Biz işğaldan azad edilmiş Ağdam və Füzuli şəhərlərində olduq. İlk dəfədir ki, yox edilmiş şəhərlər görürəm. Bu “ruhlar şəhərləri”ndə 30 il müddətində heç kim yaşamayıb. Burada ancaq işğalçı əsgərlər olub. Bu, barbarlıqdır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə – Füzuli və Cəbrayıla səfər edən Gürcüstanın “Mtavari Arkhi” telekanalının jurnalisti Nani Sisvadze deyib.
Gürcüstanlı jurnalist artıq ikinci dəfədir Qarabağ bölgəsində çəkilişlər etdiyini bildirib: “Telekanalımız Qarabağ savaşı zamanı da burada çəkilişlər edib. Yenə buradayıq. İşğaldan azad edilmiş ərazilərdən xəbərləri, görüntüləri olduğu kimi nümayiş etdirməyimiz Gürcüstan tamaşaçıları üçün önəmlidir. Bu şəhərləri görmək mənim üçün də jurnalist olaraq önəmli təcrübədir”, – deyə Nani Sisvadze bildirib.