Beynəlxalq münasibətlər sistemində mövcud münaqişələrin həll olunmaması və “uzunmüddətli münaqişələr” statusu qazanması artıq adi hala çevrilib. Münaqişələrin uzun müddət davam etməsi və həlli istiqamətində ümidverici amillərin olmaması onun müəyyən güclərin maraqlarına xidmət etməsi ehtimallarını artırır. Bir tərəfdən dünyada sülhün, təhlükəsizliyin təmin olunması, insan hüquq və azadlıqlarının sülh və müharibə şəraitində müdafiəsinin bəyan olunması, digər tərəfdən isə münaqişə ocaqlarının alovlandırılması-bu parodoksallığı cəmiyyət necə qəbul etməlidi? Axı, bu münaqişələrdə çoxsaylı insanların hüquqları pozulur, minlərlə insan silahlı münaqişələrin qurbanı olur. Görünən odur ki, imperiativ xarakterli beynəlxalq hüquq normalarının da məcburedici təsirləri rol oynamır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bunun əyani sübutudur. Artıq Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın “uzunmüddətli münaqişə”si statusunu alıb. Münaqişənin başlamasından 23 il keçməsinə baxmayaraq, əhəmiyyətli nəticə əldə olunmayıb. Ölkə Prezidenti İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə yanvarın 29-da ölkə gəncləri ilə görüşü zamanı haqlı olaraq ATƏT-in Minsk Qrupu həmsədlərinin fəaliyyətsizliyindən danışdı və Minsk qrupunun məsələnin həllinə yox, dondurulmasına çalışdığını bildirdi. Düşünürəm ki, Prezidentin tənqidinin köklü səbəbləri var. Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması isitiqamətində 1992-ci ildən beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparılır, 1999-cu ilin aprelindən isə danışıqların formatında dəyişiklik edildi və Azərbaycan və Ermənisdən prezidentlərinin birbaşa dialoqunun aparılması reallaşdı. Həmin vaxtdan indiyə qədər prezidentlərin Moskvada Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Ki-Uestdə, Sədərəkdə, Kişinyovda, Praqada, Strasburqda,Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sankt-Peterburqda, Sürixdə, Münhendə, Həştərxanda, Vyanada, Soçidə, Parisdə 50-yə qədər görüşü keçirilib. Bu qədər görüşlərin və danışıqların nəticəsinin olmaması deklerativliyin göstəricisi deyilmi? Mütəmadi olaraq, BMT-nin, ATƏT-in və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatları, narahatlıqlarını ifadə etmələri münaqişənin həllinə hər hansı formada müsbət təsir etməyib. BMT-nin Baş katibi Pan Gi Mun ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında çıxışı zamanı bildirib ki, Cənubi Qafqazda uzunmüddətli münaqişələr həll olunmayıb və bu, ATƏT və BMT-ni narahat edir. İnsanların həyatlarını yaxşılaşdırmaq bizim ortaq vəzifəmizdir. Sülh və inkişaf eyni medalyonun iki üzüdür. Əgər biz sabitlik və təhlükəsizlik istəyiriksə, davamlı inkişaf etməli və insan hüquqlarına hörmətlə yanaşmalıyıq deyə o, söyləyib. Bununla yanaşı, Stokholm Dünya Probləmlərinin Tədqiqat İnstitunun baş tədqiqatçısı Neyl Melvin Avropa Parlamentində Gənc Liderlərin Formunda bildirib ki, Dağlıq Qarabağ probleminin uzunmüddətli həlli yolu tapılmazsa, münaqişənin yeni güclə şiddətlənəcəyi təhlükəsi var. Avropa ittifaqının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına az diqqət yetiridyini və Ukrayna böhranının həllini axtarışı məsələsində daha aktiv mövqe tutduğunu o, açıq etiraf edib. Məsələnin maraq doğuran tərəfi də məhz budur. Niyə Avropa təşkilatları, BMT Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına real maraq göstərmir, bu günə qədər keçirilən görüşlərdə, qəbul olunan qətnamə və sənədlərdə Ermənistan təcavüzkar, işğalçı tərəf kimi tanınmır. Bütün sənədlərdə Azərbaycan dövlətini ərazi bütövlüyünün tanıması və müdafiəsindən, Azərbaycan ərazisinin işğal olunması faktından danışılır və bu pislənir, amma işğalçı tərəf olaraq Ermənistanın adı çəkilmir. Qəribə məntiq var işğal faktı var, işğalçı yoxdur. Törədilmiş cinayət faktları görünür, amma cinayətkər yoxdur. Bu kimi yanaşmalar, artıq ölkə ictimayyətinin də ümidlərini azaldıb, beynəlxalq hüquq normlarına və beynəlxalq təşkiltların ədalətli, qərəzsiz fəaliyyətinə olan inama zərbə vurub. Bu baxımdan ölkə prezidentinin ATƏT-in Minsk qrupunun fəalliyətini tənqid etməsi həmsədrlərin fəaliyyətsizliyini qeyd etməsi kifayət qədər aydın və başa düşüləndir. Danışıqlar zamanı Azərbaycan dövləti və dövlət başçısı öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Ümumiyyətlə, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, süvenrenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumu fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib. Buna səbəb bir tərəfdən Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq təşkilatların, qarşılıqlı güzəşt prinsipini üstün tutmasıdır. Bundan istifadə edən Ermənistan ərazi ələ keçirmək məqsədilə başladığı təcavüzə görə daşıyacağı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasıtələrlə qəbul etdirməyə çalışır.
Aydındır ki, Dağlıq Qaarabağ regionunda müharibənin yenidən alovlanmasını heç kəs istəmir. Bu gün ATƏT rəsmiləri problemi həllindən daha çox, münaqişənin yenidən alovlanmasına qarşı mübarizəni gücləndirirlər, bir sözlə problemin həlli keçir arxa plana. Biz nə münaqişənin alovlanmasını, nə də atəşkəs prosesinin daimi saxlanılmasını ATƏT-in uğuru hesab edə bilmərik. ATƏT-in Minsk qrupunun tərəfimizdən ittiham olumasının bir səbəbi də bəyanatlarında Ermənistanı işğalçı kimi göstərməmisidir. Doğrudur, ATƏT işğalçıya ciddi təzyiq göstərə və ya məcburi tədbirlər görə bilmir, ATƏT-in qərarları məcburi deyil, tövsiyə xarakteri daşıyır. Bu isə Minsk qrupunun fəaliyyətsizliyinə bəraət verən hal kimi qiymətləndirilə bilməz. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin apardığı siyasət təsdiq edir ki, tərəf olaraq Azərbaycan münaqişənin dinc həllinin tərafdarıdır və o, beynəlxalq hüququn “Beynəlxalq mübahisələrin dinc yolla həll olunması” prinsipinin tələblərinə tam ciddi şəkildə əməl edir. Münaqişə isə göründüyü kimi dinc yolla həll olunmur. ATƏT-in 2007-ci ilin noyabr ayında irəli sürdüyü Madrid prinsiplərinin Ermənistan tərəfindən qəbul olunmaması və 2009-cu ildə Afinada yeniləşmiş Madrid prinsipləri irəli sürülərkən, Ermənistanın yenə də onu qəbul etməməsi probleminin dinc yolla həllinə inamı azaldır. Ermənistan da doğru olaraq qəbul edir ki, ATƏT onu heç nəyə məcbur edə bilməz, heç bir təzyiq göstərə bilməz. Belə olan halda biz ATƏT-dən nə gözləyirik. Görünən odur ki, Misnk qrupunun fəaliyyətsizliyi ona olunan ümidləri və inamı tam azaldıb. Bu gün ölkə ictimaiyyəti bu missiyanın uğursuz və prespektivi görünməyən siyasətinin aydın şəkildə dərk edir və bunu üzünti ilə qarşılayır. Məhz ölkə Prezindenti İlham Əliyevin tənqidi fikirləri ictimaiyyətdə yaranan inamsızlığın ifadəsidir. Münaqişənin həlli istiqamətində müsbət nəticələrin əldə olunması zəruri və qaçılmazdır.
Əlövsət Allahverdiyev
Hüquq üzrə fəlsəfə doktoru
http://www.azadinform.az/news/a-107242.html