
Ekspertlərin əksəriyyəti Zurabişvilinin qalibiyyəti sayəsində Tbilisi və Moskva arasında münasibətlərin normallaşacağı ilə bağlı bədbin proqnozlar verirlər. Hətta yeni prezidentin bu mövzunu siyasiləşdirərək, hər vasitə ilə Rusiya ilə dialoqun inkişafına mane olacağını söyləyirlər. Hərçənd politoloq Ramiyə Məmmədova bizimlə söhbətdə bu münasibətlərin yaxşılaşacağını istisna etmədi: “Salome Zurabişvili qalib gələrək, Gürcüstanın ilk qadın prezidenti oldu. S.Zurabaşvili diplomatdır və Mixeil Saakaşvilinin hakimiyyəti dövründə xarici işlər naziri postunu tutub. Avropayönümlü siyasəti ilə tanınırdı. Saakaşvili dövründə Amerikameyilli siyasət daha çox önə çıxanda vəzifədən getməsində də Amerikanın rolu olduğu deyilir. Zurabişvilinin prezidentliyi bu ölkə və bölgə üçün nə vəd edir? Məlumdur ki, bu gün Gürcüstanın ən ciddi probleminin olduğu ölkə Rusiyadır. Yeni prezidentin üzünü Amerikaya yox, Avropaya yönəltməsi Rusiyanın bu ölkəyə qəzəbinin nisbətən azalmasına gətirə və iki ölkənin problemləri danışıqlar masası ətrafında həll edə bilmə imkanlarını artıra bilər.”
Bu seçkilərin bəzi məqamları hələlik kadr arxasında baş verir və istisna deyil ki, tezliklə aşkara çıxacaq. Politoloq İlqar Vəlizadə isə öz səhifəsindəki şərhində Salome Zurabişvilinin qələbəsini İvanişvilinin qələbəsi kimi şərh edib: “Gürcüstandakı seçkilərdə … İvanişvili qalib gəldi. O, martda “kölgə”dən ona görə çıxmamışdı ki, televizordan seçkilərin gedişini izləsin. Son zamanlar səsvermənin mümkün nəticələri ilə bağlı “sərbəst interpretasiyalar” olmamasına rəğmən, müəyyən dərəcədə bu, aydın idi. Məncə, seçkilərin, eləcə də bu ölkənin gələcək siyasi həyatının əsas intriqası Gürcüstanın gələcək prezidentinin və ya baş nazirinin kim olacağı yox, “kölgə”dən idarəetmə praktikasının nə qədər uzun sürəcəyi ilə bağlıdır. Bu, ümumiyyətlə postsovet dövründə unikal sistemdir. Davamı necə olacaq, nəyə transformasiya edəcək, hansı maraqların ziddiyyətinə səbəb ola biləcəyi sualları isə açıq olaraq qalmaqdadır. ”
Hakim koalisiyanın qeyri-rəsmi rəhbəri Bidzina İvanişvili Parislə əlaqələrə böyük üstünlük verir. Bəzi Gürcüstan KİV-ləri keçmiş baş nazirin Fransa pasportunun olduğunu da iddia edirlər. Deməli, yaxın vaxtlarda Fransanın Gürcüstandakı mövqelərini gecləndirəcəyini ehtimal etmək olar. Ramiyə Məmmədova da Parisin yaxın gələcəkdə Cənubi Qafqazda əsas söz sahiblərindən birinə çevriləcəyini düşünür: “Gürcüstanın Avropayönümlü siyasəti onun Avropa Birliyinə inteqrasiyasını sürətləndirə bilər. Həmçinin yaxın illərdə bu siyasətin Avropanın, xüsusilə də Fransanın Gürcüstanda mövqelərini gücləndirməsi ilə yekunlaşması mümkündür. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində qarşı tərəfin maraqlarını daha çox müdafiə edən Fransanın Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsi Azərbaycan tərəfindən xoş qarşılana bilməz”.
Ekspertlər yeni prezidentin Azərbaycan-Gürcüstan münasibətlərində xüsusi bir dəyişiklik etməyəcəyini düşünürlər. Ceyhun Əhmədli hesab edir ki, iki ölkə bir-birinə o qədər bağlıdır ki, onu heç bir qüvvə sarsıda bilməz: “Yeni prezidentin fəaliyyət müddəti dövründə Azərbaycan-Gürcüstan münasibətlərinin necə inkişaf edəcəyi ilə bağlı onu deyə bilərəm ki, bu iki ölkə bir-birinə o qədər sıx bağlıdır ki, heç bir qüvvə onu sarsıda bilməz. Azərbaycan Gürcüstanın milli təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rola sahibdir. Təkcə bir faktı demək kifayətdir ki, bu gün Gürcüstanın təbii qaza olan tələbatının 90 faizindən çox bir hissəsini Azərbaycan ödəyir. İki ölkə birlikdə meqa layihələrin iştirakçısıdır. Söz yox ki, xanım Zurabişvilinin seçkiqabağı ermənipərəst mövqeyi bizi müəyyən qədər narahat etdi. Amma yəqin ki, o, prezident postunda vəzifələrinin icrasına başlayan kimi mövcud geosiyasi reallıqları nəzərə alaraq əvvəlki çıxışlarında müəyyən korrektələr edəcək. Əks halda, Türkiyə və Azərbaycanla münasibətlərin korlanması rəsmi Tbilisi üçün ancaq mənfi nəticələr doğura bilər”.
Politoloq Zaur Məmmədov da iki ölkə arasında münasibətlərin eyni məcrada davam edəcəyini bildirir: “Gürcüstanda prezident seçkiləri gözlənildiyi qədər də asan keçmədi. Birinci turdan sonra ekspertlər gah Vaşadzenin, gah da Zurabişvilinin şanlarını yüksək qiymətləndirirdilər. Azərbaycan heç vaxt Gürcüstanın daxili işlərinə qarışmayıb. Seçkilərdə qalib gələn namizəd gürcü xalqının öz seçimidir. Bundan sonra da Azərbaycan-Gürcüstan münasibətləri öz məcrasında davam edəcək. Ola bilsin ki, hansısa təshihlər ediləcək, amma tərəfləri geosiyasi maraqlar birləşdirdiyindən, heç bir dəyişiklik olmayacaq.”
Beləliklə, müstəqil namizəd kimi seçkilərdə iştirak edən Zurabişvili hakim partiyanın dəstəyi ilə prezident seçildi. Prezidentin hökumətin qanunverici və icraedici qanadlarına nəzarət edən “Gürcü arzusu” ilə birliyinin nə dərəcədə möhkəm olması isə gələcəkdə aydın olacaq.
Hazırladı: Gündüz Nəsibov, 1905.az